
QARŞIDURMA, YOXSA ƏMƏKDAŞLIQ?
Avropa Geosiyasi Forumunun baş analitiki Corc Nikuleskunun "R+"a müsahibəsi
Müəllif: Çingiz MƏMMƏDOV Bakı
Rusiyanın Ukraynadakı son geosiyasi addımları, şübhəsiz ki, bütün postsovet məkanındakı geosiyasi vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. Krımın Rusiyaya birləşdirilməsindən sonra, "Şərq tərəfdaşlığı" regionunun axırı necə olacaq? Ermənistanın Gömrük İttifaqına qoşulması Cənubi Qafqaza necə təsir göstərəcək? Regionun digər oyunçuları - Türkiyə və İrandan nə gözləmək olar? Bütün bunlarla bağlı Avropa Geosiyasi Forumunun baş analitiki Corc Nikuleskunun fikirlərini bilmək maraqlı olardı.
- Hələ Ukraynadakı məlum hadisələrə qədər Rusiya artıq Cənubi Qafqazda möhkəmlənmək üçün bir sıra addımlar atmışdı. Mən, ilk növbədə, Ermənistanı nəzərdə tuturam. Ermənistanın Gömrük İttifaqına qoşulmasından nə gözləmək olar?
- Strateji baxımdan, bu, kifayət qədər önəmli addım idi. Bildiyiniz kimi, Qara dəniz regionunda Avropa və Avrasiya arasında geosiyasi və ideoloji rəqabət var. Biz ötən ilin noyabrında Vilnüsdə keçirilən "Şərq tərəfdaşlığı" sammitində Ukraynanın hansı vəziyyətə düşdüyünü yaxşı gördük. Bundan əvvəl, sentyabrda Ermənistanın Aİ ilə assosiasiya və azad ticarət planından da imtina etdiyini və bunun əvəzinə Rusiyanın Avrasiya və Gömrük İttifaqına üz tutduğunun şahidi olduq. Ermənilərin özləri etiraf edirlər ki, Moskva onları Avropa ilə Rusiya arasında seçim etmək məcburiyyətində qoydu.
Bu strateji rəqabət Cənubi Qafqazda gələcək sabitlik məsələsini sual altında qoyur. Türkiyənin düz, gözü önündə gedən bu rəqabəti sakit halda kənardan izləyəcəyini düşünmək sadəlövhlük olardı. Ankara öz iqtisadi maraqlarını və yaranmış vəziyyəti nəzərə alaraq, regional əməkdaşlığın genişləndirilməsinə qərar verəcək.
Ermənistanın Gömrük İttifaqına (Gİ) üzvlüyü regionda, xüsusilə Cənubi Qafqazdakı bütün oyunu dəyişdi, çünki bundan sonra İrəvanın Aİ və Türkiyənin regionda əməkdaşlığa dair təşəbbüslərində iştirakı çox çətin olacaq. Bu, Ermənistanı regional əməkdaşlığa dair gələcək təşəbbüslərdən kənarda qoya, onu Qərb və Türkiyə sərmayələri üçün daha az cəlbedici edə və iqtisadi izolyasiyasını gücləndirə bilər.
Gəlin beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krımın Rusiyaya birləşməsinə nəzər salaq. Çətin ki, Moskvanın bu addımı Ankaranın xoşuna gəlsin. Çox güman ki, rus-türk münasibətləri "soyuq müharibə"dən sonrakı razılaşdırılmış kondominiumdan, iki dövlət arasında Qara dəniz regionunda mümkün gərginliyə doğru dəyişəcək. Bu o demək deyil ki, Rusiya ilə Türkiyə bir-biri ilə münaqişəyə girəcəklər, amma iki ölkə arasında hazırkı münasibətlər çox gərgindir və ola bilsin, Rusiyanın Ukraynada, gələcəkdə isə Cənubi Qafqazda strateji hücuma keçməsi bu münasibətləri bir qədər də gərginləşdirsin.
Beləliklə, Qərb də, Rusiya da, Türkiyə də regiona, o cümlədən Cənubi Qafqaza yanaşmada öz strategiyalarına yenidən baxmalıdır. Əks təqdirdə, daha bir qarşıdurma perspektivi regiondakı durumu bir qədər də gərginləşdirə bilər.
- Açıq soruşum: Ukrayna böhranı Cənubi Qafqaza necə təsir edəcək?
- Artıq dediyim kimi, bu böhranın Cənubi Qafqaza təsiri neqativ olacaq. O, ya status-kvonu dondura, ya da regionu qeyri-sabitliyə qərq edə bilər. Cənubi Qafqazda hadisələrin inkişafı üçün 2 faktor həlledici olacaq:
1) Əgər Rusiyanın Ukrayna ərazilərində irəliləməsi Qərb və Kiyev tərəfindən ciddi müqavimət doğurmasa, çox güman ki, birinci ssenari (status-kvo) işləyəcək. Əks halda, Rusiya münaqişə məntiqindən çıxış edərək, özünün Cənubi Qafqazdakı hərəkətlərini genişləndirə bilər.
2) Türkiyənin Moskvanın Ukraynaya müdaxiləsini səssiz qarşılaması da Cənubi Qafqazda status-kvonun saxlanmasına təkan olacaq, Ankaranın ya NATO vasitəsilə, ya da birbaşa münaqişəyə qarışması isə Cənubi Qafqazda qeyri-sabitlik riskini artıracaq.
- Digər tərəfdən, deyəsən, ABŞ Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv cəlb etmək haqda düşünür və ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Ukorlikin Ankaraya son səfəri də bundan xəbər verir. Əvvəllər Amerika rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə erməni-türk münasibətlərinin normallaşması arasında əlaqənin olduğunu təkzib edirdilər. Hadisələrin inkişafı Vaşinqtonun öz mövqeyini dəyişdiyi qənaətinə gəlmək üçün əsas verirmi?
- ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşması bu cür dəyişsə, yaxşı olardı. Mən həmişə demişəm ki, Türkiyə istər Dağlıq Qarabağ, istərsə də Abxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanması prosesində daha aktiv mövqe tutmalıdır. Cənab Uorlikin Ankaraya səfəri Türkiyənin regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminin həllində daha aktiv olacağından xəbər verə bilər. Bu evolyusiya münaqişə tərəflərini danışıqlar masası arxasında saxlaya bilər. Və yalnız ona görə yox ki, Ankaranın Bakı ilə münasibətləri çox yaxındır, həm də ona görə ki, Ermənistan iqtisadi əməkdaşlığa və Türkiyə ilə sərhədlərin açılmasına çalışır. Beləliklə, Türkiyənin münaqişənin hər iki iştirakçısına müəyyən təsir rıçaqları var və buna görə də Ankara problemin dinc yolla nizamlanmasına öz töhfəsini verə bilər.
Sualınızın ikinci hissəsinə gəlincə, əslində, ABŞ heç vaxt Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə erməni-türk münasibətlərinin normallaşması arasında əlaqənin olduğunu təkzib etməyib. Yadınıza salın, 2009-cu ildə cənab Obamanın Dağlıq Qarabağ və Cənubi Qafqazla bağlı ilk təşəbbüslərindən biri türk-erməni münasbətlərinin normallaşmasına yönəlmişdi. O zaman ABŞ bu iki problem arasında birbaşa əlaqənin olduğunu etiraf etmişdi. Bununla belə, bu o demək deyil ki, ABŞ rəsmi Bakının türk-erməni yaxınlaşmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra mümkün olması haqda fikri ilə razıdır.
Əksinə, Amerika hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllinə addım-addım nail olmaq istəyir. Türk-erməni münasibətlərinin normallaşması istiqamətində atılan bir addım, ilk növbədə, Ermənistan tərəfinin Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində də bir addım atmasına şərait yarada bilər.
- Azərbaycan özünün ərazi bütövlüyünü dinc yolla, erməni qoşunlarının Azərbycan ərazilərindən çıxarılması müqabilində, regional əməkdaşlığın (o cümlədən, Türkiyə ilə birgə enerji və nəqliyyat layihələrində iştirakın) qurulması yolu ilə həll etmək istəyir. Bu təklifin qəbul olunması mümkündürmü?
- Bu, çətin sualdır. Mənim təşkilatım - Avropa Geosiyasi Forumu - son 2 ildə iqtisadi layihələrin Dağlıq Qarabağ nizamlanmasına təsirinin araşdırılması ilə birbaşa məşğul olub. 2012-ci ildə bizim dərc etdiyimiz tədqiqatın nəticələri belə idi ki, özü-özlüyündə iqtisadi təşəbbüslər münaqişənin siyasi həllini, o cümlədən, ərazi aspektini əvəz edə bilməz. Amma münaqişə tərəfləri arasında qarşılıqlı etimadın güclənməsində aparıcı rol oynayar. Bizim tədqiqatın əsas mahiyyəti o idi ki, Dağlıq Qarabağa dair pat vəziyyət Ermənistanla Azərbaycan arasında etimadın olmaması ilə birbaşa bağlıdır.
Ona görə də iqtisadi təşəbbüslər - nəqliyyat və enerji sahəsində infrastruktur layihələr və ya Dağlıq Qarabağla birgə 7 işğal olunmuş rayonun reabilitasiyasına dair təşəbbüslər sülh prosesinə töhfə verə bilər. Bu cür balanslaşdırılmış, konstruktiv addımlar postmünaqişə dövründə hər iki opponenti Dağlıq Qarabağ münaqişəsinə dair daha çevik siyasət yürütməyə və yekunda, bu istiqamətdə vəziyyətin dəyişməsinə gətirib çıxarar. Amma bütün bunlara qısa vaxt ərzində nail olmaq mümkün deyil. Bu, uzun sürən etimadın gücləndirilməsi prosesidir və münaqişə tərəflərindən "qırmızı xətt"lərə daha həssas yanaşmağı tələb edir.
- Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyü və böyük regional dövlət olan İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına necə təsir göstərə bilərlər?
- Azərbaycan-Türkiyə-Gürcüstan regional əməkdaşlıq üçün məntiqi bir üçbucaqdır, çünki hər üç ölkəni enerji təhlükəsizliyi maraqları birləşdirir. Amma İranın regional əməkdaşlığa dair asan proqnozlaşdırılan mövqeyi yoxdur. Bir tərəfdən, İran İslam dövləti olaraq, ümumi mədəni eyniliyi əsas götürərək, Türkiyə və Azərbaycanla regional əməkdaşlığa can ata bilər. Amma digər tərəfdən, İran - şiə, Türkiyə isə sünni islamıdır və biz Suriya ətrafında cərəyan edən proseslərdə bu iki dövlətin nə qədər fərqli mövqe tutduğunu yaxşı gördük. Ona görə də seçim qarşısında qalarsa, İranın Rusiyanı yox, Türkiyəni seçəcəyinə əmin deyiləm.
Həmçinin, Ermənistanın da İranla yaxşı ticarət əlaqələrinin olduğunu unutmayaq. İran Ermənistan üçün Türkiyə və Azərbaycan tərəfindən qoyulan ticarət embarqosu fonunda yeganə çıxış yoludur. Bu baxımdan, İranın Azərbaycan, Türkiyə və Gürcüstan üçbucağı ilə deyil, Rusiya-Ermənistan tandemi ilə əlaqələrə üstünlük verməsi daha inandırıcı görünür.
Sonda qeyd etmək istəyirəm ki, mən Cənubi Qafqazdakı regional əməkdaşlığın perspektivinə ümumi maraqlar kontekstindən baxıram. Və doğrudan da inanıram ki, bu maraqlar baxımından iştirakçı oyunçuların sayının çoxluğu daha məqbuldur, nəinki regional rəqabət və ya münaqişə...
MƏSLƏHƏT GÖR: