Müəllif: Zərifə BABAYEVA Bakı
Maraqlıdır, amma gerçəkdir. Bakıda binaların dayanıqlılığı üzrə V beynəlxalq konfrans keçirilən zaman Azərbaycanın seysmik aktiv zonaları hesab edilən bir sıra rayonlarında dörd zəlzələ baş verdi. Oktyabrın 8-də İsmayıllıda 5 bal gücündə, oktyabrın 9-da Şamaxıda 3 bal gücündə, oktyabrın 10-da isə Mingəçevirdə 3,4 bal gücündə olan zəlzələlər qeydə alınmışdır. Həm də Xəzərin Azərbaycan hövzəsində də zəlzələ baş vermişdir.
Bu zaman yada düşdü ki, 110 il qabaq, yəni 1902-ci ildə Şamaxıda da zəlzələ olub. O elə güclü baş verib ki, şəhəri tamamilə yer üzündən silib. Bundan sonra Nobel qardaşlarının təşəbbüsü ilə Bakı və Şamaxıda ilk seysmoloji stansiyalar qurulub və beləliklə, Azərbaycanda seysmoloji müşahidələrə başlanılıb. Azərbaycanda hər il beynəlxalq seysmoloji konfransın keçirilməsi də bu hadisəyə bağlıdır. Bu onu göstərir ki, Azərbaycanda seysmologiya sahəsində tədqiqatlar nisbətən yaxın zamanlardan aparılmağa başlansa da, bu keçən müddət ərzində çox işlər görülüb. Bunun hesabına biz hazırda ölkə ərazisinin seysmikliyi üzrə yetərincə qabaqcıl monitorinq yiyəsiyik. Ancaq bu barədə az sonra.
Zəlzələ. Əgər ölkə ərazisində bir-birinin ardınca bir neçə dəfə yertitrəməsi baş veribsə, onda heç nədən səs-küy qaldıranlar üçün bu, çaxnaşma yaratmaqdan ötrü əsl səbəbdir. Birdən Massaçuset Texnoloji Universitetinin mütəxəssislərinin proqnozları çin çıxar? Onlar bu ilin iyun ayında bildirmişdilər ki, Bakının tezliklə güclü zəlzələdən zərər görməsi mümkündür. Həmin proq-nozlara görə, Bakıda zəlzələ 1902-ci ildə Şamaxını yerlə-yeksan etmiş güclü zəlzələnin təkrarı kimi də ola bilər. İndi hipotetik zərbə nöqtəsi Bakını əhatə edir: mütəxəssislər deyir ki, əgər kataklizm müşahidə olunarsa, bu, paytaxtın və neft hasilatı bölgələrinin yerləşdiyi Xəzər sahillərində baş verəcək.
Ancaq bəlli oldu ki, bu, yalnız sadəcə "stəkanda fırtına" effektidir, çünki konfransda iştirak edən Massaçuset Texnoloji Universitetinin professoru Robert Reilinqer yekunda təşkil edilmiş brifinqdə jurnalistlərə bildirib ki, sözügedən elmi icma heç zaman Bakıda zəlzələ ehtimalı barədə proqnoz verməyib. "Biz Azərbaycan Geologiya İnstitutu ilə birlikdə Bakıdan 100 km cənub radiusunda zəlzələ mümkünlüyü barədə birgə hesabat hazırlamışıq. Biz heç zaman zəlzələ təhlükəsi barədə danışmamışıq və onun barəsində proqnoz verməmişik", - deyə Reilinqer vurğulayıb.
Missuri Universitetinin professoru Erik Sambo isə Azərbaycanda tikilmiş boru kəmərlərinin yaxınlığında seysmik təhlükənin olmadığını bildirib. Burada mümkün zəlzələlərin maqnitudası 3 balla ölçülür, çünki burada neft və qaz hasilatı üzrə ən yüksək texnologiya tətbiq edilir.
Azərbaycanda son zamanlar zəlzələlərin yetərincə tez-tez baş verən hadisəyə çevrildiyini necə izah etmək olar? Bəlkə, bu, Yerin daha güclü təkanlarının ilkin siqnallarıdır? Respublika Seysmoloji Mərkəzinin (RSM) başçısı Qurban Yetirmişli bununla bağlı bildirib ki, çaxnaşmaya düşməyə və ya fantaziyalara qapılmağa ehtiyac yoxdur. Əlbəttə, Azərbaycan seysmik zonada yerləşir. Ona görə də ölkə ərazisində, demək olar ki, hər gün müxtəlif maqnitudalı zəlzələlər baş verir. Bunlardan son dörd zəlzələ də Yerin təkində yığılmış enerji nəticəsində baş verib.
Bu təkanların maqnituası zəif olub və demək olar ki, hiss edilməyib. Amma ölkənin bir sıra regionlarında seysmik gərginliyin toplanması qeydə alınır. "Hazırda Azərbaycanda seysmilik fon səviyyəsində müşahidə edilir", - deyə seysmik xidmətin rəhbəri bildirib. Onun sözlərinə görə, mümkün zəlzələlər haqqında ayına və ya gününə kimi dəqiq proqnoz vermək mümkün deyil, ancaq mütəxəssis-seysmoloqlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, Azərbaycanda doğrudan da bir neçə regionda seysmik gərginliyin fəallaşması müşahidə edilir. İranda bu yaxınlarda olmuş zəlzələnin əks-sədası afterşoklar şəklində hələ dörd-beş ay davam edəcək. Və uyğun olaraq onlar həm də Azərbaycanda zəif titrəmələr şəklində hiss ediləcək.
"Hətta Cənubi Abşeron zonasında gərginlik yığılması müşahidə edilsə belə, hazırda Bakı ərazisində zəlzələ olacağını ehtimal etməyə əsas yoxdur. Azərbaycanın ən fəal seysmoloji zonası Şamaxı-İsmayıllı bölgəsidir. Şamaxı-İsmayıllı zonasındakı yeraltı təkanlar ətrafdakı zəlzələ ocaqlarını da oyada bilər. Bu zona gərgin olaraq qalmaqdadır. Oktyabrın 7-də baş vermiş zəlzələ zəif olmayıb. Sadəcə 40 km dərinlikdə baş verdiyindən, əksər rayonlarda hiss edilməyib. Müqayisə üçün deyim ki, Zaqatalada baş vermiş zəlzələnin maqnitudası, təxminən, eyni - 5,6-5,7 bal idi, ancaq dərinliyin 8-10 kilometr olması dağıntılara səbəb oldu", - deyə Yetirmişli bildirib. Şamaxı və Mingəçevirdə baş vermiş zəlzələ təbii prosesdir, çünki zonada gərginlik və fəallıq saxlanmaqdadır. Yetirmişli sanır ki, Azərbaycanda baş vermiş seysmik proseslərin fonunda yeni seysmik rayonlaşdırma xəritələrinin yaradılması məsələsi gündəmə gəlir.
"Ancaq burada da çətinliklər var. Bu xəritələrin hazırlanmaı üçün dərin çatları yenidən öyrənmək lazımdır. Xidmətin qarşısında bu tapşırıq artıq qoyulub, özü də xəritələr bir neçə qurumun iştirakı ilə hazırlanmalıdır", - deyə mərkəzin rəhbəri bildirib. Onun sözlərinə görə, Bakının seysmik nöqtələri daha mürəkkəb quruluşa malikdir.
Yeraltı təkanların sayına gəldikdə isə, gerçəkdən 2012-ci ilin birinci yarısında onların sayı keçən illə müqayisədə çox olub. Keçən il Azərbaycanda 10 mindən çox yeraltı təkan olduğunu xatırladan seysmoloq vurğulayıb ki, seysmik stansiyaların sayının artması ilə zəlzələlərin qeydə alınması prosesi sadələşib.
Bununla yanaşı, hələ ki Azərbaycan ərazisində seysmik durumun tədqiqi üçün stansiya sayı yetərli deyil. Hazırda ölkədə 31 seysmik stansiya fəaliyyət göstərir. Gələn il quruda daha dörd stansiyanın quraşdırılması gözlənilir. Xəzər dənizində üç dərinlik stansiyasının quraşdırılmasından sonra onların sayı 38-ə çatacaq ki, RSM rəhbərinin fikrincə, bu, kiçik rəqəmdir. Onun sözlərinə görə, yalnız Amerikanın Kaliforniya ştatında 2 mindən artıq stansiya fəaliyyət göstərir. "Azərbaycan seysmik təhlükəli zonadır, burada istənilən zaman zəlzələ ola bilər. Bu səbəbdən burada mütəmadi olaraq ciddi tədqiqatlar aparmaq gərəkdir", - deyə Q.Yetirmişli vurğulayır.
Yeri gəlmişkən, yetərincə maraqlıdır ki, Azərbaycanda zəlzələ proqnozlaşdıran dörd stansiya oktyabrın 7-də İsmayıllıda baş vermiş 5,3 ballıq zəlzələni 20 saat qabaq qeydə almışdı. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev brifinqdə bildirib.
Onun sözlərinə görə, bu məlumatlar açıqlanmayıb, çünki zəlzələnin dəqiq yerini əvvəlcədən müəyyən etmək mümkün deyildi. Ancaq təcrübələr göstərdi ki, bu stansiyalar gerçəkdən yeraltı təkanları 15-20 saat qabaq qeydə alır. Stansiyalar Şamaxı və Mingəçevirdə baş vermiş zəlzələlərdən sonra afterşokları da qeydə alıb. T.Əliyev həmçinin qeyd edib ki, hazırda zəlzələ koordinatının əvvəlcədən təyin edilməsi ilə bağlı işlər görülür: "Yaxın zamanlarda biz gözlənən zəlzələnin dəqiq yerini əvvəlcədən göstərə biləcəyik. Sonra bu barədə məlumat bütün əhaliyə deyil, ölkə rəhbərliyi tərəfindən tövsiyə edilən konkret orqanlara veriləcək. Yaxın 2-3 ayda zəlzələnin koordinatını və maqnitudasını əvvəlcədən müəyyən edə biləcəyik".
Seysmik stansiyaların sayının azlığına baxmayaraq, bu gün Azərbaycanın seysmik xidmətləri MDB üzrə ən çağdaş telemetrik seysmik stansiyalarla təchiz edilib və kompleks nəticələrə görə birliyin bütün ölkələrini arxada qoyur. Mərkəz dünyanın 20-dən artıq seysmik xidməti ilə əməkdaşlıq edir, dörd beynəlxalq seysmoloji təşkilatın üzvüdür. Seysmoloji tədqiqatlar 31 seysmotelemetrik stansiya tərəfindən ABŞ-ın "Kinemetrics" peyk rabitə sistemi vasitəsilə aparılır.
GPS bazasında kosmik geodoziya stansiyaları şəbəkəsi inkişaf edir, onların sayı 2012-ci ildə 14-ə çatır. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji araşdırmaları ilə yanaşı, seysmogen zonaların gərginlik-deformasiya durumunun qiymətləndirilməsi və tədqiq edilən sahələrdə seysmo-anomal effektlərin aşkar edilməsi üzrə geofizika və geokimya işlərinin böyük kompleksi də gerçəkləşdirilir. Seysmik proqnozlaşdırma tədqiqatları ölkənin əsas seysmogen bölgələrində yerləşən 9 maqnitvariasiya, 2 qravivariometrik və 6 seysmogeokimyəvi stansiyanın bazasında gerçəkləşdirilir.
Buna görə də Azərbaycan seysmoloqlarının proqnozlarına etibar etmək olar, onlar isə yaxın zamanlarda narahatlıq üçün ciddi əsas görmür. Necə deyərlər, durum nəzarət altındadır.
MƏSLƏHƏT GÖR: