15 Mart 2025

Şənbə, 00:32

TÜRK QAMBİTİ

Rəsmİ Ankara eynİ vaxtda həm Aİ, həm də ŞƏT-ə üzvlüyünü İstİsna etmİr

Müəllif:

01.03.2013

Son zamanlar Türkiyə ilə Avropa İttifaqı arasında aparılan danışıqlarda müəyyən tərpəniş hiss olunur. Doğrudur, Brüs-sel və Avropanın aparıcı dövlətlərinin Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı mövqeyində hələ ki, ciddi dəyişiklikdən danışmaq olmaz. Amma görünən odur ki, Köhnə Dünya Ankaranın Aİ-yə yolunun tam bağlanacağı təqdirdə, bunun birlik üçün hansı fəsadlar verəcəyi haqda daha ciddi düşünməyə başlayıb.

 

Ankaraya işarə

Türkiyə-Aİ danışıqlarında mümkün tərpəniş haqda söhbətlər Avropanın fövqəldövləti rolunda çıxış edən və Ankaranın birliyə qəbuluna son dərəcə şübhə ilə baxan Fransanın Türkiyəyə tərəf bəzi reveranslar etməsindən sonra baş qaldırıb. Fransa xarici işlər naziri Loran Fabiusun simasında Türkiyə ilə dostluq münasibətlərini möhkəmləndirməyə, Ankara ilə Aİ arasındakı danışıqlar prosesində 5 "dondurulmuş" bənddən birinin ("regional siyasət və struktur alətlərinin koordinasiyası") üzərindən vetonu götür-məyə hazır olduğunu bəyan edib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə öz növbəsində deyib: "Biz Fransanın vetonu aradan qaldırdığına dair dəqiq bilgi almışıq. Türkiyə-Avropa İttifaqı münasibətlərində ciddi maneənin aradan qaldırılacağını artıq söyləmək olar".

Şübhəsiz ki, Parisin bu jesti Türkiyə-Fransa münasibətlərinin inkişafı və Ankara ilə Brüssel arasında danışıqların fəallaşması baxımından kifayət qədər ümidverici hadisədir. Bununla yanaşı, hələ ki, Fransanın Türkiyənin Aİ-yə üzvlüyü məsələsində mövqeyini yumşaltmasının Ankaranın 50 ildir israrla can atdığı hədəfinə tezliklə çatmasına yol açıb-açmayacağını söyləmək çətindir.

Hər halda, Türkiyənin "Mil-liyyət" qəzeti hesab edir ki, Parisin Türkiyə ilə bağlı mövqeyini dəyişməsi heç də onun Ankaraya Aİ-nin tamhüquqlu üzvünə çevrilmək məsələsində tam dəstək verəcəyi demək deyil. Çünki prezident Fransua Ollandın komandası bununla bağlı hər hansı nəzərəçarpacaq addım atmayıb.

Fransa-Türkiyə münasibətlərində qıcığa səbəb olan daha bir vacib məqamı da unutmaq olmaz. Söhbət Fransa parlamentində "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin yenidən müzakirə çıxarılması ehtimalından gedir. Xalq Hərəkatı uğrunda İttifaqdan olan deputat Valeri Buayenin sözügedən qanun layihəsini növbəti dəfə parlamentin müzakirəsinə təqdim etməsi (deputatın dediyinə görə, bu, layihənin yaxşılaşdırılmış variantıdır) Ankaranı narahat etməyə bilməz. Sənəd "soyqırım"ın inkarına görə 1 il azadlıqdan məhrumetmə və ya 45 min avro cəriməni nəzərdə tutur.

Türkiyə KİV-in və müxtəlif ekspertlərin Türkiyənin Aİ-yə üzvlük perspektivinə son dərəcə şübhə ilə yanaşmasına baxmayaraq, Avropanın ənənəvi olaraq Türkiyəyə soyuq münasibət bəsləyən bəzi aparıcı dövlətlərinin mövqelərindəki yumşalmanı görməmək mümkün deyil. Söhbət yalnız Fransadan yox, həm də Almaniyadan gedir. Almaniya kansleri Angela Merkelin Türkiyə ilə bağlı kifayət qədər mülayim açıqlaması Berlinin də mövqeyində müəyyən yumşalmanın olduğunu göstərir. Merkel Türkiyəyə səfəri zamanı Aİ ilə Ankara arasında dialoqa yenidən başlamaq, hətta Fransa-Türkiyə münasibətlərinin ciddi şəkildə istiləşməsinə təsir göstərmək niyyətində olduğunu da  açıqlayıb.

Belə türkiyəpərəst əhvalın əsas səbəbi isə əlbəttə ki, Ankaranın böyük regional fövqəldövlət kimi rolunun artmasıdır. Avropalılar bununla sadəcə hesablaşmaya bilmir. Amma eyni zamanda, əlbəttə ki, Ankaranın Avropaya inteqrasiya istiqamətində yarım əsrdir getdiyi yoldan istənilən an könüllü şəkildə imtina edə biləcəyinə dair sərt bəyanatları da öz sözünü deyib.

 

"Dünyanın sonu deyil" və ya Qərblə Şərq arasında manevr

Türkiyə KİV baş nazir Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ankaranın Aİ ilə vidalaşaraq, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmağa hazır olduğuna dair bəyanatını "geostrateji bomba" adlandırıb. Brüsseli Türkiyənin Aİ-yə qəbulu ilə bağlı mövqeyini açıq şəkildə ifadə etmək istəməməkdə günahlandıran Ərdoğan bildirib ki, bu, Ankara üçün "dünyanın sonu deyil" və Türkiyə "Avropa blokundan kənarda da sabit inkişafını davam etdirə bilər".

Ərdoğanın Türkiyənin Avropadan kənar inkişaf variantı kimi ŞƏT-in adını çəkməsi böyük marağa səbəb olub. Xatırladaq ki, bu təşktilat hələ keçən il Türkiyə ilə yaxınlaşmaq istiqamətində konkret addımlar atmış, Ankaraya ŞƏT-lə dialoqda tərəfdaş ölkə statusu verilmişdi. Artıq yaxın zamanlarda Türkiyənin bu qurumda müşahidəçi statusu alacağı istisna deyil. Bu, Ankaraya ŞƏT-in dövlət başçıları səviyyəsində keçirilən sammitlərinə qatılmaq imkanı verəəck.

Bu perspektivin mövcudluğunu bəyan edən Ankara dolayısı ilə yalnız Yaxın Şərq yox, Mərkəzi Asiya siyasətində də vacib rol oynamaq niyyətində olduğunu nümayiş etdirir. Türkiyə ŞƏT-ə üzv olmaqla həqiqətən də Rusiya və Çinlə yanaşı bu regiondakı proseslərə ciddi təsir imkanları əldə edərdi. Nəzərə alsaq ki, bu strukturda Mərkəzi Asiyanın türkdilli dövlətləri də təmsil olunur, bu hədəf Ankara üçün ikiqat cəlbedicidir. Avstriyanın Standard nəşri yazır ki, "yeni yaranacaq triumvirata Ankara türkdilli respublikaların patronu statusu qazanardı".

İlk baxışdan ənənəvi olaraq Türkiyənin tarixi Türküstana təsirindən çəkinən Rusiya Ankaranın ŞƏT-ə üzvlüyünə ehtiyatla yanaşmalı idi. Lakin Moskva anlayır ki, o, qlobal siyasətin bəzi mühüm sahələrində Ankara ilə müttəfiqliyə olmasa da, tərəfdaşlığa məhkumdur. Üstəlik, nəhəng Avrasiya fövqəldövlətləri olan Rusiya ilə Türkiyə Qərb tərəfindən Avroatlantik məkandakı inteqrasiya proseslərinin tamhüquqlu üzvü kimi qəbul edilmir. Nəticədə Türkiyənin Aİ-yə üzvlükdən imtinası (bu isə həqiqətən də bu ölkənin ŞƏT-ə qoşulmasını istisna etmir) sonda Moskva ilə Ankaranın Avrasiyada inteqrasiya proseslərinin lokomativinə çevrilməsilə nəticələnə bilər. Bu isə Rusiya üçün Türkiyənin Mərkəzi Asiya ölkələri  ilə mümkün yaxınlaşmasının yaradacağı çətinliklərdən daha vacibdir. Üstəlik strateji planda bu münasibətlər ilk növbədə  Qərbin regionda hərbi-siyasi mövcudluğunun güclənməsini əngəlləməyə çalışan Rusiyanın ənənəvi maraqlarına zidd olmayacaq. Məhz bu üzdən Kreml yaxın perspektivdə Türkiyənin ŞƏT-ə üzvlüyünə etiraz etmir. Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini söyləməsi də təsadüf deyil.

Bütün bunlarla yanaşı, Ankaranın "Şanxay" istəyinin Cənubi Qafqazdakı vəziyyətə də təsir göstərəcəyi aydındır. Tarixən Rusiya ilə Türkiyə arasında istənilən yaxınlaşma, əməkdaşlığın güclənməsi regional təhlükəsizliyə müsbət təsir göstərib, Qafqazdakı münaqişələrin həllinə kömək edib.

Odur ki, Ərdoğanın "Şanxay seçimi"nin mümkünlüyünə işarə etməsi kifayət edib ki, Avropa liderləri Aİ-nin qapılarını Türkiyənin üzünə bağlamaqla, onu Şərqə tərəf yönəlməyə məcbur edəcəklərini anlasınlar. Bu, əlbəttə ki, Avropa İttifaqının qabağını kəsmək, onun Avrasiya regionuna təsirini önləməkdə olan qüvvələrin dəyirmanına su tökməkdir.

Bununla yanaşı, Aİ-də anlayırlar ki, Ərdoğan "Şanxay"ı Avropaya inteqrasiyaya alternativ göstərməklə yalnız Ankaranın ŞƏT-ə marağını göstərməyə yox, həm də Aİ-ni "tərpənməyə", Türkiyənin birliyə qəbulu prosesini sürətləndirməyə məcbur etməyə çalışıb. Türkiyə liderlərinin Aİ və ŞƏT-in bir-birinə alternativ olmadıqlarına, bu qurumlardan birinə üzvlüyün digərinə üzvlüyü istisna etmədiyinə dair yeni bəyanatlarına məhz bu konteksdə yanaşmaq lazımdır.

Aİ bu siqnalla yanaşı, Türkiyə iqtisadiyyatının sürətlə inkişaf etdiyini də nəzərə almalıdır. Türkiyə ilə əməkdaşlıq Avropa İttifaqının bir sıra üzvlərində bitmək bilməyən borc böhranı fonunda birliyin maraqları baxımından son dərəcə əhəmiyyətlidir.

Bu vəziyyəti nəzərə alsaq, Türkiyənin Aİ ilə iş üzrə naziri Egemen Baxışın iqtisadi baxımdan Türkiyənin Aİ-yə yox, Aİ-nin Türkiyəyə daha çox ehtiyacı olduğu haqda bəyanatı heç də şişirtmə deyil.

Bütün bunlar bir yandan Türkiyənin strateji maraqlarının müxtəlif istiqamətləri arasında çapaladığını göstərir. Digər tərəfdən isə məhz Ankaranın müxtəlif regionların geosiyasətində artan rolu ona istiqamətlərin dəyişməsi məsələsini müzakirə etmək imkanı verir. Bu rol istənilən halda Türkiyəyə əsas oyunçulardan biri statusunu verəcək - istər Aİ-də, istərsə də ŞƏT-də. Odur ki, Türkiyənin Qərblə Şərq, Avropa məkanı və Avrasiya təşkilatı çərçivəsində inteqrasiya perspektviləri arasında manevr etməsi böyük ölçüdə Ankaranın qlobal məsələlərdə artan rolunu nümayiş  etdirməyə hesablanıb.



MƏSLƏHƏT GÖR:

509