
KARIN KÖNLÜNDƏKİ
Ermənistan KİV-in qaldırdığı səs-küyün əksinə olaraq, Gürcüstan hökuməti ölkənin üstündə dayandığı budağı kəsmək fikrində deyil
Müəllif: Fuad HİLALOV Bakı
Ermənistan KİV və ona yaxın mətbuatın Gürcüstanda yeni hökumətin seçilməsilə guya Azərbaycan-Gürcüstan münasibətlərində soyuqluğun yarandığına dair qaldırdığı səs-küyün gözlənildiyi kimi, növbəti sabun köpüyü olduğu üzə çıxdı. Gürcüstanın yeni hökumətinin bu və ya digər dərəcədə Azərbaycanın maraqlarına toxunan ilk bəyanatlarını əldə bayraq etmiş sözügedən KİV arzusunu reallıq kimi təqdim etməyə çalışırdı - guya Gürcüstan Azərbaaycanla dialoqda tonunu sərtləşdirir.
Bu zaman Gürcüstanın baş naziri Bidzina İvanişvilinin, iqtisadiyyat naziri Giorgi Kvirikaşvilinin və reinteqrasiya üzrə dövlət naziri Paata Zakareişvilinin bəyanatlarına istinad olunurdu. Söhbət onların xarici investorlarla, həmçinin SOCAR-la razılaşmalara yenidən baxmaq, qaz və elektrik enerjisi tariflərini aşağı salmaq, həmçinin Rusiya ilə Abxaziya vasitəsilə dəmir yolu əlaqəsini bərpa etməklə bağlı bəyanatlarından gedir. Sonuncu əlbəttə ki, Ermənistanın maraqlarına cavab verir.
Xatırladaq ki, enerjidaşıyıcıların qiymətlərinin aşağı salınması Gürcüstanın hazırkı hökumətinin əsas seçkiqabağı vədlərindən biri idi və rəsmilərin bununla bağlı bəyanatlarına daxili siyasi mübarizədə divident əldə etmək cəhdi kimi də baxmaq olar. Vaxtilə İvanişvilinin sələfləri də hakimiyyətə gəldikdən dərhal sonra Bakı-Tiflis-Ceyhan layihəsi haqda kifayət qədər soyuq danışırdılar. Lakin sosial və ekoloji layihələrin yenidən maliyyələşdirilməsindən sonra fikir ayrılıqları aradan qalxdı.
Bakının Gürcüstan hökumətinin son bəyanatlarına reaksiyası özünü çox gözlətmədi. SOCAR prezidenti Rövnəq Abdullayev yeni hökumətə əvvəlcə kabinetlərindəki yerlərini tutmalarını, yalnız bundan sonra sənədlərlə diqqətlə tanış olaraq tariflərin müzakirəsinə başlamalarını məsləhət gördü. Bununla kifayətlənməyən R. Abdullayev Gürcüstana şəxsən səfər etdi və məhz bu səfərdən sonra sözügedən məsələ ətrafında spekulyasiyalara son qoyuldu.
"Ayrı-ayrı KİV iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin SOCAR və "İnter RAO EES" şirkətlərilə bağlı bəyanatını düz şərh etməyib", - deyə nazir Tiflidə keçirilmiş danışıqlardan sonra bildirib. Onun sözlərinə görə, məhz "bu şirkətlər Gürcüstanın ən böyük investorları sırasına daxildir və Gürcüstan hökuməti onlarla razılaşmalara yenidən baxmağı planlaşdırmır".
Həqiqətən də Gürcüstan hökumətinin Azərbaycanın tədarük etdiyi enerji daşıyıcılarının qiymətini aşağı salmağa çalışacağını düşünmək sadəlövhlük olardı: onların qiymətləri onsuz da Avropa qiymətlərindən aşağıdır. Azərbaycan Gürcüstanı tam şəkildə enerji resursları ilə təmin edir və strateji tədarükün həcmi hətta 2008-ci ilin avqust müharibəsi dövründə də azaldılmamışdı. Halbuki o zaman Wikileaks saytı Moskvanın Bakını bu nəqli dayandırmağa razı salmağa çalışdığını yazırdı.
Qeyd olunmalıdır ki, Gürcüstan qanunvericiliyinə əsasən, istehlak tariflərinin müəyyənləşdirilməsi milli enerjitənzimləyici komissiyanın səlahiyyətindədir. Yəni, Gürcüstanda özəl şirkətlərin tarif siyasətinə yalnız bu qurum yenidən baxa, lazım gəldikdə tariflərin aşağı salınmasını tələb edə bilər. Gürcüstan hökuməti daxili bazar üçün enerjidaşıyıcılarının qiymətini, əlbəttə ki, aşağı sala bilər. Amma bu zaman qiymətdəki fərq hökumət tərəfindən subsidiyalaşdırılmalıdır.
Yaxud, ekspertlərin dediyi kimi, Azərbaycandan alınan enerji resurslarının qiymətinin aşağı salınmasının əvəzində Gürcüstan hökuməti SOCAR-a digər layihələrdə, məsələn, şirkətin karbamid zavodunun inşasına ayırdığı 700 milyonluq layihədə vergi güzəştləri etməlidir. Keçmişdə imzalanmış razılaşmalara yenidən baxılması isə Gürcüstanın xarici kapital üçün cəlbediciliyinə mənfi təsir göstərə bilər. Halbuki, Gürcüstanın buna böyük ehtiyacı var.
Rusiya ilə tanınmamış Abxaziya respublikası ərazisindən keçməklə dəmir yolu əlaqəsinin bərpasına gəlincə, Paata Zakareişvili bunu, Rusiya-Gürcüstan dialoqunda mümkün mövzulardan biri adlandıran kimi, erməni KİV bu bəyanatı az qala regionda geosiyasi status-kvonun və qüvvələr balansının dəyişməsi kimi təqdim etməyə başlamışdı.
İrəvan ekspertlərinin fikrincə, bu dəmir yolu vasitəsilə Ermənistan Azərbaycan və Türkiyə tərəfindən üzləşdiyi blokadanı yarmaq iqtidarındadır. Gürcüstan ərazisindən dəmir yolu dəhlizinin açılması Ermənistanın Rusiya ilə birbaşa yerüstü əlaqəsini bərpa edə bilərdi. Onların arasında xarici ticarət dövriyyəsinin 70%-i isə məhz bu yolla həyata keçirilir.
Amma Ermənistanın regional təcridi Azərbaycanla Türkiyənin xarici siyasətinin əsas hədəflərindən biridir. İrəvan Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmazsa, bu siyasət də dəyişməyəcək. Bunu nə Bakı, nə də Ankara gizlədir. Tiflis isə bununla hesablaşmaya bilməz.
P. Zakareişvilinin bəyanatı daha çox xoş məram nümayişi, yeni hökumətin bütün istiqamətlərdə əməkdaşlığa hazır olduğunu göstərmək cəhdidir. Əslində isə Abxaziyanı Gürcüstanın digər regionları ilə birləşdirən dəmir yolunun açılması Gürcüstanın öz ərazi bütövlüyünə təhlükədir. Tanınmamış Abxaziya Respublikası üçün bu yolun açılması iqtisadi baxımdan heç bir şey vəd etmir. Suxumi xarici dünya ilə yalnız dəniz limanları vasitəsilə deyil, Rusiya ərazisilə də əlaqə qura bilir. Siyasi baxımdan isə Abxaziya bu təklifə yalnız Gürcüstan hökumətinin onun müstəqilliyini tanıyacağı təqdirdə razılaşa bilər. Bu isə inandırıcı deyil. Abxaziya sərhədlərini aşmaqla həyata keçiriləcək sərnişin və yük daşımaları Abxaziyanın separatçı rejimi tərəfindən rəsmiləşdirilməlidir. Bu isə Gürcüstanın bu bölgəsinin müstəqilliyinin de-fakto tanınması kimi qiymətləndirilə bilər. Rusiyaya gəlincə, Ermənistana nəhəng həcmdə kapital qoyuluşları etməyən Moskva üçün bu yolun açılması o qədər də vacib deyil. O, Ermənistandakı hərbi bazasına daşımaları asanlıqla hava yolu həyata keçirir.
Suxumi rejimi artıq sözügedən dəmir yolunun açılması perspektivinə şübhə ilə yanaşdığını dilə gətirib. Elə Ermənistan KİV-in məlumatına görə, Abxaziya "MTŞ"nin rəhbəri Stanislav Lakobanın məsələyə münasibəti belə olub: "Suxumi bu haqda hər hansı rəsmi təklif almayıb. Nəzərə alsaq ki, Zakareişvili müsahibələrində bir-birinə zidd fikirlər səsləndirir, rəsmi Tifisin real niyyətinin nədən ibarət olduğunu ehtimal etmək çətindir".
Lakoba bildirib ki, onlar belə təklif alsalar belə, bunu qəbuledilməz sayırlar: "Təəssüf ki, bu təklifin siyasi səbəbləri var. Məqsəd qaçqınların geri qaytarılmasıdır. Amma qayıtmaq istəyənlər artıq qayıdıb. Bu təklifdən dəmir yolunun qoxusu belə, gəlmir. Amma o, gərginliyi artıra bilər".
Gürcüstanın dövlət naziri isə bildirib ki, Tiflis Gürcüstanla Azərbaycan arasındakı strateji münasibətlərə xələl gətirə biləcək heç bir addım atmayacaq. "Azərbaycanın narahatlığına heç bir əsas yoxdur. O, bizim strateji tərəfdaşımızdır və bu münasibətlərə kölgə salacaq istənilən addım istisnadır", - deyə Zakareişvili qeyd edib. O, Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasının gündəmdə olmadığını söyləyib.
Bununla yanaşı, Zakareişvili deyib ki, bu məsələ Gürcüstan-Rusiya münasibətlərinə aid olduğundan Gürcüstanın Xarici İşlər Nazirliyi və baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsinin səlahiyyətlərindədir. O, reinteqrasiya üzrə dövlət naziri aparatının bu prosesdə iştirak etməyəcəyini də bildirib.
Belə çıxır ki, Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasına Rusiya-Gürcüstan münasibətləri kontekstində baxılır. Bunun üçün isə Gürcüstanın siyasətində həm xarici, həm də daxili istiqamətlər tam dəyişməlidir. Gürcüs-tanın ən yaxın strateji müttəfiqi olan Bakı ilə müqayisədə Qərb də, Moskva da ondan çox uzaqdadır. Gürcüstanın baş naziri B.İvanişvili də diqqəti məhz bu məqama yönəldib: "Gürcüstanın yeni hökumətinin strategiyası iki ölkə arasında daha sıx dostluq münasibətinin yaradılmasıdır. Biz tarixən dost ölkələrik. Münasibətlərimiz hər zaman normal olub. Yeni hökumətin məqsədi bu dostluq əlaqələrinin daha da genişləndirilməsidir. Azərbaycan xalqının diqqətinə çatdırmaq istəyirəm ki, ölkələrimiz arasında mövcud isti münasibətlərin qorunub-saxlanılması üçün müm-kün olan hər şeyi edirik".
MƏSLƏHƏT GÖR: