14 Mart 2025

Cümə, 21:44

QƏRB CƏBHƏSİNDƏ SAKİTLİKDİR

Münhen təhlükəsİzlİk konfransi İzsİz ötüb keçdİ…

Müəllif:

15.02.2013

1962-ci ildən etibarən ənənəvi olaraq hər il təşkil edilən Münhen təhlükəsizlik konfransının növbəti, sayca 49-cu toplantısı da başa çatdı. Ənənəvi olaraq bu konfransda dövlət başçıları, hökumət, parlament nümayəndələri, təhlükəsizlik sahəsində ekspertlər, politoloqlar, jurnalistlər iştirak edir. Münhen konfransı artıq müasir təhlükəsizlik məsələləri  ilə bağlı geniş müzakirələrin açıldığı qlobal platformaya çevrilib. Bu forumun təşkilinin ilk mərhələsində Avroatlantik məkana aid məsələlərə baxılırdısa, 1999-cu ildən müzakirəyə çıxarılan məsələlər və ölkələrin sayı xeyli artıb. Konfrans müzakirələrin rakursunu genişləndirib, onu sırf hərbi sahədən daha geniş məkana çıxarıb və indi forumda təhlükəsizliyin müxtəlif formaları ətrafında fikir mübadiləsi aparılır. Münhen təhlükəsizlik konfransı artıq beynəlxalq əhəmiyyətli forumdur. Orada təhlükəsizliyin ənənəvi və asimmetrik formaları müzakirə edilir. İndi foruma Rusiya, Şərqi Avropa ölkələri, Çin, Hindistan və Yaponiya da dəvət olunur.

Builki konfransda gözlənildiyi kimi, əsas müzakirə mövzuları İranın nüvə problemi və Suriya böhranı olub. Hər iki məsələyə aktuallıq qazandıran, ilk növbədə, onların sonu görünməyən bir prosesə çevrilməsidir. Başqa sözlə, Münhen konfransı, sadəcə, bu mövzuların növbəti dəfə müzakirə edilməsi üçün əlavə platforma oldu. Amma müzakirələr zamanı problemlərin həlli üçün yeni konsepsiya və strategiyanın hazırlanması imkanlarına toxunulmadı. Deyək ki, Suriyadakı münaqişənin həlli Bəşər Əsədin və silahdaşlarının hakimiyyətdən tam gedişi  ilə əlaqələndirilir. Konfransda Suriyanın silahlı müxalifətinin lideri şeyx Mauz əl-Xatıbın iştirakı da bunun təsdiqidir. Suriyanın hazırkı rəhbərliyi isə konfransa dəvət olunmamışdı. Suriya problemiylə bağlı diskussiyalarda səslənən əsas fikirlərdən biri o idi ki, Rusiya və Çinin mövqeyi üzündən, BMT Təhlükəsizlik Şurası problemin həllində, daha doğrusu, silahlı müxalifətin dəstəklənməsində fəal iştirak edə bilmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, Moskva bundan sonra da Suriya böhranının həlli  ilə bağlı mövqeyinə sadiq qalacaq. Bir sözlə, Münhen konfransında gözlənilməyən və yeni heç nə baş vermədi. Əslində, forumda Suriya ilə bağlı hər hansı sensasiyanı onsuz da heç kim gözləmirdi. Çıxışlar daha çox formal xarakter daşıyırdı və daha çox, ritorik məna kəsb edirdi.

İranın nüvə proqramı ilə bağlı müzakirələr isə daha canlı keçib. Suriya məsələsindən fərqli olaraq, konfransın işində və diskussiyalarda İran rəsmiləri də iştirak edirdi. İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib ki, Qərb onlara Tehranın nüvə silahı istehsalı sahəsində gizli fəaliyyətinə dair sübutlara malik olmadan sanksiyalar tətbiq edib. Çıxışlar zamanı tərəflər mövqelərini dəyişməsələr də, hər iki tərəfin bu məsələdə dialoqun davam etdirilməsinə hazır olmasını müs-bət hal kimi qiymətləndirmək mümkündür. Salehi beynəlxalq vasitəçilərdən ibarət "altılıq" ilə danışıqların növbəti raundunun vaxtını da elan edib. Görüş fevralın 25-də Qazaxıstanda keçiriləcək.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden də ABŞ-ın İranla dialoqa hazır olduğunu bəyan edib. Baydenin bu təklifinə İran qarşılıq verib: Salehi bildirib ki, İran Baydenin təklifini problemin həllinə cəhddə "irəliyə addım" sayır və bu üzdən danışıqlara hazırdır.

Tərəflərin bu bəyanatlarına baxmayaraq, Qərbin İranla bağlı strategiyasında köklü dəyişikliklərin baş verdiyinə dair nikbin ssenari cızmağa dəyməz. Bunu Baydenin sözləri də bir daha təsdiqləyir: ABŞ-ın vitse-prezidenti bildirib ki, Vaşinqton diplomatik addımlarla yanaşı, İrana qarşı sanksiyaların tətbiqi siyasətini də davam etdirəcək. İranın buna reaksiyası isə müvafiq və ənənəvi olub - Salehi Birləşmiş Ştatları növbəti dəfə ikili yanaşmada və bərabərtərəfli dialoqa hazır olmamaqda təqsirləndirib.

Rusiya mövzusu da diqqətdən kənarda qalmayıb. Ümumilikdə, bu konfransın yeni formatda keçirilməyə başlamasından sonra baş vermiş ən parlaq hadisə hələ də prezident Vladimir Putinin 2007-ci ildə orada etdiyi çıxışdır. O zaman Putinin çıxışı Qərb ekspertləri arasında "soyuq müharibə"nin bərpa oluna biləcəyinə dair fikirlərin yaranmasına səbəb olmuşdu. Amma diskussiyalara baxmayaraq, həmin çıxış ciddi siyasi nəticələrə aparıb çıxarmadı. Nəticə olaraq Rusiya XİN başçısı Sergey Lavrov son konfransıdakı çıxışında Putinin nitqinin məzmununu xatırlatsa da, bu, Putinin 6 il əvvəl etdiyi çıxışın yaratdığı reaksiyaya səbəb olmadı.

Bununla yanaşı, Rusiya məsələsi forumun əsas mövzularından biri idi. ABŞ-da "şist inqilabı"nın müzakirəsi zamanı Rusiya kifayət qədər tez-tez yada salınıb. Ekspertlərin fikrincə, ABŞ artıq yaxın illərdə neft və qaz istehsalında Rusiyanı geridə qoya bilər. Bu resursların istehsalının artımı ilə ABŞ-ın onları dünya bazarlarına ixrac etməyə başlaycağı gözlənilir. Bazarda enerji resurslarının həcminin artması isə onların qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Nəzərə alsaq ki, Rusiyanın əsas gəliri neft və qaz satışındandır, yaxın gələcəkdə onun gəlirləri ciddi şəkildə azala bilər. Beləliklə, Rusiyanın enerji strategiyasında dəyişikliklər və onun ümumilikdə Mərkəzi və Şərqi Avropada siyasi təsirinin azalması gözlənilir.

Budəfəki Münhen konfransı iştirakçılarının diqqətini Baydenlə Lavrov arasında kulis arxasında baş tutmuş müzakirələr də cəlb edib. Onlar ABŞ-la Rusiyanın fərqli mövqedə olduqları bir sıra məsələlərdə gələcək əməkdaşlığa dair müzakirələr aparıblar. Beynəlxalq arenadakı əsas problemlərin birgə müzakirəsi ənənəsi də 4 il əvvəl Münhendə qoyulub. O zaman Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden iki ölkə arasında münasibətlərdən danışarkən ilk dəfə "yenilənmə" ifadəsini işlətmişdi. O vaxtdan ABŞ-ın yeni administrasiyası oğul Corc Buşun dövrü  ilə müqayisədə Rusiyanın maraqlarına daha diqqətlə yanaşmağa başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Vaşinqtonla Moskva bir sıra məsələlərdə uğurla əməkdaşlıq edə bilər. Amma tərəflər arasında Əfqanıstan, Suriya, İran, HHM sistemi, nüvə silahlarının ixtisarı kimi məsələlərdə fikir ayrılıqları mövcuddur. Bu məsələlərin müzakirəsində heç bir mövqe yaxınlaşmasına nail olunmayıb və hər iki tərəf əvvəlki mövqeyində qalır.

Münhen təhlükəsizlik konfransında müzakirə edilmiş daha bir məsələ Malidəki vəziyyət olub. Bu problemin həllində əsas rolu yanvarda Maliyə hərbçilərini göndərməklə prosesə birbaşa müdaxilə etmiş Fransa oynayır. Fransa hərbçiləri Maliyə ölkənin şimalını ələ keçirmiş ekstremist qruplarla mübarizədə hökumətə dəstək vermək üçün göndərilib. KİV-in məlumatına görə, Malinin hökumət qüvvələri və Fransanın 3000-ə  yaxın hərbçisinin birgə həyata keçirdikləri əməliyyatlar kifayət qədər uğurlu alınır. Artıq ümumi səylə bir sıra şəhərlər yaraqlılardan azad edilib.

Amma bu mövzu nə qədər aktual olsa da, Suriya və İran problemlərinin kölgəsində qalıb. Baxmayaraq ki, konfrans iştirakçılarından heç biri əvvəlcədən bu məsələlərdə tərəflərdən ciddi fikir dəyişikliyi gözləmirdilər. Ən əsası ona görə ki, Malidəki vəziyyət beynəlxalq sistemin strukturunun formalaşması və qəbul edilməsində həlledici məsələ deyil və konyuktura problemi kimi qəbul edilir. Bundan başqa, Münhen forumunda hadisələrin bilavasitə iştirakçıları yox idi. Söhbət Fransanın müdafiə naziri Jan-İv Le Driandan və xarici işlər naziri Loran Fabiusdan gedir.

Son Münhen konfransının əsas mövzularına avrozonada maliyyə böhranının həlli yolları, Amerika-Çin münasibətlərinin inkişafının proqnozlaşdırılması və ərəb dünyasındakı postinqilab vəziyyətini də aid etmək olar. Ümumilikdə götürsək, diskussiyalar dünya düzəninin  dəyişməsi, çoxqütblü struktura keçid və Qərblə Rusiya arasında birbaşa konfrantasiya ehtimalı ətrafında aparılmırdı. Konkret problemlərlə bağlı fikir ayrılıqları müşahidə edilsə də, onlar birbaşa qarşıdurmaya səbəb olmadı. 

 



MƏSLƏHƏT GÖR:

644