FRANSIZLAR DA ÜÇDƏN DEYIBLƏR
Ollandın Cənubi Qafqaz turnesi Fransanın bu strateji əhəmiyyətli regionda maraqlı olduğunu nümayiş etdirdi
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı, Bakı
Ötən həftə Fransa prezidenti Fransua Olland ölkəsinin nazirləri və iş adamlarından ibarət önəmli şəxslərlə birlikdə Cənubi Qafqazın 3 ölkəsində səfərdə oldu. Xatırladaq ki, onun sələfi, sağ-mərkəzçi partiyaları təmsil edən Nikola Sarkozi də prezidentlik səlahiyyətlərinin bitməsinə az qalmış regiona analoji səfər etmişdi. Bu onu göstərir ki, Fransada dövlətə və hökumətə rəhbərlik edən şəxslərin partiya və ideoloji baxışlarından asılı olmayaraq, Cənubi Qafqaz Parisin diqqət mərkəzindədir. Üstəlik, regionla, əsasən, iqtisadi əməkdaşlığa üstünlük verən Almaniya və Böyük Britaniyadan fərqli olaraq, Fransa burada öz biznesini inkişaf etdirməklə yanaşı, siyasi və mədəni xarakterli məsələlərə də diqqət ayırır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında Fransanın da olduğunu qeyd etmək kifayətdir. Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan müharibəsi zamanı münaqişənin lokallaşdırılmasında oynadığı rolu da unutmaq olmaz. Fransanın Ermənistanla, son illərdə isə həm də Azərbaycan və Gürcüstanla sıx mədəni, insani əlaqələri də hər kəsə bəllidir. Ukraynada yaşanan son hadisələr fonunda Ollandın Qafqaza səfəri yalnız Fransanın deyil, bütünlükdə Avropa İttifaqının (Aİ) bu bölgədə marağını və regiona dəstəyini nümayiş etdirməli idi. Çünki məhz Paris tez-tez Aİ-nin siyasi drayveri kimi çıxış edir.
Fransua Olland regiona səfərini Azərbaycandan başladı. Burada o, ölkə başçısı İlham Əliyevlə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirdi. Görüşün sonunda Azərbaycan-Fransa əlaqələrinin konturlarını müəyyənləşdirən bəyannamə qəbul olundu.
KİV qarşısında açıqlamasında Prezident İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən sənədlərin - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası və digər qurumların qəbul etdikləri sənədlərin tələblərinə hələ də məhəl qoyulmadığını xatırladıb. «Biz xalqların öz müqəddəratını təyin etməsi prinsipinə hörmətlə yanaşırıq, ancaq bu hüquq ölkələrin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərini pozmamalıdır. Erməni xalqı isə artıq bir dəfə öz müqəddəratını təyin edib - müstəqil Ermənistan dövləti var. Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək», - deyə İ. Əliyev qeyd edib.
F. Olland isə bəzi məqamların hələ də Dağlıq Qarabağ probleminin həllinə mane olduğunu söyləyib: «Mənim Azərbaycana və Ermənistana səfərim münaqişənin həllinə cəhddir. Fransa həm Azərbaycanla, həm də Ermənistanla dostdur. Biz onların arasında seçim edə bilmərik. Əgər bu, mümkündürsə, biz iki prezidentin görüşünü təşkil etmək istərdik və birinci etimad tədbirinin bir yerdə tapılmasına çalışa bilərik».
Olland Ukrayna kontekstində olsa da, fikrini belə davam etdirib: «...Fransa ölkələrin ərazi bütövlüyünü, münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyir». Geridə qalan 20 ildə Dağlıq Qarabağ probleminin həlli prosesində irəliləyişin müşahidə olunmadığını vurğulayan F. Olland deyib: «ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransanın üzərinə də böyük məsuliyyət düşür. Fransa münaqişənin mərhələli (fərqləndirmə müəllifə məxsusdur) şəkildə həlli üçün səy göstərir və bu, inamın göstəricisidir. Siz Dağlıq Qarabağa hansı statusu verməyə hazır olduğunuzu göstərdiniz».
Fransa prezidentinin dövlətlərin ərazi bütövlüyü prinsipini prioritet kimi göstərməsi, münaqişənin həlli üçün mərhələli variant üzərində işləməyə, Dağlıq Qarabağın «müstəqilliyinin» tanınması üçün deyil, onun statusunun müəyyənləşdirilməsi üçün danışıqlar aparmağa hazır olduğunu söyləməsi Parislə Bakının mövqelərindəki yaxınlığın göstəricisidir. Fransua Olland hələ bundan əvvəl də Qarabağ münaqişəsinin həlli üçün məlum «Madrid prinsipləri» əsasında danışıqların davam etdirilməsinə dəstəyini ifadə etmişdi. Xatırladaq ki, Azərbaycan, məhz, həmin prinsiplər əsasında sülh müqaviləsinin hazırlanması üzərində işə başlanılmasını təklif etsə də, erməni tərəfi hələ ki, bundan yayınır. Əgər Olland İrəvana son səfəri zamanı Ermənistan rəhbərliyini başa sala bilibsə, onda onun İlham Əliyevlə Serj Sarqsyanın Parisdə görüşünü təşkil etmək təşəbbüsü baş tuta bilər.
Prezidentlər Bakıda biznes-forumda da iştirak ediblər. Fransua Olland çıxışında «enerji sahəsində tərəfdaşlıq məsələsində Azərbaycanla Fransanın mövqelərinin üst-üstə düşdüyünü» bildirib. «Bu gün Azərbaycan ən nəhəng qaz tədarükünü həyata keçirən ölkədir. Fransanın bir çox neft və qaz şirkətləri Azərbaycanın neft və qaz layihələrinə qoşulmaq arzusundadır. Görüş zamanı biz Azərbaycanda Fransa şirkətləri üçün yaxşı şəraitin yaradılması məsələsini də müzakirə etdik. Biz tullantıların yandırılması, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq etmək istəyirik. Fransa şirkətləri bu sahələrdə öz təcrübələrini bölüşməyə hazırdırlar. Biz Azərbaycanla Avropa Olimpiya Oyunlarının, «Formula-1» avtorallisinin və digər beynəlxalq yarış və tədbirlərin təşkilində də əməkdaşlığa hazırıq», - deyə Fransua Olland qeyd edib.
Prezident İlham Əliyev isə öz növbəsində, bildirib ki, «...Azərbaycan Fransanın Cənubi Qafqazdakı birinci ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır. Növbəti illərdə bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafı və nəqliyyat sektorunun təkmilləşdirilməsi olacaq. Bu sahədə Fransa şirkətləri böyük təcrübəyə malikdir. Kosmik, informasiya və telekommunikasiya sektorları da prioritetdir və biz bu istiqamətlərdə də əməkdaşlıq edəcəyik. Bundan başqa, enerji, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülük sahəsinin inkişafı da gündəlikdədir».
Azərbaycanla Fransa arasında iqtisadi münasibətlər möhkəm hüquqi bazaya malikdir və uğurla inkişaf edir. Tərəflər arasında Ticarət-Sənaye Palatasının yaradılmasına dair razılaşma da imzalanıb. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, Fransa Azərbaycan iqtisadiyyatına 2,4 milyard dollar investisiya yatırıb. Bu məbləğin böyük hissəsi neft sektoruna yatırılıb. İndi Fransa şirkətləri Bakı Metropoliteninin inkişafı, Azərbaycan dəmir yollarının yenidən qurulması kimi nəhəng layihələrdə iştirak edəcəklər. Ollandın Bakıya səfəri çərçivəsində Fransanın «Alstom» şirkətilə yeni lokomotivlərin alınmasına dair saziş də imzalanıb. Azərbaycanın kosmik proqramının Fransa ilə sıx əməkdaşlıq halında inkişaf etdiyini xatırlatmaq da yerinə düşər. Bununla yanaşı, gündəmdə nüvə reaktorunun tikintisi də var.
Ollandın Bakıya səfər proqramının humanitar hissəsi Bakı Fransız Liseyilə tanışlıqla başlayıb. Fransa-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən F. Olland liseydə 350 şagirdin təhsil alacağını söyləyib. Ən yaxşı məzunlar təhsillərini Fransa universitetlərində davam etdirəcəklər. Yeri gəlmişkən, artıq Fransada kifayət qədər çox sayda azərbaycanlı gənc təhsil alır.
İlham Əliyev isə dünya mədəniyyətini Fransasız təsəvvür etməyin mümkün olmadığını söyləyib: «Parisin mərkəzində, Eyfel qülləsinin lap yaxınlığında iki il bundan əvvəl Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Bu məktəb səfirlikdən sonra Fransanın ikinci məkanıdır, ikinci ərazisidir». Dövlət başçısı «Ağ şəhər» layihəsi çərçivəsində Paris kvartalının yaradıldığını da xatırladıb.
Bakının görməli yerlərilə tanış olan Fransua Olland Azərbaycan paytaxtının tezliklə dünyanın ən iri və gözəl şəhərlərindən birinə çevriləcəyini söyləyib.
Azərbaycanla Fransa arasında miqyaslı iqtisadi və mədəni əməkdaşlıq fonunda Ollandın Ermənistan və Gürcüstana səfər proqramları xeyli geridə qalıb. Bir məqamı qeyd etmək kifayətdir ki, Fransanın bu ölkələrlə ikitərəfli ticarət dövriyyəsinin, həmin ölkələrə yatırdığı investisiyaların həcmi Azərbaycan-Fransa əməkdaşlığının analoji göstəricilərindən 10-20 dəfə azdır.
F. Olland bildirib ki, Ermənistan iqtisadi inkişaf göstəriciləri kifayət qədər yüksək, çiçəklənməkdə olan ölkədir. «Amma bu proses, hələ ki, məhduddur. Biz biliklərimizi, texnologiyalarımızı, təcrübə və ənənələrimizi Ermənistan iqtisadiyyatına gətirməliyik. Aİ ilə assosiasiyanın necə qurula biləcəyi haqda düşünməli, bunun İrəvanın Gömrük İttifaqına, Avrasiya İttifaqına inteqrasiyasına mane olmamasının yollarını tapmalıyıq», - deyə Fransa prezidenti qeyd edib.
Aydındır ki, cənab Ollandın Ermənistanın «çiçəklənməsi» haqda bəyanatını kompliment kimi qiymətləndirmək lazımdır. Onun həmin fikrin ardınca «bu prosesin məhdud olduğunu» söyləməsi də deyilənlərin təsdiqidir. Bundan başqa, bütün dünya kimi, Olland da Ermənistanın 2008-ci ilin iqtisadi böhranından heç cür çıxa bilmədiyindən xəbərdardır. O, Ermənistanı son illərdə əhalinin az qala üçdə birinin tərk etdiyini, miqrasiya templərinin getdikcə artdığını da bilir. Bununla yanaşı, Fransa prezidentinin Ermənistanı «regionun siyasi və iqtisadi avanqardına çevirmək» arzusu bir qədər anlaşılan deyil. Çünki bunun üçün Ermənistanın ən azı demoqrafik və iqtisadi potensialı yoxdur. Serj Sarqsyanın Ermənistanın «Qərblə Gömrük İttifaqı arasında körpüyə çevrilə biləcəyinə» dair bəyanatını da bu fikirlərlə bir cərgəyə qoymaq olar. Halbuki xəritəyə ötəri nəzər salmaqla, bunun qətiyyən mümkün olmadığını görmək mümkündür. Hər halda, Ermənistan qonşularına qarşı düşmənçilik siyasəti yürütməklə, ərazi iddiaları irəli sürməklə körpüyə deyil, tıxaca, «forpost»a çevrilib. Yəni o, əslində təzyiq və təxribatçı əməllər üçün alətdən başqa bir şey deyil.
Fransa ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın son dərəcə zəif olduğunu Ollandın səfəri çərçivəsində İrəvanda imzalanan sənədlərin əhəmiyyətsizliyi də təsdiqləyir. Tərəflər arasında imzalanmış sənədlər son dərəcə məhdud xarakterlidir. Fransua Ollandın yaşlı şanson ifaçısı Şarl Aznavurun konsertində iştirakı, Fransa «Müqavimət»inin üzvü olmuş Misak Manuşyanın adını daşıyan bağın açılışına qatılması, o cümlədən «1915-ci il soyqırımı» abidəsini ziyarəti isə çətin ki, onun Ermənistana səfərinin əhəmiyyətsiz iqtisadi və siyasi nəticələrini kompensasiya etsin.
Bu mənada Ollandın Gürcüstana səfəri, heç olmasa, siyasi baxımdan ciddi əhəmiyyət daşıyırdı. Hər halda, Gürcüstanın geosiyasi əhəmiyyəti, Avro-Atlantik məkana inteqrasiya ilə bağlı ortaya qoyduğu açıq iddiası səfərə önəm qazandıran məqamlar sayıla bilər. Baş nazir Qaribaşvili qonağı salamlayaraq bildirib ki, bu səfəri Gürcüstanın Avropaya inteqrasiyasına dəstək hesab edir. Tərəflər arasında keçirilən görüşdə Gürcüstanın NATO-ya üzvlük perspektivləri, iyunda Tiflis ilə Avropa İttifaqı arasında imzalanacaq Assosiativ Saziş müzakirə olunub, hərbi sahədə və parlamentlər səviyyəsində əməkdaşlığın fəallaşdırılmasının vacibliyi qeyd edilib. Fransa prezidenti Gürcüstan rəhbərliyinin Avropaya can atmasını dəstəkləsə də, açıq şəkildə göstərib ki, Tiflis Aİ ilə Assosiativ Sazişin imzalanmasından artığına ümid edə bilməz - Aİ-yə üzvlük uzaq perspektivin işidir. Olland NATO-nun Uelsdə keçiriləcək növbəti sammitində Gürcüstana «alyansa üzvlüklə bağlı yol xəritəsinin verilməsi məsələsi»nə baxılmayacağını da söyləyib: «Biz vəziyyəti daha da gərginləşdirə biləcək abstraksiyalarla məşğul olmaq niyyətində deyilik».
Fransa ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığa gəlincə, onun səviyyəsi hətta Parisin İrəvanla iqtisadi əməkdaşlığının səviyyəsindən də aşağıdır. Fransa Gürcüstana son dərəcə cüzi həcmdə investisiya yatırıb. Çünki Fransa biznesi yerli biznes mühitilə, Gürcüstan iqtisadiyyatının imkanları ilə lazımi qədər tanış deyil. Tərəflər bu vəziyyətdən çıxış yollarını müzakirə edib və bir sıra sənədlər imzalayıblar. Onların arasında Gürcüstanda Fransa İnkişaf Agentliyinin (AFD), İqtisadi Yardım və Əməkdaşlıq Cəmiyyətinin (PROPARCO) yaradılması və fəaliyyətinə dair hökumətlərarası sazişləri göstərmək olar. Bu razılaşma əsasında Tiflisdə AFD qrupunun ofisi açılacaq, o, yalnız Gürcüstana deyil, regionun digər ölkələrinə də xidmət göstərəcək. Gürcüstan və Fransa hökumətləri arasında maliyyə protokolu da imzalanıb. Sənədə əsasən, Çiatura şəhərində kanat yollarının bərpası layihəsi həyata keçiriləcək. Fransa layihənin reallaşdırılması üçün Gürcüstana güzəştli kredit şəklində 13,2 milyon avro ayıracaq.
Gürcüstanın baş naziri və prezidenti ölkənin ərazi bütövlüyünün dəstəklənməsi və separatçı rejimlərin tanınmaması siyasətinə görə Fransaya xüsusi minnətdarlıq bildiriblər. Fransua Olland isə Rusiya tərəfindən işğal edilmiş və Moskvanın «müstəqilliklərini» tanıdığı Cənubi Osetiya və Abxaziya ilə bağlı üzərinə heç bir öhdəlik götürməyib və vədlər verməyib. Bununla yanaşı, o, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində vasitəçiliyi nəzərdə tutaraq, Gürcüstanın iki ölkəyə etimad işarələri verməsinin məqsədəuyğunluğu» haqda fikir söyləyib.
Amma Gürcüstanın özünün Abxaziya və Cənubi Osetiyada analoji münaqişələrdən əziyyət çəkməsi faktını mötərizə içərisinə salsaq belə, Fransa prezidenti öz sözlərilə regiondakı reallıqları anlamadığını göstərib. Çünki Dağlıq Qarabağ münaqişəsinin olması Gürcüstana ziyan deyil, yalnız fayda verir. Hər halda, Azərbaycanın strateji boru xətlərinin Gürcüstan ərazisindən keçməsi və Tiflisin Cənubi Qafqazın siyasi yolayrıcına çevrilməsinin əsas səbəbi, məhz, həmin münaqişədir. Amma gəlin, biz Fransa prezidentinin gözlənilməz və tamamilə qeyri-adekvat fikrini onun reallıqla bağlı kifayət qədər məlumatlandırılmamasına bağlayaq. Ümid edək ki, onun regiona səfəri çərçivəsində Cənubi Qafqaz ölkələrinin inkişaf səviyyəsi, potensialı, onların liderlik səviyyəsilə səthi də olsa tanışlığı Fransanın öz siyasətini daha dəqiq ölçüb-biçməsi, gələcəkdə regionla bağlı prioritetlərinin müəyyənləşdirilməsi üçün işə yarayacaq.
MƏSLƏHƏT GÖR:





633

