
PƏNCAB ASLANININ QAYIDIŞI
Pakistanda keçirilmiş parlament seçkisi nəticəsində demokratik hökumət dəyişikliyi baş verir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Pakistan bəlkə də tarixinin yeni mərhələsinə qədəm qoyur. Dövlətin mövcud olduğu 66 ildə ilk dəfə hakimiyyət legitim üsulla dəyişir. Parlament seçkisi nəticəsində hakimiyyətə yeni qüvvə gəlib. Seçkiyə müsəlman dünyasının yeganə nüvə fövqəldövləti olan Pakistanın xarici siyasətində mümkün dəyişikliklər baxımından böyük maraq var idi.
Pakistanda seçki kampaniyası, təəssüf ki, bu ciddi təzadlar ölkəsində ənənəfi fonda keçdi - terror aktları, qətllər, insan oğurluqları. Seçkiqabağı dövrdə 100-dən artıq insan qətlə yetirildi. Onların, ən azı, 28-i seçki günü öldürüldü. Bu cinayətlərin "Taliban"ın Pakistan qanadı ("Təhrik Taliban-ə-Pakistan") tərəfindən həyata keçirildiyi bildirilir. Bu qruplaşma seçki prosesinin islam qaydalarına uyğun olmadığını düşündüyündən onu pozmaq üçün əlindən gələni edirdi.
Lakin ekstremistlərin bütün cəhdlərinə baxmayaraq, seçki baş tutdu. Doğrudur, seçkidən sonra daha bir səs-küylü siyasi cinayət baş verdi - "Ədalət uğrunda Pakistan hərəkatı" ("Təhrik-ə-İnsaf") partiyasının vitse-prezidenti Zəhra Şahid Hüseyn qətlə yetirildi. Onun kimlər tərəfindən aradan götürüldüyü hələ də tam məlum deyil. Amma istənilən halda, bütün bunlar həqiqətən də tarixi əhəmiyyət daşıyan seçkini poza bilmədi.
272 yerlik Milli Assambleyaya seçkidə qələbəni mülayim islamçıların Pakistan Müsəlman Liqası (PML-N) qazandı. Partiyanın adındakı "N" onun lideri Nəvaz Şərifin adı ilə bağlıdır. Hazırda o, yeni hökumətin formalaşdırılması ilə məşğuldur. Pəncab aslanı ləqəbli 63 yaşlı bu siyasətçi Pəncab aristokratlarının təmsilçisidir. Poladtökmə sahəsində maqnat olan Şərif Pakistanın ən zəngin şəxslərindən biridir. O, ölkənin baş naziri postunu üçüncü dəfə tutacaq (Şərif 1990-1993 və 1997-1999-cu illərdə Pakistan hökumətinə başçılıq edib). 1999-cu ildə o, Pərviz Müşərrəfin təşkil etdiyi hərbi çevriliş nəticəsində devrilmiş, həbs olunmuş, daha sonra isə Səudiyyə Ərəbistanında sığınacaq tapmışdı. Nəvaz Şərif vətənə 2008-ci ildə qayıdıb.
Yeri gəlmişkən, indi o, 1999-2008-ci illərdə Pakistana rəhbərlik etmiş Pərviz Müşərrəflə sanki yerini dəyişib. İndi eks-prezident parlament seçkisində iştirak etmək ümidi ilə bir müddət əvvəl Pakistana qayıtsa da, ev dustağı edilib. Müşərrəf sabiq baş nazir Bənazir Bhuttonun qətlində şübhəli bilinir. Sabiq prezidentin özü isə ittihamları rədd edir və bunun "siyasi motivli" olduğunu bildirir.
Ekspertlərin əvvəlcədən proqnozlaşdırdığı kimi, Müşərrəfin yaratdığı Pakistan Müsəlman Liqası (K) seçkidə cəmi 2 deputat kürsüsü qazanıb. Bu, heç də təəccüblü deyil. Çünki eks-prezident Pakistan hərbçiləri arasında əvvəlki populyarlığa malik deyil və ölkənin, demək olar ki, heç bir siyasi qüvvəsi onu sevmir - islamçılardan tutmuş, liberallara qədər.
Nəvaz Şərifin partiyası isə qalib olsa da, parlamentdəki mütləq çoxluğu əldə edə bilməyib. Bunun üçün 137 mandat tələb olunur. PML-N isə 126 deputat kürsüsünə sahib çıxa bilib. Amma o, ruhca yaxın olan kiçik sağçı partiyalarla birlikdə hökuməti formalaşdıra bilər. Parlamentdə 11 yer əldə etmiş Camaat-ə-İslam və 12 deputat kürsüsünə sahib çıxmış Birləşmiş Milli Hərəkat belə partiyalardandır.
Qalib partiyaya seçkidə əsas rəqib məşhur siyasətçi İmran Xanın "Ədalət uğrunda Pakistan hərəkatı" (PTI) idi. O, Pakistanda dünyəvi dövlətin qurulması uğrunda mübarizə aparır. Lakin Xan və partiyası yalnız bəzi kənd rayonlarında qələbə qazana bilib. Xalqın əksər hissəsi Şərifə üstünlük verib və prezident Asif Əli Zərdarinin Pakistan Xalq Partiyasının (RRR) əldə etdiyi nəticə fonunda onun qələbəsi daha inamlı təsir bağışlayır. Hökumətə 5 il müddətində rəhbərlik etmiş RRR seçkidə ciddi məğlubiyyətlə üzləşərək, parlamentdə cəmi 31 yer qazana bilib.
Xatırladaq ki, Zərdari hakimiyyətə gələnədək hər şeydən əvvəl Bənazir Bhuttonun həyat yoldaşı kimi tanınıb. Lakin o, özünü dövlət xadimi kimi təsdiqləyə bilib. Məhz Zərdarinin fəaliyyəti nəticəsində Pakistanda radikal islamçılarla dünyəvi dövlət tərəfdarları arasında açıq qarşıdurmaya son qoymaq mümkün olub. Zərdarinin hakimiyyəti dövründə ölkədə ilk dəfə hökumət səlahiyyət müddətini başa çatdıra bilib. Bunadək isə qiyamlar və çevrilişlər bir hökumətin səlahiyyət müddətinin sonunadək hakimiyyətdə qalmasına imkan vermirdi. Lakin iqtisadi sahədəki mənfi hallar, xüsusilə sosial qütbləşmənin dərinləşməsi RRR-nin siyasi uğurlarının davam etdirilməsinə mane olub.
Nəvaz Şərifin və partiyasının qalib gəlməsi ilə ən qüdrətli müsəlman dövlətlərindən olan, nüvə silahına malik Pakistanın hansı inkişaf yolunu seçəcəyi məsələsi aktuallıq qazanıb. Seçki kampaniyası zamanı PML-N lideri hakimiyyətə gələcəyi təqdirdə, korrupsiya ilə mübarizənin gücləndiriləcəyini, iqtisadi inkişafın təmin olunacağını, sadə pakistanlıların həyat şəraitinin yaxşılaşdırılacağını bildirib. Lakin əhalisi, təxminən, 200 milyon olan Pakistan o qədər problemli ölkədir ki, ekspertlər tezliklə iqtisadiyyatdakı problemlərin aradan qaldırılacağına şübhə ilə yanaşır. Qeyd edək ki, hazırda Pakistan iqtisadiyyatı həqiqətən də özünün çətin dövrünü yaşayır. Amma Şərifin siyasi təcrübəsini, inadkarlığını və Pakistan elitası arasındakı nüfuzunu nəzərə alsaq, ölkənin həyatında müəyyən müsbət dəyişikliklərə ümid etmək olar.
Dünya üçün isə Şərifin dövründə Pakistanın xarici siyasətinin necə olacağı qeyd olunanlardan heç də az maraq kəsb etmir. Yeni hökumətin RRR kabinetinin strategiyasını davam etdirəcəyini gözləmək olar. Bu, ilk növbədə, ABŞ-ın beynəlxalq terrorla mübarizəsinə və qonşu Əfqanıstanda anti-Qərb müqavimətinə dəstəkdir.
Ümumiyyətlə, İslamabadın xarici siyasətində ABŞ-la münasibətlər əsas məqamdır. Son zamanlar pakistanlılar Birləşmiş Ştatların regiondakı fəaliyyətindən ciddi şəkildə narazılıq ifadə edir. Xüsusilə Amerika pilotsuz uçuş aparatlarının təyinatı üzrə istifadə olunmaması pakistanlıların etirazına səbəb olur. Qeyd edək ki, ABŞ-ın bu aparatlar vasitəsilə Pakistan ərazisində terrorçular və "Taliban" yaraqlılarının mövqelərinə endirdiyi zərbələr tez-tez dinc sakinlərin evlərini də dağıdır.
Nəvaz Şərif artıq seçkinin qalibi kimi verdiyi bəyanatda bildirib ki, Pakistan ABŞ-dan ölkə ərazisinə pilotsuz təyyarələr vasitəsilə zərbələrin endirilməsinə son qoyulmasını tələb edəcək. O, Vaşinqtonun bu addımını "Pakistanın suverenliyinə meydan oxumaq" kimi qiymətləndirib. Bununla yanaşı, Şərif İslamabad-Vaşinqton münasibətlərini "yaxşı" qiymətləndirir. O, 2014-cü ildə Əfqanıstanı tərk etməyə hazırlaşan ABŞ-a tam dəstək verəcəklərini söyləyib.
Şübhəsiz, pakistanlıların Amerikaya ikili münasibəti müəyyən dərəcədə İslamabadın Vaşinqtondan maddi-iqtisadi asılılığı ilə də bağlıdır. ABŞ Pakistanın BVF və Dünya Bankından kreditlər almasına yardım göstərir. Bununla yanaşı, Ağ Ev Pakistana təsir imkanlarının zəif olduğunu da anlayır. Güman ki, ABŞ prezidenti Barak Obamanın Pakistanda keçirilmiş seçkinin rəsmi nəticələrinin açıqlanmasını gözləmədən Nəvaz Şərifə zəng etməsi də bununla bağlıdır. Obama Şəriflə telefon söhbəti zamanı "Amerika-Pakistan münasibətlərinin sabit, təhlükəsiz və çiçəklənən Pakistanın, o cümlədən bütünlükdə regionun maraqlarına uyğun şəkildə möhkəmləndirilməsi istiqamətində birgə işləyəcəklərinə" ümid ifadə edib.
Birləşmiş Ştatlar, şübhəsiz ki, Şərifin terrorla Vaşinqtonun rəhbərliyi ilə aparılan mübarizənin xarakterinə müəyyən dəyişikliklər etmək niyyətini açıqlamasından narahatdır. PML-N lideri taliblərlə dialoq tərəfdarıdır. O, bu fikrini "sülhə çox ehtiyacımız var" deyərək əsaslandırır. Pakistana terrorla mübarizənin çox baha başa gəldiyini - 40 mindən artıq insanın həlak olduğunu xatırladan Şərif deyir: "Terror təhlükəsi ilə mübarizədə mərmilər və silahlar yeganə vasitə olmamalıdır".
Amma Şərifin Pakistanın şimal-qərbində məskunlaşan "Təhrik Taliban-ə-Pakistan" yaraqlılarını hansı yolla dialoqa cəlb edəcəyi aydın deyil. Taliblər ölkədə şəriət qanunlarının qüvvəyə minməsini, Pakistanın dövlət quruluşunun kökündən dəyişdirilməsini tələb edir. Ölkənin aparıcı siyasi qüvvələri, həmçinin Pakistan ordusunun komandanlığı isə bu tələblərə qismən belə, əməl olunmasının mümkünsüzlüyünü dəfələrlə bəyan edib.
Nəvaz Şərifin xarici siyasətində güman ki, Hindistan xüsusi yer tutacaq. Bir müddət əvvələdək qəti düşmən olmuş Hindistan və Pakistan yaxınlaşma istiqamətində ciddi cəhdlər göstərir. İslamabadın bu istiqamətdəki siyasətinə Şərif də əvvəlki baş nazirliyi dövründə xeyli töhfə verib. 1990-cı illərin sonlarında İslamabad və Dehli Lahor bəyannaməsini imzalamaqla üzərlərinə əməkdaşlıq etmək, nüvə silahlanması yarışından qaçmaq öhdəlikləri götürüblər. İndi Şərif Hindistanla sülh danışıqlarını bərpa etmək niyyətində olduğunu bildirir. Onun siyasətindəki bu məqam yeni hökumətin vizit kartlarından biri olacaq.
MƏSLƏHƏT GÖR: