14 Mart 2025

Cümə, 22:46

ADA EHTİRASI

Falkland sakinləri britaniyalı olaraq qalmağı seçdilər

Müəllif:

19.03.2013

Martın 10-11-də Falkland, yaxud argentinalıların adlandırdıqları kimi, Malvin adasının sakinləri referendumda iştirak ediblər. Ada sakinlərinə müstəqillik və əlahəzrət kraliça II Yelizavetanın təbəəliyi altında qalmaq arasında seçim etmək imkanı verilmişdi. Referenduma adanın səsvermə hüququna malik 1672 sakinindən 1517-i qatılıb. "Falkland adalarının Birləşmiş Krallığın xarici ərazisi kimi, hazırkı siyasi statusunu qoruyub saxlamasını istərdinizmi?" sualına seçicilərin 99,3%-i müsbət cavab verib.  Hazırkı statusa qarşı yalnız 3 adalı çıxıb.

Bu adalara iddialı olan Argentina dərhal referendumun nəticələrini tanımadığını bəyan edib. Buenos-Ayres mövqeyini 1965-ci ildə BMT Baş Assambleyasında adaların Britaniya tərəfindən işğal olunduğunun yekdilliklə təsdiqlənməsilə əsaslandırıb. Argentinalılar həmin vaxt qurumun tərəfləri mübahisəni danışıqlar yolu ilə çözməyə çağırdığını da xatırladıb. Referendumun keçirilməsini BMT də təqdir etməyib.

Qeyd etmək lazımdır ki, son əsrlər ərzində bu adalar üzərində nəzarət dəfələrlə bir dövlətdən başqasına keçib, BMT yaradılan zaman isə o, faktiki olaraq Böyük Britaniyanın nəzarətində olub. BMT-nin yaradılmasına dair sənəd imzalanan zaman Argentina adalara sahib çıxmaq hüququnun məhz onda olduğunu bəyan etmişdi. Buenos-Ayres bunu Cənubi Amerikadakı ispan müstəmləkəçi imperiyasının qanuni varisinin məhz özü olması ilə əsaslandırırdı.

Böyük Britaniya isə ada sakinlərinin öz taleyini sərbəst səsvermə yolu ilə müəyyənləşdirməsində israr edir, keçmişdə müstəmləkə altında olmuş ərazilərin statusunun müəyyənləşdirilməsi üçün məhz bunun vacib şərt olduğunu bildirirdi.

BMT Nizamnaməsinə əsasən,  təşkilatın müəyyən etdiyi ərazilər müstəmləkəçilikdən azadolma prosesində öz müqəddəratını təyinetmə hüququ qazanmışdılar. Onlara tam müstəqillik əldə etmək və yeni dövlət yaratmaq hüququ da verilmişdi. Bütünlükdə bu proses hələ ötən əsrin 60-cı illərində başa çatdı. Son olaraq bu hüquqdan Şərqi Timor yararlandı. O, müstəqilliyini hələ 1975-ci ildə elan etsə də, İndoneziyanın işğalından yalnız 1999-cu ildə təşkil edilən referendumla xilas ola bildi.

Hələ də müstəmləkəçilikdən xilas olma prosesinə əsasən öz müqəddəratını təyinetmə hüququ olan ərazilərin siyahısı çox kiçikdir: Qərbi Saxara, Quam adaları, Yeni Kaledoniya və nəhayət, Falkland adaları. Onların statusu müəyyənləşən kimi müstəmləkəçilikdən xilas olma prosesi tam başa çatacaq və yeni müstəqil dövlətlərin hüquqi cəhətdən mümkün formalaşması sisteminin izi-tozu qalmayacaq. Müasir sistemdə yeni müstəqil dövlətlərin yeganə yaranma imkanı referendum nəticəsində bir dövlətin könüllü şəkildə bir və ya bir neçə hissəyə bölünməsi olacaq. Belə müqəddəratı təyinetmə prinsipi siyahısı çoxdan bəlli olan keçmiş müstəmləkələrə də aiddir.

Falkland adalarına gəlincə, Atlantik və Sakit okean arasında olduqca vacib məntəqə olan bu ada 1892-ci ildən Böyük Britaniyanın koloniyası olub. Nəticədə bu adalar da öz statusunu müəyyənləşdirmək hüququna malik ərazilərin siyahısına düşüb.

Argentina ilə Böyük Britaniya arasındakı uzun danışıqlara rəğmən, tərəflər ümumi razılığa gələ bilməyiblər. Problem onda idi ki, ada sakinlərinin əksəriyyəti britaniyalı əsillidir və referendumun nəticəsində də bu amil həlledici olub. Bu vəziyyət heç bir halda Argentinanı qane edə bilməzdi.

Tərəflərdə adaya sahib çıxmaq istəyi o qədər dərinə gedib ki, onlar tarixi faktlara istinad edərək bir-birinə kimin ayağının adaya birinci dəydiyini sübut etməyə çalışırlar. Argentina israrla bildirir ki, ada 1520-ci ildə ispanlar tərəfindən kəşf olunub. İngilislər isə bunun bir müddət sonra - 1592-ci ildə baş verdiyini, ərazinin isə ingilislər tərəfindən kəşf olunduğunu bildirirlər.

Adanın kimə mənsub olduğuna dair mübahisələrə güc yolu ilə son qoymaq cəhdləri də olub. 1982-ci il aprelin 2-də Argentina adaya hərbi korpus yerləşdirmiş və orada nəzarəti tam ələ almışdı. Amma bu da onların adada möhkəmlənmək arzusunu gerçəkləşdirməsinə kömək etmədi. Argentinanın Falkland adalarına de-fakto nəzarəti çox az çəkdi. İlk növbədə, BMT Təhlükəsizlik Şurası Buenos-Ayresi qoşunlarını dərhal adadan çıxarmağa çağırdı. Qurum bu tələbin yer aldığı 502 saylı qətnaməni qəbul etdi. Hətta "soyuq müharibə" dövründə daim ideoloji opponentlərinə qarşı çıxan, seçim anı gəldikdə isə bitərəf qalan SSRİ də BMT TŞ-nin bu qərarına qarşı çıxmadı. Birləşmiş Krallığın baş verənlərə reaksiyası isə dərhal gəldi. Baş nazir Marqaret Tetçer Böyük Britaniyanın özünümüdafiə hüququndan istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bəyan etdi. Və ayyarım sonra Böyük Britaniya hərbi desantı Falklandda status-kvonu bərpa etdi.

Böyük Britaniya-Argentina münasibətlərində növbəti gərginlik 2010-cu ildə yaranmışdı. Qarşıdurmanın səbəbi dəyişməz idi və söhbət yenə də adaların kimə məxsus olmasından gedirdi. Amma bu dəfə tələblərin səbəbi fərqli idi. 2010-cu ildə Britaniya şirkətləri ada yaxınlığındakı şelfdə neft yataqlarının işlənməsinə başladılar. Argentinanın buna reaksiyası çox sərt oldu və Buenos-Ayres yataqların işlənməsilə məşğul olan şirkətlərlə bağlı iddia qaldırmağa hazır olduğunu bəyan etdi. Cavabında London adada hərbi mövcudluğunu artırdı, üstəlik rəmzi, lakin kifayət qədər təsirli addım atdı: adaya gələn şahzadə Uilyams burada 6 həftə hərbi xidmət çəkdi.

Tərəflər arasında Falkland adaları ilə bağlı son gərginliyin, həmçinin Böyük Britaniyanın 30 il sonra referendumla nəticələnən bu cür qəti addımlarının səbəblərini isə beynəlxalq arenadakı son dəyişikliklərdə axtarmaq lazımdır.

Səbəb, ilk növbədə, beynəlxalq sistemdə tədricən baş verən dəyişikliklər və transformasiyalardır. Çoxqütblü dünyanın yaranmasına şahidlik etdiyimizi söyləməyimiz hələ çox tezdir. Belə mülahizələr spekulyasiyadan başqa bir şey deyil. Çünki ABŞ "soyuq müharibə"nin bitməsindən sonra yeganə fövqəldövlət statusunu hələ uzun müddət qoruyub saxlayacaq. Amma İraq və Əfqanıstandakı hərbi əməliyyatlar dövründə ABŞ-ın üzləşdiyi çətinliklər də ortadadır. Vaşinqton bu ölkələrdə belə uzun müddət ilişib qalmağı planlaşdırmırdı. Nəticədə Birləşmiş Ştatlar regionda bir çox problemlərlə üzləşdi, daxildə isə maliyyə böhranı ilə qarşı-qarşıya qaldı. Bu üzdən ABŞ-ın beynəlxalq arenada davranışı da dəyişdi: Vaşinqton öz maraqlarının reallaşdırılmasında birbaşa iştirak edə bilmədikdə bunu müttəfiqlərinin (onlar bu zaman öz maraqlarını da təmin edirlər) vasitəsilə həyata keçirməyə başladı. Beləliklə, regional qüvvələr istənilən halda ABŞ-ın formalaşdırdığı beynəlxalq siyasətdə daha fəal iştirak etmək imkanı qazandı. Fransa və Böyük Britaniyanın NATO-nun Liviyadakı əməliyyatlarında iştirakı buna misaldır. Xatırladaq ki, bu iki dövlət 1956-cı ildən sonra ilk dəfə idi ki, birgə əməliyyatda iştirak edirdilər. Onlar müxalifətin nəzarətində olan ərazilərin üzərində Liviya təyyarələrinin uçuşunun qarşısını alırdılar.

Fransanın Malinin ekstremistlərin nəzarətində olan şimal hissəsində asayişin və mərkəzi hökumətin nəzarətinin bərpa olunması istiqamətində apardığı əməliyyatları da yada salmaq olar. Bu nümunələr dünya düzəninin formalaşdırılmasında yeni üsullardan istifadə olunduğunu göstərir. İndi ABŞ hazırkı sistemin qorunub saxlanılmasında birbaşa iştirak etmir və bunu öz müttəfiqləri vasitəsilə həyata keçirir. Bu zaman Vaşinqton müttəfiqlərinə öz milli maraqlarını təmin etmək imkanı da yaradır. Məhz vəziyyətin dəyişməsi və yeni reallıqların meydana çıxması sayəsində Britaniya öz maraqlarının reallaşdırılmasında daha ciddi fəallıq göstərmək imkanı qazanıb.

Bunun daha bir səbəbi son 10 ildə enerji təhlükəsizliyi məsələsinin aktuallaşmasıdır. Bu, ölkələri mənbələrin diversifikasiyası üçün yeni yollar axtarmağa vadar edir. Falkland adalarında keçirilən referendum Britaniyanın yalnız siyasi deyil, həm də iqtisadi maraqlarının təminatıdır.

Qeyd olunanları ümumiləşdirərək yalnız bir şeyi demək olar: bu yaxınlaradək Falkland adalarının kimə məxsus olması ilə bağlı mübahisədə müəyyən balans var idisə, indi Böyük Britaniya nə qədər uzaqda olsa da, adalara sahib olma hüququnu möhkəmləndirmək üçün müxtəlif fəndlərə daha fəal şəkildə əl atacaq.



MƏSLƏHƏT GÖR:

559