25 Noyabr 2024

Bazar ertəsi, 00:23

PARASEL MOTİVLƏRİ

Pekinlə Hanoy yeni geosiyasi gərginlik ocağı yaradırlar

Müəllif:

27.05.2014

Cənubi Çin dənizi regionu beynəlxalq arenada gərginlik ocaqlarından birinə çevrilib. Səbəb Çinlə Vyetnam arasında münasibətlərin gərginləşməsidir. Bəs Asiya qitəsindəki bu 2 sosializm dayağı arasında miqyaslı hərbi qarşıdurma mümkündürmü?

Pekin-Hanoy münasibətləri mayın əvvəlində Parasel adaları ərazisinə Çin hərbi gəmilərinin müşayiəti ilə "Xayyan Şiyu-981" qazma platformasının gətirilməsindən sonra gərginləşib.  Vyetnamın konstruksiyanın qurulmasına mane olmaq cəhdinə cavab olaraq, Çin gəmiləri aviasiyanın dəstəyi ilə Vyetnamı patrul katerlərini və balıqçılıq şxunlarını ərazidən sıxışdırıb çıxarıblar.

Qeyd edək ki, Parasel adalarını Çin də, Vyetnam da öz ərazisi sayır. Vyetnamlılar bildirirlər ki, adaların 200 millik eksklüziv iqtisadi zona olan hövzəsi BMT-nin 1982-ci ildə qəbul etdiyi Dəniz Hüququ Bəyannaməsinə əsasən, Vyetnam Sosialist Respublikasına məxsusdur. Pekin isə adaların Çin Xalq Respublikasına məxsus ərazi sularında yerləşdiyini əsas gətirərək, onu özününkü hesab edir.

Bir sözlə, sözügedən ərazinin kimə məxsus olduğuna dair mübahisə qonşuluqdakı Spratli arxipelağının mənsubiyyət məsələsi kimi, Cənubi Çin dənizi regionunda çoxmillətli münaqişə xarakteri   daşıyır. Bundan başqa, Çin və Vyetnamla yanaşı, Parasel adalarına tam və ya qismən Bruney, Malayziya və Filippin də iddia edir. Bütün bunlar hövzənin zəngin karbohidrogen ehtiyatlarına malik olması ilə bağlıdır. Oradakı neft ehtiyatının 125 milyard barrel olduğu bildirilir. Bu, Səudiyyə Ərəbistanında yerləşən dünyanın ən nəhəng yatağındakı ehtiyatın yarısı deməkdir. Üstəlik, Parasel adaları hövzəsində 16 trilyon kubmetr qaz yatağının olduğu da deyilir.

Bu üzdən Pekinin son addımının Vyetnamda kəskin anti-Çin əhvalı yaratması təəccüblü deyil. Münasibətlərin gərginləşməsi toqquşmasız ötüşməyib: Vyetnamın müxtəlif yerlərində küçələrə çıxan insanlar 100-dən artıq müəssisənin istehsalat korpusunu və anbarlarını dağıdıblar. Qəzəblənmiş kütlə yalnız Çin deyil, Sinqapur və Cənubi Koreya fabriklərinə də basqın edib. İnsidentlər nəticəsində onlarca vyetnamlı və Çin vətəndaşı xəsarət alıb. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı, təxminən, 100 çinli yaralanıb. Nəticədə, Pekin vətəndaşlarının evakuasiyası üçün Vyetnama 5 gəmi göndərməli olub.

Hanoy iğtişaş təşkilatçılarının sərt şəkildə cəzalandırılacaqlarını bəyan edib. Hüquq-mühafizə orqanları artıq 800-dən çox insanı saxlayıb. Vyetnamın bu addımı atmaqla vəziyyətin daha da gərginləşməsində maraqlı olmadığını göstərməyə çalışdığını düşünmək üçün kifayət qədər əsas var.

Bunu bir neçə səbəblə izah etmək olar. Əvvəla, Çin Vyetnamın ən böyük ticarət tərəfdaşıdır (iki ölkə arasında ticarət dövriyyəsi 50 milyard dollara çatır). Sənaye baxımından xeyli geri qalan Vyetnam Çindən gələn ucuz məhsullardan çox asılıdır.

Amma bu iki ölkənin münasibətlərində başqa - tarixi-mental məqam da var. Vyetnam, təxminən, 1000 il, az qala X əsrin ortalarından Çinin hakimiyyəti altında yaşayıb. Hətta hər iki ölkədə kommunizmin zəfər çalmasından sonra belə, Hanoy Pekinlə münasibətlərdə tam bərabərhüquqluluğa nail ola bilməyib. Çinlə Vyetnam arasında diplomatik münasibətlər nisbətən 1991-ci ildə normallaşıb, amma bu da onların Cənubi Çin dənizi regionunda ərazi iddiaları üzündən tez-tez münaqişə yaşamalarına mane olmur. Bununla yanaşı, vyetnamlılar hər zaman bir hisslə yaşayırlar - Çin güclüdür və ona qalib gəlmək mümkün deyil.

Cənubi Çin dənizi regionunda miqyaslı hərbi əməliyyatların başlanma ehtimalı yüksək deyil. Amma bu iki ölkə arasındakı ziddiyyət bir perspektivi ortaya çıxarır: Pekin əməllərində sərtliyi artırarsa, Vyetnam dəstək üçün üçüncü qüvvəyə müraciət etməli olacaq. Bu qüvvə həm ABŞ, həm də Yaponiya ola bilər. Çinin Asiya-Sakit okean regionundakı əsas rəqiblərinin məhz Vaşinqtonla Tokio olduğu heç kəsə sirr deyil.

ABŞ region ölkələrinə dəstək verməyə hazır olduğunu hələ bu ilin yanvarında, Pekinin Cənubi Çin dənizinə nəzarəti gücləndirdiyi vaxt bəyan etmişdi. Qeyd edək ki, çinlilərin gəmiçiliklə bağlı tətbiq etdikləri yeni qaydalar bölgədə digər dövlətlərə məxsus balıqçılıq şxunalarının üzməsini məhdudlaşdırıb. Bundan sonra onlar əraziyə daxil olmaq üçün Xaynan Cənubi Çin ada-hökumətindən icazə almalıdırlar. Vaşinqton Pekinin bu qərarını sərt tənqid edib. Amerikalıların fikrincə, bu, "təxribatçılıq, təhlükəli aktdır, çünki Çinin bu qədər geniş dəniz iddiaları heç bir əsasa söykənmir".

Parasel adaları ətrafında münaqişənin qızışdığı indiki şəraitdə isə Birləşmiş Ştatlar Vyetnama birbaşa olmasa da, dolayısı ilə dəstək verməyin əleyhinə deyil. Üstəlik, Vaşinqtonun Hanoyla tərəfdaşlığı inkişaf etdirməsi üçün baza artıq mövcuddur. Bu iki ölkə arasında Vyetnam müharibəsinin acı xatirələri qalsa da, ABŞ və Vyetnam son illərdə hərbi sahədə əməkdaşlığı genişləndirir. Yeri gəlmişkən, Çinin etirazlarına baxmayaraq, Amerikanın hərbi gəmiləri 2010-cu ildən Vyetnamın Danange və Kamrani limanlarında lövbər salıb. Hətta bu iki ölkə bir neçə birgə hərbi təlim də keçirib.

Məsələyə daha geniş yanaşsaq, ABŞ-ın Şimal-Şərqi və Cənub-Şərqi Asiyada istənilən anti-Çin əhvalını dəstəkləməyə hazır olduğu aydındır. Onun  məqsədi də sirr deyil: getdikcə güclənən Çinin başının qonşuları ilə ərazi mübahisələrinə mümkün qədər çox qarışması amerikalılara sərf edir. Misal üçün, ABŞ-ın regiondakı əsas müttəfiqi olan Yaponiyanın özü ilə.

Daha bir maraqlı məqam Çin-Vyetnam gərginliyi fonunda Tokionun demarşıdır. Yaponiya Senkaku arxipelağı yaxınlığındakı 3 adada hərbi postlar qurmağa hazır olduğunu bəyan edib. Qeyd edək ki, Pekin Senkaku arxipelağını özününkü sayır və onu Dyaoyuydao adlandırır.

Parasel adaları ətrafında geosiyasi süjetin əsas məqamına da, deyəsən, bu yerdə gəlib çıxırıq. Söhbət Pekinin son dərəcə vacib olan bu regionda fəallığını ciddi şəkildə artırmaq qərarından gedir. Əksər müşahidəçilər bunu ekspansiya kimi qiymətləndirir. Çin bütün adalar, o cümlədən Cənubi Çin dənizi hövzəsi üzərində  suverenliyini təmin etmək niyyətində olduğunu hər kəsə açıq şəkildə göstərir.

Məsələyə bu cür sərt yanaşma Çinin potensial superfövqəldövlət kimi artan iddialarının "soyuq müharibə" dövründə formalaşmış regional reallıqlara uyğun gəlməməsi ilə bağlıdır. Aparıcı iqtisadi fövqəldövlətlərdən biri, yaxın perspektivdə isə 1 nömrəli fövqəldövlət olacaq Çin Asiya-Sakit okean regionunda ikinci dərəcəli rolda olmasından narazıdır. Məhz bu üzdən o, regionun liderinə çevrilmək üçün ərazi ekspansiyasını genişləndirmə yolunu seçib.

Bundan başqa, Pekin Cənubi Çin dənizi hövzəsinə nəzarəti ələ almaqla, enerji təhlükəsizliyinin möhkəmlənməsinə də nail olmağı düşünür. Çinləlir hesab edirlər ki, onlar qonşularına, məsələn, Vyetnama təzyiqləri artıraraq perspektivli neft-qaz yataqlarını ələ keçirməklə, ABŞ-ın regiondakı strateji müttəfiqlərinin, ilk növbədə, Yaponiyanın regional nüfuzunu azaldacaqlar. Yeri gəlmişkən, Yaponiyanın karbohidrogen xammalının tədarükündən ciddi şəkildə asılı olduğu bəllidir.

Amma bütün bunların fonunda Çinin üzləşdiyi risklər göz qabağındadır. Qonşuların maraqlarına toxunma, əlbəttə ki, onları Vaşinqtonla yaxınlaşmaya sövq edəcək. Amerika isə regiondakı qarışıqlıqdan öz hegemonluq maraqları üçün istifadə etməyə çalışacaq. Vyetnamla Çin arasında qarşıdurma ABŞ-a həm də o baxımdan sərf edir ki, Vaşinqton sosializmin mövcud olduğu və prinsipcə, ABŞ-a strateji rəqib kimi baxan hər iki ölkəni zəiflədəcək. Üstəlik, Vaşinqton Asiya-Sakit okean regionunda hərbi-siyasi rolunu ciddi şəkildə artırmaq niyyətindədir. Amerika HHM sisteminin Yaponiyadan Avstraliyayadək Asiya sektorunun yaradılması bunun göstəricisidir.

Beləliklə, görünən odur ki, dünyanın sürətlə inkişaf edən bu regionunda geosiyasi mübarizə getdikcə daha da güclənəcək.



MƏSLƏHƏT GÖR:

604