13 Mart 2025

Cümə axşamı, 14:35

"CIRTDAN TİTANLARIN DÖYÜŞÜ"

Koçaryanın Tiqran Sarqsyanla söz savaşı onun böyük siyasətə qayıdışının ismarışıdır

Müəllif:

11.02.2014

Ermənistandakı "Qarabağ klanı"nda parçalanma absurd həddə, daha doğrusu, öz məntiqi sonluğuna çatıb. Ermənistanın qərbpərəst müxalifətinin mütəmadi olaraq "İrəvan maydanı" haqda bəyanatlar səsləndirdiyi vaxtda (bu, sözdən əmələ keçməsə belə), hakimiyyət strukturlarında yeni qarşıdurma baş qaldırır. Bunu həm gözlənilməz, həm də proqnozlaşdırılan qarşıdurma da adlandırmaq olar: hazırkı hakimiyyətə söz savaşını Ermənistanın sabiq prezidenti Robert Koçaryan açıb.

"Müharibə" Yeni il tətili ərəfəsində başladı. Ermənistanın baş naziri Tiqran Sarqsyan ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında növbəti dəfə iqtisadiyyatda müsbət dəyişikliklər şansının olduğuna dair görüntü yaratmağa çalışdı. Bu fikirlərə gözlənilmədən ölkənin sabiq rəhbəri Robert Koçaryan reaksiya verdi. O, baş nazirin fikirləriniə son dərəcə istehzalı münasibət bildirdi. Məsələn, o, açıq şəkildə, rəqəmlərlə və hesablamalarla, hökumət başçısını "tikinti köpüyü" yaratmaqda günahlandırdı. Bu köpüyün sonda partlayacağını deyən Koçaryan fikirlərini bu cümlə ilə bitirdi: "ziyanverici" baş nazir - ölkə üçün yolverilməz israfçılıqdır".

Buna cavab olaraq, T.Sarqsyan Facebook sosial şəbəkəsindəki səhifəsində Koçaryanı Yeni il münasibətilə təbrik etdi, çıxışlarının birində onun tənqidi ilə razılaşdığını bildirdi. Baş nazir yazırdı ki, "bugünkü hakimiyyət Robert Koçaryanın siyasi komandası və dayağı olub. Onu da əlavə edə bilərəm ki, bizim Serj Sarqsyanın səyləri ilə birləşmiş komandamız ikinci prezidentin (Robert Koçaryanın) dövründə də görülmüş və görülməmiş işlərə görə, məsuliyyət hiss edir".

Sonradan baş nazir cavabının istədiyi kimi alınmadığını görərək, Koçaryana daha bir cavab yazdı: bu dəfə rəqəmlərlə, rəngli qrafiklərlə. Bu, Koçaryan tərəfindən növbəti tənqid atəşinə səbəb oldu. Bu dəfə hökumət, ilk növbədə, Rusiya ilə imzalanmış, Ermənistanın bütün qaz infrastrukturunun Moskvanın nəzarətinə keçməsini nəzərdə tutan "qaz razılaşması"na görə tənqid olundu. Daha sonra Koçaryan ölkədəki hələ də etiraz aksiyalarının səbəbi olan pensiya islahatlarını "topa tutdu", böhran dövründə Ermənistan iqtisadiyyatının 18% gerilədiyini, miqrasiyanın isə faciəvi həddə çatdığını xatırlatdı. Sabiq prezident fikirlərini acı arzularla bitirirdi: "Heç kəslə, xüsusilə də baş nazirlə mübahisə etmək fikrində deyiləm. Onun son məqaləsi ümidsiz olduğunu göstərir. Ard-arda 6 ildir iflaslarını sələflərinin əməlləri ilə əlaqələndirən şəxslə polemikaya girmək mənasızdır. Hər bir hakimiyyətin fəaliyyətinin əsas göstəricisi onun dövründə insanların həyat şəraitinin pisləşməsi və ya yaxşılaşmasıdır. Bu işdə heç bir hiylə köməyə gəlmir. İnsanlara öz hə-yat səviyyələrini göstərən amil qrafiklər, çəkilmiş statistikalar deyil".

Bu "söz savaşı"nda növbəti mərhələ Ermənistanın enerji naziri A.Movsisyanın müsabihəsi oldu. O, müsahibəsində Rusiya ilə imzalanmış son qaz müqaviləsinin Koçaryanın dövründəki müqavilədən daha üstün olduğunu nümayiş etdirməyə çalışırdı. Baş nazir isə artıq susmağa üstünlük verirdi.

Açığı, T.Sarqsyanın "pauza" götürməsinin səbəbləri var idi. Bu səbəblərdən ən ciddisi onun R.Koçaryanla mübahisədə, həqiqətən də, ciddi arqumentlərinin olmaması idi. Ermənistan iqtisadiyyatının nə qədər acınacaqlı durumda olması artıq heç kim üçün yenilik deyil. Eks-prezidentin də dediyi kimi, "insanlar öz həyat səviyyələri barədə heç də tərtib olunan qrafiklər və statistik rəqəmlərdən xəbər tutmurlar".  Amma biri var, bu fikirləri Azərbaycan analitikləri (onların sözlərinə İrəvanda məhəl qoyulmur) və ya üçüncü ölkələrin ekspertləri ("Azərbaycan təbliğatçılarının sifarişlərini yerinə yetirirlər") deyir, biri də var, bu qiymətləndirmə bilavasitə Ermənistanın sabiq prezidentindən gəlir.

Əksər ekspertlər hesab edir ki, Koçaryanın baş nazirlə başladığı "söz atışması" eks-prezidentin böyük si- yasətə qayıdışının xəbərçisidir. Və əlbəttə ki, onun məqsədi heç də baş nazir postunu tutmaq deyil.

Formal olaraq, Koçaryan ölkənin hazırkı prezidentinin adını çəkmə-  yib. Amma erməni ekspertlər onun hədəfində məhz dövlət başçısının olduğuna şübhə etmirlər. Həmin vaxt Yeni il tətilində olan Serj Sarqsyan baş verənləri susaraq izləsə də, Ermənistanın prezident respublikası olduğu bəllidir. Demək, orada prezidentin səlahiyyətləri və təbii ki, məsuliyyətləri baş nazirlə müqayisədə daha çoxdur.

Robert Koçaryanın böyük siyasətə qayıdışının mümkünlüyü haqda ilk söz-söhbətlər hələ ötən il, Ermənistanda prezident seçkisinə hazırlıq getdiyi zaman ortaya çıxmışdı. Seçkidə Sarqsyan ikinci müddətə prezident seçilə bildi. Amma Koçaryan Moskvaya bir neçə səfəri ilə, Qagik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyasına sabiqlərdən ibarət komandanı toplamaqla ciddi fəaliyyətə keçmişdi... Hələ onda əksər ekspertlər Koçaryanın Sarqsyana ən təhlükəli rəqib olduğunu deyirdilər. Birincisi, ən sadə və anlaşılan arqument onun tərəfindədir: "Mənim dövrümdə daha yaxşı yaşayırdınız".

İkincisi, Koçaryan elə həmin "Qarabağ klanı"na arxalanacaq və demək, Serj Sarqsyanın əsas dayağı parçalanmağa başlayacaq.

Üçüncüsü və ən əsası, hələ o zaman ekspertlər Moskvada Koçaryanın mövqelərinin daha güclü olduğunu bildirirdilər. Ermənistanın həm 2-ci, həm də 3-cü prezidentləri eyni vaxtda Moskvada peyda olduqda isə İrəvanda bir fikir hamı tərəfindən açıq şəkildə ifadə olunurdu: hakim partiyanın namizədinin Robert Koçaryan, yoxsa Serj Sarqsyan olacağı ilə bağlı seçim məhz Moskvada edilib.

İndi Rusiyada kifayət qədər mülkiyyətə sahib olan, Moskvanın yüksək vəzifəlilərinin kabinetlərinə tez-tez qonaq gedən Koçaryan boş yerə gündəmə gəlmir. O, ilk "siyasi zərbə"sinin hədəfini də düz seçib: Ermənistanın baş naziri Tiqran Sarqsyan həmişə hakim partiyada "qərbpərəst qanad"ın lideri sayılıb. Vaxtilə o, hətta Ermənistanın Gömrük İttifaqına üzvlüyünün mənasız olduğunu deyib, bunu ölkəsinin sözügedən ittifaq üzvləri ilə ümumi sərhədə malik olmaması ilə əsaslandırıb. Bununla da o, hazırkı prezidenti də çox çətin vəziyyətə salıb. Serj Sarqsyan məlum səbəblərdən baş nazirini "sata" bilməz. Amma hökumət başçısını dəstəkləməklə də o, nəinki Koçaryanın tənqidi müsahibəsində dediklərinin məsuliyyətini öz üzərinə götürür, həm də "qərbpərəst baş nazir"in müdafiəçisinə çevrilir. Bu isə son dərəcə vacib məsələdir. Çünki hazırda Ermənistandakı siyasi tamaşaların hamısı yerli seçicilərə deyil... Moskvaya hesablanıb. Uzun illərdir, Ermənistanda, demək olar ki, bütün sahələrə nəzarət edən, İrəvanın Gİ-yə qoşulmaq qərarını açıqladıqdan sonra isə vəziyyəti bir qədər də öz xeyrinə dəyişmiş Moskvaya. İndi rusların Serj Sarqsyandan narazı olmaq üçün müəyyən əsasları var. Çünki o, Gİ-yə üzvlüklə bağlı təklifi qəbul etməzdən əvvəl, Avropanın xeyrinə "sivil seçim" haqda düşünərək, xeyli tərəddüd edib.

Bu yerdə rəqiblərin şanslarını hesablamaq, Moskvanın İrəvandakı siyasi çəkişməyə müdaxilə edəcəyini, yoxsa "cırtdan titanların döyüşü"nü kənardan izləyərək, onlardan hansınınsa üstün gəlməsini gözləyəcəyini proqnozlaşdırmaq olar. 

Amma əsas olan bu deyil. Əslində, Ermənistanın hazırkı baş naziri ilə sabiq prezident arasındakı daxili siyasi çəkişmə son dərəcə əlamətdar hadisə olmaqla, Ermənistanın siyasi həyatındakı ciddi dəyişikliklərin göstəricisidir. Məsələ yalnız iqtisadi böhran, kriminal diktatura və fantastik dərəcədə korrupsiyalaşmış hakimiyyət fonunda hökumətin ən gəlirli biznes növlərindən birinə çevrilməsində, tərəflərin onun uğrunda görünməmiş sərtliklə mübarizəyə hazır olmasında deyil. Ölkədəki keçmiş "daxili siyasi çəkişmələr" zamanı, ən azı, diqqət mərkəzində erməni seçicilər idi. Ona nələrsə təbliğ edilir, inandırılmağa çalışılır, bəzən isə seçiciləri ələ alırdılar: Ermənistanda "seçkiqabağı rüşvət" kimi ucuz ləçəkdən, istifadə müddəti keçmiş mürəbbələrdən, keyfiyyəti şübhə altında olan kosmetikadan istifadə olunurdu. İndi isə vəziyyət fərqlidir. İndi seçicilər dilsiz-ağızsız tamaşaçı və müşahidəçi yerinə qoyulub. Tərəflər artıq Moskvanı inandırmağa, razı salmağa, "təşviq etməyə" çalışırlar. 

Başqa sözlə, indi Ermənistanda siyasət Rusiyanın "dotasiyalı regionları"ndakı kimi yürüdülür.

Və şübhə yoxdur ki, oyun qaydalarının bu cür dəyişməsi erməni seçicilərə yaxşı heç nə vəd etmir.



MƏSLƏHƏT GÖR:

647