Müəllif: Sabirə MUSTAFAYEVA, İlhamə MÖNSÜMOVA Bakı
Təəssüf ki, bu gün ətrafımızda aqressiya və qəddarlığa həddindən artıq çox rast gəlirik. Evdən kənarda hər addımbaşı bunun şahidi oluruq. Səbir edir, gülümsəyirsən, amma mədəniyyət və nəzakət heç də həmişə səmimi olmur. İstər-istəməz kobudluğa kobudluqla cavab vermək məcburiyyətində qalırsan. Hətta bu sənin davranış tərzinə zidd olsa belə. Bizim həyatımızda qeyri-korrekt şeylər çox olur, məhz buna görə ictimai nəqliyyatda, avtomobilin sükanı arxasında tez-tez söyüş eşitməli oluruq. Uşaqlar isə... Onlar daim valideynlərinin yanında olur və bütün bu gördükləri onların içinə hopur. Və böyüdükcə sərtlik, ayaqçırpma və s. başlayır. Valideynlər bunu onların keçid dövrü yaşamaları ilə əlaqələndirirlər. Amma kobudluq halları sonralar da bitib-tükənmək bilmir.
Bəs, uşaq kobudluğu yalnız küçədə deyil, evdə də görürsə? Ailədə daim əsəbilik hökm sürürsə?
Uşaq aqressiyası. Bəzən bu özünü uşağın daxilində göstərir və intihara aparıb çıxarır; digər hallarda bu çölə çıxmağa yol axtarır. Başlı-başına buraxılan uşaqlar əvvəlcə heyvanları incidir, öldürürlər. Daha sonra onlar cinayətlərə başlayırlar: narkotik maddə qəbul edir, daha zəifləri döyür, oğurluq edirlər. Bəzən bu onlara həyatları bahasına başa gəlir. İndi bu tendensiya bütün dünyada müşahidə olunur. Bəzən törədilən cinayətlərin motivi absurd təsir bağışlayır. Səudiyyə Ərəbistanında baş vermiş bir hadisə hər kəsin yadındadır - 4 yaşlı uşaq ona oyuncaq almayan atasını güllələmişdi. Azərbaycanda xoşbəxtlikdən, mental məqamlarla əlaqədar olaraq, valideyn qətlinə çox rast gəlinmir. Amma bu, belə qətllərin tam istisna təşkil etdiyi demək deyil. Məsələn, 17 yaşlı bir yeniyetmə əvvəlcə anasını, daha sonra dostunu qətlə yetirmişdi. Yeniyetmələr istənilən əyləncəsinə qarşı çıxan valideynini öldürür. Bu cür faktları dünyanın bir sıra ölkələrinin - Hindistan, İordaniya, Peru - mətbuatında izləmək mümkündür.
Bu yaxınlarda bənzər hadisə Rusiyada da yaşanıb. 10-cu sinif şagirdi olan Sergey Qordeyev dərs vaxtı müəllimi, daha sonra polis əməkdaşını güllələyərək məktəbliləri girov götürmüşdü. Halbuki uşaq xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşının yaşayış səviyyəsi yüksək olan ailəsində böyüməklə yanaşı, həm də əlaçı idi. Rusiya KİV-in məlumatına görə, o, hadisədən 2 gün əvvəl valideynləri ilə mübahisə edib və dostuna həyata inamını, məqsədlərini itirdiyini söyləyib. Qordeyevlər ailəsinin evində əməlli-başlı silah arsenalının olması, uşağın onların yerini bilməsi səbəbləri isə hələ də məlum deyil. Uşağın valideynləri haqda da dəqiq məlumat yoxdur. Yalnız o məlumdur ki, oğlanı təslim olmağa, girovları buraxmağa məhz atası razı salıb. Uşağın valideynləri dindirildikdən sonra nə müstəntiqlərlə, nə də tanışları ilə əlaqəyə çıxırlar. Onlar Sergey haqqında qərarın çıxarıldığı məhkəməyə də gəlməyiblər. Valideynlərin bu cür davranışı prosesin bütün iştirakçılarını təəccübləndirib: çünki yeniyetmənin hələ 16 yaşı yoxdur və onu valideynlərinin və vəkilinin iştirakı olmadan dindirmək olmaz. Amma ailə heç müdafiəçi məsələsi ilə də məşğul olmayıb - sonda onu təyinat əsasında ayrılmış vəkil müdafiə edib.
Yaşananlar dolayısı ilə göstərir ki, Qordeyevin valideynləri ilə münasibətləri və ailədəki vəziyyət pis imiş...
Və yenə valideynlər
Psixoloqlar hesab edirlər ki, son zamanlar belə halların artdığına dair cəmiyyətdə yaranmış fikir, əslində, doğru deyil. Bununla yanaşı, psixoloqlar hazırkı reallıqların yeniyetmələrin psixoloji durumuna təsir göstərdiyinə əmindirlər. Ətrafda sərtlik həddindən artıq çoxdur. Buraya yeniyetmələrin oynadığı kompyuter oyunlarında intellektual məqamların olmaması da daxildir. Onların əksəriyyəti "qətlli", müharibəli, insanların bir-birinə bu sahələrdə qalib gəldiyi oyunlara üstünlük verirlər. Bütün bunlarda insanpərvərlik azdır və qəddarlığa daha çox rast gəlinir.
Qətl yeniyetmə zorakılığının ən ağır formasıdır. Hərçənd, bu özünü seksual xarakterli cinayətlər, oğurluq, narkotik alverində də göstərir. Mütəxəssislər hesab edirlər ki, yeniyetmələrin özlərini bu cür aparmasının əsas səbəbi ailədəki vəziyyətdir. Çünki hazırkı dövrdə valideynlər bir çox hallarda uşaqları ilə kifayət qədər vaxt keçirmir, daha çox onların maddi durumunun qeydinə qalırlar.
Psixoloqlar deyirlər ki, yeniyetmələr arasındakı qəddarlıq onların qadağalarla barışa bilməmələri, hər şeyə birdən nail olmaq istəkləri ilə bağlıdır. Bu, müasir ailələrin zəif olmaları, övladlarına mənəvi dəyərləri aşılaya, düzgün tərbiyələndirə bilməmələri ilə bağlıdır. Ən başlıcası isə uşaqları nədənsə imtina etməyi bacarmaq, hər şeyə birdən nail olmağın mümkünsüzlüyünü anlatmaq lazımdır. Çünki böyüdükdən sonra o, istər-istəməz bəzi məyusluqlarla qarşılaşacaq. O, bunu bacarmırsa, günah valideynlərdədir.
Psixoloq Ellada Qorinanın sözlərinə görə, uşaq qəddarlığının motivləri haqda danışarkən, valideynlər bilməlidirlər ki, uşaqda aqressiya çox nadir hallarda özbaşına əmələ gəlir. Bu aqressiya əksər hallarda irsi olur. Yəni uşağın ətrafla ünsiyyət manerası əksər hallarda valideynindəki manera ilə eyni olur. Uşaqlarla işləmək lazımdır. Bu zaman isə bunun ailədə necə olduğuna diqqət yetirilməlidir. Ana uşağı tərbiyəli olmağa öyrədir, özü isə hər gün qonşuları ilə söyüşürsə, onun övladının da eyni cür olması, bağçada uşaqlarla aqressiv davranması ehtimalı çoxdur. Yəni valideyn tərbiyə verməzdən əvvəl, özünə diqqət yetirməlidir. Valideyn övladında həddindən artıq aqressiya hiss edirsə, psixoloqa müraciət etmək daha yaxşıdır. Çünki o, həm valideyni öz üzərində işləməyə yönəldəcək, həm də uşağın özünü ələ almasına kömək edəcək.
Aqressiyanın öhdəsindən necə gəlməli?
Uşağın öz-özünə ziyan verdiyi vaxt ya aqressiv, ya da autoaqressiv davranışın şahidi oluruq. Uşağın aqressiyası hər zaman onun valideynləri ilə bağlıdır. Onun kökləri ailəyə gedib çıxır. Valideynlər özlərini necə aparırlarsa, uşaqlar da o cür davranırlar. Valideynlər övladlarına qarşı həddindən artıq sərt tələblər irəli sürürlərsə, onların yaradıcılıq və digər sahələrdə arzularını əngəlləyirlərsə, fizioloji tərbiyə sahəsində həddindən artıq sərtdirlərsə və sair, bunun bir çox aqressiv cavabı olur. Yəni, aqressiya və sərt tərbiyə uşaqda aqressiyanın provokatorudur.
Qorina son zamanlar uşaqlar arasında aqressiyanın artdığına dair fikirlərlə razıdır. Bu, ilk növbədə, müxtəlif zorakılıq, qəddarlıq səhnələrinin adiləşməsi ilə bağlıdır. Əvvəllər bu, yolverilməz idi. "İnsanlarda daha çox autoaqressiyaya rast gəlinirdi. İndi aqressiya üzdə olur. Bundan başqa, əvvəllər etik, mədəni normalar çox güclü idi. Çox sərt ümumi qaydalar var idi. İnsan, hətta aqressiv olmaq istədikdə belə, cəmiyyət tərəfindən sıxışdırılır, daha çox aqressiyanı özünə yönəldirdi. İndi cəmiyyət tərəfindən təzyiq, mədəni, etik məqamlar daha az olduğundan, aqressiya daha çox xaricə təzahür edir. Əvvəllər ictimai nəqliyyatda, mağazalarda və sairdə aqressiya ilə qarşılaşmazdıq. Bu, insanların o zaman daha az aqressiv olmaları ilə bağlı deyildi. Sadəcə, insanlar aqressiyalarını başqa cür ifadə edirdilər", - deyə psixoloq bildirir.
Yadda saxlamaq lazımdır ki, aqressiya pis bir şey deyil. O, insan üçün vacib olan həyati enerjidir. İnsanın məqsədlərinə çatması üçün aqressiyaya ehtiyacı var. İstənilən arzu, hətta avtobusa çatmaq istəyi də aqressiv arzudur. O, anadangəlmə haldır və insanı hərəkət etməyə, istəyinə nail olmağa sövq edir. Sadəcə, ondan düzgün istifadə etmək lazımdır. Bir insanda aqressiya həddindən artıqdırsa, demək, insan ya öz üzərində işləməli, ya da psixoterapevtə, psixoloqa müraciət etməlidir. Onlar konkret insana aqressiya ilə mübarizədə öz yolunu tapmağa kömək edirlər.
"Kiçik bir nümunə göstərim. Balaca uşaq qaçmaq istəyir. Onun üçün qaçmaq normaldır. Valideynlər bunun qarşısını alırsa, uşaqda çoxlu enerji yığılıb-qalır. Bu halda o, nə edir? Şıltaqlığa, oyuncaqları sındırmağa, valideynlərini əsəbiləşdirməyə, kiminsə xətrinə dəyməyə başlayır. Əslində, səbəb uşağın enerjisini xərcləyə bilməməsidir. Əgər valideynlər uşağın psixikasının bu cür olduğunu, uşağı enerjisini xərcləməsi üçün rəqsə, rəsmə, hansısa idmana və s. yazdırsalar, onun ətrafla normal ünsiyyətinə şərait yaratsalar, körpədə aqressiyanın səviyyəsi normal, qaydasında olar", - deyə Qorina bildirir.
Aqressiya olmalı, lakin normanı keçməməlidir. O, normadan artıqdırsa, artıq söhbət qeyri-adekvat aqressiyadan gedir. Qəddarlıq müəyyən qədər irsi, əcdadlardan gələn genlə əlaqəli ola bilər. Belə hallar olur. Amma valideynlər sakitdirlərsə, bu onların aqressiv olmadıqları anlamına gəlmir. Əlbəttə ki, aqressiyaya digərlərindən daha meyilli olan insanlar var.
Odur ki, valideyn övladını aqressivlikdə günahlandırmazdan əvvəl, öz verdiyi tərbiyəyə diqqət yetirməlidir. Bəlkə, problem elə onların özlərindədir? Valideynlər övladlarının yanında özlərinə nəzarət etsələr, yeniyetmələrin törətdiyi qətllərin sayı da azalar.
MƏSLƏHƏT GÖR: