Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Azərbaycanın yeganə çoxprofilli şirkəti olan "Azerkorpu" ASC yalnız bizim ölkədə deyil, həm də dünyada iri tikiniti layihələrinin gerçəkləşdirilməsi üzrə şəksiz liderlər arasında aparıcı yer tutmaqda davam edir. Bu uğur onunla izah edirilir ki, çoxillik təcrübəsini tətbiq edərək, şirkət həmişə öz sifarişçiləri üçün yüksək keyfiyyətli işə zəmanət verir, bunun üçün dünyanın ən yaxşı tikinti texnikasından, tikinti sahəsində son nailiyyətlərdən, ən başlıcası isə istənilən tapşırığın öhdəsindən gəlməyə qadir ixtisaslı işçi heyətindən istifadə edir.
Bu gün "Azerkorpu" dövlət idarələrinin sifarişləri əsasında bir neçə iri layihəni uğurla gerçəkləşdirməkdə davam edir. Amma hər şeydən öncə, MDB məkanında analoqu olmayan iri layihəni - Bakı şəhərində Heydər Əliyev prospekti - hava limanı yolunun üzərində, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən nəqliyyat qovşağının tikintisini yada salmaq istərdik. Estakada-yol hissəsinin ümumi uzunluğu 3142 m olan qovşaq bu gün yeddi istiqamətdə - "8-ci KM" qəsəbəsi, Qara Qarayev prospekti, Bakıxanov qəsəbəsi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat hərəkətini təmin edir.
Sifarişçisi Nəqliyyat Nazirliyi olan qovşağın layihəsi 3 tikinti kompleksindən ibarət olub. Ən mürəkkəblər arasında parabolik metallik tağlardan asılmış yolötürücüsünün, həmçinin ümumi uzunluğu 1194 metr olan 4 yolötürücüsünün və onlara giriş yollarının tikintisi yer alıb.
Bu qovşağın mürəkkəbliyi və unikallığını qeyd edərkən vurğulamaq lazımdır ki, ölkədə ilk dəfə olaraq məhz "Azerkorpu" şirkəti tərəfindən dor ipləri konstruksiyasından istifadə etməklə yolötürücüsünün tikintisi gerçəkləşdirilib. Asma keçidin uzunluğu 360 m, sütunun hündürlüyü isə 98 m olub. Hazırda bu yol hava limanından "8-ci KM", Əhmədli və Günəşli yaşayış massivlərinə, həmçinin Zığ dairəsindən hava limanına gedən magistral avtomobil yoluna yönələn nəqliyyat vasitələrinin birbaşa hərəkətini təmin edir.
Bildirmək gərəkdir ki, dor körpülərinin əsas üstünlüklərindən biri yol zolağının nisbətən hərəkətsiz olmasıdır ki, bu onları həm də dəmir yolu körpüsü kimi istifadə etməyə imkan yaradır. Bir faktı qeyd etmək xoşdur ki, Nəqliyyat Nazirliyi tərəfindən Moskvada yerləşən Körpülərin və Başqa Mühəndislik Qurğularının Sınağı İnstitutunun (İMİDİS) Azərbaycana dəvət edilmiş mütəxəssisləri konstruksiyanın yüksək keyfiyyətini və etibarlı olduğunu ortaya çıxarıblar. Qovşağın təntənəli açılış mərasimində ölkə prezidenti İlham Əliyev də iştirak edib.
"Azerkorpu" şirkətinin fəaliyyətinə regional əhəmiyyətli tikililərdə də tələb var. Belə ki, Ələt-Astara avtomobil yolunun 55-ci kilometrində Kür çayı üzərində körpünün tikintisi artıq başa çatmaqdadır. Bu dəfə isə layihənin sifarişçisi kimi, Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC çıxış edir. Bu avtomobil yolu körpüsü ölkənin cənub-qərb istiqamətində, Salyan şəhərində 4 zolaqlı yolun Kür çayı ilə kəsişdiyi yerdə tikilir. Körpünün tam uzunluğu 363 m, ümumi eni 29,74 m təşkil edir. Tikintisinə 2011-ci ilin fevralında başlanıb və 2013-cü ildə başa çatdırılacaq.
Həm də hazırda Saloğlu - Poylu dəmir yolu sahəsinin 73-cü kilometrliyində Kür çayı üzərində uzunluğu 208,44 metr və eni 6,4 metr olan dəmir yolu-körpü keçidinin tikintisi tam sürətlə gedir.
Şəksiz ki, "Azerkorpu" ASC-yə tapşırılmış daha bir iri layihə - Bakı Metropoliteninin V növbəsi sayılan, uzunluğu 2 kilometr və diametri 6 metr olan "Avtovağzal" - "Memar Əcəmi" tunelinin tikintisi də uğurla gerçəkləşdiriləcək.
Qeyd edək ki, qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsi üçün "Azerkorpu" fəal şəkildə yeni texnologiyaları tətbiq edir, ISO 9001:2000, ISO 9001:2008 standartlarının tələblərinə uyğun olaraq keyfiyyətin idarəedilməsi sisteminin, ISO 14001:2004 standartlarının tələblərinə uyğun olaraq ekoloji idarəetmə sisteminin, OHSAS 18001:2007-yə uyğun olaraq əmək təhlükəsizliyinin və sağlamlığın qorunmasının nəzarətini və təhlilini gerçəkləşdirir, daima işini təkmilləşdirir.
"Azerkorpu" ASC-dən danışanda onun əvəzsiz subpodratçısının - özəl "Texnomost" şirkətinin də xidmətlərini unutmaq olmaz, şirkət bu illər ərzində sifarişçilərin yanında etibar və nüfuz qazanıb, ən yüksək çağdaş səviyyədə effektiv layihə həllərinin gerçəkləşdirilməsi üçün güclü proqram bazasına yiyələnib. Şirkət İsveçrənin tanınmış "SGS" firmasının yanında ISO 9001:2008 standartının tələblərinə uyğunluq üzrə sertifikatlaşmadan keçib.
Hazırda "Azerkorpu" ASC və "Texnomost" tərəfindən "Meliorasiya və su təsərrüfatı" SC-nin sifarişi üzrə birgə gerçəkləşdirilən daha aktual layihələrdən biri Bakı və Sumqayıt şəhərlərinin, bütün Abşeron yarımadasının su ilə təchizində strateji vacib olan "Taxtakörpü" Su Qovşağının tikintisidir ki, layihənin dəyəri bir neçə yüz milyon manatla ölçülür. Əsas məqsədindən, yəni su təchizatının yaxşılaşdırılmasından əlavə, su qovşağının tərkibində su-elektrik stansiyasının (SES) tikintisi də yaxın rayonların əlavə energetika imkanlarını artıracaq. Su qovşağının su anbarı yeni Vəlvələçay - "Taxtakörpü" kanalının 30-cu kilometrliyində, iki rayonun - Şabran və Siyəzən rayonlarının ərazisində, Böyük Qafqaz silsiləsinin cənub-şərq ucunun sonunda yerləşir. Hündürlük işarələri 50 metrdən 250 metrə kimi dəyişir. Su qovşağı xətti Şabran-Siyəzən avtomobil yolundan beş kilometr qərbdə yerləşir.
Yeni Bakı Beynəlxalq Dəniz Limanının tikintisi
Strateji dövlət əhəmiyyətli məsələlərin həllində də "Azerkorpu" şirkətinin rolu önəmlidir.
Azərbaycan hökuməti Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yeni yerə - Ələt qəsəbəsinin yanına köçürülməsi barədə qərar qəbul edib.
Yeni liman çağdaş avadanlıqla təchiz ediləcək, həmçinin beynəlxalq standartlara uyğun şəkildə tikilib və planlaşdırılıb. O, Azərbaycan Respublikası və qonşu ölkələr üçün önəmli qovşaq rolunu oynayacaq. Yeni liman üçün təklif edilən ərazi Bakını İran sərhədi ilə əlaqələndirən baş magistralın, həmçinin, Bakını qərblə və Gürcüstanla bağ-layan əsas dəmir yolu xəttinin yanında yerləşir. Layihədə buraya hakim kəsilən küləkləri nəzərə alan, həmçinin, Gil adasının rahatlığına zərər vurmayan ən optimal naviqasiya marşrutu kimi dənizdən cənub-şərq istiqamətində giriş kanalı çəkilməsi variantına üstünlük verilib.
Limanın baş planının əsas komponentləri sırasına dörd yük körpüsü, çoxfunksiyalı, kiçik gəmilər üçün körpülər, "Ro-Ro" körpü, ikikörpülü bərə-terminalı, həmçinin limanın 300 x 650 m ölçüsündə hovuz daxildir. Limanlara ya dəmir yolu kranları, ya da səyyar liman kranları ilə xidmət göstəriləcək. Liman ərazisində müxtəlif qurğuların, həmçinin memarlıq nümunəsi olacaq və Azərbaycan Respublikasının əsas dəniz qovşağı kimi statusunu təcəssüm etdirəcək binaların tikintisi aparılmalıdır.
Hazırda "Azerkorpu" şirkəti tərəfindən liman-kompleksinə giriş avtomobil yolunun tikintisi gerçəkləşdirilir. Bu avtomobil yolu nəqliyyat qovşağından və avtomobil yollarından ibarətdir. Nəqliyyat qovşağında uzunluğu 56,6 m olan tunel layihələndirilib. Giriş yolunun uzunluğu 2,0 km.-dir.
Həmçinin, liman kompleksində dəmir yolu girişi üçün dəmir yolu stansiyasının torpaq zolağının (3,0 km) tikintisi də aparılır.
Bununla yanaşı, liman kompleksinin I mərhələsinin tikintisi üzrə hazırlıq işləri davam edir.
Beynəlxalq bazar
Səciyyəvidir ki, bu cür böyük iş həcmləri ən yüksək keyfiyyət səviyyəsində və planla ciddi müəyyənləşmiş müddətə yerinə yetirilib. Məhz bu amillər "Azerkorpu" və "Texnomost"un beynəlxalq bazara çıxması üçün əvəzsiz rol oynayıblar. Bəllidir ki, bu gün "Azerkorpu" və "Texnomost"un Rusiya, Qazaxıstan, Ukrayna və Türkiyədə filialları var.
Hazırda hər iki şirkət Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin avtomobil yolları komitəsinin Cənubi Qazaxıstan vilayət departamentinin sifarişi ilə Şimkənd şəhərinin dairəvi avtmobil yolunun tikintisini uğurla gerçəkləşdirir. Uzunluğu 36,5 km, 4 yol keçidindən (290,134 m) və 3 körpüdən (165,5 m) ibarət olan birinci kateqoriya beton yolun tikintisinə 2010-cu ildə başlanılıb. Həmçinin, Qazaxıstanda respublika əhəmiyyətli "Rusiya Federasiyasının sərhədi (Samara) - Şimkənd - Kızılorda" avtomobil yolu sahəsinin bərpası aparılır. Avtomobil asfalt-beton yolunun (28 km) tikintisinə 6 yolötürücüsünün (401,73 m) və 5 körpünün (725,59 m) tikintisi daxildir.
"Texnomost" şirkətinin intellektual potensialı Tatarıstan Respublikasında (RF) layiqincə qiymətləndirilib. Kazan şəhər rəhbərliyi "Texnomost" şirkətini Tatarıstan paytaxtında 2013-cü ildə XXVII Ümumdünya Yay Universiadasının keçirilməsi üçün lazım olan küçə-yol şəbəkəsi obyektlərinin layihələşdirilməsi üçün dəvət edib. Azərbaycan şirkəti tərəfindən artıq səkkiz layihə hazırlanıb. Onların ikisinin, məhz Esperanto və Tixomirov küçələrinin kəsişməsində yerləşən nəqliyyat qovşağının tikintisi, həmçinin, Lenin bəndi sahəsinin və Kazanka çayı üzərindəki körpünün təmiri məhz "Azerkorpu" şirkətinə tapşırılıb.
Bu işlərin sifarişçilərə müddətində və ən yüksək səviyyədə təhvil veriləcəyinə şübhə yoxdur. Buna görə də cürətlə ümid etmək olar ki, "Azerkorpu" və "Texnomost" həm yerli, həm də beynəlxalq səviyyədə yeni biznes zirvələrini fəth etməkdə davam edəcəkdir.
MƏSLƏHƏT GÖR: