
BARIT ÇƏLLƏYİ ÜZƏRİNDƏ DİPLOMATİYA
Partlayış yaxında olmasa da, istisna da deyil
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Suriyada silahlı qarşıdurma və İranın nüvə proqramı. Artıq bir müddətdir ki, bu iki problem Qərb üçün bir medalın iki üzünə çevrilib. Suriya prezidenti Bəşər Əsədin könüllü olaraq vəzifədən getməsi üçün ona müxtəlif variantlar təklif edən Qərb eyni zamanda İrana təzyiqləri də artırır. Məqsəd Suriya rejiminin əsas dəstək mənbələrindən birini ləğv etmək, eyni zamanda, Tehrana Qərblə nüvə proqramı sahəsindəki qarşıdurmada nəfəsini dərmək imkanı verməməkdir. Suriya rejiminin devrilməsindən sonra, yenidən ABŞ və müttəfiqlərinin əsas "hədəf"inə çevriləcəyini anlayan İran isə Dəməşqə əlindən gələn dəstəyi verir, yaranmış seytnot vəziyyətindən vaxt udmaq üçün yararlanır.
Bunadək İran dəfələrlə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" (BMT TŞ-nin daimi üzvləri və Almaniya) və MAQATE ilə danışıqlara hazır olduğunu bəyan edib. Lakin bu bəyanatlardan sonra keçirilən danışıqların bütün raundları iflasa uğrayıb. Qərbdə hesab edirlər ki, Tehran bu yolla vaxt udmağa, ona qarşı sanksiyaların tətbiqi mexanizminin işə salınmasını uzatmağa çalışır və eyni zamanda özünün əsas məqsədinə doğru irəliləyir. Amma belə manevrlər əvvəllər Tehrana müəyyən dividentlər qazandırırdısa, artıq bu taktika daha fayda vermir. Qərb ona qarşı sanksiyaları işə salıb.
Oktyabrda ABŞ prezidenti Barak Obama İrana qarşı növbəti sanksiyalar paketinin tətbiqinə dair qərarı imzalayıb. İran hökuməti ilə uranın əldə edilməsi sahəsində əməkdaşlıq edən, islam respublikasına neft daşımalarında istifadə olunan tankerləri satan, icarə verən və ya bağışlayan, həmçinin "National Iranian Tanker" şirkətinin sığortası ilə məşğul olan şirkətlər və şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun Konqres tərəfindən hələ avqustda qəbul edilib və Obama tərəfindən imzalanıb. Qanun İranın neft-kimya, qaz və yanacaq sahəsinə aid müəssisələrilə əməkdaşlıq edən, ölkənin neft və qaz sənayesinə məhsul, xidmət, texnologiya və ya infrastruktur elementlərinin əldə olunmasında köməklik göstərən hər kəsə tətbiq olunacaq. Bu, İrana radio və telesiqnalların kəsilməsində istifadə olunan avadanlıqlar, izləmə qurğuları və nümayişlərin dağıdılması üçün xüsusi vasitələrin əldə edilməsində köməklik göstərəcək şəxslərə və şirkətlərə də aiddir. Bundan başqa, İran və Suriyada insan haqlarının pozulması hallarına aidiyyatı olan şəxslər də sanksiyalarla üzləşəcək.
ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi T.Vitor bildirib ki, İran hökuməti özünü nəzakətsiz apararsa, sanksiyalar daha da sərtləşdiriləcək. Başqa sözlə, T. Vitor ona işarə edib ki, Tehran güzəştə getməzsə, çox tezliklə eyni addımı belə məsələlərdə ABŞ-ın etibarlı strateji müttəfiqi olan Aİ də atacaq.
Bundan sonra İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst ölkəsinin daha elastik mövqe nümayiş etdirməyə hazır olduğunu bəyan edib. Amma o deyib ki, bunun üçün Tehrana dinc xarakterli nüvə proqramında istifadə edəcəyi zənginləşdirilmiş uran verilməlidir. Mehmanpərəst eyni zamanda əlavə edib ki, bu, onların özlərinin uranı 20%-dək zənginləşdirmək hüququnun olmaması anlamına gəlmir: "İranın nüvə proqramı dinc xarakterli olduğundan elastik mövqeyi hər iki tərəf nümayiş etdirməlidir".
Güman ki, R. Mehmanpərəstin barışdırıcı ritorikası nəinki Qərbin şübhələrini aradan qaldırmayıb, əksinə, onu Tehrana qarşı təzyiqləri artırmağın vacibliyinə daha çox əmin edib.
ABŞ-ın ardınca oktyabrın 15-də Aİ də İrana qarşı birtərəfli sanksiyalar paketini təsdiqləyib. Sənəd İran qazı və neftinin alınmasına məhdudiyyət qoyur, İrana tədarükü qadağan edilmiş məhsulların sayını artırır, İranın bank sektoruna qarşı sanksiyaları genişləndirir, həmçinin "qara siyahı"dakı iranlı hüquqi və fiziki şəxslərə yenilərini əlavə edir. İndi "qara siyahı"ya İranın daha 34 şirkət və bankı, həmçinin enerji naziri M.Namcu da əlavə olunub. Üstəlik Avropanın aparıcı peyk provayderləri "Eutelsat" İranın 19 böyük televiziya və radiosunun yayımının dayandırıldığını bəyan edib. Onların arasında İranın ən böyük ingilisdilli telekanalı olan "Press TV" də var. Yeri gəlmişkən, Avropa Yayım Birliyi Suriya və İran hökumətlərinin xarici tele və radioşirkətlərin Yaxın Şərqdə yayımına məqsədli şəkildə maneə yaratmasından şübhələndiyini də açıqlayıb. Qurum bunun insanların sərbəst informasiya əldə etmək hüququnun pozulması olduğunu bildirib.
Qeyd edək ki, Avropa İttifaqı hələ bu il iyulun 1-də İran neftinin idxalına qadağa qoyub. Bunadək isə qurumun Tehranla bağlı sanksiyaları İranın qaz sektoruna investisiya qoyuluşunu qadağan etsə də, Aİ ölkələrinə İran qazının idxalını məhdudlaşdırmırdı. Qeyd edək ki, İrandan idxal olunan qaz həcminə görə Avropa üçün o qədər də ciddi əhəmiyyət daşımır. İndi isə sanksiyalar genişləndirilərək İran qazının idxalına da qadağa qoyub və bu, islam respublikasının iqtisadiyyatına mənfi təsir göstərə bilər. Üstəlik ölkənin üzləşdiyi maddi-iqtisadi blokada artıq ölkə iqtisadiyyatı üçün ağır fəsadlar verir.
Bu ilin əvvəlindən İranda milli valyutanın devalvasiyası 50%-i ötüb. Nəticədə ölkədə yoxsulluq sürətlə artmağa başlayıb. Ekspertlərin bildirdiyinə görə, əsas ərzaq məhsullarının qiyməti 5 dəfə bahalaşıb. Bütün bunlar daxili istehsalın və idxalın azalması, həmçinin dolların güclənməsi ilə izah olunur. Təbii ki, bütün bunların fonunda cəmiyyətdə etiraz əhvalı da artır. Oktyabrda xırda alverçilərlə polis arasında toqquşma baş verib. Hökumət xırda sahibkarlıqla məşğul olanlara qarşı ciddi təzyiqlərin nələrə aparıb çıxara biləcəyini anladığı üçün bundan mümkün qədər qaçmağa çalışır. Xatırladaq ki, İranda tarixən etirazçı əhvalın əsas daşıyıcıları məhz kiçik biznes nümayəndələri olub. Bu təbəqə arasında narazılığın artmasını önləməyə çalışan prezident Mahmud Əhmədinejad valyuta bazarında baş verənlərin iqtisadi problemlər və hökumətin səhvləri ilə bağlı olduğunu qəti şəkildə rədd edir. Onun fikrincə, bütün bəlaların səbəbi xarici düşmənlərin İrana "psixoloji təzyiqlər" göstərməsi, "psixoloji müharibə" aparmasıdır. Hökumət iddia edir ki, hətta son hadisələri nəzərə almaqla belə, ölkə iqtisadiyyatı bütün sınaqlara sinə gərmək iqtidarındadır.
Tehran Avropanı cavab addımları atacağı ilə də hədələyir. İslam respublikasının neft sənayesi naziri R.Qasımi ölkəsinin Aİ-yə neft ixracını tam dayandıra biləcəyini bəyan edib. Bu planın məğzini isə İran parlamentinin energetika komissiyasının sədr müavini N. Sudani açıqlayıb: "İlk mərhələdə İrana düşmən ölkələr bizim yüksək keyfiyyətli neft məhsullarımızdan və xam neftimizdən məhrum olacaqlar. Avropanın təxminən 70 neft emalı zavodu isə İran neftindən asılı vəziyyətdədir. İkinci mərhələ indiyədək İrana qarşı sanksiyalar tətbiq etmiş Avropa ölkələrindən mal idxalına qadağa olacaq. Həlledici mərhələ isə iranlı turistlərin bizə düşmən olan Avropa ölkələrinə səfərlərinin qadağan edilməsi ola bilər".
İrana qarşı BMT TŞ-nin qərarı olmadan birtərəfli qaydada sanksiyaların tətbiqindən Rusiya da təəssüflənir. Moskvada hesab edirlər ki, Qərb dövlətlərinin belə addımları Tehranla danışıqlar prosesinin bərpasına mane olur və beynəlxalq vasitəçilərdən ibarət "altılığ"ın birliyinə zərbə vurur. Amma Moskvanın gətirdiyi əsaslara nə Qərb, nə də İsrail QULAQ asmaq arzusundadır. Onlar hesab edir ki, İranın güzəştə getməməsində məhz Kremlin ona himayədarlıq etməsinin də rolu böyükdür.
Bununla yanaşı, məsələ yalnız sanksiyalar və hədələrlə bitmir. Bu ayın sonlarına yaxın Amerika və İsrail hərbçiləri hava hücumundan və raketdən müdafiə qüvvələrinin iştirakı ilə tarixin ən böyük birgə hərbi təliminə başlayıblar. "Sərt sınaq-12" adlandırılan üç həftəlik təlimlər əsasən İsrail ərazisində və onun sahil sularında keçirilir. Təlimlərdə 3,5 mindən artıq amerikalı və mindən artıq israilli hərbçi iştirak edir. Müttəfiqlər bu təlimə iki ildən artıqdır hazırlaşdıqlarını, onun "Yaxın Şərqdəki hansısa konkret hadisə ilə heç bir əlaqəsinin olmadığını" bildirsələr də, hərbi ekspertlər hesab edir ki, manevrlərin bəzi məqamları onun məhz İrana qarşı həyata keçirildiyini göstərir. Belə ki, təlimlərdə Amerikanın "Patriot" quru və "Aegis" dəniz raket əleyhinə, həmçinin İsrailin ""Xets-2" komplekslərindən istifadə edilir. Bütün bu hərbi texnika çox uzaq məsafədə ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub; "Dəmir günbəz" yaxın məsafəli sistem müntəzəm olaraq Qəzza zolağı ilə sərhəddə fələstinli yaraqlıların reaktiv mərmilərini vurur.
Amerika-İsrail birgə təlimlərinin başlanmasına iki həftə qalmış isə İsrailin hava məkanında ölkənin Hərbi Hava Qüvvələri "Hizbullah" hərəkatına məxsus naməlum pilotsuz uçağı vurub. Bir qədər sonra İranın müdafiə naziri A.Vahidi vurulmuş təyyarənin İranda hazırlandığını təsdiqləyib. Bunun ardınca isə İranın "Bəsic" könüllülər qüvvələrinin komandiri M.R.Nakdi İsrailə yüzlərlə tutulması mümkün olmayan pilotsuz təyyarə göndərəcəklərini bəyan edib.
Bəzən belə fikir yaranır ki, bu əsəb oyunu tezliklə həddini aşacaq və hərbi qarşıdurma reallığa çevriləcək. Amma guman ki, hələlik bu sərt ritorika və əzələ nümayişi real hərbi əməliyyatların başlanmasına yox, psixoloji təzyiqə hesablanıb.
Bir çox populyar ekspertlər ABŞ-la İran arasında toqquşmanın baş verəcəyi təqdirdə əsl fəlakətin yaşanacağını düşünür. Xüsusilə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski hesab edir ki, ABŞ-ın Suriya və ya İrana hərbi müdaxiləsi, güman ki, bütünlükdə Yaxın və Orta Şərqdə geosiyasi partlayışa səbəb olacaq, bunun nəticəsini isə bütün dünya hiss edəcək. Bjezinskinin fikrincə, Birinci dünya müharibəsindən sonra Yaxın Şərq dövlətlərinin İngiltərə və Fransa tərəfindən müəyyənləşdirilmiş sərhədləri möhkəm saymaq olmaz. Hətta regionun ən sabit dövlətləri - Türkiyə və İran da daxili etnik və dini münaqişələr qarşısında zəifdir. Bu şəraitdə ABŞ-ın regiona hərbi müdaxiləsi dünyanın bu hissəsində əsl partlayışa səbəb olacaq. Nəticədə neftin qiyməti mütləq bahalaşacaq, eyni zamanda Aİ ölkələrinin hazırki maliyyə böhranından çıxmaq cəhdləri iflasa uğrayacaq. Sonda bu, Aİ ölkələri arasında fikir ayrılıqlarını dərinləşdirəcək. Qərb və İranı tələsik qərar verməkdən yəqin ki, məhz bu proqnozlar çəkindirir.
Bundan başqa, oktyabrda Vaşinqtonla Tehranın danışıqlar masası arxasına əyləşə biləcəklərinə ümid yaranıb. ABŞ-la İran arasında belə razılığın əldə olunduğuna dair xəbəri "Nyu-York Tayms" qəzeti yayıb. Sonradan həm Vaşinqton, həm də Tehran deyilənləri təkzib etsə də, Ağ Evin ikitərəfli danışıqlara başlanılması imkanlarının müzakirəsinə hazır olduğunu açıqlaması sevindiricidir.
Hələliksə Vaşinqton və Tehran müttəfiqlərinin əhatə dairəsini genişləndirməklə məşğuldur. Bu mənada Cənubi Qafqaz ölkələri və Türkiyənin mövqeyi xüsusi əhəmiyyətə malikdir. Ankara ilk gündən müstəqillik nümayiş etdirərək ABŞ və Aİ-nin İran neftinin idxalına qadağa qoyan sanksiyalarına əhəmiyyət verməsə də, həlledici anda onun NATO üzvü olaraq neytrallığını qoruya biləcəyi inandırıcı görünmür. Bundan başqa, Suriya problemi dəfələrlə İranın dinc xarakterli nüvə proqramına dəstək vermiş Ankara ilə Tehran arasındakı münasibətlərə ciddi zərbə vurub.
Bu məsələdə ən nümunəvi mövqeni Azərbaycan nümayiş etdirir. Tehranın Azərbaycanla bağlı siyasətində ayrı-ayrı qıcıqlandırıcı məqamlar olsa da, rəsmi Bakı ölkə ərazisindən İrana hərbi müdaxilə üçün istifadəyə imkan verilməyəcəyini birmənalı şəkildə ifadə edir. Bu haqda ilk bəyanatı Azərbaycan prezidenti İlham Əliyev hələ 2006-cı ildə səsləndirmişdi. Üstəlik o bunu ABŞ-da, düz Ağ Evin qarşısında etmişdi.
Ötən ay isə Azərbaycanın Prezident Administrasiyası və Parlamentinin yüksək rütbəli təmsilçiləri guya Cənubi Azərbaycanın və orada yaşayan 30 milyon azərbaycanlının qeydinə qalan bəzi amerikalı konqresmenlərin təxribatçı bəyanatlarına cavab verməklə, məsələyə aydınlıq gətirib. Onlar açıq şəkildə bildiriblər ki, Bakı heç zaman qonşu dövlətlərə qarşı müxtəlif avantüralara cəlb olunmasına imkan verməyəcək. Azərbaycanın əraziləri işğal olunub, regionda sülh və sabitliyə hamıdan çox onun ehtiycı var və Bakı öz əməlləri ilə bunu təsdiqləyir. İranın nüvə proqramı ətrafında ehtirasların coşması region dövlətlərinə yaxşı heç nə vəd etmir. Ümid edək ki, bu qarşıdurmanın əsas iştirakçıları hər şeyin sülh ilə bitməsinə maraq göstərəcəklər. Sözdə yox, əməldə.
MƏSLƏHƏT GÖR: