
REYS TƏXİRƏ SALINIR
Ermənİstanla münasİbətlərİn İnkİşaf etdİrİlməsİ türkİyəyə cİddİ təhlükələr yaradira
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan Sürix protokollarının fiaskoya uğramasına baxmayaraq, maraqlı qüvvələr protokolların reallaşdırılması cəhdlərini bu gün də davam etdirirlər.
"Biz əminik ki, Ermənistanla Türkiyə arasında son illərdə cızılmış dialoq və əməkdaşlıq yolu ilə gedilməsi üçün lazım olan hər şey edilməlidir. Tərəflər dialoqun qurulması üçün ciddi mərdlik nümayiş etdiriblər. Ümid edirik, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi davam etdiriləcək. İsveçrə bu prosesi dəstəkləməyə hazırdır", - deyə İsveçrənin Ermənistandakı səfiri Konstantin Obolenski bu yaxınlarda verdiyi açıqlamada bildirib.
Şübhəsiz, diplomat "biz" deyərkən Türkiyə və Ermənistan sosiumları arasında birgə proqramlar və layihələrdə əməkdaşlıq vasitəsilə inam atmosferi yaratmaq istəyən Qərb dövlətlərinin kollektiv mövqeyini nəzərdə tutur. Bu zaman Sürix protokollarında qarşıya qoyulmuş məqsədlərə nail olunmasına heç də kömək olmayan bir sıra reallıqlar unudulur.
Türkiyə ictimaiyyəti, az qala, hər gün yalnız erməni terror təşkilatları və etnofundamentalistləri tərəfindən deyil, rəsmi İrəvan tərəfindən də hədələrlə qarşılaşırsa, hansı inam atmosferindən söhbət gedə bilər? Bundan başqa, Ankaranın Ermənistanla sərhədləri bağlamasının əsas səbəbi hələ də aradan qaldırılmayıb: Azərbaycan torpaqlarının 20%-i hələ də Ermənistanın işğalı altındadır.
Aydındır ki, kənardan gələn təşəbbüslərin arxasında ayrı-ayrı dövlətlərin, yaxud dünyanın siyasi mərkəzlərinin maraqları dayanır və bu, tamamilə təbiidir. Amma eyni zamanda, Türkiyənin özündə ayrı-ayrı dairələrin Ermənistanla münasibətlər qurmaq cəhdləri başadüşülən deyil. Türkiyə hökumətinin, xüsusilə biznes-strukturların bu "sərbəstliyinə" laqeyd münasibəti də müəyyən suallar yaradır.
İsveçrə səfirinin bəyanatı ilə demək olar ki, eyni ərəfədə Ermənistan paytaxtında Van- İrəvan -Van aviareysinin açılışı ilə bağlı təqdimat mərasiminin keçirilməsinin təsadüf olub-olmadığını deyə bilmərik. Qeyd edək ki, tədbirdə Ermənistanın iqtisadiyyat nazirinin müavini, ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşları, Aİ-nin Ermənistandakı nümayəndəliyinin təmsilçiləri, turizm şirkətlərinin rəhbərləri və digər qonaqlar iştirak edib. Aviareyslər həftədə iki dəfə Ermənistanın "Narekavan Tour" turizm operatoru tərəfindən Türkiyənin aparıcı aviadaşıma şirkəti olan "Borajet" ilə birgə təşkil olunacaq.
Bu aviareysin açılmasının həm Türkiyədə, həm də Azərbaycanda narazılıqla qarşılanacağını gözləmək olardı. Rəsmi Bakı bu əməkdaşlıqdan narazılığını ifadə etdi və bunu Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana dolayı dəstək kimi qiymətləndirdi. Türkiyə tərəfinin izahatı da özünü çox gözlətmədi. "Bu reysi özəl şirkət təşkil edir. Bunun dövlət siyasətinə heç bir aidiyyəti yoxdur. Türkiyə ilə Azərbaycan dost, qardaş ölkələrdir. Bizim münasibətlərimizə heç kim müdaxilə edə bilməz", - deyə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bildirib.
Təbii ki, Azərbaycan Türkiyənin Dağlıq Qarabağ məsələsindəki qardaş dəstəyini yüksək qiymətləndirir. Bununla yanaşı, səfirin son hadisə ilə bağlı açıqlamasını ətraflı cavab saymaq olmaz və o, rəsmi Bakını, çətin ki, qane etsin. Belə bayağı izahlar Azərbaycanla Türkiyə arasındakı münasibətlərin ruhuna uyğun deyil. Bu mənada 2009-cu ildə Türkiyənin "AtlasJet" aviaşirkətinin həftədə üç dəfə İstanbul-İrəvan aviareysləri təşkil etməyə başladığını xatırlatmaq yerinə düşər. O zaman da Türkiyə KİV bu xoşagəlməz faktı yalnız iqtisadi maraqlar güdən özəl aviaşirkətin aktivinə yazırdı. Lakin sonradan şirkət nümayəndəsi Əminə Öztürkün reysin açılması üçün Türkiyə XİN-dən icazə alındığını deməsi əsl şok effekti yaratmış, hökumət isə onun açıqlamasına heç bir şərh verməmişdi. Artıq bir müddətdir, Türkiyənin "Van Way Airlines" aviaşirkəti İrəvanla Ankara, Trabzon və Qaziantep şəhərləri arasında də aviareyslər təşkil edir. Rəsmi Ankaranın buna izahı orijinallığı ilə fərqlənməyib - "reysləri vanlı biznesmen Aslan Bayrama məxsus özəl şirkət təşkil edir".
Bu ilin əvvəlindən "Türkiyə Hava Yolları"nın (səhmlərinin 49%-i dövlətə məxsusdur) reyslərində Türkiyədə çap olunan "Aqos" erməni qəzetinin yayılmasını isə özəl biznesin ayağına yazmaq mümkün deyil. İlin əvvəlindən keçən üç ayda baş verənlər arasında uyğunluq həddindən artıq çox deyilmi?
Bu vəziyyətdə Ermənistan-Türkiyə sərhədlərinin bağlılığı haqda bəyanatlar, sadəcə, formallığa çevrilir. Axı sərhədlərin bağlı olması yalnız yerüstü deyil, hava və dəniz əlaqələrini də istisna edir. Bu prinsiplərdən biri pozulursa, sərhədlərin qapalı olması haqda danışmaq, ən azı, qeyri-korrektdir.
Üstəlik, Ermənistanın Türkiyə tərəfindən yerüstü "blokada"ya salındığını da demək olmaz. Yalnız 2008-ci ildə Türkiyədən Ermənistana (Gürcüstan vasitəsilə) 11 300 ağır tonnajlı yük maşını (TIR) keçib. Bəzi məlumatlara görə, ötən il bu rəqəm 18 000-ə qalxıb. Hazırda bağlı sərhədlərə rəğmən iki ölkə arasında illik ticarət dövriyyəsi 300-400 milyon dollardır. Ermənistanın acınacaqlı iqtisadi durumunu nəzərə alsaq, təbii ki, bu ticarət dövriyyəsində Türkiyə ixracatçı rolunda çıxış edir.
Bütün bu kooperasiyaya görə məsuliyyət yalnız özəl biznesin üzərinə qoyulursa, belə çıxır ki, milli və dövlət əhəmiyyətli məsələlərdə rəsmi Ankara ilə biznes dairələri bir-birinə tam zidd mövqedədir. Açıq desək, bu, inandırıcı deyil. Belə çıxır ki, Türkiyənin biznes strukturları dövlət maraqlarını nəzərə almırlarsa, biznes nümayəndələrinin Ankaradan nəinki Ermənistanla sərhədlərin açılmasını, dünya erməniliyinin digər istəklərinin də reallaşmasını tələb edəcəyi gün elə də uzaqda deyil.
Bu konteksdə bir ibrətamiz hadisəni yada salmaq yerinə düşər. Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan paytaxtından yunan Kiprinə çarter aviareysi uçan zaman rəsmi Bakı məsələyə şablon cümlələrlə münasibət bildirmədi. Rəsmi Ankaranın məsələyə reaksiyasını gözləməyən prezident Heydər Əliyev reysin reallaşmasında səhlənkarlıq etmiş və ya buna qəsdən şərait yaratmış məmurları sərt şəkildə cəzalandırdı. Bununla da Heydər Əliyev müttəfiqlər və tərəfdaşlar qarşısındakı öhdəliklərə Azərbaycanın nə qədər sadiq olduğunu nümayiş etdirdi.
Ankaranın ziddiyyətli əməlləri isə Ermənistana yeni aviareysin açılması ilə məhdudlaşmır. Türkiyənin dövlət başçısı Abdullah Gülün Serj Sarqsyanı təkrarən Ermənistan prezident "seçilməsi" münasibətilə tələm-tələsik təbrik etməsi də Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən birmənalı qiymətləndirilməyib. Gül Sarqsyanı təbrik məsələsində hamını, hətta İrəvanın ən yaxın müttəfiqlərini belə, qabaqladı. Buna irad bildirənlərə isə cavab belə oldu ki, Gül Sarqsyanı diplomatik etika naminə təbrik edib. Halbuki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil.
Bu məsələdə də Ankara Bakının əməllərinə diqqət yetirməli idi. Fevralın sonlarında yunan Kiprində keçirilmiş prezident seçkisində sağ-mərkəzçi DİSİ ("Demokratik toplum") partiyasının lideri Nikos Anastasiadis qalib gəldi. Anastasiadisin, çətin ki, Türkiyəyə simpatiyası olsun. Amma o, Avropa İttifaqının üzvü, üstəlik, hazırda quruma sədrlik edən dövlətin prezidenti seçilib. Görəsən, Azərbaycan prezidenti Türkiyə ilə dostluq münasibətlərinə məhəl qoymadan seçkinin səhəri günü Anastasiadisı diplomatik etikaya əsaslanaraq təbrik etsəydi, rəsmi Ankaranın buna reaksiyası necə olardı? Amma Azərbaycan bu dəfə də Türkiyə ilə strateji münasibətləri taktiki qazanclardan üstün tutdu.
Maraqlıdır ki, Türkiyə ictimaiyyətinin özündə sadalanan faktlar "işğalçının sakitləşdirilməsi" siyasəti kimi qiymətləndirilir. Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksəl Gülbəy İrəvan-Van birbaşa aviareysinin açılmasını erməni diasporunun Türkiyə üzərində qələbəsi kimi dəyərləndirir. "İrəvandan Vana reyslər ermənilər üçün xüsusi əhəmiyyətə malikdir. Çünki onlar Vanı Qərbi Ermənistanın paytaxtı hesab edirlər. Erməni diasporunun ərazi iddialarında da Vanın xüsusi rolu var. Bu iddiaların əsaslı görünməməsi üçün reys ləğv edilməlidir. Üstəlik, bu reysin açılması Ankara-Bakı münasibətlərinə zərər vura bilər", - deyə o, qeyd edib.
Bizcə, əlavə şərhə ehtiyac yoxdur.
Ermənistanla münasibətlərin inkişafı Türkiyə üçün ciddi təhlükələr yaradır. Çünki günlərin birində Türkiyə qarşısıda qeyd-şərtsiz kapitulyasiya tələbi də qoyula bilər. Bəlkə də qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində dünya erməniləri bir sıra dövlətlərin dəstəyi ilə məhz buna ümid bəsləyir.
MƏSLƏHƏT GÖR: