
HEÇ KƏSƏ ARXALANMADAN
"Azərbaycan kifayət qədər özünü təmin edən və iqtisadi cəhətdən müstəqil dövlətdir"
Müəllif: Çinqiz MƏMMƏDOV Baku
-Bu günlərdə Azərbaycanda Heydər Əliyevin 90 illiyi qeyd olunur. Ekspertlər onun xüsusilə balanslaşdırılmış xarici siyasətin qurulmasındakı xidmətlərini qeyd edir (ölkə bu gün də həmin siyasətə sadiqdir). Ya Qərbpərəst, ya da Rusiyapərəst mövqe nümayiş etdirən qonşu dövlətləri nəzərə alsaq, bu siyasətin uğuru nədən ibarətdir? Azərbaycan haqqında çoxsaylı monoqrafiya və kitabların, həmçinin "Asiyanın Xəzər qapısı" kitabının müəllifi kimi, bu haqda fikirləriniz maraqlı olardı?
- Azərbaycan coğrafi baxımdan nəinki Avropadan ön Asiyaya gedən əsas ticarət və iqtisadi yolların kəsişməsində, həm də öz geosiyasi iddiaları olan nəhəng fövqəldövlətlərin maraqlarının toqquşduğu mərkəzdə yerləşir. Qərblə Şərq arasında özünəməxsus "körpü" olmaq bütün mənalarda faydalı olsa da, bu mövqeyə sadiq qalmaq üçün böyük şücaət və diplomatik zirəklik də tələb olunur. Odur ki, Azərbaycanın "güclülər və nüfuzlular" arasında manevr etməkdən başqa yolu yoxdur. Heydər Əliyevin müstəqillik illərindən etibarən çalışdığı əsas məqamlardan biri Azərbaycanın Rusiyadan və Amerikadan maddi asılılığının olmamasıdır. Bu, Bakıya heç kəsin maraqlarına boyun əyməmək və eyni zamanda regionun nüfuzlu oyunçularından heç biri ilə münasibətləri korlamamaq imkanı verir.
Azərbaycanın şimal qonşusu - Rusiyaya gəlincə, Bakının onunla münasibəti sanki kifayət qədər hamardır. Amma eyni zamanda onların arasında etibarlılıq yoxdur, vacib regional məsələlərin həllinə yanaşmalarda fərqlər var və nəhayət, milli maraqlar müxtəlifdir.
Azərbaycanın Türkmənistan və Qazaxıstanla da münasibətləri hamardır. Amma Astana iqtisadiyyat, xüsusilə də enerji məsələlərində Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridirsə, Aşqabadla münasibətlər o qədər də yaxşı deyil.
Bununla yanaşı, bu münasibətlərdə sağlam praqmatizm var, hər iki Xəzəryanı ölkənin tezliklə Xəzərin dibi ilə qaz xəttinin çəkilməsində ümumi dil tapma şansı yüksəkdir. Çünki onların rəqiblərə çevrilməsi yalnız öz milli maraqlarına zərbə vurardı.
Cənubi Qafqazdakı coğrafi qonşularla münasibətlərə gəlincə, Bakı burada da xarici siyasətində çoxşaxəliliyi qoruyub saxlayır. Lakin onun bu qonşuları ilə münasibətlərində çətin ki, tezliklə hər hansı dəyişiklik olsun. Bakının Gür-cüstanla çox sıx, tərəfdaş münasibətləri var və Tbilisidə hökumətin dəyişməsi yəqin ki, bu münasibətlərə mənfi təsir göstərməyəcək. Analoji vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinə də aiddir - iki ölkə arasında qarşıdurma davam edəcək və düyünün sonda Bakı ilə İrəvan arasında hərbi toqquşmalarla açılacağı istisna deyil.
Nəhayət, Azərbaycan üçün maraqlı, son dərəcə vacib olan iki qonşu ilə münasibətləri əksər parametrlərə görə, heç də tam hamar deyil. Və onun daha da pisləşməsi (İranla) və yaxın qonşunun digər qonşu ilə münaqişəyə cəlb olunması (Türkiyə) ehtimalı var.
- Rusiya digər postsovet ölkələrini özünün regional inteqrasiya layihələri olan Avrasiya və gömrük ittifaqlarına dəvət edir. Bəzi ölkələr artıq bu birliklərə qoşulublar, digərləri hələ düşünür, bir başqaları isə belə ittifaqa qoşulmağa artıq mənfi münasibətini ortaya qoyub. Azərbaycan müstəqil yol seçmiş dövlətlər sırasındadır. Bu mövqeyi necə qiymətləndirirsiniz?
- Azərbaycanın özünü təmin edən və istənilən postsovet birliyindən iqtisadi cəhətdən müstəqil dövlət olduğunu artıq qeyd etdim. Azərbaycanın postsovet təşkilatları ilə əlaqədən əldə edəcəyi qazanc və ya üzləşəcəyi itkilərə nəzər salmazdan əvvəl bu "birlik səyləri"ndə məqsədin nədən ibarət olduğunu, orada potensial olaraq kimlərin maraqlı olduqlarını anlamaq lazımdır. Azərbaycan üçün beynəlxalq arenada Rusiya ilə sıx əməkdaşlıq heç də hər zaman sərfəli deyilsə, Bakının öz xarici siyasətini yürütməsi üçün hansı alternativ yolları var?
Artıq iqtisadi və siyasi baxımdan yetkin dövlət olan Azərbaycan, şübhəsiz ki, balanslaşdırılmış çoxşaxəli siyasət yürütməkdə, kiməsə ciddi şəkildə "söykənməməkdə" maraqlıdır.
Bakının MDB-də üzvlüyünü davam etdirməsi də məhz bununla izah olunur. Yeri gəlmişkən, obyektiv baxdıqda, bu birlik Azərbaycanı öz milli maraqlarına zidd olan hansısa ciddi öhdəliklər götürməyə məcbur etmir. Azərbaycan müntəzəm olaraq MDB-nin sammitlərində iştirak edir və burada əsas məqsəd digər postsovet ölkələri başçıları ilə əlaqə saxlamaq imkanlarından yararlanmaqdır.
Bakı Rusiyanın Azərbaycanın Cənubi Qafqazdakı əsas hərbi düşməni olan Ermənistanla sıx, müttəfiq münasibətləri saxladığı Gömrük İttifaqına, xüsusilə də KTMT-yə prinsipial olaraq qoşulmur. Azərbaycan Gömrük İttifaqından hər hansı iqtisadi səmərə əldə edəcəyini düşünmür (Bakının oradakı Qazaxıstan, Belarus və Rusiya ilə onsuz da tam normal ikitərəfli münasibətləri var). Üstəlik, Azərbaycan nədəsə Moskvanın siyasətindən asılı olarsa, Rusiya tərəfindən siyasi təzyiqlə üzləşə biləcəyindən ehtiyatlanır.
Heç bir ciddi sənaye potensialı, enerji daşıyıcıları olmayan Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Moskvadan ayrı tam müstəqil xarici siyasət yürüdə bilir. Bu zaman onun arxasında ciddi neft və qaz resursları dayanır.
Bu resurslar Bakıya nəinki mühüm daxili problemlərin həllinə imkan verir (sosial sektor, müasir yol-nəqliyyat infrastrukturu və sair), onun heç bir kənar qüvvədən asılı olmayan xarici siyasət yürütməsinə də şərait yaradır.
Rəsmi Bakının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusundan istifadə, Türkiyə ilə münasibətləri genişləndirmək, Yaxın Şərqdə rolunu artırmaq, həmçinin İsraillə hərbi sahə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlığı gücləndirmək və digər cəhdlərini də məhz bununla izah etmək mümkündür.
Bundan başqa, Bakı postsovet təşkilatlarında olmadan belə, demək olar ki, bütün postsovet respublikaları ilə (Ermənistan istisna olmaqla) bərabərhüquqlu, qarşılıqlı səmərəli münasibətlər qurub. O, bundan sonra da siyasi əlaqələrini bu ikitərəfli münasibətlər çərçivəsində qurmaq, öz maraqlarını məhz bu formatda müdafiə etmək fikrindədir.
Şübhəsiz ki, Bakıda postsovet inteqrasiyasının (istənilən formada) heç də Qazaxıstanın, Belarusun və ya digərinin təşəbbüsü olmadığını yaxşı anlayırlar. Bu, birmənalı olaraq Rusiyanın hazırkı rəhbərliyi tərəfindən irəli sürülmüş təşəb-büsdür və onun xarici siyasətilə yox, daxili maraqları ilə son dərəcə sıx bağlıdır.
Onun "keçmiş sovet ərazilərinin yeni yığması", "dağılmış İttifaqın bərpası", yoxsa "perspektivli Avrasiya birliyi" adlandırılması isə yalnız terminin statusu baxımından əhəmiyyətlidir. Adın onun mahiyyətinə heç bir aidiyyəti yoxdur. Odur ki, Azərbaycan burada özünü çox ustalıqla aparmalı, "postsovet inteqrasiyası"nın təşkilatçılarını qıcıqlandırmamalıdır.
- Azərbaycanın digər qonşusu - İranla münasibətləri haqda da fikrinizi bilmək istərdik. İranla ikitərəfli münasibətlər hazırda heç də ən yaxşı dövrünü yaşamır...
- Azərbaycanla İranın münasibətləri nəzəri cəhətdən dost, hətta qardaş münasibətləri ola bilərdi. Çünki Şimali İranda 30 milyonadək etnik azərbaycanlı yaşayır. Amma son illərdə Bakı ilə Tehran arasında gərginlik yaşanmaqdadır. Hazırda bu münasibətlərdə qarşılıqlı səmərəli tərəfdaşlıq və sıx dövlətlərarası əməkdaşlıq əlamətləri yoxdur.
Hər şeydən əvvəl bir faktı qeyd etmək lazımdır ki, hazırda bu iki dövlət xarici siyasətlərində tamamilə fərqli yollarla irəliləyir, gələcək inkişaflarını tamamilə fərqli istiqamətlərdə görürlər. Azərbaycan ABŞ-la əlaqələri möhkəmləndirir, İsraillə iqtisadi və hərbi əlaqələr qurur və Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün mümkün qədər fəallıq göstərirsə, İranın bütün bu istiqamətlərdəki siyasəti tam fərqlidir.
Rəsmi Tehran artıq uzun illərdir Birləşmiş Ştatlarla düşməndir. O, nüvə proqramını başa çatdırmaq üçün əlindən gələni edir (nəticədə ABŞ rəhbərliyində antiiran əhvalı daha da güclənir), nüvə silahı əldə etmək imkanı ilə İsraili təxribata çəkir. İrəvanla sıx iqtisadi əməkdaşlıq etməklə isə İran Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətdə qalmasına çox ciddi köməklik göstərir.
Xəzər hövzəsinin əvvəlkitək bölünməz qaldığını və buna İranın barışmaz mövqeyinin səbəb olduğunu da unutmayaq. Tehran dənizin səthinin və dibinin 20%-nin ona verilməsini tələb edir.
Eyni səbəbdən hələ ki, Xəzərin dibi ilə çəkilməklə Türkmənistanla Azərbaycanı birləşdirəcək qaz xəttinin inşası məsələsində də heç bir razılaşma yoxdur. Tehran bu layihəyə qarşı çıxır və xəttin çəkiləcəyi təqdirdə, müvafiq addımlar atacağı ilə hədələyir.
Enerji məsələlərində İran Azərbaycanın dünyanın bir çox ölkələrilə əməkdaşlığı normal şəkildə inkişaf etdirməsinə ciddi maneə yaradır. Çünki beynəlxalq sanksiyalar onun özünü uzun illərdir Avropa və digər vacib bazarlardan məhrum edib. Azərbaycan isə bu sanksiyalar səbəbindən öz karbohidrogenlərinin yalnız Qara və Aralıq dənizi regionları ilə nəql edilməsi variantını nəzərdən keçirməli olur. Çünki ön Asiyaya, Hindistan və Pakistana, həmçinin Fars körfəzi sahillərinə İran vasitəsilə gedən yollar bağlıdır.
İranda keçiriləcək prezident seçkisinə gəlincə, onun Bakı-Tehran münasibətlərinə hansısa müsbət təsir göstərəcəyini düşünmürəm. Bu, daha çox İranla ABŞ arasında münasibətlərin necə olacağından asılıdır. Bu münasibətlərdə cüzi də olsa irəliləyiş baş verərsə, İranın Azərbaycanla bağlı siyasətinə də müəyyən dəyişikliklər edəcəyini gözləmək olar.
- Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri müstəqil respublika tarixində ilk dəfə İsrailə səfər etdi. Yaxın Şərq turnesi çərçivəsində İsraildə olan nazir Azərbaycanın bu ölkədə səfirlik açmaq niyyətini də dilə gətirdi. Əksər ekspertlər bu səfəri Bakı-Tehran münasibətlərindəki ciddi gərginliyin göstəricisi sayır. Fikrinizcə, səfər başqa hansı nöqteyi-nəzərdən əlamətdardır?
- Bəli, Azərbaycan üçün İsraillə münasibətlər hansısa cüzi dividendlər qazanmaq vasitəsi yox, Bakının çoxşaxəli kursunun davamıdır. İsrail üçün "Azərbaycan istiqamətində diplomatik irəliləyiş" daha vacibdir, nəinki Bakı üçün İsraillə münasibətlər. Səfirliyin açılması ikitərəfli münasibətlərdə əldə edilməsi mümkün olanı təkcə heç də səfirliyin açılması deyil. İstənilən halda, Bakı üçün vacib tərəfdaşlar Yaxın Şərq və Aralıq dənizində deyil. Bunlar Türkiyə, ABŞ, Rusiya, İran və Xəzəryanı dövlətlərdir. Amma beynəlxalq əlaqələrin genişləndirilməsi, ilk növbədə, enerji sahəsində regionun fəal oyunçusu kimi öz mövqeyinin möhkəmləndirilməsi üçün İsraillə münasibətlər istənilən halda, "plyus"dur. Bu, sərt antiisrail əhvallı müsəlman dövlətlərindəki başağrısından daha yaxşıdır. Bu işdə Bakı üçün vacib olanı "İsrail istiqaməti"ndə həddindən artıq çox canfəşanlıq etməməkdir. Çünki əksər ərəb dövlətlərinin istənilən halda İsraildən xoşları gəlmir. Bakı üçün isə onlarla münasibətlərin pozulması heç də sərfəli deyil.
MƏSLƏHƏT GÖR: