
ERMƏNİSTAN "MAYDAN"la "TƏHRİR" ARASINDA
Ekspertlər İrəvanda sosial partlayış ehtimalının yüksək olduğunu bildirirlər
Müəllif: NURANİ Bakı
Ermənistanda növbəti korrupsiya qalmaqalı baş qaldırır. Qalmaqalın əsas iştirakçılarından biri kimi Ermənistan hakim elitasının "Qərbpərəst qanadı"nın qeyri- rəsmi lideri sayılan baş nazir Tiqran Sarqsyan göstərilir. Baş nazirin adı ətrafında onsuz da "offşor qalmaqalı" yaşanmaqdadır: Ermənistanda və ondan kənarda bir çoxlarının iddiasına görə, hökumət başçısının rəhbəri olduğu bir offşor şirkət maliyyə maxinasiyaları ilə məşğuldur. Deyilənə görə, onun vasitəsilə yerli "brilyant biznesi" başçılarından birinin varidatı "bölünüb" və mənimsənilib.
İndi isə baş nazirin adı "Nairit" kimya kombinatı ətrafında yaranmış şübhəli vəziyyətdə hallandırılır.
Sovet illərində "sənayenin flaqmanı" adlandırılmış bu kombinat hazırda acınacaqlı durumdadır. KİV-də yer alan məlumatlara görə, orada müntəzəm şəkildə partlayışlar, yanğınlar baş verir və bu qəzalar zamanı bir çox hallarda insan tələfatı qeydə alınır. Bununla yanaşı, zavod müflis olmaq ərəfəsindədir. 2010-cu ildən fəaliyyətini dayandırmış zavodun 130 milyon dollar borcunun olduğu bildirilir.
"Nairit"də kütləvi oğurluq hallarının baş verdiyinə dair ilk məlumatlar hələ 2013-cü ilin yayında mətbuata çıxmışdı. Məlumata görə, həmin anda polisə "yuxarılardan" məsələnin ört-basdır edilməsi tapşırılıb. Qeyd edək ki, elə həmin vaxtda müəssisənin baş direktoru, hazırkı baş nazirin qardaşı Aşot Sarqsyan vəzifəsindən istefa verib. Mətbuat isə "Nairit"in müflisləşməsinin səbəbkarlarından olan növbəti "mülkiyyətçi-investor" Rhinoville Property Limited ilə yaşanan məhkəmənin səbəbləri haqda yazır. İddiaya görə, məhkəmə çəkişməsinə səbəb Ermənistan hökumətinin investisiya öhdəliklərinə əməl etməyən investordan kombinatın səhmlərinin dövlətə qaytarılmasını vaxtında tələb etməməsi olub. Müqaviləyə əməl olunmasına o zaman Ermənistan Mərkəzi Bankının rəhbəri postunu tutan, indi isə ölkənin baş naziri olan Tiqran Sarqsyan nəzarət edirmiş. Amma məhkəmədə məlum olub ki, iddiada göstərilən ünvanda Rhinoville Property Limited adlı şirkət qeydiyyatda deyil. Yəni "Ermənistanın kimya sənayesinin nəhəngi"ni növbəti "birgünlük şirkətə" satıblar. Məlum olduğu kimi, bu cür qurumlar investisiya layihələri üçün deyil, qanunsuz maxinasiyalar üçün yaradılır.
İndi "Naitrit" ətrafında qalmaqal yenidən yada düşüb. Ermənistan mətbuatının məlumatına görə, Avropa Erməni Təşkilatları Forumu bu məsələ ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb. Açıqlamadan belə məlum olur ki, birincisi, 2006-cı ildən başlayaraq, zavod son dərəcə savadsızcasına, hətta qabiliyyətsizcəsinə idarə olunub, nəticədə, onsuz da acınacaqlı durumda olan Ermənistan iqtisadiyyatına daha bir zərbə vurulub. İkincisi və rəsmi İrəvan üçün daha təhlükəli sayıla biləcək məqam "Nairit"dəki partlayış və yanğınların məqsədli şəkildə törədildiyinə dair deyilənlərdir. Məlumata görə, bu, "iz itirmək" məqsədilə edilirmiş.
Ermənistan parlamentində artıq müəssisədəki vəziyyətin araşdırılması ilə məşğul olacaq müvəqqəti deputat komissiyasının yaradılması məsələsi müzakirə olunur. Ekspertlərin də etiraf etdikləri kimi, bu komissiyanın kombinatın (elə, ümumilikdə ölkə iqtisadiyyatı kimi) acınacaqlı hala düşməsinin əsl səbəblərini üzə çıxarma ehtimalı, demək olar ki, yoxdur. O, özündə Ermənistanın təcavüzkar siyasətinin tamamilə proqnozlaşdırılan nəticələrini əks etdirir. İrəvanın regionun iqtisadi həyatından kənarda qalması, məhz, bu təcavüzkar siyasətin nəticəsidir.
Məsələnin bir də daxili siyasi tərəfi var. Müşahidəçilər "Nairit"lə bağlı komissiyanın, əslində, baş nazirə "tuşlandığı"na şübhə etmirlər. Əlbəttə ki, həm "offşor-brilyant işi", həm "Nairit" ətrafındakı qalmaqal qərbpərəst sayılan siyasətçilərin heç də mələk olmadıqlarını göstərir. Amma ölkədən çıxarılan "qara" pulların dövlət büdcəsindən artıq olduğu Ermənistan bu cür qalmaqalların istefalara səbəb olacağı ölkələrdən deyil. Bu, yalnız kimlərəsə lazım olduqda baş verir. Ermənistanın baş nazirinin siyasi durumu onsuz da kifayət qədər dayanıqsızdır. O, İrəvanda "nisbətən qərbpərəst" siyasətçilərdən biri sayılır. Analitiklər T.Sarqsyanın vaxtilə Ermənistanın Gömrük İttifaqına qoşulmasına qarşı çıxdığını xatırladır. Sentyabrın 3-dən sonra çoxları onun istefaya göndəriləcəyini gözləyir. Bu yaxınlarda Ermənistanın ikinci prezidenti Robert Koçaryan da, məhz, onunla kifayət qədər sərt polimikaya girmiş, hökumət başçısını ölkə iqtisadiyyatını dağıtmaqda günahlandırmış, Tiqran Sarqsyan isə ittihamlara ciddi bir cavab verə bilməmişdi.
İndi isə "nisbətən qərbpərəst" baş nazirin ətrafında yeni qalmaqal "İrəvan maydanı"na dair vədlərin, proqnozların fonunda yaşanır. Bu, vəziyyəti dəyişir. Kiyevdə yaşanan faciəvi hadisələr hələ uzun müddət bir çox ölkələrin ictimaiyyətinin diqqətində qalacaq. Bu, Ermənistan ictimaiyyətinə də aiddir. Artıq orada Ukrayna ilə Ermənistan arasında cəsarətlə paralellər aparmağa başlayıblar: Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" sammiti ərəfəsində bu ölkələrin hər ikisi Avropaya inteqrasiya siyasətini davam etdirməyə namizəd sayılırdı. Lakin son anda onlar Avropa İttifaqı ilə imzalanmaya hazır sənədə imza atmaqdan boyun qaçırıblar. Bəziləri bu qənaətdədir ki, artıq "İrəvan maydanı" o qədər də uzaqda deyil.
Burada, əlbəttə ki, bəzi gerçəkləri yada salmaq lazımdır. Ukrayna hadisələrinin detallı, hərtərəfli təhlili hələ qarşıdadır. Amma artıq bu gün əminliklə, demək olar ki, inqilab televiziyadan, internetdən son dərəcə effektiv görünsə də, o, hətta ən cəlbedici, proqressiv siyasi şüarların kifayət qədər ağrılı, travmatik ifadə formasıdır. 100-dək ölü, bundan daha çox yaralı, maddi ziyan, tamamilə dağılmış hakimiyyət strukturu - bu ssenarini "ideal" adlandırmaq çətindir.
Amma görünür, bütün bunlar Ermənistan siyasətçilərinə, ilk növbədə isə özünü "qərbpərəst" sayan və belə adlandıran siyasətçilərə açıq şəkildə "yeni maydan" planını qurmağa mane olmur. Reallıqda onlar heç də Avropaya inteqrasiyanın dərinləşdirilməsinə, köklü islahatlara hazırlaşmırlar. Onların məqsədi daha bəsit və daha kobuddur: Qərbin dəstəyini almaq və onun köməkliyilə hakimiyyətə gəlmək. Daha doğrusu, Qərbin bu hakimiyyəti onlara ötürmək qərarı verəcəyi anı gözləmək. Bütün bunların fonunda Ermənistanın "qərbpərəst" baş nazirinin ətrafındakı silsilə korrupsiya qalmaqalları, həqiqətən də, son dərəcə simptomatik təsir bağışlayır.
İrəvanda "maydan" hələ başlamayıb. Amma hakim "komanda"da artıq hakimiyyətdaxili mübarizə qızışır və Tiqran Sarqsyanın bu savaşdan salamat çıxması, həqiqətən də, asan olmayacaq. Əksər ekspertlərin dediyi kimi, "Kiyev maydanı"nın İrəvanda təkrarlanması ən çox ehtimal olunan ssenari deyil. Doğrudur, Ermənistanda polisin üzərinə "Molotov kokteyli" atmağa, rəqiblərini güllələməyə hazır olan çox insan tapılacaq. 2008-ci ilin 1 mart hadisələrindən sonra buna şübhə qalmayıb. Fərqli olan başqa məqamdır. Kiyevdəki maydan bütün iradlara rəğmən, həqiqətən, siyasi hərəkat idi. Yoxsulluğun, işsizliyin, ümumi ümidsizliyin bürüdüyü Ermənistanda "Təhrir" ssenarisi, yəni qəflətən sosial partlayışın baş verməsi ehtimalı daha realdır. Sosial etiraz dalğasına nəzarəti kimin ələ keçirəcəyini isə hadisələrin gedişi göstərəcək. Deyəsən, bunu hakimiyyətdə də hiss edirlər. Bəlkə də, buna görə, artıq indidən "geri çəkilmək" yolları aranır, kimlərin "qurban" veriləcəyi müəyyənləşdirilir.
Böyük ehtimalla onlardan biri, məhz, baş nazir olacaq.
MƏSLƏHƏT GÖR: