13 Mart 2025

Cümə axşamı, 14:35

GERÇƏK MÜHARİBƏ VƏ SANKSİYA SAVAŞI

Dünyanın geosiyasi bölgü mərkəzində olan Ukraynanın bəxti gətirmədi

Müəllif:

06.05.2014

Ukraynada  mayın 25-nə təyin edilmiş prezident seçkisinin baş tutması böyük sual altındadır. Ölkənin cənub-şərq regionları əvvəlkitək hökumətin legitimliyini tanımaqdan imtina edir, öz siyasi ssenarilərini həyata keçirməyə çalışır. Məsələn, "Donetsk Xalq Respublikası"nın nümayəndələri mayın 11-də Donbassın öz müqəddəratını təyin etməsi məsələsini referenduma çıxarmaq fikrindədirlər. Luqanskdan, Xarkovdan, Kramatorskdan, Donetskdən vaxtaşırı "inzibati binaların ələ keçirilməsi", "toqquşmalar" və "blokpostların atəşə tutulması"na dair xəbərlər gəlir: ölkə faktiki olaraq vətəndaş müharibəsi şəraitindədir. Əvvəldən də məlum olduğu kimi, Cenevrə razılaşması boş kağızdan başqa bir şey olmadı.

 

Cəbhədən  xəbərlər

Məqalənin çapa hazırlandığı vaxt "cəbhədən ən son xəbər" Slavyanska hücumla bağlı idi. Kiyev baş verənləri "Slavyansk - Kramatorsk rayonlarında antiterror əməliyyatlarının fəal mərhələsi" adlandırır. Hökumətdən verilən açıqlamaya görə, antiterror əməliyyatlarını "DİN-in bölmələri, Milli Qvardiya və Silahlı Qüvvələr aparır". Əməliyyatlarda məqsəd "girovların, inzibati binaların azad olunması, qiyamçıların tərk-silahı, şəhər infrastrukturunun normal fəaliyyətinin bərpası"dır. Xüsusi əməliyyatlara rəhbərliyi Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko öz üzərinə götürüb. Səbəb xəbərlərdə deyildiyi kimi, Ukrayna daxili işlər nazirinin "antiterror əməliyyatlarının ilk mərhələsini iflasa uğratmasıdır".

Qarşıdurma  kifayət qədər ciddidir və hazırda Ukraynanın cənub-şərqindən gələn xəbərlər Yaxın Şərqdən - Suriya və ya İraqdan verilən məlumatları çox xatırladır. Əməliyyatların bu mərhələsindən bir neçə gün əvvəl isə Kiyevdə bomba sığınacaqlarının, mülki əhali üçün su mənbələrinin yoxlanılması baş vermişdi.

Ukrayna hökuməti Rusiya ordusunun ölkəyə mümkün açıq təcavüzündən qorxur. Kiyev, o cümlədən Qərb ölkələri, NATO üzvləri vaxtaşırı olaraq Rusiya qoşunlarının Ukrayna sərhədlərindən uzağa çəkilməsinin vacibliyini bəyan edirlər. Moskvada isə Kiyevin "öz xalqına qarşı cəza tədbirləri gördüyünü" bildirir, Ukraynadakı böhranın arxasında ABŞ və Aİ-nin dayandığını hesab edirlər. "İlk vaxtlarda ABŞ kölgədə qalmağa çalışırdı. İndi isə o, böhranın həlli məsələsində ön plana çıxıb. Bu, onların lap əvvəldən prosesə rəhbərlik etdiklərini göstərir", - deyə Rusiya prezidenti  Vladimir Putin bildirib.

Ukraynadakı böhranın, əslində, Rusiya ilə Qərb, daha dəqiqi, Moskva ilə Vaşinqton arasındakı qarşıdurmanın nəticəsi olduğuna heç kəs şübhə etmir. Halbuki cəmi bir neçə ay əvvəl "bunun Ukraynanın daxili işi olduğu" haqda fikirlər səsləndirilirdi. İndi "Ukraynanın daxili işi" nəinki "soyuq müharibə" sözünü, hətta onun konkret əlamətlərini gündəmə gətirib. NATO baş katibinin müavini Aleksandr Verşbou bildirib ki, Rusiyanın siyasət alyansı bu ölkəyə tərəfdaş deyil, düşmən kimi baxmağa vadar edir. Qərbdə əmindirlər ki, "Putin Ukraynanın parçalanmasında uğur əldə edərsə, Baltikyanı dövlətlər onun üçün cəlbedici hədəfə çevrilə bilər". Bununla əlaqədar olaraq, Şimali Atlantika Alyansı Baltik regionunun müdafiəsi üçün qırıcılarının sayını 3 dəfə artırmaq qərarına gəlib, NATO gəmiləri Litvanın Klaypeda limanına və Estoniyaya göndərilib. Bundan başqa, Britaniyanın 100 nəfərdən ibarət piyada dəstəsi də Baltik regionuna yollanıb. İran, sanki, yaddan çıxsa da, Amerikanın Avropada HHM sistemi yerləşdirməsi məsələsi də yenidən aktuallıq qazana bilər.

Sanki, Rusiya ilə ABŞ arasında ənənəvi müharibənin mümkün olmadığını hər kəs anlayır. Amma bu mümkünsüzlüyün sübutuna yönəlmiş arqumentlər adamı narahat etməyə bilmir: bu haqda danışanlar fəlsəfi "mümkün deyil, çünki mümkün ola bilməz" kimi fikirlər səsləndirmirlər, bunu, məsələn, NATO-nun bazalarının Ukraynadan uzaqda yerləşməsi, alyans daxilində yekdil rəyin olmaması və s. ilə izah edirlər. Bununla yanaşı, Ukrayna böhranı 65 il əvvəl SSRİ-yə qarşı Amerika ilə Avropanın əsas aləti kimi yaradılmış NATO-ya "ikinci nəfəs" verə bilər - alyans büdcəsini artıra, üzvlərilə daha sıx birləşə və hətta yeni üzvlər hesabına genişlənə bilər.

Rusiyaya gəlincə, müşahidəçilərin fikrincə, o, açıq qarşıdurmaya getmək istəmir. Çünki Krımdan fərqli olaraq, Ukraynanın cənub-şərqindəki proseslərə müdaxilə yerli əhali tərəfindən o qədər də dəstəklənmir. Bundan başqa, Moskvanın diqqətini cəmləməli olduğu məsələlər də var. KİV-də yer alan məlumatlara görə, Putinin Qazaxıstan və Belarusdan olan həmkarları ilə aprelin 29-da Minskdə apardığı danışıqlar heç də rahat keçməyib - tərəflər həmin görüşdə Avrasiya İqtisadi İttifaqına dair müqaviləni müzakirə edirdilər...

Bəli, heç kəs müharibəyə can atmır. Amma o, artıq başlayıb. RİA "Novosti"nin məlumatına görə, Slavyansk özünümüdafiə qüvvələrinin rəhbəri "ratsiyadan istifadə edən döyüşçülərinin bir neçə dəfə efirdə ingilis dilində söhbətlərə şahid olduqlarını" söyləyib. Onun fikrincə, bu, "Slavyanskda həyata keçirilən cəza əməliyyatında əcnəbi vətəndaşların  iştirak etdiyinin sübutudur". Kiyevdə isə hesab edirlər ki, Ukraynanın Daşınan Zenit Raket Kompleksi (DZRK) vasitəsilə vurulmuş 3 hərbi vertolyotu "Donetsk vilayətində hərbçilərə qarşı heç də "dinc nümayişçilərin" mübarizə aparmadığını" göstərir: "Görünən odur ki, burada söhbət yaxşı hazırlanmış, yaxşı silahlanmış peşəkar diversiya qruplarından gedir".

 

Sanksiyaların əsiri

Bu arada sanksiyalar müharibəsi də tam gücü ilə gedir. ABŞ Rusiyaya qarşı maddi cəza tədbirlərini getdikcə sərtləşdirir. Amerikalılar fəal şəkildə ötən dövrlərin təcrübəsini xatırlatmaqdadırlar. Onlar ən azı 1974-cü ilin Conson-Venik dəyişikliyinin təkrarlanmasını mümkün sayırlar. Xatırladaq ki, həmin dəyişiklik ticarətdə əlverişli rejimdən istifadəni, kredit və kredit zəmanətlərinin verilməsini qadağan edirdi. Amerika Maliyyə Nazirliyinin müasir "qara siyahısı"ndakı rusiyalı məmurların və rus şirkətlərinin adları isə getdikcə artır. Artıq onların arasında Rusiyanın ən nəhəng neft şirkəti olan "Rosneft"in rəhbəri İqor Seçin də var. Amerikanın IT şirkətləri, o cümlədən Microsoft, Oracle, Symantec və Hewlett-Packard (HP) ABŞ hökuməti tərəfindən sanksiyalara məruz qalmış bank və şirkətlərlə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar.

Rusiyanın isə bunlara ilk reaksiyası istehza və sosial şəbəkələrdə geniş yayılmış "adi ruslardan şəxsən Obamaya müqavimət aksiyası" idisə, indi Rusiyanın bu gülüşü daha əsəbi xarakter almaqdadır.  ABŞ öz güclü tərəflərini yaxşı bilir. Vaşinqtonda "ABŞ-ın ümumdünya maliyyə sisteminə" girişi yasaqlanmış fiziki və hüquqi şəxslərin taleyinin necə olacağının fərqindədirlər. Amerikanın səyləri ilə Rusiyanın üzləşdiyi çətinlikləri iqtisadi və maddi terminlərlə ifadə etmək olar. Adi vətəndaş Rusiya şirkətlərinin,  yaxud reytinq agentliklərində Rusiyanın kredit reytinqlərinin aşağı salınmasına dair xəbərlərdən, çətin ki, nə isə anlasın. Amma  bank kartlarından istifadədə problemlər yarandıqda, hər kəsin vərdiş etdiyi xarici məhsullar bazarlardan yoxa çıxdıqda, punksiyalar azaldıqda Vaşinqtonun əlini Rusiyanın hər bir küçəsində hiss edəcəklər.

Rusiyanın Qərbə cavab verməyə çalışmaması da qəribədir - Moskva Amerikaya eyni cür cavab vermək üçün Obamaya qarşı vətəndaş aksiyasından başqa, heç bir addım atmayıb. Hər şey olduğu kimi qalır - Əfqanıstana tranzitdən McDonalds restoranlarınadək. Vladimir Putin bildirib ki, Rusiya, hələ ki, Qərbə qarşı cavab sanksiyaları tətbiq etməyəcək.

Rusiya karbohidrogenlərindən ciddi şəkildə asılı olan, bu ölkədə böyük ticarət maraqlarına malik Avropanın sanksiyaları isə ABŞ tərəfindən tətbiq olunan sanksiyalar qədər sərt deyil. Xüsusilə Almaniyanın BASF və “Siemens”, İtaliyanın “Eni”, Böyük Britaniyanın “VR” kimi nəhəng şirkətləri Rusiyaya sanksiya tətbiq etməyə tələsmirlər. Avropa İttifaqının sənaye və sahibkarlıq üzrə ali komissarı Antonio Tayani bildirib ki, Avropa Amerika deyil və onun şist qazı yoxdur. Bu səbəbdən də, Rusiyaya tətbiq olunacaq hər bir sanksiyanın Avropa şirkətlərinə ciddi ziyanı olacaq. "The Wall Street Journal" isə hətta "Putinə şans verin" başlıqlı məqalə dərc edib. Məqalədə Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun prezidenti Hans-Verner Sinn bildirir ki, "Krımın işğalı açıq-aydın beynəlxalq hüquq normalarının pozulması olsa da, hazırkı böhranı Gürcüstanla, Moldova və Ukrayna ilə oynamaqla, Qərb yaradıb". Sinn "Ukraynanın gələcəyinə dair yeni beynəlxalq saziş çərçivəsində Rusiya və Ukrayna ilə azad ticarət haqqında razılaşma imzalamağı" təklif edir.

Eyni zamanda Rusiya Şərqə çıxış axtarışındadır - Asiya - Sakit okean regionunun ixrac bazarları fəal şəkildə tədqiq olunur. Gələn ay Putinin Şanxaya səfəri nəzərdə tutulub. Rusiya prezidenti orada çinli həmkarı Si Tszinpin ilə görüşəcək. Rusiya Çinlə birlikdə "Dəniz əməkdaşlığı-2014" hərbi-dəniz təlimlərində iştirak etməyə də hazırlaşır. Bu zaman Rusiya və Çinin texnikası mübahisəli Senkaku (Dyaoyuydao) adasının lap yaxınlığında peyda olacaq. Xatırladaq ki, bu ada uğrunda mübahisədə Vaşinqton Yaponiyanı dəstəkləyir.

Bütün bunların fonunda BVF Ukraynaya 17 milyard  dolların ayrılması qərarını təsdiqləyib. Amma qurum bunu bir şərtlə edir. "Mərkəzi hökumət ölkənin şərqinə nəzarəti de-fakto itirərsə, proqrama yenidən baxılmalı olacaq", - deyə BVF-nin məruzəsində bildirilir. Burada hər şey baxış bucağından asılıdır - Ukrayna KİV-i hesab edir ki, proqrama "yenidən baxılması" yardımın məbləğinin artırılmasını nəzərdə tutur.

Amma  Ukrayna hələ Rusiya ilə qaz məsələsini də həll etməlidir - Moskva mayın 17-də Ukrayna ilə əvvəlcədən ödəniş sisteminə keçməyə hazırlaşır. "Naftoqaz Ukrayna" mayın 1-dən "Qazprom"a qaz kəsrinə görə 11,4 milyard dolları ödəməkdən imtina edib. Kiyev fikir ayrılığını danışıqlar yolu ilə aradan qaldırmağı, bunun mümkün olmayacağı təqdirdə, Stokholm Arbitraj  İnstitutuna müraciət olunmasını təklif edir. Məsələ Avropaya qaz nəqlinin kəsilməsinədək gedib çıxa bilər və bu, əslində Valyuta Fondunu gizli şəkildə idarə edən Brüssel üçün qəbulolunmazdır. Maraqlıdır ki, ABŞ-ın dövlət katibi Con Kerri bir müddət əvvəl gözlənilməz bəyanatla çıxış edərək, Aİ-ni Ukrayna ilə bağlı mövqeyinə görə tənqid atəşinə tutmuşdu. Amerikanın xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Aİ ilə Assosiativ Saziş "Qərblə Şərq arasında "kəndir dartmaya" çevrilib: "Avropada kimlərsə yanlışlığa yol veriblər. Belə vəziyyət yaranmamalı idi".

Bu, nə deməkdir? Ukrayna yalnız Rusiya ilə Qərbin maraqları arasında deyil, həm də ABŞ-la Avropanın maraqları arasında qalıb. Ukraynalıların yaranmış vəziyyətdən təkbaşına çıxış yolu tapmayacaqları aydındır - nə qədər təəssüfləndirici olsa da, indi failed state - bacarıqsız dövlət - termini Ukraynaya tam uyğun gəlir. Kiyevə  Moskva, Vaşinqton və Brüssel kömək etməlidir.  Lakin görünən odur ki, onların arasında qarşıdurma fəal mərhələsinə hələ yeni qədəm qoyur. Ukraynanın bəxti gətirməyib - dünyanın geosiyasi bölgü mərkəzinə, məhz, o, düşüb.



MƏSLƏHƏT GÖR:

435