14 Mart 2025

Cümə, 22:41

"XARİCİ" DEMOKRATİYA

Bələdiyyə seçkisi başıbəlalı İraq üçün ağır sınaq oldu

Müəllif:

30.04.2013

İraqda keçirilən bələdiyyə seçkisi 2011-ci ildə ABŞ qoşunlarının ölkəni tərk etməsindən sonra ilk seçki və diktator Səddam Hüseyni əvəzləmiş hökumətin möhkəmliyi baxımından ciddi sınaq oldu. Yaxın Şərqin ən başıbəlalı ölkələrinin birində keçirilmiş seçkinin yekun nəticələri haqda danışmaq tez olsa da, bu siyasi hadisənin fonu ölkədə nifaqın hələ də davam etdiyini, ABŞ və müttəfiqlərinin anti-Səddam əməliyyatından 10 il keçdikdən sonra da ölkədə terrorun hakim olduğunu açıq şəkildə göstərdi.

Seçkidə 8 minədək namizəd əyalət şuralarındakı 378 deputat yeri uğrunda mübarizə aparırdı. Səsverməyə isə seçicilərin, təxminən, 50%-i qatılıb və nəzərə alsaq ki, seçkiqabağı dövr İraqda silsilə terror aktları və silahlı toqquşmalarla yadda qaldı, bu, heç də pis göstərici deyil. Seçki kampaniyasının gedişində 14 namizədin qətlə yetirildiyini xatırlatmaq vəziyyətin nə yerdə olduğunu anlamaq üçün kifayətdir. Hətta hökumət sünnilərin üstünlük təşkil etdikləri iki əyalətdə seçkini təxirə salmalı olub. Bu, yerli əhalinin təhlükəsizliyinə zəmanətin olmadığı üçün edilib.

Sünni təşkilatları isə şiələrin üstünlük təşkil etdiyi Nuri-əl-Maliki hökumətinin səsverməni məğlubiyyətdən qorxduğu üçün təxirə saldığını düşünür.

Həqiqətən də müasir İraqın əsas problemlərindən biri həm ölkə daxilində, həm ondan kənardakı bəzi qüvvələrin məqsədyönlü şəkildə şişirtdiyi sünni-şiə qarşıdurmasıdır. Məlum olduğu kimi, Səddam Hüseynin dövründə sünnilər ölkənin siyasi sistemində lider rolunda idilər. Dövlət strukturlarında aparıcı postları məhz onlar tuturdular. Diktatorun devrilməsi ilə sünni siyasi qüvvələrin mövqeləri də ciddi şəkildə zəiflədi. Bu, həm də İraqı işğal edən çoxmillətli hərbi qüvvələrə vaxtilə Səddam Hüseynə müxalif olmuş siyasi və sosial qrupların dəstəyi  ilə baş tutdu. İndi artıq qarşıdurma yaratmaq ittihamları nəinki hökumətə, həm də Bağdada, Mərkəzi və Cənubi İraq əyalətlərinə nəzarət edən şiə siyaçətçilərə yönəldilib.

"Postamerika" İraqında ilk səsvermə olan bələdiyyə seçkisi vəziyyətə zərrə qədər də aydınlıq gətirməyib. Əksinə, ölkədə durum daha da ağırlaşıb. Aprelin 21-də keçirilmiş səsvermədən sonrakı iki sutka ərzində İraqda 100-dən artıq insan həlak olub, 200-dək yaralı var. Kərkük yaxınlığındakı Havic şəhərində sünnilərin kütləvi etiraz aksiyasının hökumət qüvvələri tərəfindən sərt şəkildə dağıdılması ciddi toqquşmaya yol açıb. Nümayişçilərin həlak olması isə sünnilərin yaşadığı bir sıra digər rayonlarda, xüsusilə İraqın qərbindəki Anbar əyalətində də aranın qarışmasına səbəb olub. Hətta ölkənin bir neçə şəhərində komendant saatı elan olunub.

Müxalif mövqedə olan əhaliyə qarşı cəza tədbirlərinin görülməsi Nazirlər Kabinetini iki sünni nazirin tərk etməsinə səbəb olub. Baş verənlərə etirazlarını bildirən təhsil naziri Məhəmməd Əli Tamim, elm və texnologiya naziri Abdulkərim əl-Samarrai postlarından istefa veriblər.

2011-ci ildə ABŞ qoşunları İraqı tərk etdikdə, bunun işğal zamanı "terror ocağı"na çevrilmiş ölkədə sabitliyin bərqərar olması ilə nəticələnəcəyini düşünmək olardı. Baş nazir Nuri-əl-Maliki isə şiələrə sadiqliyini gizlətməsə də, əksər iraqlıların nifrət etdiyi Qərbə loyal yanaşsa da, ümumilikdə öz siyasi və dini meyillərini çox qabartmır, buna görə də İraq xalqını birləşdirə biləcək vətənpərvər lider kimi qəbul olunurdu. ABŞ-ın İraqdakı sabiq səfiri Zalmay Xəlilzadın vaxtilə Malikini "İrandan asılı olmayan, özünü ilk növbədə, "ərəb və millətçi kimi göstərmiş şəxs" adlandırması da təsadüf deyildi.

Lakin iraqlılar arasında milli-dini zəmindəki (şiə ərəblər, sünni ərəblər və kürdlər) parçalanmanı aradan qaldırmaq mümkün olmadı. İraqın siyasi baxımdan daha fəal hissəsinin əl-Malikinin üzərinə qoyduğu vəzifələr də reallaşmamış qaldı. Onlar ölkənin qanunverici və icraedici hakimiyyət orqanlarında İraqın əsas icma və siyasi bloklarının proporsional şəkildə təmsil olunmasını istəyirdilər.

Nəticədə sünnilərin əsas siyasi bloku, kürd bloku və hakim şiə partiyası isə hökumət koalisiyasında təmsil olunan "İrakiyyə" şiə liderlərini Səddam Hüseynin diktator yolunu davam etdirməkdə günahlandıraraq, parlamentin işində iştirakını dayandırdı.

Bu gün düşmənçilik, hamının bir-biri  ilə müharibə aparması müasir İraqın acınacaqlı reallığıdır. Bu yaxınlarda o, - martın 20-də Amerikanın hərbi kampaniyasının 10-cu ildönümünü qeyd etdi. O zaman bu əməliyyat "İraq azadlığı" adlanırdı və onun əsas hədəflərindən biri İraqda demokratik institutların formalaşdırılması idi. Bu "müqəddəs missiya"nın həyata keçirilməsi üçün yalnız ABŞ hərbçilərinin iştirakı ilə həyata keçirilən əməliyyatlarda 11 mindən artıq iraqlı öldürüldü. Xaosun bürüdüyü İraqı "qlobal" planlarının reallaşdırılması üçün ideal məkan kimi görən müxtəlif ekstremistlərin törətdiyi partlayışlar nəticəsində həlak olanların isə sayı-hesabı yox idi/... Bundan başqa, İraqda bitmək bilməyən müharibə artıq 10 ildən artıqdır ki, ekoloji fəlakətə səbəb olub. Nəticədə ölkədə xüsusilə uşaqlar arasında müxtəlif xəstəliklərə tutulanların sayı durmadan artır. Vaxtilə regionun ən güclü iqtisadiyyatlarından olan İraq iqtisadiyyatı acınacaqlı durumdadır. Yaşayış məntəqələrinin içməli su, elektrik enerjisi ilə təminatındakı ciddi problemlər, təhsil və səhiyyə sahəsində tükənməz böhran, total korrupsiya, dövlət büdcəsinin talanması, neft satışından əldə olunan maliyyə vəsaitlərinin qeyri-effektiv xərclənməsi müasir İraqın amansız reallıqlarıdır. Bütün bunlar hakimiyyətin nüfuzuna zərbə vurur, əhalinin əksər hissəsinin ondan narazı olmasına yol açır. Səddam rejiminin devrilməsindən keçən dövr ərzində həyat səviyyələrində heç bir dəyişiklik görməyən İraq əhalisinin əksəriyyəti bu üzdən hakimiyyətdən üz döndərir.

Amma insanları ən çox məyus edən hakimiyyətin ölkədə asayişi bərpa edə, terror və cinayətkarlığa son qoya bilməməsidir. Bu amillər İraq cəmiyyətində etiraz əhvalını daha da artırır, dövlət üçün öldürücü təhlükə olan parçalanmanı gücləndirir.

İraqda parçalanmanı gücləndirən bir neçə amil var: İraq Kürdüstanının faktiki suverenliyi, sünni əyalətlərində hakimiyyətə kütləvi itaətsizlik, aparıcı siyasi düşərgələr daxilində amansız qarşıdurma və sair.

Siyasi düşərgələr arasındakı qarşıdurmada bəzi xarici qüvvələrin də -  həm "Böyük Yaxın Şərq" layihəsi çərçivəsində avroatlantistlər tərəfindən nəzarət olunan xaos strategiyasını reallaşdıranların, həm də öz saysız-hesabsız neft dollarları hesabına ərəb dünyasına zorla özünün istədiyi gələcəyi "sırımaq" istəyənlərin maraqlı olduğunu göstərən bir çox amillər var. Dünya KİV-in yazdığına görə, Fars körfəzinin sələfi olan sünni klanları tərəfindən idarə olunan ərəb hökmdarları İraqın silahlı müxalifət qruplaşmalarına xüsusi xidmət orqanları və qeyri-hökumət təşkilatları vasitəsilə maddi yardım göstərir. Onlar bununla İraq sünnilərinin Nuri əl-Maliki hökumətinə qarşı etirazından öz maraqları üçün istifadə etməyə çalışırlar.

Bütün bunlarla yanaşı, hər kəs İraqda sülhün, barışığın, xalq hakimiyyətinin (hakimiyyət heç də mütləq dünyada liberal demokratiya tərəfdarı olanların resepti ilə qurulmamalıdır) qurulmasının mümkün olduğunu göstərən hansısa sevindirici məqam tapmaq istəyir. Hökumətin siyasətinə etiraz edən bir zümrə - həm sünni, həm də şiə Cümə namazında bir yerə toplanır, daxili siyasi böhrandan çıxış yollarını müzakirə  edirlər. 

Təbii ki, parçalanmanın tezliklə aradan qaldırılmasını istəyənlər hakimiyyət düşərgəsində də var. Məhz parçalanma və düşmənçiliyin vahid İraq xalqı üçün məhvedici olduğunu anlayan vətənpərvər qüvvələrin səyləri onların yaradacaqları dövlətin yaşamasını təmin edəcək.

İraqı gözləyən növbəti seçki daha ciddi sınaq olacaq. Söhbət 2014-cü ildə baş tutmalı olan parlament seçkisindən gedir. İraqlıların ölkənin müstəqilliyi və ərazi bütövlüyünə təhlükə olan xaosa son qoymağa nail olub-olmayacaqları böyük ölçüdə məhz həmin seçkinin nəticələrinə bağlıdır. Məhz həmin seçki ölkədə əhalinin əksəriyyətinin inandığı hakimiyyətin qurulmasına yol aça  bilər.



MƏSLƏHƏT GÖR:

434