14 Mart 2025

Cümə, 23:43

YAZ HAVASI

Türk-kürd yaxınlaşması dayanıqlı prosesə çevriləcəkmi?

Müəllif:

02.04.2013

Bahar bayramı olan Novruzun qeyd edildiyi günlərdə Türkiyənin kürdlərin daha çox məskunlaşdığı Diyarbəkir şəhərində əlamətdar bir  hadisə baş verdi. Çoxsaylı coşqun insan kütləsi qarşısında Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın barışığa çağırış məktubu oxundu. Ömürlük azadlıqdan məhrum edilmiş və artıq 14 ildir Türkiyənin İmralı adasındakı həbsxanada saxlanılan Öcalan hələ də separatçıların lideri olaraq qalır və kürd yaraqlıları arasında nüfuzunu qoruyub-saxlayır. Onun barışıq çağırışı PKK-nin məqsədlərinə çatmaq üçün apardığı mübarizə üsulunun kökündən dəyişdirilməsini, aktiv hərbi əməliyyatlardan siyasi mübarizəyə keçidi nəzərdə tuturdu. Öcalan yaraqlıları Türkiyə ərazisini tərk edərək İraqın şimalına çəkilməyə  çağırıb.

Öcalanın bu çağırışı son zamanlar Türkiyə hökuməti ilə PKK arasında aparılan danışıqların yekunudur. Danışıqlar nəticəsində tərəflər üç mərhələdən ibarət "yol xəritəsi"ni razılaşdırıb. Ölkədən kürd yaraqlılarının çıxmasından sonra hərbi əməliyyatların dayandırılması, silahların təhvil verilməsi, daha sonra isə İraq ərazisindəki qaçqın düşərgəsinin ləğvi və onların Türkiyəyə qayıdışının təmini ilə bağlı danışıqlar aparılacaq. Kürd qiyamçıları milli azlıq olan kürdlərə muxtar idarəçilik də daxil olmaqla, geniş hüquqların verilməsi qarşılığında müstəqil dövlətin yaradılması tələblərindən əl çəkirlər.

Hər iki tərəfin kompromisə hazır olması sayəsində silahlı mübarizənin getdiyi 30 ildə ilk dəfə olaraq münaqişənin həllinin tapılacağına ümidlər yaranıb. Xatırladaq ki, bu qarşıdurma indiyədək 40 mindən artıq insan ölümünə səbəb olub. Bəs gələcəkdə qarşıdurmadan qaçılması, mübarizənin siyasi müstəvidə davam etdirilməsi ehtimalı nə qədərdir?

Qeyd etmək lazımdır ki, Abdullah Öcalan "yol xəritəsi" ideyasını hələ 2009-cu ildə ortaya atmışdı. Lakin o zaman Türkiyə hökuməti bu təşəbbüsü qəbul etməmişdi. Yalnız 2012-ci ilin sonlarında Türkiyə çoxillik münaqişənin həllinə impuls vermək üçün birbaşa danışıqlara "hə" dedi. Bu, yəqin ki, Türkiyə hökumətinin bir neçə il əvvəl regionda vəziyyəti dəyişmək məqsədilə demokratik proses adı altında başlatdığı siyasətin nəticəsiz qalmasının, əksinə, münaqişəni daha da qızışmasının nəticəsidir.

PKK-nın məqsədlərinə çatmaq uğrunda apardığı mübarizənin formasını dəyişməsi, əsasən, uzun müddətdir davam edən terrorçu fəaliyyətin uğurla sonuclanmaması ilə bağlıdır. Təşkilatın lideri ömürlük həbsdədir, seçilmiş mübarizə üsulu - terror isə beynəlxalq arenada çox pis qəbul olunur. ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyıb və qeyri-leqal mübarizə gözlənilən nəticəni verə bilməz.

Türkiyə hökuməti isə öz növbəsində, bir neçə il əvvəl kürd məsələsinin həlli üçün demokratik prosesə başlamaqla kürdlərə daha geniş hüquqlar verməyə hazır olduğunu ortaya qoyub. Bu siyasət kürd vətəndaşlara daha geniş siyasi, sosial və iqtisadi səlahiyyətlərin, həmçinin hüquqların verilməsi  ilə onların hökumətə loyallığını artırmağa, bununla da PKK-nın dəstəyini itirməsinə hesablanmışdı. Reallıqda isə hər şey gözlənildiyi kimi olmadı və islahatlar nəticə vermədi. Üstəlik, hərbi əməliyyatlar daha da qızışdı. Nəticədə, Türkiyə hökuməti vəziyyəiti düzəltmək üçün Ocalanın təşəbbüsünə yenidən baxdı və onu qəbul etdi. Türkiyənin hazırkı rəhbərliyi üçün önəmli olanı PKK-nın ölkənin kürdlərin sıx yaşadığı regionuna müstəqillik verilməsi tələbindən imtinasıdır. Bundan başqa, "yol xəritəsi" problemin ilkin mərhələdə hərbi əməliyyatların dayandırılması ilə mərhələli şəkildə həllini nəzərdə tutur. Yanaşmanın bu cür dəyişməsi və hadisələrin inkişafı Türkiyə hökumətini qane etməyə bilməz.

Bir fakt qeyd edilməlidir ki, Türkiyə hökuməti və PKK danışıqların bu mərhələsində uzun illərdir davam edən hərbi əməliyyatlara son qoyulması üçün ortaq məxrəcin tapılması məqsədilə siyasi iradə nümayiş etdirdilər. Bu amilin əhəmiyyətinə baxmayaraq, qərar ciddi etirazla da qarşılana bilər və bu, bir tərəfdən hakim Ədalət və İnkişaf Partiyasının (İƏP) elektoratının bir hissəsini itirməsinə, digər yandan isə PKK-nın parçalanmasına aparıb çıxara bilər. Bu yaxınlarda Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışları da məhz bununla əlaqələndirirlər. Bununla PKK-nın marginal təmsilçiləri danışıqlar prosesinə mane olmağa çalışır, liderlərinin mövqeyi  ilə razı olmadıqlarını göstərirlər. "Yol xəritəsi" çərçivəsində proseslər davam etdikcə, belə insidentlər də baş verə bilər.

Hakim partiya da müəyyən risk qarşısındadır. Onun Millətçi Hərəkat Partiyasından (MHP) olan opponentləri ƏİP-i  ölkənin parçalanmasında,  maraqların separatçılara qurban verilməsində ittiham eləmək şansını da əldən vermirlər. Bu taktika isə, ola bilsin, nəticəsiz qalmasın: Türkiyə cəmiyyətinin xüsusiyyələrini nəzərə alsaq, PKK ilə "kollaborasionizm" hakim partiyaya baha başa gələ bilər.

Aydındır ki, PKK və onun Öcalanın çağırışını dəstəkləyən əsas qanadı Türkiyə hökumətindən adekvat real addımlar gözləyəcək. PKK separatçıların iddia etdiyi ərazi tələbindən imtina etməyə razıdır. Lakin bunun əvəzində onlar muxtariyyət tələb edəcəklər. Məsələ muxtariyyətin nədən ibarət olacağında, Türkiyə hökumətinin onlara hansı statusu verməyə razılaşacağındadır.

Kürdlərə muxtariyyət verilməsi presedenti İraqda da var. İraq Konstitusiyasına əsasən, ölkənin şimalında İraq Kürdüstanı Regional Muxtariyyəti (İKRM) yaradılıb. Hazırda bu muxtariyyətın geniş səlahiyyətləri, müstəqil dövlət atributları - konstitusiyası, parlamenti, ordusu, xarici sərhəd postları, bayrağı və himni var. Muxtariyyətə mərkəzi hökumətin öhdəliklərə əməl etməyəcəyi təqdirdə, İraqın tərkibindən çıxmaq hüququ da verilib. Bu cür səlahiyyətlər və imkanlara baxmayaraq, İKRM, çətin ki, nə vaxtsa onlardan istifadə etmək istəyinə düşsün. O, fikir ayrılığı yaranacağı təqdirdə, bu imkanlardan mərkəzi hökumətə siyasi təzyiq rçaqı kimi istifadə edə bilər. İraq kürdləri hazırkı vəziyyətlərindən razıdırlar. Onlar regionlarına tam nəzarət edir, ən başlıcası isə ərazidəki neft və qaz yataqlarının işlənməsi ilə bağlı Qərb şirkətləri  ilə müstəqil şəkildə müqavilələr imzalayırlar. İraq Kürdüstanının müstəqilliyi ona avtomatik olaraq düşmən ölkələrin əhatəsinə düşməkdən başqa bir şey verməyəcək. Söhbət Türkiyə, İran, Suriya və elə İraqın özündən gedir. Maraqlıdır ki, muxtariyyətin bu qərarı region ölkələri üçün nadir həmrəylik faktoru ola bilər. Çünki onların hamısının ərazisində çoxlu sayda etnik kürdlər yaşayır və bu dövlətlər separatçı fəaliyyətə mane olmağa çalışırlar. Açıq dənizə çıxışı olmayan İraq Kürdüstanı müstəqillik halında uğursuzluğa məhkumdur və bu şəraitdə yaşaya bilməz.

İKRM Türkiyə kürdləri üçün ideal presedent sayıla bilərsə, Türkiyə hökuməti üçün bu, qəbuledilməzdir. Rəsmi Ankara kürd vətəndaşlarına İraqda olduğu kimi konstitusion hüquqlar verməyə heç zaman razılaşmayacaq. Müstəqillik hüququnun verilməsindən isə söhbət belə gedə bilməz. Siyasi muxtariyyətə gəlincə, o, Türkiyənin konfederativ dövlətə çevrilməsi həddinə çatmamalıdır. Türkiyə hökuməti üçün qəbuledilən variant kürdlərə maksimum ərazi sərhədləri olmadan mədəni muxtariyyətin verilməsi, kürdlərin sıx məskunlaşdığı yerlərdə yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması ola bilər. PKK siyasi mübarizəni davam etdirmək niyyətində qalarsa və partiyada bu qərarın opponentləri o qədər də çox olmasa, onun əsas  proqramı kürd əhali arasında dəstəyini artırmaq, fərdi və kollektiv xarakterli geniş hüquqlar əldə etmək olacaq. Hələliksə sülh və sabitliyə doğru ilk addım atılıb. Bu, son dərəcə əhəmiyyətli hadisədir. Bəs bu vəziyyətin dayanıqlı olması üçün tərəflər nə qədər iradə nümayiş etdirə biləcəklər? 

Hər halda, prosesə start verildi...



MƏSLƏHƏT GÖR:

613