5 Dekabr 2025

Cümə, 19:08

ALTERNATİVSİZ SEÇKİ

Onun vətəndaş müharibəsinə son qoyub-qoymayacağı bəlli deyil

Müəllif:

13.05.2014

Suriya Ərəb Respublikasının 1973-cü ildə qəbul olunmuş Konstitusiyasına görə, indiyədək hakim BAAS (Ərəb Sosial Dirçəliş Partiyası) partiyası öz prezidentliyə namizədliyini müəyyənləşdirirdi, namizəd parlament tərəfindən təsdiqləndikdən sonra isə plebisit keçirilirdi. Hazırkı prezident Bəşər Əsəd də bu yolla seçilib, 2007-ci ildə isə ikinci müddətə postunda qalıb. 2012-ci ildə qəbul olunmuş və BAA-nın hakim qüvvə statusunu ləğv etmiş yeni Konstitusiya isə alternativli seçkinin keçirilməsini nəzərdə tutur. Bununla yanaşı, bir şəxs Suriya prezidenti postunu ardıcıl olaraq 2 dəfə, hərəsi 7 il olmaqla tuta bilər.

Artıq ölkənin bir sıra tanınmış və o qədər də tanınmayan şəxsləri prezidentlik uğrunda yarışa qoşulmaq niyyətlərini açıqlayıblar. Onların sırasında Kuneytra əyalətindən olan hüquq elmləri professoru Samir Maalya və Dəməşqin adi sakini Məhəmməd Firas Radcuh da var. Suriya prezidentliyinə 2 qadın da iddia edir - Latakidən olan Sausan Haddad və dəməşqli İzzə Məhəmməd Vahih Hallək. Namizədlər arasında, yəqin ki, ən maraqlısı xristian samih Mixail Musadır.

Amma seçkidə hazırkı dövlət başçısı Bəşər Əsədin qalib gələcəyinə, demək olar ki, heç kəs şübhə etmir. Məsələ heç də yalnız ölkənin ən nəhəng siyasi qüvvəsi, parlamentdə mütləq çoxluğa malik BAAS partiyasının onu dəstəkləməsində deyil. Hazırkı prezident daxili müharibə şəraitində qələbəyə çox yaxındır. Təxminən, 3 ildir ki, maraqlı xarici qüvvələr Suriyada gedən vətəndaş müharibəsinin bitməsinə imkan vermir. Bu baxımdan, əksər suriyalılar Əsədə ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəman kimi baxırlar.

Son həftələrdə Suriya ordusu qiyamçılar üzərində ard-arda vacib qələbələr əldə edib. Bu, Bəşər Əsədə müharibənin gedişində dönüş anının yaşandığını bəyan etməyə imkan verib. Artıq hökumət qüvvələri Dəməşqin şərqində, Cumar məhəlləsində silahlı müxalifətin son dayaqlarının ram edilməsi uğrunda vuruşurlar. Bundan başqa, Hələbin qərb rayonlarında qiyamçıların əks-hücumunun qarşısı alınıb. Suriya ordusu Türkiyə ilə həmsərhəd bölgələrə nəzarəti də ələ alıb. Amma son günlərin əsas əlamətdar hadisəsi xristian şəhəri olan Malulanın yaraqlılardan azad edilməsi və Bəşər Əsədin Pasxa bayramı günü həmin şəhərə səfəridir. Bu addımın atılmasında məqsəd sadəcə prezidentin ölkəyə nəzarəti bərpa etməkdə olduğunun nümayişi deyildi. Bəşər Əsəd bununla indidən sonra da dünyəvi dövlətin, dinlərarası sülhün qarantı kimi çıxış etməyə hazır olduğunu, Suriyanın zəngin mənəvi irsinin keşiyində dayandığını göstərməyə çalışıb.

Müxalifətə gəlincə, onun özünü demokratik düşərgə kimi təqdim edən, Qərbə istiqamət götürmüş dünyəvi qanadı prezidentlik uğrunda kampaniyanın ədalətli adlandırılmasını mümkün saymır. Onlar bu mövqelərini namizədlərə qarşı irəli sürülən tələblərlə əsaslandırırlar. Məsələ ondadır ki, dövlət başçısı postu uğrunda yalnız yaşı 40-dan az olmayan, son 10 ili Suriyada yaşamış şəxslər mübarizə apara bilərlər. Nəzərə alsaq ki, müxalifət liderlərinin bəziləri illərlə ölkədən kənarda gizləniblər, onların prezidentlik yolu avtomatik olaraq, bağlanır.

Liberal müxalifəti qəzəbləndirən daha bir məqam hər prezidentliyə Ali Konstitusiya Məhkəməsində namizədin qeydiyyata alınması üçün parlamentin 250 deputatından ən azı 35-nin dəstəyini qazanmalı olmasıdır. Suriya parlamentinə prezidenti dəstəkləyən BAAS partiyasının nəzarət etdiyini düşünsək, aydındır ki, Əsəd rejimini devirməyə çalışan şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması şansı sıfra bərabərdir.

Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan silahlı müxalifətin özəyini təşkil edən, əsasən, islamçı qruplaşmalardan ibarət radikallar isə apriori seçkini tanımırlar. "Sonadək müharibə" prinsipinə əsaslanan islamçılar klerikal dövlətin yaradılması uğrunda mübarizə aparırlar. Onlar hesab edirlər ki, Suriyada şəriət qanunları ilə idarə olunan dövlət formalaşdırılmalıdır. Bu mənada onların maraqlarına nə Əsəd rejiminin bu və ya digər formada hakimiyyətdə qalması, nə də onu liberal hökumətin əvəzləməsi cavab verir. Bu səbəbdən, islamçılar və ya Qərb mətbuatının onları adlandırdığı kimi, cihadçılar prezident seçkisi uğrunda sabitliyə imkan verməmək üçün əllərindən gələni edirlər. Ölkədə az qala hər gün terror aktları törədilir, müxtəlif ərazilər qumbaraatanlardan atəşə tutulur. Görünməmiş zorakılıq aktlarından biri bu günlərdə Dəməşqin Şaqqur məhəlləsində baş verib: Bədrəddin əl-Hüseyni adına məktəb kompleksinin atəşə tutulması nəticəsində 14 uşaq həlak olub, 86-sı yaralanıb. Dəməşqin 165 kilometrliyində yerləşən Homs şəhərinin mərkəzində minalanmış avtomobilin partladılması isə ən azı 36 nəfərin həyatına son qoyub.

Bu arada qarşıdan gələn prezident seçkisini tanımamaq tərəfdarı kimi çıxış edənlər Əsədin yalnız daxili deyil, həm də xarici rəqibləridir. ABŞ və Böyük Britaniya Suriyada qarşıdan gələn seçkini "demokratiyanın yamsılanması" hesab etdiklərini indidən söyləyirlər. Vaşinqton və London seçkinin nəticəsini tanımaq fikrində deyillər. Qərbin əsas arqumentlərindən biri Suriyada prezident seçkisinin keçirilməsinin Suriyaya dair beynəlxalq konfransın sonunda qəbul edilmiş Cenevrə kommunikesinə zidd olmasıdır. Həmin sənəddə Suriyada keçid idarəetmə orqanının yaradılmasının vacibliyi əks olunur, həmin orqanın ölkədə Konstitusiya islahatları aparmalı olduğu, yalnız bundan sonra ümumxalq səsverməsinin keçirilməsinin mümkünlüyü qeyd edilir. Rəsmi Dəməşq isə barışmaz müxalifətin sıralarında hakimiyyətin bölüşdürülməsilə bağlı razılığa gəlinəcək qüvvələrin olmadığına işarə edir.

Əslində, bu cür yanaşma üçün, həqiqətən də, əsaslar var: müxalifət özünü ölkəni əhalinin böyük hissəsinin maraqlarına cavab verən istiqamətdə aparmaq gücündə olan qüvvə kimi göstərə bilməyib. Vətəndaş müharibəsinin başlanmasından keçən 3 ildə müxalifətin bütünlükdə etirazçı düşərgəyə öz şərtlərini diktə edən hissəsinin də siması dəyişib. Suriyadaxili münaqişə ölkədə demokratik yeniliklər tələbilə başlamışdı. Lakin sonradan ölkədə xarici qüvvələrin dəstəyilə, əslində, Suriya dövlətçiliyinin dağıdılmasına yönəlmiş başqa proseslər başladı. Müxalifət sıralarında cihadçılar hakim mövqeyə yiyələndilər. Onların cərgəsini yerli radikallarla yanaşı, kənardan Suriyaya axan cihadçılar da genişləndirdilər. Beləliklə, Əsəd rejiminə yalnız radikal islamçıların real alternativ ola biləcəkləri üzə çıxdı. Bu səbəbdən də, ilkin mərhələdə ölkədə dəyişikliklərin tərəfdarı kimi çıxış edənlərin çoxu avtoritar xarakterli olsa belə, dünyəvi rejimin onların maraqlarına daha uyğun olduğu qənaətinə gəldilər.

Suriyada Əsəd hökumətini hansı qüvvələrin əvəzləyə biləcəyi, şübhəsiz ki, Qərbə də yaxşı məlumdur. İlk günlərdən Suriya müxalifətinin əsas ilhamvericisi və maddi sponsoru kimi çıxış edən Qərb həm bunu bildiyi üçün, həm də Əsəd rejiminin bir-birinin ardınca qazandığı hərbi uğurlar fonunda problemə marağını bir qədər itirib. Ümumilikdə, belə təəssürat yaranır ki, Qərb hazırkı mərhələdə Suriyaya və onun xalqına ağıllı heç nə təklif edə bilməyəcəyini anladığından, gözləmə mövqeyinə çəkilib.



MƏSLƏHƏT GÖR:

692