14 Mart 2025

Cümə, 22:46

ÜÇ TƏHDİDLƏ ÜZ-ÜZƏ

Ukraynada bir çox problem onların qarşısının uğurla alınıb-alınmayacağından asılıdır

Müəllif:

24.06.2014

Pyotr Poroşenkonun ötən ayın sonlarında Ukrayna prezidenti seçilməsini müəyyən mənada Pirr qələbəsi saymaq olar. O, 54%-lik seçici dəstəyi ilə yanaşı, bir sıra problemləri də "qazandı". İndi Poroşenko həmin problemlərin 3-nü operativ şəkildə həll etməlidir. Bununla yanaşı, bu məsələlərin uğurlu həlli birbaşa ölkə iqtisadiyyatının dirçəlişi, Ukraynanın müflisliyin astanasından xilas olunması ilə bağlıdır.

İlk təhlükə prezident seçkisinin beynəlxalq aləm tərəfindən tanınması ilə əlaqədardır. Bu, Poroşenkonun özü ilə yanaşı, komandasının və Kiyevin xarici siyasi kursunun da legitimlik qazanması üçün əsasdır. Bu mənada Ukraynada hakimiyyət dəyişikliyini dəstəkləmiş və yeni hökumətin legitimliyini tanıyan Qərblə Poroşenko arasında anlaşma lazımi səviyyədədir. Amma Moskva ilə münasibətlər haqqında eyni fikri söyləmək olmaz.

Hələ apreldə Rusiya prezidenti Vladimir Putin ənənəvi illik "birbaşa xətt" zamanı Ukraynada keçiriləcək prezident seçkisində qalib gələcək Pyotr Poroşenko və ya Yuliya Timoşenko ilə əməkdaşlığın mümkün olduğunu söyləmişdi. Amma bununla yanaşı, o, əməkdaşlıq üçün Ukraynada yeni Konstitusiyanın qəbulunu, ölkənin federallaşdırılması və hakimiyyətin desentralizasiyası haqqında danışıqlara başlanılmasını vacib adlandırmışdı. Ukraynadakı prezident seçkisindən 2 gün əvvəl isə Peterburqda keçirilən beynəlxalq iqtisadi forum zamanı Putin Moskvanın Ukrayna xalqının istənilən seçiminə hörmətlə yanaşacağını bildirmişdi. O zaman Rusiya prezidenti seçkidən sonra Ukraynanın cənub-şərqində hərbi əməliyyatların dayandırılacağına ümid etdiyini də söyləmişdi. Ukrayna və Qərb Putinin bu sözlərini seçkinin nəticəsinin Rusiya tərəfindən tanınmasının rəhni kimi qiymətləndirmişdi. Bununla yanaşı, Moskvanın seçkinin nəticələrini tanıması və qaliblə əməkdaşlıq etməsi üçün irəli sürdüyü şərtlərə əhəmiyyət  verilməyib.

Birincisi, söhbət ölkənin rusiyapərəst cənub-şərqinin tələb etdiyi federallaşmasından gedir. İkinci tələb Luqansk və Donetskdə antiterror əməliyyatlarının dayandırılması ilə bağlıdır. Üstəlik, bu əməliyyatlar heç bir ilkin şərt irəli sürülmədən dayandırılmalı, Kiyev isə Luqansk və Donetsk rəhbərliyi ilə ölkənin ərazi quruluşuyla bağlı danışıqlara başlamalıdır. Üçüncüsü, seçkinin legitimliyi Ukrayna xalqının özü tərəfindən tanınmalı və burada söhbət həm də əhalinin federallaşma tələb edən hissəsindən gedir.

Amma  Poroşenkonun ölkənin ərazi bütövlüyünün təmini üçün antiterror əməliyyatlarının daha effektiv davam etdirilməli olduğuna dair ilk bəyanatı göstərib ki, rəsmi Kiyev Moskvanın şərtlərini nəzərə almaq niyyətində deyil. Ukrayna hökumətinin sonrakı addımları və yaşananlar Moskva ilə Kiyevin ortaq məxrəcə gəlmələrinin xeyli çətin olduğunu təsdiqləyir.

Rusiyanın fasiləsiz çağırışlarına baxmayaraq, Kiyev antiterror əməliyyatlarının tempini getdikcə artırır, nəticədə, Rusiyaya üz tutan qaçqınların sayı durmadan artır. Bununla yanaşı, Ukrayna ərazisində rusiyalı jurnalistlərin dəfələrlə həbs olunması, bir neçə gün əvvəl isə Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin 2 əməkdaşının həlak olması, radikalların Kiyevdə Rusiya səfirliyinə hücum etməsi, vaxtilə Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra etmiş Andrey Deşşisanın Putinə ünvanladığı təhqiramiz ifadələr Moskva-Kiyev münasibətlərində gərginliyi daha da artırıb. 

Poroşenkonun ölkəsinin Avropaya inteqrasiya yolunu seçdiyinə, artıq iyunun 27-də Aİ ilə Assosiativ Sazişin iqtisadi hissəsinin imzalamağa çalışdıqlarına dair bəyanatı da Moskvanın narazılığına səbəb olub. Yeri gəlmişkən, sazişin siyasi hissəsinin imzalanmasına Ukraynanın yeni hökuməti hələ martda razılıq verib. Putin bəyan edib ki, bu halda Rusiya öz daxili bazarını qorumaq niyyəti ilə idxala sıfır rüsumun tətbiqi qaydasını ləğv edəcək. Ukraynaya satılan  Rusiya  qazının qiyməti ilə bağlı məsələnin hələ də həll olunmamış qalması isə sanki alovun üzərinə yağ tökür.

Poroşenko üçün 2-ci təhlükə çətin daxili siyasi vəziyyətlə bağlıdır. Onunla son Maydan hadisələrinin gedişində və ondan sonra mövqelərini kifayət qədər gücləndirməyə nail olmuş digər siyasi qruplar arasında ciddi fikir ayrılıqları yarana bilər. Sabiq baş nazir Yuliya Timoşenkonun Ukraynada üçüncü inqilab dalğasının yaşana biləcəyinə dair hədəsini hələ ki, çoxları xatırlayır. Maraqlıdır ki, radikal düşərgənin bəyanatları bir sıra hallarda Timoşenkonun mövqeyi ilə üst-üstə düşür. Üstəlik, son inqilabda ciddi rol oynamış radikallar hələ də Maydanı tərk etmək niyyətində deyillər. Onlar mütəmadi olaraq etiraz aksiyaları keçirir, bu dəfə bütünlükdə hakimiyyətə etiraz edir, hökumətin antiterror əməliyyatlarını daha sərt şəkildə keçirməyə qətiyyətinin çatmadığını  bildirirlər.

Bu, Poroşenkonun ölkənin digər siyasi qüvvələri ilə münasibətlərin qurulmasında da işinin asan olmadığını göstərir. Həmin qüvvələr hakimiyyətin dəyişməsindəki xidmətlərinə görə, müəyyən imtiyazlar tələb edirlər. Bu vəziyyətə müəyyən aydınlığı növbədənkənar parlament seçkisi keçirməklə gətirmək olar. Poroşenkonun verdiyi vədə əsasən, növbədənkənar parlament seçkisi 2014-cü ilin sonunadək baş tutmalıdır. Digər tərəfdən, məhz bu seçki yeni prezidentlə acı zarafat edə bilər.

Ukrayna əhalisi arasında aparılmış son sosioloji sorğu göstərib ki, parlament seçkisində ən çox səsi ən iddialı ukraynalı siyasətçi olan Timoşenkonun "Batkivşşina" partiyası qazanacaq (20%-dən çox). Bu konteksdə Konstitusiya islahatlarının xüsusi əhəmiyyəti  olacaq. Bu islahatlar Ukraynada dövlət idarəçiliyi formasını müəyyənləşdirməlidir. O, parlament-prezident respublikası olacaqsa (Qərb bunda maraqlıdır), Poroşenko səlahiyyətlərinin ciddi şəkildə azaldılmasına razılıq vermək məcburiyyətində qalacaq. 

Qeyd edək ki, hazırda Ukraynada 2004-cü ildə qəbul edilmiş Konstitusiya qüvvədədir. O, Ali Radanın son inqilabdan sonra çıxardığı qərarla yenidən qüvvəyə minib.

Maraqlıdır ki, prezident Poroşenko tərəfindən baş nazir səlahiyyətlərinin icraçısı kimi saxlanılan Arseni  Yasenyuk hələ aprelin sonlarında parlamentdə dövlət başçısının səlahiyyətlərinin kəskin şəkildə azaldılması, baş nazirin səlahiyyətlərinin isə əksinə, artırılması təşəbbüsü ilə çıxış etmişdi. Yasenyukun Qərbin o qədər də ürəyincə olmayan bu cür təşəbbüslə çıxış etməsi, çətin ki, təsadüf olsun. Bu gün beynəlxalq maliyyə institutlarının və Qərb dövlətlərinin Ukraynaya mümkün qədər maliyyə yardımının göstəriləcəyinə dair vədləri daha çox A.Yasenyuk fiquru ilə bağlıdır. Yeri gəlmişkən, vaxtilə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland Amerikanın Kiyevdəki səfiri Cefri Payetlə telefon danışığı zamanı məhz Yasenyuku baş nazir postu üçün Vaşinqtona sərf edən namizəd adlandırmışdı.Bu üzdən Poroşenkonun Konstitusiyada baş nazirin xeyrinə olan islahatların aparılmasından imtina edəcəyini düşünmək çətindir. Bəs bundan daha çox qazanan kim olacaq? Timoşenko, yoxsa hazırda onunla eyni partiyada yer alan Yasenyuk?

Poroşenkonun üzləşə biləcəyi 3-cü problem onun oliqarxlarla, yəni əslində, öz düşərgəsindən olan şəxslərlə münasibətləridir. İndi seçici dəstəyi ilə yanaşı, onunla bağlı oliqarxlar arasında da konsensus var. Ən azı, indi Rinat Axmetov və Dnepropetrovsk vilayətinin qubernatoru İqor Kolomoyski kimi oliqarxlar onunla eyni mövqe nümayiş etdirirlər. Amma bu konsensus nə qədər davam edəcək? Poroşenko bütün oliqarxlarla bərabər məsafədə dayana biləcəkmi? Məsələn, federallaşma tərəfdarlarına qarşı aparılan antiterror əməliyyatlarına ciddi maliyyələşdirmə və öz batalyonlarını yaratmaqla cəlb edilmiş Kolomoyskinin Poroşenkonun xeyirxahlığına ehtiyacı yoxdur. Bəzi ekspertlərin Kolomoyskinin özünə istinadən bildirdiklərinə görə, o, istədiyini əldə etməyə vərdişlidir. Bəziləri, hətta Kolomoyskinin prezidentə qarşı çıxacağını belə, istisna etmirlər. Üstəlik, bu ekssentrik oliqarx Yuliya Timoşenko ilə əməkdaşlığın əleyhinə də deyil.

Beləliklə, həm Ukrayna, həm də onun yeni seçilmiş prezidenti üçün hər şey hələ indi başlayır. Prezident Poroşenkonun hakimiyyətin ağır yükünə tab gətirib-gətirməyəcəyini isə zaman  göstərəcək.



MƏSLƏHƏT GÖR:

560