14 Mart 2025

Cümə, 10:59

"GÜRCÜ ARZUSU" GERÇƏKLƏŞDİ

Amma o, reallıqla toqquşmaya tab gətirə biləcəkmi?

Müəllif:

15.10.2012

Gürcüstanda keçirilmiş parlament seçkisi dünyanın diqqətini özünə cəlb etdiyindən,  KİV-də geniş şərh olunur. Seçkidə 150 deputat seçilib: 77 deputat partiya siyahısı, 73-ü isə təkmandatlı dairələrdən. MSK-nın məlumatına görə, seçkidə 54,85% səs qazanmış "Bidzina İvanişvili - Gürcü arzusu" bloku qələbə qazanıb. Hakim "Vahid milli hərəkat" isə 40,43% səs qazanıb. Digər iştirakçılardan heç biri parlamentə düşmək üçün tələb olunan 5%-lik baryeri aşa bilməyib. 

Beləliklə, təkmandatlı dairələrdəki səsvermənin nəticəsini nəzərə alsaq, Gürcüstan parlamentində yeni qüvvələr nisbəti belədir: "Bidzina İvanişvili - Gürcü arzusu" bloku 83 yer, Mixail Saakaşvilinin "Vahid milli hərəkat"ı isə 67 yer.

Ümumilikdə Gürcüstanın yeni parlamentində 7 siyasi partiya təmsil olunacaq. Onların arasında ən böyüyü hələ də "Vahid mili hərəkat"dır. "Bidzina İvanişvili - Gürcü arzusu" koalisiyasına 5 partiya daxildir və onlar müstəqil şəkildə öz fraksiyalarını yarada bilər. Söhbət "Gürcü arzusu - demokratik Gürcüstan", Respublika Partiyası, Mühafizəkar Partiya, "Bizim Gürcüstan - azad demokratlar", "Sənaye Gürcüstanı xilas edəcək" partiyası və "Milli forum"dan gedir. "Bidzina İvanişvili - Gürcü arzusu" koalisiyasının siyahısı ilə parlamentə Yaşıllar Partiyasının sədri Georgi Qaçeçiladze ilə Xalq Partiyasının lideri Koba Davitaşvili də düşüblər.

Beynəlxalq (1500 nəfərdən artıq) və yerli müşahidəçilər ümumilikdə seçkinin azad və demokratik keçdiyini bəyan edib. Prezident Mixail Saakaşvili və onun hökumətinin üzvləri partiyalarının seçkidə məğlub olduğunu etiraf edib və müxalifətə keçdiklərini açıqlayıblar.

Qalib "Gürcü arzusu" koalisiyasının lideri, milyarder Bidzina İvanişvili isə yeni hökumətdə Mixail Saakaşvilinin komandasındakı şəxslərə yer olmayacağını bəyan edib. O, Forbes jurnalına eksklüziv müsahibəsində bildirib ki, siyasətdə uzun müddət qalmaq niyyətində deyil: "Ən azı 1, ən çoxu 2 il. Aralıq müddət kimi 1,5 il ən optimal variant sayıla bilər. Düşünürəm ki, lazımi işlərin hamısını yerinə yetirə bilmək üçün bu, maksimal müddətdir". İvanişvilinin sözlərinə görə, o, bu müddətdə Konstitusiyanı sahmana salmaq, Gürcüstanın inkişaf istiqamətləri və real strategiyasını müəyyənləşdirən qanunları dəyişdirmək, məhkəmələrin və KİV-in azadlığını təmin etmək, polis, prokurorluq və digər strukturları siyasətin təsirindən azad etmək niyyətindədir.

Nəzərə alsaq ki, hələ bir il Gürcüstan prezidenti postu Saakaşvilidə olacaq, üstəlik Saakaşvilinin nəinki parlamentdə böyük fraksiyası, həm də güc strukturlarında, yerli administrasiyalarda saysız-hesabsız tərəfdarları qalmaqdadır, yeni komandanın bütün bu işləri görməsi asan olmayacaq. Bəlkə də İvanişvilinin seçkinin səhəri gün keçirdiyi mətbuat konfransında növbədənkənar prezident seçkisi haqda danışması və Saakaşviliyə siyasi böhrandan qaçmaq üçün istefaya getmək təklifini verməsi də bununla bağlı idi.

İvanişvilinin bu təklifinə cavab olaraq Gürcüstanın Təhlükəsizlik Şurasının katibi Bokeriya qarşı tərəfi konstitusiyaya hörmət etməyə çağırıb. O bildirib ki, "belə rəftar g?man ki, seçkidə qazanılmış qələbənin eyforiyası ilə bağlıdır".

Artıq köhnə parlamentin spikeri David Bakradze isə prezidentin hələ ki, yeni parlamentə "öz komandasını", məsələn, Vano Merabişvilinin hökumətini təqdim etmək hüququna malik olduğunu söyləyib. Parlamentdəki çoxluq əlbəttə ki, bu heyəti təsdiqləməyəcək, amma nəticədə "siyasi böhran baş qaldıracaq və 6 ay sonra növbədənkənar parlament seçkisini elan etmək mümkün olacaq".

"Konstitusiya buna imkan verir. Amma biz bunu etməyəcəyik. Çünki gürcü xalqının seçiminə hörmət edirik. Eyni zamanda opponentlərimizdən də elementar hörmət gözləyirik", - deyə Bakradze bildirib.

Bu açıqlamalardan sonra Bidzina İvanişvili dərhal ölkənin bütün siyasi qüvvələrilə konstitusion əməkdaşlıq yaratmaq niyyətində olduğunu söyləyib.

Bir qədər sonra İvanişvili və onun komanda üzvləri prezident iqamətgahında Mixail Saakaşvili ilə görüşərək məsləhətləşmələr aparıblar. Görüşdən sonra verdiyi açıqlamada İvanişvili deyib: "Bu görüşlə göstərdik ki, gürcü xalqı mədəni xalqdır və opponentlərinə dəyər verir. Hər kəsi əmin edirəm ki, Avropa və Avroatlantik strukturlara inteqrasiya kursunu davam etdirəcək, tezliklə NATO-ya üzv olmağa çalışacağıq".

Prezident Saakaşvili isə öz növbəsində görüşün tarixi prosesin başlanğıcının rəmzi olduğunu söyləyib: "Bizim bir çox məsələlərlə bağlı fundamental fikir ayrılıqlarımız qalır. Amma mən Konstitusiyanın qarantı olaraq hakimiyyətin normal şəkildə ötürülməsini təmin edəcəyəm".

"Vahid mili hərəkat"ın məğlubiyyəti nə qədər ağır və gözlənilməz olsa da, Mixail Saakaşvilinin komandasını tələsik şəkildə tarixin arxivinə göndərmək böyük səhv olardı. O, hakimiyyəti illərində çox şeyə nail olub: Acarıstan üzərində nəzarət bərpa edilib, vergi yığımı dəfələrlə artırılıb, dövlət idarəçilik apparatı müasirləşdirilib, aşağı səviyyədə korrupsiyanı aradan qaldırıb, kriminal aləmi zərərsizləşdirib. Amma əhalinin əksəriyyəti, xüsusilə orta və yaşlı nəsil, həmçinin təhsili aşağı səviyyədə olanlar  üçün vəziyyət o qədər də düzəlməyib, ən başlıcası isə onların heç bir perspektivi yoxdur. Gürcüstanda işsizliyin səviyyəsi rəsmən 15% göstərilsə də, ekspertlər əmək qabiliyyətli əhalinin üçdə birinin işsiz olduğunu bildirir. Pensiyaların həddi də son dərəcə aşağıdır. Kənd təsərrüfatı can üstədir, gənc kadrların yekəxanalığı, vəziyyəti ağır olan vətəndaşların dərdini başa düşmək istəməməsi, özündənrazılıq isə əhalini qıcıqlandırır. 

Mixail Saakaşvili buraxılmış səhvlərdən nəticə çıxarmaqla prezidentlik səlahiyyətinin sonunadək qalan müddətdə komandasını yenidən qura bilər.  O, seçkidə qalib gəlmiş "Gürcü arzusu"nda qaçılmaz olan ziddyyətlərdən və koalsiyanın tərəfdarlarının bu ziddiyyətlərdən məyus olacağından istifadə edərək, 2013-cü ilin prezident seçkilərində öz namzədini keçirməyə cəhd göstərə bilər. Bu versiyanın inandırıcı olduğunu gürcülərin özünəməxsus siyasi ənənəsi də təsdiqləyir. Onlar emosional şəkildə mütləq səs çoxluğu ilə özlərinə prezident seçir (Qamsaxurdiya, Şevardnadze, Saakaşvili), onları xilaskar bütə çevirir, çox keçmədən isə vaxtilə böyük həvəslə göylərə qaldırdıqları prezidenti elə eyni həvəslə də kürsüdən aşağı atır.

Odur ki, Gürcüstanda hələ bir il ərzində siyasi qüvvələr nisbəti dəyişkən qalacaq, Saakaşvilinin komandasının revanş şansı isə davam edəcək. Amma bu şansı reallaşdırmağın mümkün olub-olomayacağını zaman göstərəcək.

Bütünlükdə dünyanı və biz Azərbaycanı daha çox maraqlandıran isə parlament seçkisində qələbə qazanmış "Gürcü arzusu"nun xarici siyasi oriyentirləri və prioritetləridir. İvanişvilinin və komandasının nüfuzlu nümayəndələrinin bəyanatlarına inansaq, Tiflisin Avropa İttifaqı və NATO-ya üzvlük cəhdləri davam edəcək. Bu, Mixail Saakaşvilinin tərəfdarlarının İvanişvilinin "Moskvanın adamı" olduğuna dair iddialarına uyğun gəlmir. Onlar bu fikirlərini İvanişvilinin milyardlarını Rusiyada qazanması ilə əsaslandırır, bildirirlər ki, Putinin və Rusiya hökumətinin razılığı olmadan İvanişvili aktivlərini dövlət şirkətlərinə sata, biznesini digər ölkələrə çıxara bilməzdi.

Arqumentlər ciddi olsa da, əsaslı deyil. Bu dəlillər İvanişvilinin Rusiya tərəfindən idarə olunduğunu, onun Kremlin tapşırıqları əsasında hərəkət edəcəyini söyləmək üçün əsas ola bilməz.

Xatırladaq ki, Ukraynada da keçirilmiş prezident seçkisi öncəsi analitiklər və KİV-in Viktor Yanukoviçlə bağlı analoji iddiaları sonradan boşa çıxmışdı. Yanukoviç özünü kifayət qədər müstəqil siyasətçi kimi göstərə bilib və Rusiya ilə münasibətlərdə Ukraynanın maraqlarına toxunan, müstəqilliyinə təhlükə yaradan bütün məqamlarda sərt, inadcıl siyasət yürüdür. Yeri gəlmişkən, Ukraynadakı seçkidən fərqli olaraq, Gürcüstanda Rusiya siyasi texnoloqları gözə dəyməyib. Rusiya telekanalları və yazılı KİV də müxalifətin xeyrinə təbliğat prosesinə cəlb edilməmişdi. Bir çox gürcü və əcnəbi analitiklərin İvanişvilinin vətəndaşların dəstəyi və tutacağı postun hesabına Moskvanın vəzifəyə gətirdiyi şəxs kimi yox, gürcü siyasətçi kimi işləyəcəyinə dair fikirləri heç də təəccüblü deyil. Üstəlik İvanişvili aktivlərini Rusiyadan çıxarmaqla Kremli şəxsən ona maddi təzyiq göstərmək rçaqlarından da məhrum edib.

Rusiyada isə Gürcüstanda keçirilmiş parlament seçkisinin nəticələri təmkinlə, hətta ehtiyatla şərh olunur. Onlar Saakaşvilinin komandasının məğlubiyyətə uğramasından məmnunluqlarını gizlətmirlər. Amma İvanişviliyə heyranlıq da bildirilmir. Moskvanın Gürcüstanda hakimiyyətə "öz adamı"nı gətirməyi planlaşdırdığı inandırıcı deyil. Təcrübə göstərib ki, belə qüvvələr gürcülər tərəfindən ciddi dəstək almaq iqtidarında deyillər. İvanişvili kontekstində Moskvanın hesablamaları onun "Rusiyapərəstliyinə" yox, rəhbərlik etdiyi koalisiyanın seçkinin nəticəsini tanımayacağına və qanlı iğtişaşlara gedəcəyinə idi. Güman ki, Moskva bu senarinin ona Gürcüstanın işlərinə qarışmaq imkanı verəcəyinə ümid edirdi: Gürcüstanı Rusiyanın nüfuz dairəsinə qaytarmaq mümkün olmasa da, qoy o, uzun müddətə siyasi qeyri-sabitlik və xaos içərisində yaşasın. Hələlik hazırki hakimiyyət və seçkidə qələbə qazanmış müxalifətin simasında Gürcüstanın siyasi elitası dövlətçilik üçün mövcud təhlükələri düzgün qiymətləndirərək onun qarşısını almaq  qayğısına qalsın.

Bilavasitə Rusiya-Gürcüstan münasibətlərinin perspektivinə gəlincə, Qafqazın problemləri üzrə ekspert, İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Vladimir Yevseyevin dediyi kimi, bütün mövcud problemlərin aradan qaldırılması mümkün olmayacaq. Lakin dialoqun bərpasını, viza problemlərinin həllini, iqtisadi və mədəni münasibətlərin bərpasını gözləmək olar. Tiflis-Moskva münasibətlərinin perspektivi haqda İvanişvili komandasının üzvləri də bu cür danışır.

Yevseyev Tiflis-Bakı münasibətləri haqda da danışıb. O, hesab edir ki, Gürcüstanla Azərbaycan arasındakı tərəfdaş münasibətləri yeni hökumətin dövründə də qorunub saxlanılacaq: "Azərbaycanla Gürcüstan arasında ciddi iqtisadi əlaqələr var. Bu, Bakının qonşu ölkənin iqtisadiyyatına ciddi məbləğdə investisiyalar yatırması, həmçinin azərbaycanlı turistlərin Gürcüstan iqtisadiyyatı üçün vacib yardım olması ilə bağlıdır. Hər iki tərəf ikitərəfli münasibətlərin, xüsusilə neft və qaz tranziti sahəsində əməkdaşlığın qorunub-saxlanmasında və inkişafında maraqlıdır. Bu iki ölkə arasında münasibətlərin dəyişməsi üçün heç bir səbəb yoxdur".

Həqiqətən də, işgüzar və bacarıqlı insan olan İvanişvili ölkələrimizin bir-biri ilə nə dərəcədə bağlı olduğunu yaxşı anlayır. Gürcüstanın Azərbaycandakı səfirinin İvanişvilinin ABŞ-dan sonra sayca ikinci rəsmi səfərini Azərbaycana etməsinin mümkünlüyünü açıqlaması da təsadüf deyil. Məncə, Azərbaycan rəhbərliyi üçün ideoloji düşünən Saakaşvili ilə müqayisədə "real və konkret" insan olan İvanişvili ilə möhkəm şəxsi münasibətlər qurmaq daha asan olacaq. Yəni, onunla razılığa gəlmək bəlkə də sadə iş deyil, amma əldə edilmiş razılaşmaların reallaşdırılmasında çətinliklər olmamalıdır. Yeni hökumətlə dialoq qurarkən, Bakı üçün əvvəlki razılaşmalar və öhdəliklərin reviziyasının qeyri-mümkünlüyünə işarə etmək çox vacibdir.

Maraqlıdır ki, rusiyalı ekspert Ermənistan-Gürcüstan münasibətlərinin perspektivindən danışan zaman vəziyyətin çətin olduğunu bildirib və bunu tərəflər arasında milli zəmində mübahisələrin olması ilə əsaslandırıb. "Fikrimcə, Ermənistanla münasibətlərin inkişaf etdirilməsi çətin olacaq. Burada çox şey Ermənistanda keçiriləcək prezident seçkisindən sonra orada yaranacaq vəziyyətdən asılı olacaq. Görünür, indi pauza götürüləcək. Amma istənilən halda Ermənistanla münasibətlər daha ehmallı olacaq", - deyə Yevseyev bildirib.

Ekspertin bu ehtimalı dolayı yolla olsa da, dərhal təsdiqini tapıb. Bidzina İvanişvili Moskvanın "Yeni zaman" ("The New Times") dərgisinə müsahibəsində heç yeri gəlmədən bildirib ki, o, Gürcüstanda ermənilərin yaşamasını təəccüblə qarşılayır: "Halbuki, onların vətəni yaxınlıqdadır".

İrəvanda siyasətçilər və KİV İvanişvilinin bu fikrinə kifayət qədər sərt reaksiya verib. Onlar bu fikirdə ermənilərə qarşı daxili qərəz görür. İvanişvili və ətrafının bundan sonra verdiyi açıqlamalar əslində ermənilər üçün xoş olmayan bu vəziyyəti aradan qaldırmalı idi. Amma məşhur atalar sözündə deyildiyi kimi, "arxadan atılan daş topuğa dəyər".

Beləliklə, Cənubi Qafqazın müasir tarixində dəfələrlə olduğu kimi, Gürcüstanın siyasi və ictimai həyatı növbəti dəfə ciddi dəyişikliklər ərəfəsindədir. İvanişvili koalisiyasının hakimiyyətə gəlişi Saakaşvili komandasının islahatları zamanı yol verilmiş səhvləri aradan qaldıracaq, yoxsa bu, geriləmə, ölkənin qeyri-sabitlik və durğunluq zolağına düşməsilə nəticələnəcək? Bunu zaman göstərəcək. İstənilən halda, "Gürcü arzusu"nun nə olduğu, onun reallıqla toqquşmaya tab gətirib-gətirmədiyi tezliklə aydınlaşacaq. 



MƏSLƏHƏT GÖR:

609