
"PROBLEMLƏRİ HƏLL ETMƏK LAZIMDIR"
Vladimir Yevseyev: "Moskva ilə Bakı arasında bir çox həll olunmamış məsələlər var"
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Rusiyanın postsovet məkanında siyasi və iqtisadi müstəvidə inteqrasiya ilə bağlı son təşəbbüsləri analitiklərin diqqətindən kənarda qala bilməzdi. Siyasi-iqtisadi planda bu ideya Avrasiya İttifaqının yaradılmasından ibarətdirsə, KTMT-də islahatların aparılması ilə Rusiya keçmiş SSRİ respublikalarını hərbi sahədə bir araya toplamağa çalışır. Amma Moskvanın uzaq perspektiv üçün yeni inteqrasiya proseslərini reallaşdırmağa imkanı çatacaqmı? Bu və digər suallara cavab tapmaq üçün Rusiyanın İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevə müraciət etdik.
- Rusiya siyasətçiləri bildirir ki, 2013-2014-cü illər Avrasiyaya inteqrasiya prosesində həlledici finiş dövrü olacaq. Yəni, 2015-ci il yanvarın 1-də Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin imzalanması üçün hüquqi-normativ bazanın yaradılması da daxil olmaqla, intensiv hazırlıq işlərinə başlanılır. Son nəticədə bu layihəyə hansı dövlətlər qoşulacaq?
- Avrasiya İttifaqı üçün baza 5 dövlət - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın daxil olduğu Avrasiya İqtisadi Birliyidir. Vahid iqtisadi məkan ideyasını həyata keçirmək mümkün olmadı. Çünki layihə orada Ukraynanın da iştirakını nəzərdə tutsa da, Kiyev inteqrasiya proseslərinə qoşulmaqdan imtina etdi. Nəticədə hər şey üç ölkənin üzərinə düşdü - Rusiya, Qazaxıstan və Belarus. "Avrasiyalaşma"nın lideri yalnız Vladimir Putin yox, həm də Nursultan Nazarbayevdir. Artıq Avrasiya İttifaqında Moskva, Minsk və Astananın iştirak edəcəkləri tam aydındır. Amma Avrasiya İqtisadi Birliyinin bütün üzvlərinin, yəni həm də Qır-ğızıstanla Tacikistanın Avrasiya İttifaqına qoşulacağına ümid bəslənir.
Avrasiya İttifaqı elə Avrasiya İqtisadi Birliyi ilə eyni variantdır. Sadəcə o, ölkələrin daha sıx əməkdaşlığını nəzərdə tutur. Və orada tamamilə yeni, gözlənilməz iştirakçılar da ola bilər. Avrasiya İqtisadi Birliyinə müşahidəçi qismində 3 dövlət daxildir - Ermənistan, Ukrayna və Moldova. Ola bilsin ki, Avrasiya İttifaqında postsovet məkanına daxil olmayan dövlətlər də təmsil olunsunlar. Avrasiya İttifaqının uğuru Gömrük İttifaqının effektivliyindən asılıdır. O isə öz növbəsində artıq müsbət nəticələr verməkdədir. Xüsusilə gözlənilmədən Qazaxıstanla Belarus arasında ticarət dövriyyəsi artıb. Onların arasında iqtisadi münasibətlər zəif olduğundan bu artım gözlənilməz hesab oluna bilər.
Görünür Gömrük İttifaqı özünü doğruldur. Burada bir də Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi var. Belarus siyasi səbəblərdən bu quruma üzv ola bilmir. Qazaxıstan isə oraya daxil ola bilər. Avrasiya İttifaqının perspektivlərindən danışarkən bu birlikdə Azərbaycanı da görməyi çox istərdik. Amma hələ ki, bunun üçün vəziyyət əlverişli deyil. Hələlik Rusiya ilə Azərbaycan arasında həlli vacib olan məsələlər var. Onlardan biri də Qəbələ RLS-in icarəsi məsələsidir. Ümid edirəm ki, bu məsələlər həllini tapacaq. Moskva ilə Bakı arasında bir çox həll olunmamış məsələ var. Rusiyanın Ermənistana hərbi yardımı və sair də buraya aiddir.
Perspektivdə Azərbaycanın Avrasiya layihəsində iştirakı ağıllı addım olardı. Azərbaycan Ermənistandan daha çox Avrasiya dövlətidir. Amma fakt, fakt olaraq qalır: qarşıdurma şəraitində yaşayan iki dövlət Avrasiya İttifaqında təmsil oluna bilməz.
Layihənin tam miqyasda reallaşdırılmasına 2015-ci ildə başlanılacaq. Bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin çözüləcəyini düşünmürəm. Və nə qədər ki, Qarabağ problemi həllini tapmayıb, Bakı ilə İrəvanın eyni vaxtda ittifaqda təmsil olunmaları mümkünsüzdür. Vaxtilə Türkmənistanın xüsusilə ŞƏT çərçivəsində inteqrasiyasına böyük ümidlər var idi. Amma bu dövlətin rəhbərliyi inteqrasiya proseslərinə maraq göstərmədi. Bununla yanaşı, Avrasiya İttifaqında Monqolustan kimi uzaq oyunçuların da təmsil olunacağı istisna deyil.
- Amma Ermənistan müxtəlif proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq edir. Bu ölkənin liderləri Qərbə səfərləri zamanı "Ermənistan dövlətinin Avropa perspektivləri" haqda danışırlar. Belə olan təqdirdə İrəvan Avrasiya İttifaqı üçün nə dərəcədə uyğun tərəfdaşdır?
- Həqiqətən də NATO ilə əməkdaşlıqda genişlənmə müşahidə olunur. Amma Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qaldığı dövrdə Ermənistan üçün Rusiya NATO-dan daha vacibdir. Bu, Gümrüdə Rusiya hərbi bazasının yerləşməsi, hava hücumundan müdafiənin birgə həyata keçirilməsi ilə bağlıdır. Üstəlik, Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyi də var. Bundan başqa, Rusiya Ermənistan üçün vacib iqtisadi rola da malikdir - bu ölkədə Rusiya mülkiyyəti var.
- Dağlıq Qarabağ münaqişəsi çözülmədən Ermənistan Avrasiya İttifaqına üzv ola bilərmi?
- Hazırda Qarabağ probleminin yaxın 2-3 il ərzində həll olunmayacağı aydındır. Ermənistanın Avrasiya İttifaqında müşahidəçi statusu almaq şansı var. Amma bu halda Azərbaycan birlikdə təmsil olunmaqdan imtina edəcək. Ona görə də hər şey münaqişənin həllindən asılıdır. Düşünürəm ki, Azərbaycan üçün bu inteqrasiya proseslərində iştirak məqsədəuyğun olardı. Məsələn, bu, Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsi kimi layihənin reallaşdırılmasına imkan yaradar, enerji daşıyıcılarının Azərbaycan ərazisilə nəqli üçün optimal şərait yaranar və s. Azərbaycanın Avrasiya İttifaqına qoşulması yolunda iki problem var: Ermənistanın layihədə iştirakı və Qərbin müqaviməti. Şübhəsiz ki, Qərb postsovet məkanında inteqrasiya proseslərində maraqlı deyil. Qərb bu proseslərə qarşı "Nabukko" tipli "mifik" qaz kəməri sistemlərini ortaya atır. Halbuki, onlar real görünmür. Hətta perspektivdə belə, Azərbaycan üçün Avrasiya İttifaqına üzvlük çox sərfəli olacaq. Uzaq gələcəkdə Azərbaycan enerji resurslarının ixracatçısından çox tranzit ölkəyə çevrildikdə bu layihədə iştirak Bakıya çox böyük gəlirlər əldə etmək imkanı verəcək. O dövrədək vəziyyətin dəyişməsi və Azərbaycanın Rusiyanın təşəbbüskarı olduğu proseslərə daha fəal qoşulması tamamilə mümkündür.
- KTMT-yə üzv dövlət başçılarının dekabrın ortalarında keçiriləcək sammitində bu hərbi blokda islahatların aparılmasını nəzərdə tutan sənədlərin qəbul olunacağı gözlənilir. KTMT hansı şəkil alacaq?
- Çox tezliklə KTMT-yə ehtiyacın kəskin şəkildə artacağı ehtimalı böyükdür. Məsələ ondadır ki, 2014-cü ildə ABŞ Əfqanıstanda cəmi 25 minədək hərbçi və bir neçə min mülki şəxs saxlamaq fikrindədir. Onlar 5 hərbi bazada cəmləşəcək. Belə olacağı təqdirdə hər hansı irimiqyaslı hərbi əməliyyatların keçirilməsi haqda danışmaq artıq olacaq. Onlar əsasən logistika, havadan dəstək və sair missiyaları həyata keçirəcəklər. İrimiqyaslı hərbi əməliyyatlardan imtina etmək lazım gələcək. Elə bu məqamda Əfqanıstanda vəziyyət müxtəlif senarilər üzrə inkişaf edə bilər. Əfqanıstan prezidenti Həmid Kərzainin zəif hakimiyyəti, onun ciddi şəkildə korrupsiyalaşması, Əfqanıstan Silahlı Qüvvləəri və polisinin kifayət qədər güclü olmaması üzündən son dərəcə pis senarilər də mümkündür. Ölkədə hakimiyyət dəyişikliyi ola, ölkənin bir hissəsinə nəzarət itə, hətta Əfqanıstanın şimalı öz müstəqilliyini elan edə bilər.
"Taliban"ın hakimiyyətə qayıtması onların dərhal Daşkəndi ələ keçirməyə yollanacaqları anlamına gəlmir. Amma necə deyərlər, öz sərhədlərindən kənara çıxmaq "Taliban" kimi hərəkata xas cəhətdir. Onlar ən azı regionun təhlükəsizliyi baxımından mənfi fon yaradır. Narkotrafik, silah ixracı, yaraqlıların cəlbi - bütün bunlar "Taliban" hərəkatının dayaqlarıdır.
Təhlükə ilk növbədə Tacikistanla bağlıdır. Belə vəziyyətdə Rusiyanın Tacikistanda hərbi mövcudluğunu genişləndirmək zərurətinin yaranacağı, bəlkə də hansısa real hərbi ssenarilər hazırlamağın lazım gələcəyi istisna deyil. Yəni KTMT konkret insanların müdafiəsinə qalxa bilər. İndiyədək KTMT Rusiya üçün formal rol oynayırdı. Realda bu blok o qədər də güclü deyildi və narkotrafik kanallarının qarşısının alınması kimi kiçik əməliyyatlarda istifadə olunurdu. KTMT-nin simasında nəhəng hərbi gücdən danışmaq mümkün deyildi. Məsələn, 2010-cu ildə Qırğızıstanda baş vermiş qanlı hadisələrə KTMT cəlb edilmədi ki? İndi isə real hərbi güc ortaya qoya biləcək təşkilata çevrilmək lazımdır. Potensial olaraq Əfqanıstanda Amerika hərbi qüvvələrinin beşqat azalması halında KTMT-nin Mərkəzi Asiya regionunda rolu artacaq. Amma KTMT-də islahatlara ehtiyac var. Məsələn, təşkilatın üzvü olan Özbəkistan daim orada qərarların qəbuluna əngəl yaradır. Ola bilər ki, qərarların qəbulunda konsensus mexanizmindən imtina olunsun. KTMT-də dəyişən geosiyasi şərtlərə uyğun islahatlar aparılmalıdır. Bu olmadan Tacikistanı müdafiə etmək də mümkün olmayacaq. Özbəkistan isə hesab edir ki, onun özünü taliblərdən qoruması üçün kifayət qədər gücü var. Özbəkistan daxildə kifayət qədər güclü olsaydı, buna inanmaq olardı. Amma onun daxili siyasi problemlərini unutmaq olmaz. Türkmənistan isə "Taliban"la razılığa gələ biləcəyini düşünür. Bu əminlik Aşqabadın əvvəllər də taliblərlə razılıq əldə etməsindən irəli gəlir. Ola bilsin ki, Türkmənistan bu dəfə də razılıq əldə etsin. Amma Özbəkistanın taliblərlə problemdən qaçması çətin olacaq. İslam Kərimov (Özbəkistan prezidenti - red.) amerikalılara əbəs yerə ümid edir. Əfqanıstanı tərk edəcək ordu Mərkəzi Asiyaya göndərilməyəcək. Avropalılar ordunun Əfqanıstandan çıxarılmasını səbirsizliklə gözləyirlər.
İstənilən halda, baş verən proseslər fonunda KTMT-nin rolu obyektiv olaraq yüksəlir və Moskvada bunu dərk edirlər.
- Siz Rusiyanın cənub sərhədlərində mümkün gərginliklər haqda danışdınız. Amma Rusiyanın daxilində, Şimali Qafqazda da vəziyyət o qədər də sabit deyil...
- Orada vəhabilərin Səudiyyə Ərəbistanı tərəfindən idarə olunduğunu söyləmək ən asanı olardı. Amma həqiqətən Şimali Qafqaz regionunda vəziyyət çox çətindir. Bu respublikaların hər birində yaraqlıların öz daxili sosial bazası var və onlar qismən özləri özlərini maliyyələşdirir. Əksər hallarda maliyyə mənbələri daxildədir. Yerli hökumətlər yaraqlıların daxili və xarici maliyyə mənbələrini bağlaya bilmir. Çünki orada hökumət ya çox zəifdir, ya da onlar sadəcə yaraqlılarla razılaşmaya getməyə üstünlük verir. Bu baxımdan Şimali Qafqazda sabitliklə bağlı problemin yaxın illərdə çözüləcəyini düşün-mürəm. Orada hər iki tərəfdən çox qan tökülüb, sosial problemlər illərdir həllini tapmır. Bəli, regionu ayrıca federal dairəyə çeviriblər, amma məqsədə nail olunmayıb. Orada müəyyən mənada milli dirçəliş prosesi gedir və bu da gərginliyin artmasına səbəb olan amillərdəndir. Subyektiv səbəblərə Rusiyada korrupsiyanın yüksək həddini də aid etmək lazımdır. Və əlbəttə ki, xarici təsirlər də var. Ərəb ölkələrində hakimiyyətlərin necə ələ alındığını hər kəs bilir. Təbii ki, bunun Şimali Qafqazda da təkrarlanması arzusu var. Üstəlik, bu regionda döyüşməyi də bacarırlar. Bütün bu kompleks problemlərin həlli vacibdir. Bu respublikaların hər birinin öz xüsusiyyəti var.
MƏSLƏHƏT GÖR: