15 Mart 2025

Şənbə, 00:37

DOSTLUĞUN SINAĞI

ÖZÜNÜ QƏRBİN ETİBARLI TƏRƏFDAŞI KİMİ TANITMIŞ AZƏRBAYCAN, REGİONAL TƏHLÜKƏLƏRİN ÖNLƏNMƏSİNDƏ QARŞILIQLI YARDIMA ÜMİD EDİR

Müəllif:

13.03.2013

Son zamanlar Azərbaycan - Əfqanıstan əlaqələrində fəallıq müşahidə olunur. Yanvarın sonlarında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Kabilə səfər edib, orada vitse-prezident Kərim Xəlili, xarici işlər naziri Zaymal Rəsul, filiz-mədən sənayesi naziri Vahidullah Şahrani, nəqliyyat və mülki aviasiya naziri Davud Əli Nəcəfi ilə görüşüb. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, Əfqanıstanda sülh, sabitlik və inkişafın bərqərar olması üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair müzakirələr aparılıb.

Bir neçə gün sonra isə Bakıda ISAF-ın əməliyyatlarına və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına həsr olunmuş İstanbul prosesinin yüksək vəzifəli şəxslərinin iclası keçirilib. Mətbuat üçün qapalı keçirilmiş diskussiyada Azərbaycanın tranzit imkanlarından NATO-nun istifadəsi məsələsi əsas müzakirə mövzusu olub.

İki ölkə arasında fəal əlaqələrə səbəb nədir? Əfqanıstanın və daha geniş anlamda beynəlxalq koalisiyanın Azərbaycana marağı başadüşüləndir. Bakı nəinki Əfqanıstana öz sülhməramlılarını göndərib, o, həm də bu ölkəyə qeyri-hərbi yardım da göstərir - mülki əfqanlar, diplomatlar və digərləri üçün treninqlər təşkil edir. NATO rəhbərliyi Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin və mülki quruculuğa yardımını çox tez-tez dilə gətirir. Amma Azərbaycanın tranzit imkanları da vacib rol oynayır. Son 10 ildə Azərbaycan ISAF əməliyyatları üçün yüklərin daşınmasında ən etibarlı tranzit ölkələrdən birinə çevrilib. Hər il bu əməliyyat nəticəsində daşınan NATO yüklərinin 35-40%-nin Azərbaycan ərazisindən keçməsi buna bariz nümunədir. Azərbaycanın tranzit imkanları NATO-ya Əfqanıstan missiyasının başa çatmasından sonra da lazım olacaq. Bu gün alyansın əsas vəzifələrindən biri 2014-cü ilin sonunadək Əfqanıstandan ISAF ordusunun çıxarılması marşrutunun müəyyənləşdirilməsidir. Qərb ölkələri hərbçilərinin oradan çıxarılması üçün daha əlverişli və potensial marşrut Əfqanıstan-Özbəkistan-Qazaxıstan-Azərbaycan yolu hesab olunur. Alyansın Qafqaz üzrə koordinator-zabiti Uilyam Lahu etiraf edir ki, NATO qoşunlarının Əfqanıstandan çıxarılması məsələsində Azərbaycana potensial, ən vacib dəhlizlərdən biri kimi  baxır.

Bu mənada beynəlxalq koalisiyanın 2013-cü ilin ikinci yarısından Əfqanıstandan Azərbaycan vasitəsilə daşınacaq yüklərin artırılmasını planlaşdırması təsadüfi deyil. «Azərbaycandan keçən dəhlizdən artıq istifadə olunur. 2013-cü ilin ikinci yarısından başlayaraq isə bu yolla daşınan yüklərin həcmi artırılacaq», - deyə Ə.Əzimov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bununla sülhməramlı prosesə öz töhfəsini verir və NATO-nun üzvləri  ilə tərəfdaşları bu tranzit imkanından yetərincə  istifadə edirlər.

Beləliklə, Əfqanıstanın və koalisiyanın Azərbaycana olan marağı anlaşılandır. Bəs respublikanın ISAF əməliyyatlarında iştirakı ona hansı faydanı vəd edir? Bu, şübhəsiz ki, ilk növbədə, gənc respublikanın qlobal təhlükəsizliyin təmininin fəal oyunçusu olaraq beynəlxalq imicini yaxşılaşdırır. Amma məsələ yalnız bunda deyil.

NATO üzvləri alyans ordusunun Əfqanıstandan çıxarılmasında ərazisindən keçdikləri ölkələrlə Əfqanıstanda istifadə olunmuş silah-sursatın onlara güzəştli qiymətlərlə satılmasını, hətta havayı verilməsini müzakirə edir. Qərb KİV-ə inansaq, məsələ artıq Özbəkistanla müzakirə olunub. Böyük Britaniyanın baş naziri Filip Hammond bu günlərdə verdiyi açıqlamasında bildirib ki, NATO ordusunun Əfqanıstanda istifadə etdiyi silah-sursatın bir hissəsi tranzit əvəzinə Özbəkistana veriləcək. «Özbəkistan 2014-cü ildən sonra Əfqanıstanla sərhədin mühafizəsi məsələsində ciddi problemlə üzləşəcək. Söhbət yalnız islamçı qiyamçılarla mübarizədən yox, həm də cinayətkarlıq və narkotik daşımaları ilə mübarizədən gedir», -  “The Times” qəzetinin yazdığına görə, Hammond  belə deyib.

Yüklərin daşınmasında ərazisindən istifadə olunacaq ölkələrə silah-sursatın verilməsinə tranzit və digər xidmətlərə görə yaranacaq ödənişlərə əlavə bonus kimi baxılır. Tranzit ölkələrdən hərbi texnika ilə yanaşı, külli miqdarda qeyri-hərbi yüklərin də daşınması nəzərdə tutulub və bunun üçün də ciddi xərc tələb olunur.

Göründüyü kimi, Azərbaycan da NATO ordusunun Əfqanıstandan çıxarılmasında tranzit ölkə kimi istifadə olunacaq potensial marşrutlar arasındadır. Ordunun çıxarılması marşrutu dəqiqləşdirildikdən sonra daha vacib məsələ - tranzitin etibarlılığının və təhlükəsizliyinin təmini həll olunmalıdır.

Və bu zaman müəyyən təhlükələrin meydana çıxması mümkündür. O mənada Azərbaycanı NATO silahlarının Bakıya verilməsini önləmək istəyən qüvvələrin əsas hədəflərindən biri hesab etmək mümkün olacaq. Məsələn, Ermənistan Azərbaycanın öz hərbi potensialını artırmasından narahatdır və onun üstəlik NATO-dan da silah-sursat əldə etməsi İrəvanı çətin ki, sevindirsin.

Odur ki, Ermənistanın NATO üçün etibarlı və sabit tranzit ölkə olan Azərbaycanda sabitliyi pozmağa yönəlmiş addımlar atacağı istisna deyil. Son zamanlar Qarabağda atəşkəs rejiminin daha tez-tez pozulmasını, həmçinin bütün beynəlxalq qaydalara zidd olaraq işğal altındakı ərazidə aeroportun açılması cəhdlərini Ermənistan və onun arxasında dayanan qüvvələrin Azərbaycan ərazisində - münaqişə zonasında vəziyyəti gərginləşdirmək cəhdləri kimi qəbul etmək olar. Bu qüvvələr bununla Azərbaycanı NATO-dakı tərəfdaşlarının gözündə nüfuzdan salmağa çalışır. Güman etmək olar ki, Əfqanıstandan qoşunların çıxarılacağı vaxt yaxınlaşdıqca,  Qarabağda qoşunların təmas xəttində silahlı toqquşmaların sayı da artsın.

Belə olan halda Azərbaycan ermənilər tərəfindən mümkün təhlükələri önləmək üçün tədbirlər görməlidir. Bu məsələdə Bakı NATO-nun yardımına ümid etmək haqqına malikdir. Çünki bütün bu təhlükələr birbaşa alyans üzvlərinin də maraqlarına toxunur. Ermənistan hərbi komandanlığının nümayəndələri mütəmadi olaraq açıq şəkildə bildirirlər ki, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, erməni raketləri Azərbaycan ərazisindəki boru xətlərinə yönəldilə bilər. Yəni Ermənistan yalnız Azərbaycanı deyil, Azərbaycandan enerji resursları alan Qərb dövlətlərini də hədələyir. Ötən ilin sonunda Bakıda NATO ilə birgə keçirilən beynəlxalq konfransda, alyansın Xəzər hövzəsində regional enerji infrastrukturunun təmin olunmasında mümkün iştirakı mövzusunu ayrıca müzakirə etməsi göstərir ki, Brüssel regional təhlükəsizliklə bağlı təhdidlərə son dərəcə ciddi yanaşır. Tədbirdə Azərbaycan tərəfi ölkənin enerji infrastrukturu üçün mövcud olan çoxsaylı təhdidlər arasında ən ciddi təhlükənin qonşu Ermənistandan gəldiyini, rəsmi İrəvanın Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Supsa boru xətləri də daxil olmaqla, Azərbaycanın enerji infrastrukturunun fəaliyyətini pozmağa yönəlmiş çoxsaylı addımlar atdığını nəzərə çatdırıb. Və bildirilib ki, Azərbaycan NATO-nun belə təhlükələrin önlənməsindəki böyük təcrübəsini nəzərə alaraq, öz infrastrukturunun təminində alyansdan yardım gözləyir.

Beləliklə, hərbi-siyasi və enerji təhlükəsizliyinin təminində özünü Qərbin etibarlı tərəfdaşı kimi tanıtmış Azərbaycan problemli qonşularından gələn regional təhlükələrin  - istərsə bu Əfqanıstandan yüklərin daşınmasına maneələrin yaradılması, istərsə də enerji infrastrkturuna ziyan vurulması olsun - aradan qaldırılmasında cavab yardımı gözləmək üçün kifayət qədər əsasa malikdir. NATO-nun bu istiqamətdə praktiki addımlar atmağı istəyib-istəməyəcəyi başqa məsələdir. 2008-ci ilin avqust müharibəsinin təcrübəsi göstərdi ki, region ölkələrinin Qərbin praktiki yardımına ümidləri heç də hər zaman doğrulmur.



MƏSLƏHƏT GÖR:

536