
REANİMASİYA
Münaqişə tərəfləri və beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin donmuş həll prosesinə yeni nəfəs verməyə çalışırlar
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində uzun müddət davam edən fasilədən sonra müəyyən canlanma müşahidə olunmaqdadır. Krakovda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə görüş keçirdilər. Aprelin sonunda Ermənistanın, mayda isə Azərbaycanın XİN başçısı Moskvaya baş çəkdilər, rusiyalı həmkarları Sergey Lavrov ilə yalnız ikitərəfli münasibətləri yox, həm də Qarabağ probleminin həlli yollarını müzakirə etdilər.
Arada Nalbandyan Paris və Londona da səfər etməyə macal tapdı. Bu səfərlər zamanı o, Ermənistanın ATƏT-in Minsk qrupunun təklif etdiyi 6 əsas prinsipi (?!) imzalamağa hazır olduğunu dilə gətirdi. Ermənistanda bəzi mətbuat orqanları tərəflərə konkret sənədin təqdim olunduğunu, onun müzakirəsi üçün iyunun ortalarında Zalsburqda Sarqsyan və Əliyevin görüşünün təşkil edilə biləcəyini yazmağa başladı. Lakin Azərbaycan prezidentinin mətbuat xidməti bu məlumatları təkzib etdi.
Bu arada ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərlərini etdilər. Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də İqor Popov (Rusiya), Yan Kelli (ABŞ), Jak For (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiki qəbul etdi. Vasitəçilər bir gün sonra İrəvana yollandılar və orada prezident Sarqsyanla görüşdülər.
Ermənistan XİN başçısı Edvard Nalbandyanın bəyanatından məlum olur ki, İrəvan münaqişənin həllinin baza prinsiplərinin tam olmasa da, bir hissəsinin yer aldığı sənədi imzalamağa hazırdır. Həmin prinsiplər hələ bir neçə il əvvəl ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən "G8"in Akvil və Muskokdakı sammiti zamanı səsləndirilib. Bu yaxınlarda Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev həmin 6 maddənin nədən ibarət olduğunu xatırladıb: Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması; Dağlıq Qarabağa aralıq statusunun verilməsi və təhlükəsizliyə, öz müqəddəratını təyinetməyə zəmanətin verilməsi; daxili qaçqın və məcburi köçkünlərə əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun verilməsi; Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin açılması; gələcəkdə Dağlıq Qarabağın statusunun hüquqi əsaslarla müəyyənləşdirilməsi; beynəlxalq təhlükəsizlik zəmanəti, o cümlədən sülhün dəstəklənməsi əməliyyatları.
İrəvan üçün çərçivə sənədinin imzalanmasının müəyyən mənası var. Birincisi, o, bununla konstruktiv olduğunu nümayiş etdirə, nizamlanma prosesində irəliləyişin olduğu illüziyasını yarada bilər. Əvəzində Qərb donorlarından daha israrla maddi yardım istəyə, Türkiyənin sərhədləri açmasını tələb edə, Bakının Xocalı aeroportunun fəaliyyətinə icazə verməsi tələbini irəli sürə bilər və s.
İkincisi, çərçivə razılaşmasının preambulasında münaqişə tərəflərinin güc tətbiqindən imtinası əks olunacaq. Bu öhdəlik dərhal qüvvəyə minəcək. Halbuki, erməni qüvvələrinin işğal altındakı torpaqlardan çıxarılması müddəti və qaydası sonraya saxlanılacaq və "Böyük sülh müqaviləsi"ndə əksini tapacaq. Bir məsələ də var ki, İrəvan istənilən an Qarabağ separatçılarının əli ilə (onlar heç nə imzalamır və heç bir öhdəlik götürmür) bu elementlər üçün sərfəli olmayan çərçivə razılaşmasını əngəlləmək imkanına malikdir.
Şübhəsiz ki, bünlar Bakının maraqlarına ziddir. Çünki Bakı Azərbaycanın güc tətbiqindən imtinasının da yer alacağı istənilən razılaşmada ermənilərin işğal olunmuş əraziləri boşaldacağına dair konkret vaxtın göstərilməsini tələb edir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Moskvada keçirdiyi mətbuat konfransında bunun sülh prosesinə çox müsbət təsir göstərə biləcəyini söyləyib. Bu olmadan Fransa, Rusiya və ABŞ prezidentlərinin Dovildə status-kvonun dəyişdirilməsinə etdikləri çağırışa əməl olunması mümkün deyil.
Dağlıq Qarabağ münaqişəsindəki status-kvonun saxlanması, əslində, heç bir tərəf üçün qəbulolunan deyil. Bunu Rusiya XİN başçısı Sergey Lavrov da Moskvada Elmar Məmmədyarovla görüşünün yekununda keçirdiyi mətbuat konfransında bildirib. "Əminəm ki, bu, ilk növbədə, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda yaşayanlar üçün vacibdir. Status-kvo nəinki Azərbaycan torpaqlarının geri qaytarılmasını ləngidir, Ermənistanın iqtisadi blokadasını da uzadır. Odur ki, bu statusun qəbuledilməz olduğuna kimisə inandırmağa ehtiyac yoxdur. Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2012-ci illərdə (Muskok, Akvil, Dovil, Los-Kabos) səsləndirdikləri bəyanatlarda əks olunan əsas prinsiplərə heç kim etiraz etmir", - deyə Lavrov qeyd edib. İndi məsələ onların təcrübədə tətbiqi, konkret addımların razılaşdırılmasındadır.
Məlum olduğu kimi, yerli və xarici KİV-də son günlər Milli Məclisdə "Azərbaycanın işğal olunmuş ərazilərinin statusu haqqında" (parlamentin mətbuat xidməti isə belə qanun layihəsinin heç bir komissiyada müzakirə olunmadığını bəyan edib) qanun layihəsinin müzakirə olunduğunu yazır. Guya sənəddə erməni tərəfi ilə bütün əlaqələrə qadağa qoyulacaq.
Azərbaycan XİN başçısı isə Moskvada "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan ictimaiyyətinin tanınmış xadimlərinin hər iki ölkənin Moskvadakı səfirləri tərəfindən təşkil edilmiş və dəstəklənmiş iki görüşü erməni tərəfinin məsələyə maraq göstərməməsi üzündən davam etdirilməyib. Azərbaycan tərəfinə gəlincə, nazir bildirib ki, Bakı ictimaiyyət nümayəndələrinin görüşlərinin gələcəkdə də təşkilinə hazırdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun status-kvonun nə münaqişə tərəflərinin, nə də Rusiyanın maraqlarına cavab verdiyinə dair sözləri Ermənistan siyasətçiləri və KİV-in etirazına səbəb olub. Amma hələ ki, Moskvanın öz "forpost"nun təcavüzkar iştahını azaltmağa başladığını söyləmək üçün də tezdir. Bu, sadəcə, Rusiyanın Avrasiya İttifaqı layihəsinə qoşulmağa tələsməyən, əvəzində, Brüsselə tərəf boylanmağa başlamış Ermənistan rəhbərliyini ağıllandırmaq cəhdidir. Rusiyanın Ermənistana satdığı qazın qiymətini 180 dollardan 270 dollara qaldırmasına da bu konteksdə yanaşmaq lazımdır. İstehlakçılar üçün bu, qazın, elektrik enerjisinin tariflərində, ən azı, 30% artım deməkdir. Ekspertlər Rusiyanın bu qərarının Ermənistanda inflyasiyanın artmasına səbəb olacağını proqnozlaşdırır. Bu isə ölkədəki pensiya, əməkhaqqı artımlarını kölgədə qoyacaq.
Bununla yanaşı, Moskva Ermənistanda hərbi mövcudluğunu artırmaqdadır. "Regnum" agentliyi xəbər verir ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yeni ağır texnikalar gətirilir, tezliklə isə oraya ciddi raket qurğuları da yerləşdiriləcək. Agentliyin mənbəyi bildirir ki, söhbət "İsgəndər-M" operativ-taktiki raket kompleksindən və "Tornado" yaylım atəşi sistemindən gedir.
Ermənistanın öz zirehli texnikası və HHM sistemini yeniləmək planları haqda da danışılır. Ermənistan KİV-in məlumatına görə, "T-72" tankları Çarensavanda yerləşən Ermənistan-Polşa birgə müəssisəsində müasirləşdiriləcək. Rusiya ilə birgə müəssisədə isə "BMP-1" və "BMP-2" piyadaların döyüş maşınlarının müasirləşdirilməsi nəzərdə tutulub. Ermənistan ordusundakı "S-300PT-1" və "S-300PS" zenit raket komplekslərinin müasirləşdiriləcəyi də bildirilir. Bu, onların vurma məsafəsini 75 kilometrdən 150 kilometrədək artıracaq.
Amma İrəvanın bu cür ciddi hərbi xərcləri necə ödəyəcəyi bəlli deyil. Büdcədə pul yoxdur, üstəlik, Rusiya qazına əlavə 150-200 milyon dollar ödəmək lazım gələcək. 2013-2014-cü illərdə indiyədək götürülmüş kreditlərin ödənilməsi üçün isə əlavə 400-500 milyon dollara ehtiyac var. Beləliklə, ermənilərin yalnız bir yolu var - maliyyə yardımı və yeni kreditlər istəmək. Köhnə borcları yalnız onların vasitəsilə ödəmək olar. İrəvan da Aİ və Rusiyadan məhz bunu istəyir. Amma onun bu istəyi hələ ki, heç bir nəticə vermir. Qonşularına qarşı ərazi iddiaları və düşmənçilik siyasəti yürüdən, bu üzdən də özünü təcrid durumuna salmış ölkəyə ciddi məbləğdə kredit vermək risklidir. Çünki onların qaytarılacağına əminlik yoxdur.
Vasitəçilərin və münaqişə tərəflərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesini canlandırmaq cəhdlərini müsbət qiymətləndirsək də, ona böyük ümidlər bağlamağa dəyməz. Proses irəliləsə belə, bu irəliləyiş çox ləng gedəcək. Tezliklə ciddi irəliləyişlər gözlənilən deyil. Bunu vasitəçilərin regiona son səfərlərindən sonra verdikləri birgə bəyanat da göstərir. Bəyanatda bildirilir ki, "Prezidentlərlə vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinin gedişini müzakirə edib, bu il prezidentlər arasında görüşün təşkilinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar". Prosesi irəli apara biləcək yeni ideyaların hazırlanması hələ ki, XİN başçıları səviyyəsində aparılır. Bununla yanaşı, həmsədrlər tərəfləri onsuz da çətin olan prosesi hərbi ritorika, hərbi hazırlıqlar və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması kimi hallarla daha da ağırlaşdırmamağa çağırıblar.
Azərbaycan diplomatları münaqişənin sülh yolu ilə həllinin tapılması istiqamətində konstruktiv şəkildə işləməyə hazırdırlar. Amma bu, müdafiə potensialının gücləndirilməsinə mane olmamalıdır. Ölkəmizin artan hərbi imkanları Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunmuş paradda bir daha nümayiş olunacaq.
MƏSLƏHƏT GÖR: