
ÇAK HEYGELİN İLK GEDİŞİ
Pentaqon rəhbəri ABŞ-ın yeni «Əfqanıstan taktikası»nı təsdiqlədi
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Pentaqonun yeni rəhbəri Çak Heygel bu postda ilk xarici səfərini edib. O, Əfqanıstana getməklə artıq 12 ildir ABŞ-ın rəhbərliyilə çoxmillətli qüvvələrin əməliyyat apardığı ölkədə nələrin baş verdiyini "daha yaxşı anlamaq" məqsədini ortaya qoymuş oldu.
Kərzai ilə taliblərin arasında
ABŞ-ın müdafiə nazirinin Əfqanıstana səfərindən dərhal sonra törədilmiş və 19 nəfərin həyatına son qoymuş 3 partlayış, şübhəsiz ki, Heygelə Əfqanıstanda baş verənlərlə bağlı təsəvvürünü genişləndirmək imkanı yaradıb. Əfqanıstan prezidenti Həmid Kərzainin amerikalıları rəsmi Kabildən kənar taliblərlə barışıq haqda separat danışıqlar aparmaqda günahlandırması da bu ölkədə vəziyyətin nə qədər çətin, ziddiyyətli olduğunu bir daha üzə çıxardı. Son terror aktları isə Kərzai tərəfindən "qiyamçı qrupların Amerikanın maraqlarına xidmət etməsi" kimi qiymətləndirilib. Onun fikrincə, ABŞ əfqan xalqını qorxutmaq, onu 2014-cü ildə koalisiya qüvvələrinin ölkəni tərk etməsilə Əfqanıstanda vəziyyətin yalnız pisləşəcəyinə inandırmaq məqsədilə taliblərlə "birgə çalışırlar".
ABŞ-ın müdafiə naziri Çak Heygel isə Həmid Kərzai ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Əfqanıstan prezidentinin ittihamlarını rədd edib, ölkəsinin taliblərlə birtərəfli danışıqlar aparmadığını söyləyib. O, Kərzaini əmin edib ki, Vaşinqton Əfqanıstanda vəziyyətin dinc yolla qaydaya salınması təşəbbüslərini yalnız onların rəsmi Kabillə razılaşdırılması şərtilə dəstəkləyir.
Maraqlıdır ki, "Taliban"ın mətbuat katibi Zabiulla Mücahid də Kərzainin hərəkatla ABŞ arasında danışıqların aparıldığına dair iddialarını təkzib edib. Lakin hazırkı Əfqanıstan hökumətinin əsas himayədarı olan Vaşinqtonu rəsmi Kabilin əsas daxili düşməni ilə əlbirlikdə ittiham etməsinin özü Əfqanıstan böhranının nə qədər ağır və dolaşıq olduğunu göstərir. Xarici koalisiyanın xüsusilə ABŞ prezidenti Barak Obamanın istəyinə uyğun olaraq yaxın zamanlarda Əfqanıstanı tərk etməyə hazırlaşması Əfqanıstan hökumətinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyi artırıb. Hətta koalisiya qüvvələrinin Əfqanıstanda olduğu hazırkı günlərdə belə, onun taleyi tükdən asılıdır. Bəs xarici qoşunların Əfqanıstanı tərk etməsindən sonra yaxın perspektivdə yerli hökuməti nə gözləyə bilər?
Bu, siyasi mövqeləri yalnız ölkədə "Taliban"ın nüfuzunun artması üzündən yox, həm də hökumətin korrupsiyalaşması səbəbilə xeyli zəifləmiş prezident Kərzaini narahat edir. Yeri gəlmişkən, bu təhlükə ilə bağlı Kərzaiyə qərbli müttəfiqləri də dəfələrlə xəbərdarlıq edib.
Sonda ABŞ və Avropanın Əfqanıstanda sabitlik xətrinə onu "sata biləcəyini" anlayan prezident qərbi dəfələrlə ikili oyun oynamaqda günahlandırıb, hətta NATO ölkələrini Əfqanıstan resurslarını ələ keçirməyə çalışan işğalçılar adlandırıb. Kərzainin ABŞ-ın taliblərlə birtərəfli danışıqlar aparmasına etirazını bildirməsi də ilk dəfə deyil. Belə danışıqlar, həqiqətən də, ötən ilin aprelində aparılıb, lakin heç bir nəticə verməyib. O zaman "Taliban" Birləşmiş Ştatların Əfqanıstandan vəziyyətin normallaşdırılması ilə bağlı mövqeyinin "həddindən artıq qeyri-müəyyən" olduğunu əsas gətirərək danışıqların dayandırıldığını bəyan etmişdi. Vaşinqton isə öz növbəsində Əfqanıstan daxilində dialoqun yaradılması məqsədilə "Taliban"la danışıqları davam etdirməyə hazır olduğunu bildirmişdi. Amerika taliblərlə intensiv təmas qurmaqla rəsmi Kabili də buna sövq etməyə, həmçinin qonşu Pakistana təzyiqləri artırmağa çalışır. Vaşinqton istəyir ki, Pakistan "Taliban"la əlaqələrində lazımsız təşəbbüskarlıq göstərməsin, Əfqanıstanda vəziyyətin tezliklə qaydaya salınması üçün sülh danışıqlarının aparılmasına yardım etsin.
Həmid Kərzainin ABŞ-a ünvanladığı son ittihamlara gəlincə, güman ki, prezident bununla Vaşinqtonun taliblərlə dialoqu yenidən canlandırmağa çalışmasından xəbərdar olduqlarını göstərməyə cəhd edir. Kərzainin "Taliban"la atəşkəs razılaşmasına dair danışıqların birmənalı olaraq hökumətin iştirakı ilə aparılmasının vacibliyini bəyan etməsi də bundan irəli gəlir.
Birləşmiş Ştatları isə taliblər və Kərzai hökumətilə manevrlərin nəticələri yalnız Əfqanıstandaxili vəziyyətin qaydaya salınması baxımından maraqlandırmır. Vaşinqton üçün qarşıya qoyulmuş məqsədə çatılması - qoşunların Əfqanıstan ərazisindən təyin edilmiş vaxtda çıxarılması önəmlidir. Amerikalılar bu məsələyə ABŞ və bütünlükdə Qərbin Mərkəzi Asiya və Yaxın Şərq regionlarında mövqelərinin gücləndirilməsilə paralel proses kimi yanaşırlar.
"Təhlükəsizlik zolağı" strategiyası
ABŞ Konqresinin müvafiq idarəsinin məruzəsinə görə, çoxmillətli hərbi qüvvələrin (əsasən ABŞ-ın) Əfqanıstan ərazisindəki avadanlıqları 90 mindən artıq iyirmi furqonlu konteyner ekvivalentindədir. Əfqanıstan ərazisinə dəyəri 36 milyard dollar olan nəqliyyat vasitələri və silah sistemləri səpələnib. Amerikalılar hərbi avadanlıqların böyük hissəsini təmir, yenidən təchiz etmək və təlimlərdə istifadə məqsədilə ABŞ-a qaytarmaq istəyir. Bununla yanaşı, Pentaqonun planına görə, onun bir hissəsi Amerikanın dünyanın müxtəlif yerlərindəki hərbi bazalarına yönəldiləcək.
Bundan başqa, dünya KİV-nin Amerikadakı hərbi mənbələrə istinadən yaydığı xəbərə görə, Əfqanıstandan çıxarılacaq artilleriya sistemlərinin, zirehli maşınların və müxtəlif hərbi sistemlərin bir hissəsi Suriya qiyamçılarına veriləcək. Amerika strateqləri düşünürlər ki, Əfqanıstan ərazisindəki silah-sursatın bir hissəsinin Suriyaya verilməsi bu Yaxın Şərq ölkəsində vəziyyəti kökündən dəyişəcək və Bəşər Əsəd rejiminin devrilməsini qaçılmaz edəcək.
Bununla yanaşı, ABŞ-ın postsovet məkanı olan Mərkəzi Asiyada təsir imkanlarını artırmaqla bağlı məqsədləri də Əfqanıstandakı qarışıqlıqla birbaşa əlaqəlidir. Çak Heygelin Əfqanıstana gedərkən ilk olaraq Qırğızıstanda - Bişkek yaxınlığındakı "Manas" Tranzit daşımaları mərkəzində "ayaq saxlaması" təsadüf deyil. "Manas"da o, amerikalı hərbçilərlə qapalı iclas keçirib. Amma Heygelin Qırğızıstan səfərinin ABŞ-ın "Əfqanıstan arsenalı"nın bir hissəsinin bu Mərkəzi Asiya ölkəsinə verilməsinə dair Vaşinqtonla Bişkek arasında aparılan danışıqlarla əlaqəli olması da istisna deyil. Vaşinqton Bişkekdən 2014-cü ildən sonra da "Manas" aeroportunun Pentaqonun istifadəsində qalması qərarını gözlədiyini gizlətmir. Amma Qırğızıstanın bundan imtina edəcəyi təqdirdə amerikalıların ehtiyat variantı var. Söhbət Özbəkistan ərazisində hərbi yükboşaltma məntəqəsinin yaradılmasından gedir.
Görünən odur ki, ABŞ regionda Rusiya və Çinin hərbi nüfuzuna qarşı əks-ağırlıq mərkəzini, ilk növbədə, məhz Daşkəndin köməyilə yaratmaq niyyətindədir. Artıq yaxın zamanlarda Özbəkistanda (yeri gəlmişkən, bu ölkə artıq silahlı qüvvələri NATO standartlarına keçirməyə hazırlaşır) Amerikanın pilotsuz uçuş aparatları və onların idarə olunması üçün avadanlıqlar peyda ola bilər. Nəzərə alsaq ki, ABŞ hərbi sahədə yalnız Özbəkistan və Qırğızıstanla yox, Türkmənistan və Tacikistanla da fəal təmasdadır, məlum olur ki, Vaşinqton Əfqanıstanda və müvafiq olaraq bütün Mərkəzi Asiyada "terrorla mübarizə strategiyası"nı dəyişmək niyyətindədir.
Mərkəzi Asiya ölkələrinin müasir Amerika silahları ilə təchizatı Vaşinqtona Əfqanıstan ərazisində birbaşa hərbi mövcudluqla müqayisədə daha məqsədəuyğun gəlir. Başqa sözlə, Pentaqon NATO qoşunlarının Əfqanıstandan çıxarılması və oradan çıxarılacaq silahların bir hissəsini MDB məkanındakı bəzi Mərkəzi Asiya ölkələrinə verməklə regionda islam radikalizminin yayılmasını önləyəcək "təhlükəsizlik zolağı" yaratmaq niyyətindədir. Üstəlik ABŞ bununla daha bir vacib strateji vəzifənin öhdəsindən gələcək. Söhbət postsovet Mərkəzi Asiyasının tədricən Rusiyanın ənənəvi nüfuz dairəsindən çıxarılması və Qərbin geosiyasi nüfuz dairəsinə salınmasından gedir.
MƏSLƏHƏT GÖR: