24 Noyabr 2024

Bazar, 12:10

OFFLAYN BEYİN

Psİxoterapevt stress və depressİyalardan nələr danişdi?!

Müəllif:

15.02.2013

Son zamanlar əsrin bəlasına çevrilən psixoloji problemlər, yaşadığımız həyatda bizdən yan keçməyən  stress, depressiya və digər psixopatologiyalar, yəqin ki, çoxlarını narahat edir. Dəhşətlisi də budur ki, belə hallarla qarşılaşanda biz insanlar bəzən bilmirik nə baş verir, kimə müraciət edək: psixoloqa, ya psixiatra, bəlkə də psixoanalitika və yaxud nevropatoloqa? Bütün bu suallara aydınlıq gətirmək üçün və insan psixikası və psixologiyası ilə məşğul olan sahələri öyrənmək məqsədi ilə müraciət etdik psixoterapevt Murad İsayevə. 

- Son zamanlar stress, depressiya halları cəmiyyətdə artıq dəb formasını almaqdadır. Bu xəstəliklərlə necə mübarizə aparmaq olar? Depressiya dərmansız müalicə olunurmu?

- Maraqlı sualdır. Sizə deyim ki, depressiyanın çox növləri var.Elə mərhələlər var ki, orada farmakoterapiyanı biz artıq lazımsız hesab edirik. Məsələn, əgər bir insanın qarşısında məqsəd varsa, iradəsi güclüdürsə, bu insan hər hansı bir işlə və ya məşğuliyyətlə depressiyadan dərmansız qurtula bilər. Amma daha çox müşahidə edirik ki, depressiya əksər hallarda hansısa daxili fizioloji patologiyalarla üzə çıxır. Belə hallarda, əlbəttə ki, biz farmakoterapiya aparmalı oluruq.

- Depressiyanın ilkin əlamətləri hansılardır? Necə özünü büruzə verir?

- Depressiyanın ilkin əlamətləri bunlardır: xəstə özünü cəmiyyətdən təcrid edir, hər şey onu qıcıqlandırır, özünü tənha hiss edir, çox yatır və yaxud heç yatmır, tənbəl olur, ətrafdakılardan, cəmiyyətdən küsür, heç kəslə danışmaq istəmir, insanlara nifrət etməyə başlayır, daxili stimulunu itirir, suisidə meyil göstərir və s. Bir neçə simptom birləşirsə, artıq biz burada depressiv dalğanın olmasını müşahidə edirik, bu halda da  dərman müdaxiləsi zəruridir. Dərmanla yanaşı, psixoterapiya da çox vacibdir. Çünki xəstə öz beynində artıq bütün daxili mənəvi-mental çərçivələri dağıdıb. Psixoterapevt bütün bunları yavaş-yavaş qurarkən, müalicə aparır. Patologiya varsa, burada mütləq psixoterapevt çalışmalıdır.    

- Depressiyanı yaradan daha çox hansı faktorlardır?

- Müxtəlif faktorlar: sevgi, sevgilisini itirmə halları, qarşılıqsız sevgi, işini, vəzifəsini itirmə halları, boşanmalar və s. İnsan hər an artıq başlayır o bir problemin üzərində durmağa, yalnız problemini düşünür, beyin isə yorulur, insan özünü boş fikirlərlə məhv edir. Depressiyaya düçar olanlar çox sentimental, duyğusal olurlar. Artıq insanda patologiya baş qaldırır. Depressiyanı yaradan faktorlardan biri də stressdir. Stress alma halları isə gündəlik həyatımızda bizim yol-yoldaşlarımızıdr. 

- Depressiya özü hansı xəstəliklərə gətirib çıxara bilər?

- Depressiyanın özü çox ağır xəstəlik hesab olunur, əgər vaxtında xəstə müalicə olunmursa, 10-15 il sürə bilər. Bir insan bu zaman ərzində həyatda çox şey itirə bilər. Biz insanlar ali hisslər haqqında düşünməliyik. İnsan çox aktiv olmalıdır. İşləməlidir, cəmiyyətdə əhəmiyyətli rol oynamalıdır. Məntiq daha aktiv olan insanlarda patologiyalar çox nadir hallarda olur. Həmin şəxs hər şeyi riyazi formada həll edir.

Bir emosional problem olanda, insan tək olmamalıdır. İnsan enerjini nəyəsə xərcləməlidir. Ailə qurmalıdır, idmanla məşğul olmalıdır, işləməlidir, insanın ictimai həyatı olmalıdır. Bir sözlə, aktiv sosial-ictimai insan olmalıdır. Bir də elə insan var ki, onun nəslində həssaslıq, sentimentallıq yoxdur. Daş-qaya kimidir... Daşürəklidirlər. Onların xəstələnmək ehtimalı çox azdır. Digər insanlar da var ki, irsən sentimentaldırlar, onların psixikası daha zərifdir. 

Orqanizmin 30% potensialını beyin istifadə edir. Əgər bir insan aktiv deyilsə, bütün günü hansısa bir problemi dayanmadan düşünürsə, onda orqanizmin digər 70% potensialını da beyin sərf edəcək. O zaman belə insandan hansısa bir proqres gözləmək olmaz. Ona görə də əvvəlcə həmin 70%-i sərf etmək lazımdır: ailəyə, idmana, işə, pozitiv fikirlərə, aktivliyə.Ondan sonra isə fikirlərə dala bilərik.

- Psixo-xəstəliklərin, patologiyaların mutasiyası mümkündürmü?

- Xeyr, patologiyalar mutasiyaya uğramır. Çox vaxt cəmiyyət psixo-xəstələri birmənalı qəbul etmir. Belə insanlar istər-istəməz cəmiyyətdən təcrid olunurlar. Və bu cür insanlar öz xəstəliyini gizlətməli olurlar. Elə xəstələr var ki, onları ciddi, məsuliyyətli işlərdən uzaqlaşdırılar. Amma elə insanlar da var, DSM-4, narsissizm - bu patologiyalar psixologiya ilə bağlıdır, təhlükəli deyil. Şizoid tiplidirlər. Lakin ağır patologiya sayılan xəstəliklər də var; məsələn, şizofreniya, şəxsiyyətin ikiləşməsi kimi. Həmin insanlar uçota alınır, çünki həmin insanlara məsuliyyətli iş vermək bir qədər xatalıdır. Şizofreniya və şəxsiyyətin ikiləşməsi kimi xəstəliklər axıra qədər müalicə olunmur. Hər zaman belə xəstələr həkim nəzarətində olmalıdırlar.

- Xəstəni stasionara yerləşdirmək çoxmu vacibdir? Xəstələr evdə müalicə oluna bilməzmi? Belə insanlara mərhəmətlə, həssaslıqla yanaşmaq lazımdır, məncə. Sizin fikrinizi öyrənmək istərdim...

- Pasientdən asılıdır. Əgər xəstə təhlükəli deyilsə, onları ambulator vəziyyətdə, ev şəraitində müalicə edə bilərik. Amma elə ağır xəstəliklər var ki, orada mütləq stasionar müalicə vacibdir.


MƏSLƏHƏT GÖR:

401