13 Mart 2025

Cümə axşamı, 20:01

BİRLƏŞDİRMƏK XATİRİNƏ PARÇALAMAQ

Avropada separatçılıq köhnə dünyanı orta əsrlərin feodalizm dövrünə qaytara bilər

Müəllif:

01.11.2012

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu özünün illik "İttifaqın hazırkı durumu" adlı çıxışında Avropa İttifaqının federasiya halına salınmasını təklif edib. "Gəlin bu sözlərdən qorxmayaq: bizim milli dövlətlərin federasiyasına ehtiyacımız var və bizim "siyasi üfüqümüz" məhz budur"", - deyə o, qeyd edib.  Barrozu hesab edir ki, artıq Aİ-də irimiqyaslı siyasi islahatların vaxtıdır, çünki ittifaq "siyasi böhranla, inam böhranı ilə" üz-üzədir: "Biz çox tez-tez tilsimlənmiş spiralla üzləşmişik: Aİ-nin dövlət və institut rəhbərlərinin görüşlərində vacib qərarlar qəbul edilib, lakin cəmi bir gün sonra qərarı qəbul etmiş həmin şəxslər qəbul olunmuş qərarların ya çox uzağa getdiyini, ya da uzağa getmədiyini deyərək onları şübhə altına qoyublar". Barrozu hesab edir ki, bu inam böhranına yalnız dərin inteqrasiya ilə cavab vermək olar: "Zəif ölkələr onların islahatlar istəyinə şübhə yeri qoymamalıdır. Güclü dövlətlər isə elə etməlidir ki, onların digərlərilə birlikdə olmaq istəyinə heç kəs şübhə etməsin". Barrozu çıxışının sonunda Avropada "yeni düşüncə"yə ehtiyacın olduğunu deyib: "İnanıram ki, Avropanın ürəyi var. Bu ürək bizə həyata keçirməli olduqlarımızı reallaşdırmaq üçün güc və qətiyyət verə bilər".

 

Avropa özündən çıxır

Bundan bir ay keçməmiş bütün dünya avropa ölkələrində separatçılıq paradı haqda danışmağa başladı. Oktyabrın 15-də Şotlandiyanın müstəqilliyinə dair referendumun keçirilməsi haqda  razılaşma imzalanıb. Sənədi Edinburqda bu ölkənin regional hökumətinin baş naziri, Milli Partiyanın lideri Aleks Salmond və Böyük Britaniyanın baş naziri Devid Kemeron imzalayıblar.

Bundan bir qədər sonra Kataloniyanın (İspaniya) müstəqilliyinin 1,5 milyonadək tərəfdarı milli sarı-qırmızılı bayraqlarla Barselona küçələrinə axışıb. Belçikanın Flandriya regionunda kommunal seçki keçirilib və seçki millətçi "Yeni flamand alyansı" partiyasının inamlı qələbəsi  ilə bitib. Belçikanın bölünməsinin qatı tərəfdarı və alyansın lideri Bart de Vever isə ölkənin əhəmiyyətinə görə ikinci şəhəri olan Antverpenin burqomistri seçilib.

Danimarka, İtaliya, Norveç, Polşa və digər Avropa ölkələrində də separatçı meyillər güclənməkdədir.

Son hadisələr ilk növbədə Avropanın separatçı hərəkatlarının əsas iştirakçılarının fəaliyyətlərini inanılmaz şəkildə koordinasiya etməsilə fərqlənir. Bunu getdkicə daha da dərinləşən maliyyə-iqtisadi böhran fonunda bütünlükdə Avropada növbəti dəfə sabitliyin pozulmasının başlanğıcı saymaq olar. Əgər əvvəllər separatçı qüvvələr mərkəzlə daha radikal mübarizə üsullarına üstünlük verirdisə, son zamanlar onların heç bir zorakılığa yol vermədən hakimiyyətə gəlmələrini müşahidə etmək mümkündür. Başqa sözlə, onları hakimiyyətə gözə görünməyən "yumşaq qüvvə" gətirir.

Avropa ölkələrindəki separatçı hərəkatlar daha çox ümumi əlamətlərilə fərqlənirlər, nəinki fərdi xüsusiyyətlərilə. Buna əmin olmaq üçün bəzi Avropa ölkələrində baş verən hadisələrə diqqət yetirək.

Şotlandiya çoxdandır ki, bütünlükdə Avropa İttifaqında az qala ən zəngin karbohidrogen ehtiyatına malik ölkə kimi tanınır. Söhbət onun Şimal dənizindəki yataqlarından  gedir. Şotlandiya dotasiyalı region sayılsa da, bu, yalnız ona görə belədir ki, ölkənin neft-qaz sektorundan gələn gəlirləri (illik təxminən 20 milyard dollar) London tərəfindən mənimsənilir. Şotland millətçilərinin yataqların milliləşdirilməsi şüarını əsas götürmələri də bu səbəbdən təəccüblü deyil. 

Şotlandiyalıları rəsmi Londonun ölkənin nüvə arsenalını müasirləşdirmək cəhdləri də narahat edir. Onların fikrincə, bu təşəbbüs həm qısa, həm də uzunmüddətli perspektivdə ölkəyə çox baha başa gələcək.

İctima rəy sorğularının nəticələrinə inansaq, referendumda demək olar ki, bütün şotlandların müstəqilliyə səsvermə ehtimalı çox yüksəkdir. Guman ki, burada əsas prioritet mərkəzdən asılılığın aradan qaldırılması, yəni, Şotlandiya hökumətinin müstəqil siyasi qərarların qəbulunda səlahiyyətlərinin artırılması  olacaq.

Rəsmi London Şotlandiyanın "dumanlı Albion"un tərkibində saxlanmasının mümkünsüzlüyünü dərk etsə də, şotlandların istəyinin əksinə olaraq, referendumun nəticələrinə təsir göstərilməsi üçün maksimum cəhdlər ediləcək. Çünki rəhbərlik Şotlandiya ətrafında baş verən proseslərin Şimali İrlandiyanın Olster, Kornuoll və Uels tərəfindən diqqətlə izlənildiyini anlayır. İngiltərə üçün Avropada separatçılıq prosesi yalnız daxili siyasi yox, geosiyasi fəsadlar da verə bilər.

İqtisadi böhran və nəticədə meydana çıxmış maliyyə çətinlikləri İspaniyanın əyalətləri ilə rəsmi Madrid arasındakı münasibətlərə də öz mənfi təsirini göstərib. İspaniya 17 vilayətdən ibarətdir və onların hər birinin kifayət qədər möhkəm tarixi ənənələri var. Hətta əyalətlərdən bəziləri vaxtilə ayrıca dövlət olub. Ölkənin vilayətlərində yerli siyasi partiyaların nüfuzu nəticəsində özünüidarəetmə kifayət qədər inkişaf edib. Beləliklə, onların İspaniyadan ayrılaraq "müstəqillik" əldə etməsi üçün bütün lazımi şərait var.

İspaniyanın qiyamçı vilayətlərinə şübhəsiz ki, Kataloniya başçılıq edir. Kataloniyalılar mərkəzdən 5 milyard dollarlıq kredit və müstəqil vergi siyasəti yürütmə hüququ tələb edir. Onlar bu tələblərini İspaniya ÜDM-in 20%-nin məhz Kataloniyanın payına düşməsilə əsaslandırır.

İspaniya parlamentinin bu tələblərdən yalnız kreditin ayrılmasına müsbət cavab verməsindən narazı qalan Kataloniyanın qanunverici orqanı noyabrın 25-nə növbədənkənar seçki elan edib. Bu əhvalın davam edəcəyi təqdirdə seçkidə separatçıların qələbə qazanacağını əminliklə söyləmək mümkündür. Bundan dərhal sonra onların İspaniyadan tam müstəqillik əldə etmək istiqamətində fəaliyyətə başlamaları yəqin ki, heç kimi təəccübləndirməyəcək. Belə olan halda ən təhlükəli ssenarilərə şahidlik edə bilərik. Çünki Madrid ölkənin ərazi bütövlüyünün qorunması üçün hətta hərbi yola əl atılmasının mümkünlüyünə işarə edir. Maraqlıdır ki, Madridlə Barselona arasındakı danışıqlarda hakim rolunda Brüssel çıxış edəcək.

İspaniyanın digər muxtariyyatları da Kataloniyadan nümunə götürür. Məsələn, Basklar ölkəsində bu il oktyabrın 21-də keçirilmiş parlament seçkisində millətçi qüvvələr qələbə qazanıb. Qalib gəlmiş partiyaların liderləri baxışlarında mülayim olduqlarını nə qədər ifadə etsələr də, hələlik İspaniyadan tam müstəqillik əldə etmək ideyasından imtina edənə də oxşamırlar. Bu yaxınlaradək İspaniyadan ayrılmaq üçün silahlı mübarizə aparmış ETA terror təşkilatı da baskların ayrıca dövlətinin yaradılması məsələsində fəal iştirak edib. Onların nəzərdə tutduqları yeni dövlət Fransanın bəzi cənub bölgələrini də özündə birləşdirir.

Andalusiya, Qalisiya və Kanar adalarında da separatçı elementlərin fəallığı müşahidə olunur. Onların demək olar ki, hamısı mərkəzi hökuməti İspaniyanın tərkibindən çıxacaqları ilə hədələyərək çoxmilyardlıq kredit tələb edir.

Bu regionların perspektivsizliyini və İspaniyanın rəsmi strukturları tərəfindən onlara müntəzəm şəkildə dotasiyaların ayrıldığını nəzərə alsaq, iki ssenarinin mümkünlüyünü söyləmək olar: ya İspaniya hökuməti bu regionlardakı separatçılığı ən sərt üsullarla aradan qaldıracaq (bu, daha ciddi xaos və hətta müharibəyə səbəb ola bilər), ya da rəsmi Madrid suverenliyinin bir hissəsindən Brüsselin xeyrinə imtina edəcək.

Artıq qeyd olunduğu kimi, İspaniya separatçıları mərkəzi yalnız seçki və həmin seçkilərdə millətçilərin qələbəsilə hədələyirsə, Belçikanın Flamandiya vilayətində dövlətin iki müstəqil hissəyə bölünməsinin tərəfdarları artıq hakimiyyətə gəlib. Flamandların əksəriyyəti "vallondları dolandırmaq" və iqtisadi baxımdan zəif olan fransızdilli regionla birgə yaşamaq istəmir.

Qərb analitiklərinin fikrincə, Belçikanın zəif dövlətçilik mexanizmi dağılır və ölkənin parçalanması tamamilə mümkün görünür.

Avropa İttifaqı prezidenti Herman Vann Rompeyin qardaşı, flamand xristian-demokrat Erik vann Rompey deyir: "Belçika komadadır. Pasiyent kliniki ölüm vəziyyətindədir".

Aparılan sosioloji sorğular göstərir ki, Belçika flamandlarının  əksəriyyəti (11 milyonluq ölkə əhalisinin təxminən 60%-ni onlar təşkil edir) ölkənin fransızdilli hissəsindən ayrılmağa üstünlük verir. Hər halda, belə say üstünlüyünün olduğu şəraitdə flamandlar haqqında Böyük Britaniya və İspaniyada olduğu kimi azlığın separatçılığından danışmaq düzgün olmazdı.

Avropada, həmçinin Belçikanın özündə tüğyan edən maliyyə-iqtisadi, sosial-siyasi böhran şəraitində separatçılığın güclənməsi tendensiyası davam edə bilər. Bu halda ölkənin parçalanma ehtimalı kifayət qədər yüksəkdir.

Danimarkada isə əhalisi az qala 60 min nəfərə çatan Qrenlandiyanın ayrılma ehtimalı var. Bu ada müstəqillik əldə etdikdən sonra Şimal Buzlu okeanın zəngin karbohidrogen yataqlarının, xüsusilə təbii qaz ehtiyatlarının olduğu 40%-nə iddia edə bilər.

Bir müddət əvvəl Wikileaks saytında ABŞ xarici siyasət idarəsi əməkdaşlarının (Arktika Şurasının toplantısı ərəfəsində) gizli əməkdaşlarının yazışmasının çapı da təsadüfi deyildi. Amerikalı diplomatların yazışmasından açıq şəkildə bəlli olurdu ki, Qrenlandiyanın müstəqillik əldə etməsi ABŞ-ın neftçıxarma ilə məşğul olan şirkətlərinin xeyrinə olacaq.

İtaliyada isə zəngin şimalla iqtisadi cəhətdən geri qalmış cənub arasındakı ənənəvi münaqişə ilə yanaşı, tez-tez seperatçı şüarlarla çıxış edən regional siyasi təşkilatlar da var. Regionun ən böyük siyasi partiyası olan Venesiya Liqası Şimal Liqasına daxildir. O, vaxtilə bu liqanın əsasını qoymuş partiyalardan biridir. Ölkənin şimalında - Trentino və Cənubi Tirol kimi regionlarda almandilli etnik azlıqlar da yaşayır.

Göründüyü kimi, Avropa İttifaqının Barrozunun dediyi kimi, federasiyalara bölünməsi bu və ya digər səbəbdən Köhnə dünyada yeni siyasi düzənin yaranması ilə nəticələnə bilər. Bu zaman orada sosial sistemin əsas elementlərindən biri kimi "mili dövlətçilik suverenliyi prinsipi" çıxış edəcək. Bu, Avropanı kiçik ərazilərin müstəqil siyasət yürütməyə çalışdığı, nəticədə silaha sarılaraq bir-birinə düşmən imperiyalara çevrildiyi orta əsrlərə aid feodalizm dövrünə qaytara bilər.

 

Necə "parçalamalı"? 

Mütəxəssislərin fikrincə, Avropanın federasiya halına salınması Aİ rəhbərliyinə milli dövlət institutlarının zəifləməsi və onların vəzifələrinin dövlətin nəzarətində olan və dünya maliyyə elitasının planlarını həyata keçirən regional institutlara verilməsi baxımından sərfəlidir.  Onlar dövlətlərin etnoregionlara bölünməsini dəstəkləyir. Bu isə dayanıqsızlığa, müxtəlif ədavətlərə və ya idarə olunan xaosa aparıb çıxara bilər. Nə qədər qəribə səslənsə də, əsas niyyət yeni, şəbəkə tipli dövlətdənkənar idarəçiliyin yaradılmasıdır. Bu idarəçilik transmilli kapitalın genişlənməsinə və idarəçilik funksiyalarının dünyanın maliyyə elitasının əlində cəmləşməsinə kömək etməlidir..

Səbəb bəllidir: Avropanın məhz postvestfal milli dövlətləri bütünlükdə Avropanın və xüsusilə Avropa İttifaqının birləşməsinə mane olur. Çünki öz maraqlarına daha çox üstünlük verən güclü milli dövlətlərə bu dövlətlərin öz iradəsini yeritməsi çətindir. Birləşmənin baş verməsi üçün milli eynilik ümumavropa eyniliyi ilə əvəz olunmalıdır. Məhz bu üzdən belə ölkələrdə üstünlüyü regionlara verməklə və separatçıları dəstəkləməklə "ümum-avropa məqsədləri"nə nail olmaq mümkündür. Funksionerlər bu işdə köhnə və əziz prinsipdən istifadə edir: "Parçala, hökm sür!".

Artıq qeyd edildiyi kimi, separatçı regionlar əsasən bu və ya digər dərəcədə iqtisadi cəhətdən inkişaf etmiş regionlardır. Bu baxımdan onların müstəqillik cəhdlərinin dəstəklənməsi də təsadüfi deyil. Bir tərəfdən iqtisadi baxımdan inkişaf etmiş regionların müstəqilliyi ayrı-ayrı dövlətləri zəiflədir, amma digər tərəfdən, xərclərin optimallaşdırılmasına imkan verir ki, bu da Avropanın əsas bankına avtonom siyasi subyektə çevrilmək şansı yaradır.

Yaxın gələcəkdə Avropa İttifaqının vahid büdcə, qərarların qəbul edildiyi vahid mərkəz, ümumi bürokratik aparat, polis, vahid ordusu və s. olan nəhəng imperiyaya çevriləcəyini görə, bu zaman milli dövlətlərin qalıqlarının necə də dağıldığını müşahidə edə bilərik.

Orada vəziyyətin xarakterindən asılı olmayaraq, əminliklə demək olar ki, Avropada beynəlxalq münasibətlərin Vestfal sistemi heç də özünün ən yaxşı dövrünü yaşamır və onu orta əsrlərə aid feodal parçalanmasının müasir forması əvəzləyə, onun ardınca isə isə imperiya erası gələ bilər.



MƏSLƏHƏT GÖR:

617