
LOS-ANCELES ŞƏHƏR ŞURASI "RELSDƏN ÇIXDI"
Ceyson Kats: "DQR-in tanınması" haqda qərar erməni lobbisi üçün piardan başqa bir şey deyil"
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Yanvarın sonlarında ABŞ-ın Los-Anceles Şəhər Şurası Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil qurum kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyindən, rəsmi Bakı bu qərarı absurd sayır.
Amerikalı siyasi icmalçı, "Tool Shed Group" analitik mərkəzinin (ABŞ) təmsilçisi Ceyson Kats ABŞ-dakı erməni diasporunun da-yağı sayılan Los-Ancelesin Şəhər Şurasının bu qərarı haqda fikirlərini "R+" jurnalı ilə bölüşüb.
- Los-Anceles Şəhər Şurasının Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımasına dair qətnamə qəbul etməsi nə ilə bağlıdır?
- Bu qərar izaholunmaz və qəribədir.
Mən uzun illər ərzində Los-Anceles Şəhər Şurasının üzvləri ilə işləmişəm. Onlarla həm Amerika Yəhudi Komitəsinin ictimai işlər və ictimaiyyətlə əlaqələr üzrə direktoru, həm də ictimaiyyətlə əlaqələr üzrə xüsusi mütəxəssis qismində çalışmışam. Şəhər Şurasının bəzi üzvləri ilə hətta dostuq. Şura üzvləri, əsasən, ağıllı, peşəkar insanlardır. Amma bu, bəzən onların "relsdən çıxması"na mane olmur. Bu, konkret olaraq son hadisəyə də aiddir.
- "DQR"in "tanınması", əslində, heç bir əhəmiyyət daşımır və onun ABŞ-ın xarici siyasətinə heç bir aidiyyəti yoxdur. Bəlkə, bu qərar erməni lobbisini razı salmağa, onun əhvalını qaldırmağa yönəlib?
- Əlbəttə! Bu, erməni lobbisi üçün piardan başqa bir şey deyil. Dünyanın, hətta bu fakta diqqət yetirmiş hissəsinin belə, məsələyə münasibətinə gəlincə, baş verənlər erməni lobbisinin bir qrup siyasətçiyə təsirinin nəticəsi kimi görünür. Bu, ümumilikdə, Los-Anceles Şəhər Şurası üçün heç də yaxşı hal deyil.
- Bu qərar ABŞ rəhbərliyindəki müəyyən əhvali-ruhiyyənin göstəricisi deyilmi?
- Los-Anceles Şəhər Şurası qərarının Amerikanın xarici siyasəti baxımından heç bir nüfuzu yoxdur. Vaşinqtonun xarici siyasəti ilə Şuranın səlahiyyətləri arasında heç bir əlaqə yoxdur.
Birləşmiş Ştatlar "DQR"i tanımır. BMT, Avropa İttifaqı və istənilən digər beynəlxalq təşkilat da bu fikirdədir. Dağlıq Qarabağı müstəqil qurum kimi tanıyan yeganə xarici subyektlər Abxaziya və Cənubi Osetiyadır. Yəni Gürcüstanın "DQR" kimi separatçı regionları, Ermənistanın özü kimi, Rusiyanın vassalı olan bölgələr. Hətta Ermənistanın özü belə, "DQR"i tanımır.
ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıyır. Bu isə Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın rəsmi ərazisi olması deməkdir.
- Amma güman ki, Los-Anceles Şəhər Şurası üzvlərinin qərarı son zamanlar kifayət qədər dinamik inkişaf edən Azərbaycan-Kaliforniya münasibətlərinə öz təsirini göstərəcək.
- Düşünürəm ki, bu və bu kimi əməllər Azərbaycanın Amerikanın bələdiyyələri, ştatları ilə münasibətlərini, həqiqətən, korlayır. Həqiqətən də, beynəlxalq aləmdə qanunsuz sayılan ərazilər yerli orqanlar tərəfindən dəstəklənirsə, buna ərazisinin, təxminən, 20%-i işğal olunmuş Azərbaycan və Azərbaycan əsilli amerikalılar necə yanaşmalıdırlar ki?
Ən yaxşı halda, bu, erməni lobbisinin yaydığı dezinformasiya nəticəsində edilən xainlikdir.
Azərbaycan ABŞ-ın yaxın müttəfiqidir. Azərbaycan əsgərləri Əfqanıstanda ABŞ və NATO qoşunları ilə birlikdə xidmət aparır; Azərbaycan Əfqanıstana qoşun, texnika daşınmasından və oradan çıxarılmasında böyük, vacib tranzit mərkəzidir. Nəhayət, Azərbaycan vacib təbii qaz və neft istehsalçısıdır və bu, Qərbin Rusiya və İrandan asılılığını aradan qaldırır.
Bəs, Dağlıq Qarabağ haqda nə demək olar? Birincisi, o, Ermənistana deyil, Azərbaycana məxsusdur. İkincisi, bu, ABŞ və İsrailin müttəfiqi olan ölkənin hələ də davam edən problemidir. Artıq sözə ehtiyac yoxdur.
- Los-Anceles Şəhər Şurasının qərarının Amerikanın digər yerli orqanları və ştatları, yaxud hətta ABŞ Konqresi üçün pis presedentə çevrilmə təhlükəsi nə qədərdir?
- Yerli hakimiyyət orqanlarına seçilmiş təcrübəsiz, faktlara əsaslanmayan vəzifəli şəxslər təhlükəlidir. Bu, bir növ, israillilərin hüquqlarının məhdudlaşdırılmasına can atan Amerika bələdiyyələri ilə bağlı durumu xatırladır. Söhbət ondan gedir ki, proseslərdən baş çıxarmayan bəzi şəxslər, müəyyən dairələrin maraqlarını müdafiə etmək naminə, digər proseslərə zərər vurduqlarının fərqində deyillər.
- Xocalıda baş vermiş faciənin növbəti ildönümü yaxınlaşır. ABŞ-ın şəhər və ştatlarında bu hadisə ilə bağlı müvafiq qətnamələrin qəbulu, Amerika vətəndaşları arasında 22 il əvvəl baş vermiş faciə ilə bağlı həqiqətlərin yayılması üçün hansı işlər görülməlidir?
- Xocalıda baş verənlər, həqiqətən də, tarixi faktdır. Bu, bəşəriyyət, xüsusilə Ermənistan və Rusiya üçün qara ləkədir.
Bəlkə də, amerikalılar bu faciəvi, dəhşətli qətliam haqqında daha çox bilsəydilər, Los-Anceles kimi şəhərlərin yerli hakimiyyətləri tanınmayan qurumu tanımazdan əvvəl bütün faktları toplayardılar.
Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliyi bu istiqamətdə yaxşı maarifləndirmə işləri aparır.
MƏSLƏHƏT GÖR: