
TƏXRİBAT ÜÇÜN UÇUŞ ZOLAĞI?
Qarabağ danişiqlarinda zİddİyyətlər artir
Müəllif: İrina XALTURİNA Bakı
Ötən il Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi, açıq desək, o qədər də ruhverici notda bitmədi. Əvvəllər olduğu kimi, ötən il də "Yol xəritəsi" ortaya qoyulmadı. Danışıqlar prosesinin əsas nəticəsi həmişəki kimi, yenə də dialoqun ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilməsinin vacibliyi, münaqişənin sülh yolu ilə həlli və tərəflərin danışıqları davam etdirməsinə dəstək bəyanatları oldu.
Yanvarın 28-də Parisdə keçirilmiş görüş də təəssüf ki, bu mənada istisna olmadı. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İen Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşikin iştirakı ilə bir araya gəliblər. Rəsmi məlumata görə, Parisdə tərəflərə sülh prosesinin davam etdirilməsi üçün 2012-ci ilin oktyabrında təqdim olunmuş işçi təkliflər müzakirə edilib.
Həmsədrlər 2011-ci il aprelin 14-ü və 2012-ci il iyulun 13-də yaydıqları bəyanatlarını da xatırladıblar. Bundan başqa, tərəflər arasında inamın artırılması üçün mümkün addımlara dair də fikir mübadiləsi aparılıb.
Bu arada danışıqlar prosesinə birbaşa aidiyyəti olan ən vacib məqamlardan biri İrəvanın Dağlıq Qarabağda aeroport istifadəyə verməyə hazırlaşması kimi təxribatçı əməlidir. Paris görüşündən dərhal sonra erməni siyasətçilər ən yüksək səviyyədə Xocalı aeroportunun yaxın vaxtlarda açılacağına dair bəyanatlar səsləndirməyə başladılar.
Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi tam aydın olub və belə də qalır. E.Məmmədyarov vasitəçilərlə görüşdə bildirib ki, Xocalıda aeroportunun açılması Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə böyük bir sülh planının bir hissəsi ola bilər. Amma hazırki şəraitdə oradan qeyri-qanuni uçuşların həyata keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndiriləcək.
Bundan əvvəl oxşar bəyanatla Azərbaycan Mülki Aviasiyası administrasiyasının rəhbəri Arif Məmmədov da çıxış etmişdi. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın hava məkanından istifadə olunmasına imkan verilməyəcəyini xüsusi vurğulamış, bunu həmin ərazidən uçuşların təhlükəsizliyinə heç kimin zəmanət verə bilməyəcəyilə əsaslandırmışdı.
Xatırladaq ki, yanvarın 18-də Nazirlər Kabineti Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını təsdiqləyib. Sənədə əsasən, hava məkanının istifadə üçün xüsusi rejimli 25 kilometr enində sərhəd zolağı müəyyənləşdirilib. Sənəddə Azərbaycanın hava məkanında qadağan olunmuş və məhdud uçuşlar üçün nəzərdə tutulmuş zonaların yaradılması imkanlarından da danışılır. Bundan sonra HHQ-yə xəbərdarlıq sorğusu göndərilmədən həyata keçirilən istənilən uçuş pozuntu sayılacaq. Heyət üzvləri təyyarənin endirilməsilə bağlı komandaya əməl etməzsə və təyyarələrin göyərtəsi ilə bağlı dəqiq məlumat olmasa, həmin təyyarələrin vurulmasına icazə verilə bilər.
KTMT-nin baş katibi Nikolay Bordyuja isə təxribatçı niyyətə malik İrəvanı faktiki olaraq dəstəkləyib. Aeroportla bağlı baş verənləri diqqətlə izlədiyini deyən Bordyuja bildirib ki, o, Dağlıq Qarabağa uçacaq təyyarələrin Azərbaycan tərəfindən vurulacağına inanmır. Baş katibin fikrincə, bu ya "fikrin uğursuz ifadəsi", ya da "uğursuz zarafat"dır. "Bu dövrdə hansısa dövlətin rəhbərliyinin mülki təyyarələrin məhvinə komanda verə biləcəyinə ciddi şəkildə şübhə edirəm", - deyə Bordyuja bildirib. O, 1983-cü ildə Koreya təyyarəsinin Uzaq Şərqdə vurulmasının beynəlxalq aləm tərəfindən çox sərt reaksiya ilə üzləşdiyini xatırladıb.
KTMT baş katibinin bəyanatı necə deyərlər, zarafat deyil və düşünmək üçün ciddi əsaslar verir. Hətta Ermənistanın LRAGIR portalı sualı belə qoyub: kim zarafat edir - Azərbaycan, yoxsa Bordyuja? "Azərbaycan zarafat edirsə, niyə Stepanakertə ilk uçuş hələ də baş tutmayıb və Serj Sarqsyanın ötən ilin 9 mayında bu təyyarənin ilk sərnişini olacağına dair vədi hələ də yerinə yetirilməyib?" - deyə portal yazır. Bununla yanaşı, müəllif daha bir suala cavab istəyir: ümumiyyətlə, Qarabağda aeroport tikmək ideyası kimə məxsusdur və ilkin zəmanəti kim verib? "Qarabağa psevdozəmanəti kimin verdiyi o qədər də vacib deyil. Məsələ ondadır ki, bütün bunlarda Ermənistanın öz müstəqil rolu var, yoxsa o, sadəcə oturmağa yerin olmadığı, uçuş vaxtı bilinməyən təyyarəyə bilet almış sərnişin rolundadır?".
Həqiqətən də, İrəvanın planlarından və Bakının xəbərdarlığından danışan KTMT baş katibi nədənsə Xocalı aeroportunun istifadəyə verilməsinin beynəlxalq hüquqa, xüsusilə 1944-cü il dekabrın 7-də Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya Bəyannaməsinə zidd olduğu haqda danışmağı lazım bilməyib. Hətta bacarıqlı hüquqşünas belə, Ermənistanın Azərbaycana məxsus hava məkanından leqal şəkildə istifadəsinə imkan verəcək hüquqi "sous" bişirə bilməz. Bundan başqa, Bakının bu aeroportdan havaya qalxacaq təyyarələrdən hərbi məqsədlərlə istifadə olunmayacağına heç bir zəmanəti yoxdur. Uşağa da məlumdur ki, bu aeroportdan istifadə sırf iqtisadi baxımdan səmərəli ola bilməz. Belə olan təqdirdə İrəvan niyə aeroportun açılmasına belə ciddi cəhdlə çalışır? Bu faktları, həmçinin ümumilikdə Ermənistanın Azərbaycana təcavü-zünün tarixini nəzərə alsaq, Bakının aeroportdan "yalnız humanitar aspektdə" istifadə edəcəyini deyən İrəvana inanmaması qəribə və ya şübhəli görünə bilərmi?
"Ermənistana belə əməllərindən əl çəkməsi niyə tövsiyyə olunmur? Niyə Bordyuja Ermənistana demir ki, bu uçuşların təşkil olunacağı təqdirdə regionda vəziyyət qarışa, müharibə başlaya bilər? Azərbaycan zarafat etmir - Xankəndiyə qanunsuz uçuşların təşkil olunacağı təqdirdə adekvat addımlar atılacaq", - deyə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Azərbaycanın vəziyyəti hərbi münaqişə həddinə çatdırmaq istəmədiyini Elmar Məmmədyarovun Paris görüşündəki bəyanatı da göstərib. O bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sülh müqaviləsinin imzalanmasının vaxtıdır.
Bakını bu məsələni siyasiləşdirməkdə günahlandırmaq ədalətsizlikdir. Çünki siyasiləşdirməyə vaxtında İrəvanın ipini çəkmək iqtidarında olan (indi də bunu bacaracaq), lakin nədənsə bunu etməyən ölkələr yol veriblər… Axı Azərbaycan tərəfinin bu məsələni diqqətdən kənarda qoymayacağı ilk andan bəlli idi. Belə mövqe hər bir dövlətin suveren hüququdur və bunu hansısa formada şübhə altına almaq beynəlxalq hüququn əsaslarını şübhə altına almaqdır. Ermənistanın talesiz aeroportu açmaq niyyəti də nə danışıqlar prosesinin irəli aparılmasına, nə də ATƏT-in Minsk qrupu həmsədrlərinin dediyi "inamın artırılması tədbirlərinə" təkan verəcək.
Paris görüşündə xarici işlər naziri Elmar Məmmədyarov Bakının erməni KİV-də Azərbaycanın işğal altındakı ərazilərinə, xüsusilə Kəlbəcər rayonuna Suriya ermənilərinin köçürülməsinə dair yer alan məlumatlardan da ciddi şəkildə narahat olduğunu söyləyib. Qeyd edək ki, Ermənistan mətbuatı Ağ Evin saytında Türkiyə hökumətinə ünvanlanmış imzatoplama keçirildiyini xəbər verir. Kampaniya rəsmi Ankaranı heç olmasa Suriyadan olan qaçqınlar üçün Ermənistanla sərhədləri ilkin şərt olmadan açmağa çağırılır.
Beləliklə, 2013-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilmiş ilk görüşdən sonra belə qənaətə gəlmək olar ki, əsas problemlərin həlli hələlik nəinki irəli getmir, əksinə, yeni məqamlar və nüansların ortaya çıxması ilə daha da çətinləşir. Ola bilsin ki, Ermənistanda prezident seçkisi öncəsi, üstəlik ağır iqtisadi şəraitdə siyasətçilər üçün Qarabağ mövzusu xilasedici dairə rolunu oynayır.
Vasitəçi ölkələr tərəfindən təşəbbüslərin olmadığı bir vaxtda yanvarın 23-də Ağ Evin internet resursunda Dağlıq Qarabağ münaqişəsilə bağlı ərizə yerləşdirilib. Bununla Bakı danışıqlara diqqətin artırılmasının, Amerika tərəfinin diplomatik səylərinin gücləndirilməsinin vacibliyini Vaşinqtonun nəzərinə çatdırıb. "Dağlıq Qarabağ problemi XX əsrin ən faciəvi münaqişələrindən biridir. O, milyonlarla azərbaycanlının taleyinə təsir göstərib. Münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20%-i - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib", - deyə Ağ Evin saytında yerləşdirilmiş sənəddə bildirilir. Orada Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələbinə əməl etmədiyi bir daha xüsusi olaraq vurğulanır. Sənəddəki keçidlərə daxil olmaqla ermənilərin Azərbaycan əhalisinə qarşı təcavüz faktları ilə tanış olmaq mümkündür. Ərizə fevralın 22-dək 100 min səs toplayarsa, o, ABŞ Konqresinin gündəliyinə daxil oluna bilər.
Ağ Evin saytında ABŞ prezidenti Barak Obamaya Xocalıda törədilmiş hərbi cinayət qurbanlarının xatirəsinin yad edildiyi günün elan olunması ilə bağlı da müraciət yerləşdirilib. Fevralın 26-da İkinci dünya müharibəsindən sonra bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli hərbi cinayətlərdən olan Xocalı faciəsinin 21-ci ildönümü olacaq. Həmin faciə zamanı qətlə yetirilənlər arasında 63 uşaq, 106 qadın, 70 yaşlı və qoca olub, 8 ailə tamamilə məhv edilib. "Azərbaycanəsilli amerikalılar, həmçinin ölkədə və dünyada yaşayan dostlarımız adından faciənin 21-ci ildönümü ərəfəsində sizdən Xocalı qətliamı və onun qurbanlarına həsr olunmuş prezident bəyannaməsinin alınmasında bizə köməklik göstərmənizi xahiş edirik", - deyə qətnamədə bildirilir.
Beləliklə, danışıqlar maşınının təkəri yerində fırlanırsa, Ermənistanla Azərbaycan arasında informasiya müharibəsi isə bir gün belə dayanmır. Əlbəttə ki, erməni tərəfi yeni ilin ilk günündə əsas diqqəti Bakının Xocalı aeroportu ilə bağlı bəyanatlarındakı "aqressiya"ya yönəldib. Ermənilər adəti üzrə sinələrinə döyərək, "dinc əhalinin sərbəst hərəkət etmək hüququ" və sair kimi "Ümumdünya insan hüquqları bəyannaməsi və digər əsas beynəlxalq müqavilələrdəki əsas insan haqları" haqda qışqırmaqdadırlar. Amma axı ermənilərə öz ölkələrinin ərazisində sərbəst hərəkəti heç kim qadağan etmir. Bakı yalnız ermənilərin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında hərəkətinə etiraz edir. Ermənilərin informasiya müharibəsində əl atdığı ən klinik üsul isə Xocalı aeroportuna uçacaq ilk reysdə sərnişinlərin ATƏT-in Minsk qrupu həmsədrlərinin olması haqda təklifidir. Necə deyərlər, şərhə ehtiyac yoxdur.
MƏSLƏHƏT GÖR: