
"AVROPALILAR YAMAN LƏNG TƏRPƏNİR"
V.tuleşov: "ai transxəzər layihəsinin reallaşdırılması üçün kifayət qədər siyasi iradə nümayiş etdirmir"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Qazaxıstan Prezidenti yanında Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru, Qazaxıstandakı Avropa klubunun koordinatoru Vəlixan Tuleşov ilə eksklüziv müsahibə.
- Aİ və Azərbaycan XİN Xəzərin dibiylə Transxəzər qaz xəttinin çəkilişi ilə bağlı Türkmənistanla danışıqları davam etdirmək niyyətlərini açıqlayıb. Layihə ilə bağlı başqa bir variant da var: boru xətti Qazaxıstandan keçə bilər. Astanada bu layihəyə münasibət necədir?
- Qazaxıstan Transxəzər qaz kəmərinin inşasında maraqlıdır. Ölkəmizdə iqtisadiyyat, xüsusilə enerji sektoru Azərbaycanda olduğu kimi, sürətlə inkişaf edir. Bu gün Karançanaqdakı iri qaz yataqlarından birinin istismarına başlanılması gündəmimizdədir. Və təbii ki, bu yataqdakı qazın reallaşdırılması məsələsi həllini tapmalı, yəni, qazın təmizlənməsi, hazırlanması və nəqli məsələləri çözülməlidir. Təəssüf ki, Aİ Transxəzər qaz kəməri layihəsinin reallaşdırılması üçün kifayət qədər siyasi iradə nümayiş etdirmir. Bakı-Tiflis-Ceyhan layihəsinin reallaşdırılmasında Bill Klintonun nümayiş etdirdiyi siyasi iradəni uğurlu nümunə saymaq olar. Xəzər dənizinin dibi ilə qaz xəttinin çəkilməsi məsələsində Avropa İttifaqından belə fəallıq görmürük. Avropalılar yaman ləng tərpənir. Bu məsələdə danışıqlara nə qədər tez başlanılarsa, o qədər yaxşı olar. Xəzərin statusunun qeyri-müəyyənliyi məsələsi də var. Amma bunu həll etmək mümkündür. Boru xəttini yalnız layihə iştirakçılarına aid milli sektorlar vasitəsilə çəkmək olar.
- ARDNŞ-dən bildirirlər ki, Azərbaycan və Türkmənistan tərəfləri artıq az qala, dənizin ortasınadək müxtəlif boru xətləri çəkib. İki ölkənin boru xətləri sistemləri arasında məsafə cəmi 50 kilometrdir/...
- Düşünürəm ki, enerji resurslarının ixracı marşrutlarının diversifikasiyasında Türkmənistan tərəfi də maraqlıdır. Ekoloji təhlükəsizliyin təmini ilə bağlı problemlər də tamamilə çözülməsi mümkün olan məsələlərdir. Yəni, bu layihəni digər Xəzəryanı ölkələrlə heç bir münaqişəyə girmədən reallaşdırmaq olar. Bütünlükdə layihənin özü kimi, onun ekoloji nəticələri də yaxşı işlənməlidir. Ümumilikdə bu layihə Azərbaycanla Qazaxıstanın qaz nəqli sistemlərini çox yaxınlaşdırardı. Ümumiyyətlə, bu sahədə sıx əməkdaşlıq çox vacibdir. Bizim ölkələrimizin iştirakı və buraya Türkmənistanın da qoşulması ilə ümumtürk enerji siyasətini həyata keçirmək mümkün olar. Azərbaycan, Qazaxıstan və digər türk dövlətlərinin inteqrasiya olunmuş birgə enerji siyasəti nəhəng fövqəldövlətlərdən asılı olmayan, daha müstəqil siyasi kurs yürütməyə imkan verərdi. Hələliksə ölkələrimiz dünyanın geosiyasi mərkəzləri arasında manevrlər etməyə məcburdur.
- Azərbaycan tranzit ölkə kimi, Xəzərin şərq sahillərində neft hasilatının artımında maraqlıdır. Qazaxıstanın Xəzərdəki ən böyük neft yatağı olan "Kaşaqan"da hasilatla bağlı vəziyyət nə yerdədir?
- Bu ay Kaşaqan yatağında sənaye neftinin hasilatının birinci mərhələsi başlayır. Sınaq işlərinin ilk mərhələsi 2013-cü ilin mayında başa çatdırılmalıdır. Ondan sonra tədricən layihə gücünə keçiləcək. Bu proses nəql imkanlarının artırılması ilə paralel aparılacaq. Hələlik bu yataqdan nəhəng həcmdə neft hasil və nəql etmək mümkün deyil. Neft hasilatının artırılması nəql imkanlarına uyğun həyata keçiriləcək. Xəzər boru xətti konsorsiumu ilə Tengiz-Novorossiysk neft borusunun ötürmə qabiliyyətinin artırılmasına dair razılığa gəlmişik. Prosesə artıq başlanılıb. "Kaşaqan"ın layihə gücü çox yüksəkdir. Hazırda Qazaxıstan 80 milyon tonadək neft hasil edir. Hər il hasilatın həcmi 3-4 milyon ton artır. "Kaşaqan"ın işlənilməsinə start verməklə ölkədə neft hasilatı 150 milyon tonadək arta bilər.
- Bir müddət əvvəl bu yatağın çox çətin yataq olduğuna, oradakı təzyiqin partlayış təhlükəsi yaratdığına, "Kaşaqan"ın işlənilməsinin ekoloji baxımdan təhlükəliliyinə dair fikirlər var idi. Bu problemlər necə həll olundu?
- Bəli, həqiqətən çətin yataqdır. Dənizin dayaz hissəsinə düşən yerlərdə məhsuldar laylar torpağın dərinindədir, üstəlik bu neft yüksək karbonludur, onu təmizləmək lazımdır. Bununla yanaşı, konsorsium neftin təmizlənməsi üzrə müasir qurğular tikib. Ətraf mühitin mühafizəsi məsələsi ekoloji təhlükəsizliyin təmini ilə həllini tapıb. Qərb şirkətləri bu yatağa külli miqdarda investisiya yatırıb, dənizdə süni adalar tikiblər. Orada qazma aparılacaq. Emal infrastrukturu da orada yerləşir. Qərb şirkətləri ekologiyanın qorunması işinə ən müasir texnologiyaları cəlb edib. Meksika körfəzində baş vermiş qəzanın nəticələri ilə mübarizə təcrübəsi nəzərə alınıb. Konsorsiumun baş direktoru bütün bu məsələləri Qazaxıstan hökumətinə izah edib.
- Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Sərfəli coğrafi mövqeyə, geniş investisiya imkanlarına malik iki neft-qaz ölkəsi birlikdə xarici iqtisadi sahədə çox şey əldə edə bilərdi.
- SSRİ-nin dağılmasının yaratdığı inersiya geniş mənada hələ də davam edir. Yəni, keçmiş metropoliya hələ də postsovet məkanındakı müstəqil dövlətlərə təsir göstərməyə çalışır. Yaranmış vəziyyətdə Azərbaycan lap əvvəldən Avropaya inteqrasiya yolunu seçdi. Qazaxıstana gəlincə, ölkə ərazisinin 145%-i Avropaya düşsə də, Qazaxıstanla Avropa arasında Rusiyanın Avropaya düşən böyük bir ərazisi yerləşir. Siyasi baxımdan Qazaxıstanın birbaşa Avropaya inteqrasiya yolunu seçməsi çətindir. Burada keçmiş metropoliyanın təsiri hiss olunur. Amma Azərbaycanla Qazaxıstanın regional səviyyədə və türk formatında sıx əməkdaşlığına heç nə mane olmur. Geosiyasi mərkəzləri "qıcıqlandırmadan" sıx, qarşılıqlı səmərəli ikitərəfli münasibətlər qurmaq müm-kündür. Əminəm ki, XXI əsr türk xalqlarının əsri olacaq.
- Yeri gəlmişkən, perspektivli Ankara-Bakı-Astana strateji xəttinin yaradılmasına necə yanaşırsınız? Burada daxili siyasi sabitlik, iqtisadi potensial, Avropa və Çinə çıxış, enerji faktoru, etnomədəni eynilik, üç ölkə lideri arasında əla münasibətlər var...
- Əla ideyadır və hər şey buna doğru gedir. Bilirsiniz, belə strateji layihələr haqda çox danışmaq, sonda isə heç bir iş görməmək olar. Amma lazımsız səs-küy salmadan hər şeyi həyata keçirmək də mümkündür. İlkin olaraq, məsələn, Bakı-Tiflis-Qars dəmir yolunu istifadəyə vermək olar. Bu, daşımalar sahəsində əməkdaşlığın xeyli genişləndirilməsinə imkan verərdi. Bundan sonra isə Böyük İpək Yolu kimi digər transmilli layihələrin reallaşdırılması mümkündür. Tədricən Qazaxıstanla bərə və hava əlaqələrini genişləndirmək də olar. Sonda sıx, qardaşlıq münasibətinə əsaslanan qarşılıqlı səmərəli əlaqələr qurulacaq.
Qazaxıstan prezidenti Ankaradakı çıxışı zamanı bildirdi ki, dünyada 200 milyondan artıq türk var. Elə etmək lazımdır ki, dünya bu faktorla hesablaşsın. Düşünürəm ki, türklərin inteqrasiyası yalnız şüar olmaqdan qurtularaq regionun real iqtisadi, sosial-mədəni həyatına çevrildikdə türk faktoruna hörmət olunmağa, onunla hesablaşmağa başlayacaqlar. Bu faktor dünyada baş verən proseslərə çox ciddi təsir göstərəcək. Keçmişdə Türk Dünyası Avrasiyada mərkəzi mövqeyə malik olub və bunun gələcəkdə də olması üçün bütün lazımi şərait var.
- Qazaxıstan 2025-ci ildə latın əlifbasına keçmək niyyətindədir. Hazırlıq üçün bu qədər uzun müddətə nə ehtiyac var? Qazaxıstanda bu məsələnin müzakirəsi zamanı Azərbaycanın Yazıçılar İttifaqı ilə də məsləhətləşmələr aparılıb...
- Burada bir neçə vacib amil var. Qazaxlar ölkədə çoxluğa bu yaxınlarda çevriliblər. Qazax əhalinin sayı artır və proqnozlara görə, 2025-ci ildə onlar əhalinin 80%-ni təşkil edəcək. Bu halda asanlıqla latın əlifbasına keçmək mümkün olacaq. Yeri gəlmişkən, qazax əhalinin sayının azalması Sovet hakimiyyəti dönəmində baş verib. Daim köçəri maldarlıqla məşğul olmuş xalqı - qazaxları adət etmədikləri işə - taxılçılığa məcbur ediblər. Onların əlindən mal-qara tamamilə alınıb. 1922-1932-ci illərdə aclıq üzündən saysız-hesabsız qazax dünyasını dəyişib. 6 milyonluq qazax əhalidən yalnız 2,5 milyonu sağ qalıb. Üstəlik, bu zaman mədəni kodların daşıyıcısı olan yaşlı nəsil qırılıb. Məhz həmin vaxt Qazaxıstan əhalisinin sayında disbalans yaranıb.
Latın əlifbasına keçid məsələsinə gəlincə, bu işə yaxşı hazırlaşmaq lazımdır. Burada milli tərkib, ölkənin inkişaf xüsusiyyətləri və digər amillər nəzərə alınmalıdır. Artıq latın qrafikasına keçmiş Türkiyə, Azərbaycan, Özbəkistan və Tatarıstanın təcrübəsinin öyrənilməsi istiqamətində müəyyən işlər görülüb. İstənilən halda, məsələn, Azərbaycanın latın əlifbasına keçidlə bağlı təcrübəsini avtomatik olaraq Qazaxıstanda tətbiq etmək mümkün deyil. Özbəkistan latın qrafikasına çoxdan keçsə də, hələ də yaşlı nəsil kiril əlifbası, gənclər isə latın əlifbası ilə oxuyur. Hətta Türkiyədə əhalinin əksəriyyətini türklərin təşkil etdiyi Atatürkün dövründə latın əlifbasına keçid qısa zamanda mümkün olmamışdı. Əsas odur ki, Qazaxıstanda bu məsələ prinsip etibarı ilə həll olunub.
MƏSLƏHƏT GÖR: