
AVROPAYA YAXIN
Ukrayna, Gürcüstan və Moldovanın Aİ-dən gözləntiləri özünü doğruldacaqmı?
Müəllif: İrina XALTURİNA Bakı
Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı ilə 2013-cü ilin noyabrında paraflanmış sənədləri imzaladılar. Söhbət Gürcüstan və Moldova ilə assosiativ üzvlük və azad ticarət zonası haqda razılaşmalardan, Ukrayna ilə isə müqavilənin iqtisadi hissəsindən gedir. Yeri gəlmişkən, Ukrayna ilə razılaşmanın siyasi hissəsi hələ bu ilin martında imzalanmışdı.
Sənədi Avropa İttifaqı Şurasının sədri Herman van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Ukrayna prezidenti Pyotr Poroşenko və Moldovanın baş naziri Yuri Lyanke imzalayıblar. İmzalanma mərasimində Aİ-yə üzv olan 28 ölkənin dövlət və hökumət başçıları da iştirak ediblər. İndi razılaşmaların qüvvəyə minməsi üçün onların Gürcüstan, Ukrayna və Moldova parlamentləri, Avropa Parlamenti və Aİ-yə üzv ölkələrin parlamentləri tərəfindən ratifikasiyasına ehtiyac var.
Barrozu bildirib ki, "Aİ təşkilatın gələcək üzvlərinin üzünə qapılarını açır. Tərəfdaşlarımız qanunvericiliklərini yaxşılaşdırmaq, qanunun aliliyini yüksəltmək, Avropa standartları ilə daha sıx əməkdaşlıq qurmaq imkanı qazanacaqlar. Azad ticarət zonası isə bu 3 ölkənin inkişafına kömək edəcək", - deyə o, qeyd edib.
Assosiativ üzvlüklə bağlı razılaşma müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasını, Aİ ilə müqavilə imzalamış ölkələrin Avropa bazarlarına çıxışının təminini nəzərdə tutur.
Moldova, Ukrayna və Gürcüstan rəhbərliyi avropalı həmkarları ilə tamamilə razıdırlar. Məsələn, Moldovanın baş naziri bildirib ki, "Avropaya inteqrasiya, ilk növbədə, Moldovanın suverenliyinin möhkəmlənməsi, münasibətlərin qarşılıqlı hörmətə söykəndiyi çiçəklənən ölkələrlə bir ailədə təmsil olunmaq deməkdir".
Gürcüstan hökumətinin başçısı isə ölkəsinin "siyasi, iqtisadi və mədəni nöqteyi-nəzərindən tarixi məkanına - Avropaya qayıtmaq üçün tarixi şans qazandığını" düşünür. Yeni razılaşmanın Gürcüstanın hər bir vətəndaşına "böyük fayda" qazandıracağına Gürcüstan prezidenti Georgi Marqvelaşvili də əmindir.
Ukraynanın dövlət başçısı Pyotr Poroşenko isə Aİ ilə sözügedən müqavilənin imzalandığı günü "Ukrayna dövlətçiliyi tarixinin ən vacib günlərindən biri" adlandırıb.
Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Aİ ilə assosiativ üzvlüyə dair müqaviləni imzalamaqdan imtinası ötən ilin noyabrında Kiyevdə kütləvi etirazlara səbəb olmuş, sonda ölkədə hakimiyyət dəyişikliyi baş vermişdi. Ukraynadakı hazırkı dərin böhran da elə həmin hadisələrlə başlayıb. İndi Aİ ilə sazişə imza atan Kiyev ölkənin kifayət qədər böyük bir hissəsinə nəzarəti əldən verib - Ukraynadakı qəribə hərbi qarşıdurma tam gücü ilə davam edir. Bu qarşıdurma ona görə qəribədir ki, ölkə əhalisinin əksəriyyəti sanki onun fərqində deyil. Digər tərəfin məsələ ilə bağlı şərhlərini dinlədikdə isə sanki apokaliptik mənzərə yaranır - uşaq ölümləri, humanitar fəlakət, qaçqınlar... BMT-nin məlumatına görə, aprelin ortalarında Ukraynanın şərqində həlak olan insanların sayı artıq 420 nəfəri ötüb.
Kiyev isə vəziyyətə nəzarəti bərpa edəcəyinə ümidini itirmir. "Tarixi an"dan əvvəl Kiyevlə ölkənin cənub-şərqindəki qiyamçılar arasında barışıq əldə edilib. Amma razılaşmanın bu cür adlandırılması bir qədər çətindir. Kiyevdə bildirirlər ki, barışığın əldə olunmasından sonra separatçılar Ukrayna hərbçilərinə 35 dəfə atəş açıb, Slovyansk yaxınlığında "Mi-8" vertolyotunun vurulması nəticəsində 9 nəfər həlak olub. Tanınmamış "Donetsk Xalq Respublikası"nın lideri Aleksandr Boroday isə əslində heç bir barışığın olmadığını söyləyib və bildirib ki, "Kiyevə sadəcə iyunun 27-dək, yəni Aİ ilə razılaşmanın imzalanmasına qədər guya atəşkəs haqda razılaşmanın əldə edildiyinə dair görüntü yaratmaq lazım idi".
Yeri gəlmişkən, Aİ ilə razılaşmanı imzalamış 3 ölkənin hər birində Rusiya ilə bu və ya digər şəkildə əlaqəli ərazi problemləri var. Moldova üçün bu, Dnestryanı münaqişə, Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya problemləri, Ukrayna üçün isə bu ilin martından başlamış Krım problemidir. Bu kontekstdə, yəqin ki, münaqişələrlə bağlı detallara varmağa ehtiyac yoxdur. Amma onları nəzərə almamaq da mümkün deyil. Üstəlik, "nəzarətsiz qalmış ərazilərdə" əhalinin əksəriyyəti Brüsellə sıx əməkdaşlığa qarşıdır. Bu, xüsusilə Moldova üçün aktualdır. Keçirilən sorğular göstərir ki, ümumilikdə, ölkə ərazisində (xüsusilə Qaqauziyada) Avropaya inteqrasiya tərəfdarlarının sayı xeyli azalıb. Yuri Lyanke bildirir ki, Kişinyov Dnestryanı bölgənin Aİ ilə assosiativ üzvlük və azad ticarət haqqında razılaşmanın normalarını qəbul etməsi üçün sözügedən regionla işləyəcək.
Bütün bunların fonunda bəzi müşahidəçilər hesab edirlər ki, Ukrayna, Gürcüstan və Moldova üçün müqavilənin imzalanmasından əvvəl ölkədə islahatlar aparmaq daha məqsədəuyğun olardı. Bu mənada xüsusi narahatlıq doğuran iqtisadi məsələlərdir. Məsələ ondadır ki, Avropa İttifaqı ilə assosiativ saziş iştirakçı ölkənin üzərinə birliyə üzv dövlətlərə tətbiq olunan bütün öhdəlikləri qoysa da, onlara Aİ üzvlərinin hüquqlarının heç biri verilmir. Digər narahat edici məqam Rusiya ilə bağlıdır. Moskva dəfələrlə bəyan edib ki, onun qonşularının Aİ ilə assosiativ üzvlüklə bağlı razılaşma imzalaması həmin ölkələrə Avropadan külli-miqdarda nəzarətsiz malın axınına səbəb ola bilər və bu halda Moskva öz bazarlarını müxtəlif vasitələrlə qorumaq məcburiyyətində qalacaq. Burada söhbət həm idxala rüsum tətbiqindən (yalnız Rusiya tərəfindən deyil, həm də Gömrük İttifaqının digər üzvləri tərəfindən), həm enerji siyasətinə fərqli yanaşmadan gedir. Bu cür tədbirlər Moldova, Gürcüstan, xüsusilə də Ukrayna iqtisadiyyatına çox ağır zərbə olacaq. Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev bildirib ki, yaşananlar Kiyev üçün "iqtisadi intihar" olacaq. Onun fikrincə, bu, qrivinin qiymətdən düşməsinə, inflyasiyanın artımına, Ukraynada ödəmə balansının kəskin şəkildə pisləşməsinə, xarici öhdəliklər üzrə defolta, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.
Ukraynada isə bunun əksini düşünürlər. Kiyevdə hesab edirlər ki, Aİ ilə imzalanmış saziş Avropa bazarlarına daha çox mal çıxarılmasına, biznesdə başqa, daha sivil modelə keçidə, Avropanın istehsal və kəmiyyət standartlarının tətbiqinə imkan yaradacaq. Bundan başqa, məsələn, Kiyev Rusiya ilə bütün məsələlərə dair açıq texniki məsləhətləşmələr aparmağa hazırdır. Kiyevin Avropa İttifaqı ilə assosiativ üzvlüyə və azad ticarət zonasına dair imzaladığı razılaşmalarla bağlı Aİ-Ukrayna-Rusiya formatında üçtərəfli məsləhətləşmələr iyulun 11-də Brüsseldə Aİ-nin ticarət məsələləri üzrə ali komissarının himayəsilə keçirilməlidir.
Sazişi imzalamış ölkələr iqtisadi və institusional qazanclarla yanaşı, onlar üçün milli təhlükəsizliyə zəmanətin də artdığını deyirlər. "Bu razılaşmalar Avropa ilə bu ölkələr arasında daha təhlükəsiz münasibətləri inkişaf etdirməlidir. Hazırda Ukrayna Rusiyanın onun daxili siyasətinə dərindən müdaxiləsilə təhlükəsizlik baxımdan ciddi problemlə üzləşib. Bu ağır prosesdən Gürcüstan da keçib. Avropa İttifaqı bu ölkələrin yanındadır və biz Avropanın sizin ərazi bütövlüyünüzü tanıdığını deyə bilərik", - deyə Herman van Rompey imzalanma mərasimindəki çıxışında bildirib.
NATO da ön səhnədə yer alır. Alyans Ukraynada yaşananlardan son dərəcə hiddətləndiyini göstərir. Qurumun baş katibi Anders foq Rasmussen bu yaxınlarda Ukrayna ordusu üçün NATO üzvlərinin səyilə trast fondunun yaradıldığını bəyan edib. Rusiyanın planlarının dinc xarakterli olduğuna şübhə etdiyini vurğulayan baş katib bildirib ki, "Moskva Ukraynaya qarşı yeni hərbi taktikadan istifadə edir". Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamenti direktorunun müavini Mariya Zaxarova isə NATO-nun Ukraynanın cənub-şərqində dinc əhaliyə qarşı istifadə olunan hərbi potensialının artırılması kursu götürdüyünü bəyan edib.
Beləliklə, görünən odur ki, Aİ ilə assosiativ üzvlüyə dair sazişlərin imzalanması bütün tərəflər arasında münasibətləri gərginləşdirib - Rusiyanın qonşuları ilə münasibətlərini də, Rusiya-Aİ münasibətlərini də. Moskva Qərblə açıq qarşıdurmadan var gücü ilə yayınmağa çalışır. Bunu Rusiya KİV-dəki şərhlərdən və reportajlardan da hiss etmək mümkündür. Son zamanlar mətbuat Ukraynada baş verənlərə daha neytral yanaşmağa başlayıb. Əsas mesajlar isə əlbəttə ki, Kremldən gəlir - prezident Vladimir Putin Federasiya Şurasından Rusiya qoşunlarından Ukrayna ərazisində istifadə olunmasına dair martın 1-də qəbul edilmiş qərarın ləğvini istəyib.
Aydındır ki, hazırda Kremli narahat edən "Cənub axını" boru xəttinin taleyidir. Bu, Avropanın enerji təhlükəsizliyi, xüsusilə Ukrayna ilə Rusiya arasındakı qaz böhranı kontekstində Moskva-Brüssel münasibətlərinin əsas mövzusudur. Aİ-nin enerji məsələləri üzrə ali komissarı Günter Ettinger bildirib ki, "Cənub axını" layihəsinin reallaşdırılması dayandırılmalıdır. Ettingerin fikrincə, layihənin reallaşdırılmasına yalnız onun Aİ qanunvericiliyinə uyğunlaşdırılmasından, Aİ-nin enerji təhlükəsizliyilə bağlı prioritetləri baxımından yenidən qiymətləndirilməsindən sonra davam edilə bilər. Putin də Avstriyaya səfəri zamanı bu məsələ ilə bağlı əlindən gələni əsirgəməyib. Amma layihə ətrafında vəziyyət düzəlmir: bir problem həll olunan kimi, yenisi meydana çıxır. Avropalılar Rusiyadan asılılığın aradan qaldırılması üçün qənaətə, bərpa olunan enerji mənbələrindən istifadəyə, kömür hasilatını artırmağa, şist qazı emalına başlamağa hazırdırlar. Yeri gəlmişkən, daha bir maraqlı məqam NATO-nun baş katibi Anders foq Rasmussenin Rusiyaya ünvanladığı ittihamdır. O, Moskvanı şist qazı hasilatını əngəlləmək üçün Avropanın ekoloji təşkilatları ilə sövdələşmədə günahlandırır.
Bu qarşıdurma fonunda postsovet ölkələri arasında (Baltikyanı respublikalar istisna olmaqla) "Avropa arzusu"na ən çox yaxınlaşmış Ukrayna, Gürcüstan və Moldovanı hansı gələcəyin gözlədiyini zaman göstərəcək. Maraqlıdır ki, siyasi və iqtisadi terminlərdən uzaq insanlar Aİ ilə assosiativ üzvlük haqda razılaşmanı Avropa İttifaqına üzvlük kimi qəbul edirlər. Amma bu, qətiyyən belə deyil. Gürcüstan, Ukrayna və Moldovanın, hələ ki, Aİ-yə üzvlüyə namizəd statusları belə, yoxdur. Ukrayna prezidenti gələn ilin əvvəlindən Aİ ilə Kiyev arasında vizasız rejimə dair razılaşmanın da qüvvəyə minəcəyinə ümidini ifadə edib. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin ən cəsarətli proqnozlarına görə isə Tiflis Aİ-yə yalnız 5-10 ildən sonra üzvlüyə ümid edə bilər. Amma hər şeyin az qala aydan-aya, hətta həftədən-həftəyə dəyişdiyi hazırkı dövrdə, bu, ümidlə yaşamaq üçün kifayət qədər uzun müddətdir. Amma hər halda, cəhd etmək olar, çünki bu, çox yaxşı stimuldur.
MƏSLƏHƏT GÖR: