14 Mart 2025

Cümə, 13:10

HƏR İŞDƏ BİR XEYİR VAR

Moskvanın qəbələ RLS-ın istifadəsindən imtinası fonunda azərbaycan-rusiya münasibətlərinin perspektivi haqqında

Müəllif:

15.12.2012

Moskva ilə Bakı Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə qiyməti  ilə bağlı razılığa gələ bilmədi. Azərbaycanın irəli sürdüyü yeni icarə qiyməti Rusiyanı qane etmədi və nəticədə, Moskva RLS-in istifadəsini dayandırdığına dair nota verdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı bəyanatında bildirilir ki, Bakı ilə Moskva arasında "intensiv danışıqlar" aparılıb və rəsmi Bakı bu danışıqlarda RLS-in istismarının davam etdirilməsində Rusiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu nümayiş etdirib. "Lakin danışıqlar prosesində tərəflər stansiyanın icarə qiyməti  ilə bağlı razılığa gələ bilməyib", - deyə XİN-in açıqlamasında qeyd olunur.

Bir qədər sonra Moskvanın Qəbələ RLS-in icarə müddətini uzatmaqdan imtina etdiyini Rusiya XİN də təsdiqləyib. "2012-ci il dekabrın 9-da Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Qəbələ RLS-in ("Daryal" RLS) istifadə statusu, prinsipləri və şərtləri  ilə bağlı müqavilənin müddəti başa çatdığından, 10 dekabr 2012-ci il tarixdən Rusiya bu stansiyadan istifadəni dayandırıb. Rusiyanın Bakıdakı səfirliyi bununla bağlı notanı Azərbaycan XİN-ə vaxtında təqdim edib", - deyə Rusiya xarici siyasət idarəsinin rəsmisi Aleksandr Lukaşeviç RİA "Novosti"yə bildirib.

 

"Lehinə" və "əleyhinə"

Çoxları üçün danışıqların bu cür başa çatması gözlənilməz olsa da, bu nəticəni sürpriz də saymaq da olmaz. Qəbələ RLS SSRİ-nin raketdənmüdafiə sisteminin vacib elementlərindən olub. İttifaqın dağılmasından sonra o, ərazisində yerləşdiyi Azərbaycanın mülkiyyətinə çevrilib. RLS-in Rusiyaya icarəyə verilməsinə dair 10 illik müqavilənin müddəti 2012-ci il dekabrın 24-də bitir. Bununla əlaqədar olaraq Azərbaycan yeni müqavilədə bu strateji obyektin icarə qiymətinə yenidən baxılmasını təklif etmişdi. KİV-in məlumatına görə, Bakı bunadək qarşı tərəfdən RLS-in icarəsinə görə aldığı rəmzi məbləği - ildə 7 milyon dolları mövcud reallıqlardan çıxış edərək, 300 milyon dollaradək artırmaq qərarına gəlib. Moskva isə qiymətin 40 dəfədən çox artırılmasını "fantastik" sayıb. Danışıqların gedişində ortaya müxtəlif versiyalar da atılıb: kimsə geosiyasi məqamlara diqqət çəkib - guya ABŞ Rusiyanı öz maraq dairəsindən sıxışdırıb çıxarmaq istəyir, kimisə belə qənaətə gəlib ki, Azərbaycan, sadəcə, Qəbələ RLS-in Moskva üçün strateji əhəmiyyətindən istifadə etməklə pul qazanmaq istəyir və sair.

Belə bir obyektin real icarə qiymətinin nə qədər olmalı olduğunu isə çox az adam təhlil edib. İndiyədək alınan illik 7 milyon dollar icarə haqqının "fantastik" dərəcədə az olduğunu da nədənsə heç kim görməyib. Obyektiv təhlil isə göstərir ki, Azərbaycan bu 10 il ərzində ?imal qonşusu və strateji tərəfdaşına faktik olaraq böyük dost güzəşti edib. Buna əmin olmaq üçün Moskvanın postsovet məkanındakı digər hərbi-strateji obyektlərə görə nə qədər icarə haqqı ödədiyinə nəzər salmaq kifayətdir.

Bir müddət əvvəl "Zerkalo" qəzeti "Doktrina" Jurnalistlərin Hərbi Tədqiqatlar Mərkəzinin məlumatını dərc etmişdi. Orada bildirilir ki, Moskva Baykonur kosmodromundan istifadəyə görə Qazaxıstana ildə 115 milyon dollar ödəyir. Bu obyektin işlək vəziyyətdə saxlanılması isə Rusiyaya əlavə 100 milyon dollara başa gəlir. Bundan başqa, kosmodromun praktik istifadəsinə ruslar daha 100 milyon dollar xərcləyir.

Daha bir nümunə Sevastopoldakı hərbi-dəniz bazasıdır. Müqaviləyə əsasən, Rusiya 2017-ci ildən bazanın icarəsinə görə Ukraynaya ildə 100 milyon dollar ödəyəcək. Bununla yanaşı, Moskva Sevastopolun sosial-iqtisadi inkişafına yardım göstərməyə də razılıq verib.

ABŞ-la Qırğızıstan arasındakı analoji əməkdaşlığı da yada salmaq olar. Bəzi mətbuat orqanlarının və ekspertlərin bildirdiyinə görə, Vaşinqton "Manas" aeroportundan istifadəyə görə Bişkekə ildə 150 milyon dollar ödəyir. Rusiyanın İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyev isə "Rosbalt"a açıqlamasında Amerikanın "Manas"dan istifadəyə görə Qırğızıstana ildə 300 milyon dollar ödədiyini bildirir. V.Yevseyev Qəbələ RLS-in ABŞ-ın tamfunksiyalı nəqliyyat bazasına çevrilməsini mümkünsüz saysa da, Bişkekin ABŞ HHQ üçün "Manas"a görə icarə haqqını məhz Rusiyanın təzyiqi ilə artırması haqda susur. Belə çıxır ki, ABŞ üçün hərbi obektin istifadəsinə görə illik 300 milyon dollar tam obektiv rəqəmdir, icarədar Moskva olduqda isə bu, fantastik artım sayılır.

Bakının Qəbələ RLS-ə görə tələb etdiyi icarə haqqını həddindən artıq çox hesab edən KİV və ekspertlər RLS-in obyektə yaxın ərazidəki insanların sağlamlığına, ətraf mühitə vurduğu son dərəcə ciddi zərəri də nəzərə almır. Üstəlik, bu məsələnin ciddi strateji riskləri var və bu, heç də az kompensasiya tələb etmir.

Rusiyanın bu məbləğə "Voronej" tipli iki stansiya tikə biləcəyi isə başqa məsələdir. Ola bilsin, Rusiya Qəbələ RLS-dən imtina edərkən məhz bu məqamı əsas götürüb. Rusiya Müdafiə Nazirliyinin planlarına görə, Azərbaycanda yerləşən stansiyanın məsuliyyət zonasını Armavirdəki (Krasnodar vilayəti) RLS "örtməlidir", "Voronej" isə fəaliyyətə 2013-cü ilin ilk rübündə başlayacaq.

Amma Armavirdəki RLS-in Qəbələ RLS-i tam əvəz edə biləcəyi fikri  ilə heç də bütün mütəxəssislər razı deyil. Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın rəyasət heyətinin üzvü, hərbi ekspert İqor Korotçenko jurnalımızın ötən saylarından birinə müsahibəsində bildirmişdi ki, "Voronej" RLS yüksək zavod hazırlığı olan yeni tipli stansiyadır: "Armavirdəki RLS isə Qəbələ RLS-in malik olduğu bütün imkanlara malik deyil. Odur ki, bu iki stansiya bir-birini tamamlayacaq. Qəbələ RLS-in rolu unikaldır. Çünki o, cənub istiqamətdə raketlərin havaya buraxılmasına nəzarətlə bağlı çox sayda məsələni həll etməyə imkan verir. Odur ki, Rusiya üçün bu stansiyanın qiyməti çox yüksəkdir".

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın Öyrənilməsi Mərkəzinin eksperti Stanlislav Pritçin də hesab edir ki, hələlik Rusiyanın Qəbələ RLS-ə adekvat əvəzi yoxdur. Onun fikrincə, Armavir yaxınlığında 2009-cu ildə istismara verilmiş "Voronej-DM" stansiyası Qəbələ RLS-i əvəzləyə bilməz.

Digər rusiyalı hərbi ekspert Vladislav Şurıqin də eyni fikirdədir: "Rusiya üçün Qəbələ RLS vacibdir. Çünki istismara verilmiş yeni RLS-lərdən heç biri onun imkanlarını kompensasiya edə bilməyəcək".

Lakin Qəbələ RLS Rusiya üçün yalnız hərbi-texniki imkanlar baxımından deyil, həm də və bəlkə daha çox ABŞ-ın bilavasitə maraq dairəsinə daxil olan Cənubi Qafqazda hərbi-geosiyasi mövcudluğu baxımından da vacibdir. "Moskovski komsomolets" bu yaxınlarda Vladimir Putinin bu stansiyanı ABŞ-a "Avropada birgə raketdənmüdafiə sisteminin yaradılmasında "kozır" və töhfə kimi" təklif etdiyini xatırladır.

İstənilən halda, Moskva Qəbələ RLS-in istifadəsindən imtina edib və bu, onun hüququdur. Amma Azərbaycanın öz ərazisindəki obyektlərin icarəsinə görə öz qiymətini müəyyən etməsi də Bakının suveren hüququdur. İndi analitikləri daha çox Qəbələ RLS-in gələcəyi və Azərbaycan-Rusiya münasibətlərinin perspektivi maraqlandırır.

 

Qəbələ - turizm cənnəti

Stansiyanın gələcəyinə gəldikdə, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun dediyi kimi, hələlik, Bakı hər hansı ölkədən onun istifadəsi  ilə bağlı müraciət almayıb. "Hər bir stansiyanın öz özəllikləri var və bundan sonra kiminsə Qəbələ RLS-dən istifadə etmək istəyəcəyini düşünmürəm. Bu məsələ müzakirə olunmur", - deyə Məmmədyarov qeyd edib. O, stansiyanın ABŞ-a icarəyə verilməsinin mümkün olmadığını da vurğulayıb. "Bu günlərdə Azərbaycanda Qəbələ RLS-in personalı və avadanlıqlarının evakuasiyası məsələsi  ilə məşğul olacaq hökumət komissiyası yaradılacaq", - deyə "İnterfaks-Azərbaycan"ın məlumatına görə, nazir bildirib.

Qəbələ RLS-in gələcəyi  ilə bağlı ən real versiya kimi, həmin ərazinin turizm zonasına çevrilməsini qeyd etmək olar. Qəbələnin geridə qalmış dağ rayonundan müasir beynəlxalq turizm mərkəzlərindən birinə çevrildiyi heç kim üçün sirr deyil. Turizm zonasında RLS-in fəaliyyət göstərməsi isə heç də arzuolunan məsələ deyil. Amma indidən qabağa qaçmayaq. Çünki RLS-in gələcək taleyi  ilə bağlı rəsmi açıqlama hələ ki, verilməyib. Azərbaycan-Rusiya münasibətlərinin perspektivi haqda isə danışmağa dəyər.

 

Rusiya-Azərbaycan: həyat davam edir

Qəbələdə əməkdaşlığın dayandırılması ilə KİV-də və ekspertlər arasında Bakı ilə Moskvanın dost münasibətlərinin gələcəyinə dair həyəcan təbili çalınmağa başlanıb. Bəzi ekspertlər Moskvanın "incik"liyinə əsaslanaraq bu münasibətlərin pozulacağını proqnozlaşdırır. Lakin bu zaman onlar Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini şərtləndrən obyektiv məqamları nəzərə almır.

Zəngin resurslara və iqtisadi potensiala malik Azərbaycan ölkə rəhbərliyinin praqmatik siyasəti nəticəsində bu gün özünü tam təmin edən ölkə və beynəlxalq münasibətlərin bərabərhüquqlu iştirakçısı kimi qəbul olunur. Postsovet məkanının bir sıra digər dövlətlərindən fərqli olaraq, Azərbaycan artıq çoxdandır ki, Rusiyanın "kiçik qardaşı", əlaltısı, xüsusən də forpostu deyil. Bu üzdən Moskva Bakının Qəbələ RLS məsələsində də öz milli maraqlarından çıxış etməsindən, çətin ki, "şoka düşsün".

Bu konteksdə Azərbaycan hökumətinin bəyanatlarındakı kifayət qədər nikbin ton diqqət çəkir. Məsələn, Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Rusiyanın Qəbələ RLS-dən imtinasını dramatikləşdirməyə ehtiyac görmür. "Qəbələ RLS-lə bağlı məsələ meydana çıxdıqda iki ölkə arasında komissiya yaradıldı. Danışıqlar nəticəsində tərəflər stansiyanın istismarının dayandırılması haqda qərar qəbul etdi. Bu, Azərbaycan-Rusiya münasibətlərinin korlanacağı demək deyil", - deyə spiker parlamentin plenar iclasında bildirib.

Həqiqətən də Qəbələ RLS Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini  şərtləndirən yeganə və əsas amil deyil. Buna əmin olmaq üçün iki ölkə arasında ticarətin həcminə nəzər salmaq kifayətdir. Azərbaycanla Rusiya arasında 2012-ci ilin yekunlarına görə qarşılıqlı ticarət dövriyyəsinin 3,1 milyard dollara çatacağı gzlənilir. Bunu bu yaxınlarda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsinin ayda 300 milyon dollar artması bu rəqəmi açıqlamağa imkan verir.

Y.Şedrin bildirib ki, Rusiya-Azərbaycan ticarət-iqtisadi əlaqələri dayanıqlı inkişaf tendensiyasına malikdir və son 5 ildə bu sahədə, təxminən, 2 dəfəlik artım qeydə alınıb.

"Ötən il ikitərəfli ticarət dövriyyəsinin səviyyəsi rekord həddə çataraq 3 milyard dolları ötüb. Rusiya Azərbaycana mal ixrac edən ölkələr arasında lider mövqedədir. Xam neft nəzərə alınmasa, Rusiya həm də Azərbaycanın məhsullarının əsas istehlakçısıdır", - deyə Y.Şedrin qeyd edib.

Rusiyanın ixrac strukturunda maşınlar, avadanlıqlar və nəqliyyat vasitələri, ərzaq, qara və əlvan metallar,  ağac və sellüloz-kağız məhsulları, kimyəvi maddələr, elektrik enerjisi üstünlük təşkil edir. Azərbaycan isə Rusiyaya əsasən ərzaq məhsulları, kənd təsərrüfatı malları (ümumi ixracın 55,4%-i) ixrac edir. Bu təchizatın həcmi 18,3% artıb.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov vaxtilə Rusiyanın Ukrayna ərazisindəki radiolokasiya stansiyalarından istifadədən imtina zamanı da analoji problemlə qarşılaşdığını xatırladır. O zaman bu, iki ölkə arasında düşmənçiliyə aparıb çıxarmamışdı.

Parlamentin spikeri Oqtay Əsədov isə hazırda Qazaxıstanın da Rusiya ilə "Baykonur"a dair razılaşmaya yenidən baxdığını, bunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərmədiyini diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycan və Rusiya bir-biri  ilə bir çox digər sahələrdə də bağlıdır və onların bir anda silinib-atılması mümkün deyil. Üstəlik, iki ölkə arasında siyasi, humanitar və mədəni sahələrdə də qarşılıqlı anlaşma kifayət qədər yüksək səviyyədədir. Qəbələ RLS-lə bağlı məsələdə isə məğlub tərəf yoxdur. Rusiyalı ekspertlərin fikrincə, stansiyadan imtina Rusiyanın təhlükəsizliyinə heç bir mənfi təsir göstərməyəcək. Çünki hazırda cənub istiqamətindən faktik olaraq heç bir raket təhlükəsi yoxdur. Obyektin ABŞ-ın əlinə keçmə ehtimalı da çox azdır. Çünki o, NATO-nun Avropada yaratdığı raketdənmüdafiə şitinin tələblərinə cavab vermir. Hətta cənubdan mümkün raket zərbəsi təhlükəsinin yaranarsa belə, "Armavir" RLS istismara verilib və rusiyalı hərbçilərin iddiasına görə, o, Qəbələ RLS-in məsuliyyət zonasını "bağlamaq" iqtidarındadır. Bundan başqa, rusiyalı ekspertlər onu da bildirir ki, Moskva Qəbələ RLS-lə bağlı Bakı ilə razılığa gəlsəydi, stansiyanın  müasirləşdirilməsinə xeyli pul xərcləməli olacaqdı.

Azərbaycana gəlincə, ölkənin müdafiəsi baxımından Qəbələ RLS xüsusi üstünlük hesab olunmurdu. Çünki o, Rusiyanın radiolokasiya zəncirinin bəndlərindən biri sayılırdı. Stansiyanın ayrıca fəaliyyətisə praktiki olaraq, effektiv deyil. Digər tərəfdən, bu obyekti Azərbaycanın xarici siyasətində kozır saymaq da mümkün deyil. Çünki raketdən müdafiə sistemini Şərqə doğru genişləndirməkdə ən maraqlı ölkə olan ABŞ belə, Qəbələ RLS-in istifadəsindən imtina edir.

Rusiyanın Qəbələ RLS-in icarəsindən imtinası Bakının maddi maraqlarına da ciddi zərbə olmayacaq. Təkcə Azərbaycan bu regionda turizmin inkişafı sayəsində ildə 7 milyon dollarlıq rəmzi rəqəmdən qat-qat böyük gəlirlər əldə etmək olar.

Beləliklə, görünür nə baş verirsə, yaxşılığa doğrudur və ya hər işdə bir xeyir var. 



MƏSLƏHƏT GÖR:

589