15 Mart 2025

Şənbə, 00:30

AVROPADA HAKİMİYYƏT DƏYİŞDİ

Yunkerin Avropa Komissiyasının sədri seçilməsi avroskeptiklərin narazılığının pik vaxtına təsadüf etdi

Müəllif:

08.07.2014

Avropa İttifaqının ali icra orqanı olan Avropa Komissiyasının yeni sədri Lüksemburqun sabiq baş naziri Jan-Klod Yunker olacaq. Bu haqda qərar Aİ ölkələri liderləri tərəfindən Brüsseldə Avropa İttifaqı Şurasının toplantısında qəbul edilib. Qərarın qəbulu heç də asan keçməyib və toplantı qızğın diskussiyalara səhnə olub.

Yunkeri yeni vəzifəsinə hələ iyulun 16-da Avropa Parlamenti də təsdiqləməlidir. Bunun üçün onun namizədliyi qurumun 751 deputatının, ən azı, 376-sı tərəfindən dəstəklənməlidir. Amma artıq bu prosedurun formal xarakter daşıyacağını söyləmək olar. Çünki parlamentdəki çoxluq - sağ-mərkəzçi Avropa Xalq Partiyası və sosial-demokratlar fraksiyası Yunkeri dəstəkləyir. Yeri gəlmişkən, sosialistlər lüksemburqlu siyasətçiyə verdikləri dəstəyin qarşılığında artıq Aİ-nin rəhbər postlarından birini öz namizədləri üçün "behləməyə" nail olublar.

Avropanın siyasət veteranlarından olan Yunker 1995-ci ilədək Lüksemburq hökumətində müxtəlif vəzifələr tutub və sonda ölkənin baş naziri olub. Bu vəzifədə o, Avropa üçün rekord sayılacaq müddətdə qala bilib - düz 18 il! Yunker maliyyə naziri kimi də iş təcrübəsinə malikdir. O, 2005-ci ildən avrozonaya daxil olan ölkələrin maliyyə nazirlərini özündə birləşdirən Avroqrupa rəhbərlik edib. Siyasətçi baş nazir postunu ötən yay nəzarətində olan kəşfiyyat  xidmətinin insanların danışıqlarını gizli şəkildə dinləməsilə bağlı yaşanan qalmaqaldan sonra tərk edib. Amma sabiq baş nazir hələ də ölkə daxilində geniş dəstəyə malikdir. Hətta ötənilki qalmaqal zamanı Yunkerin vəzifədən getməsini tələb edən siyasi qüvvələr belə, onun Avropa Komissiyasının sədri postuna seçilməsinə dəstək veriblər.

Yunkerin şəxsi keyfiyyətlərinə gəlincə, Britaniyanın əksər KİV-də onun özünü çalışqan katolik kimi tanıtdığını, eyni zamanda hərisliklə siqaret çəkdiyini, spirtli içkiləri sevdiyini yazır. Siyasətçinin özü isə bu ittihamları rədd edir, diqqəti daha çox onun böyük siyasi təcrübəsi, özünə ironiya ilə yanaşması və ideya sadiqliyi haqda yazılanlara çəkir.

Britaniya mətbuatının isə Yunkerə qarşı mübarizəyə qalxmasında təəccüblü heç nə yoxdur. Onun Avropa Komissiyasının sədri postunu tutmasının əleyhinə yalnız Böyük Britaniya və Macarıstan baş nazirləri Devid Kemeron ilə Viktor Orban səs veriblər. Yunker Avropaya inteqrasiyanın tərəfdarıdırsa, Kemeron və Orban əksinə, avroskeptik kimi məşhurdurlar.

Kemeron Brüsselin səlahiyyətlərinin artırılmasına tərəfdar olan Yunkeri Londonun maraqlarına cavab verən namizəd hesab etmir. Amma Britaniya hökumətinin başçısı qitənin ümumi fikrinə qarşı təbii ki, təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Kemerona qarşı çıxanlardan biri Fransa prezidenti Fransua Ollanddır. O, Avropa Komissiyasının sədri postuna BVF-nin hazırkı rəhbəri Kristin Laqardın seçilməsinin qəti əleyhinədir. Qeyd edək ki, bir müddət Laqar Yunkerin əsas alternativi sayılırdı. Laqard Londonu daha çox qane edir, üstəlik Berlin də onun namizədliyinə ciddi etiraz  etmirdi. Amma Olland Avropanın aparıcı postunun Nikola Sarkozi hökumətində nazir vəzifəsini tutmuş şəxsə  həvalə olunmasını istəmirdi. Maraqlıdır ki, Britaniyanın baş naziri həmkarlarını fikirlərindən daşındırmaq üçün hətta Rusiya amilindən istifadə etməyə çalışıb - guya Avropaya qazanc naminə Moskva ilə siyasi mövqelərə zidd sövdələşməyə getməyəcək lider lazımdır. Amma bu da onun işinə yaramayıb. Üstəlik, Yunkern Moskvaya həddindən artıq simpatiya bəslədiyini söyləmək həqiqətən də mümkün  deyil.

Nəticədə Böyük Britaniya inciyərək, eyni zamanda, güman ki, daxilən sevinərək bir daha göstərib ki, o, Aİ-də qalmağın məqsədəuyğunluğuna inanmır. Spiegel yazır ki, Kemeron “Dumanlı Albion”un Aİ-ni tərk etməsilə bağlı referendumun təşkilini sürətləndirəcəyilə bağlı hədə də səsləndirib. Ümumxalq səsverməsinin 2017-ci ildə keçirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, bunadək isə Şotlandiya Londondan müstəqillik əldə etmək məsələsini referenduma çıxaracaq. Kifayət qədər Avropapərəst mövqedə olan Şotlandiyada bu referendum bir neçə ay sonra baş tutmalıdır.

Kemeronun avropalı həmkarlarına bu məğlubiyyəti onun karyerasına ciddi təsir göstərə bilər. Britaniya leyboristlərinin lideri Ed Miliband və ən başlıcası, Avropa Parlamentinə bu yaxınlarda keçirilmiş seçkidə ciddi uğur əldə etmiş Böyük Britaniya  Müstəqillik Partiyasının (UKIP) rəhbəri Naycel Farac baş verənləri  fərqli şəkildə şərh edirlər - onların fikrincə, Kemeron son müzakirələrdə mövqeyini əldən verib və Britaniyanın baş nazirini sadəcə alçaldıblar. Həqiqətən də, Kemeronun Brüsselə qarşı mübarizəsi hələ kifayət qədər solğun təsir bağışlayır. London gedəcəyini desə də, sanki onu eşidən yoxdur. Evdə isə Kemeron tamamilə fərqli təzyiqlə üz - üzədir - beləliklə, torinin tarixi məğlubiyyəti Brüsseldə baş verənlərlə əlaqələndirilir.

Orbana gəlincə, onun ölkədaxili vəziyyəti tamamilə fərqlidir - Aİ-nin "mərkəzi idarəçiliyi"ndən yaxa qurtarmaq istiqamətində atdığı addımlar baş naziri ölkəsində daha da populyarlaşdıra bilər. Amma Orbanın mövqeyi Avropadakı inteqrasiya proseslərinə, çətin ki, ciddi təsir göstərsin. Yeri gəlmişkən, İtaliya, Niderland və İsveç liderlərinin mövqeyi Orban və Kemeronun mövqelərinə yaxın olub. Amma son anda onlar fikirlərini dəyişiblər.

Kemeronun fikrincə, nəticədə məğlub olan tək o yox, bütünlükdə Avropa İttifaqıdır. Britaniyanın baş naziri milli hökumətlərin zəiflədiyinə işarə edib. Məsələ ondadır ki, artıq Avropa parlamentində əslində yeni hökumət yaradılıb - Avropa Komissiyasının sədri dövlət və hökumət başçıları arasında konsensus əsasında deyil, parlamentdəki qrupların razılaşması əsasında seçilib. Üstəlik, bu postu Aİ-nin ən nüfuzlu ölkələrindən birinin arzulamadığı şəxs tutub. Söhbət kifayət qədər maraqlı bölgüdən gedir - 28 seçilmiş dövlət və hökumət başçısı avropalıların birbaşa səsvermə yolu ilə seçdikləri 751 deputata qarşı. İndi çox şeyin Jan-Klod Yunkerin kabinetinin tərkibindən asılı olacağı deyilir. Aİ ölkələri Avropa Komissiyasındakı vəzifələrə namizədlərini yayın sonunadək irəli sürməlidirlər. Amma deyilənə görə, hər şey əvvəlcədən razılaşdırılıb. Yenilənmiş Avropa Komissiyası noyabrın 1-dən fəaliyyətə başlamalıdır.

Daha bir vacib xəbər - Avropa Komissiyasının yeni tərkibində Aİ tarixində ilk dəfə immiqrasiya məsələləri üzrə ayrıca komissar olacaq. Bu zərurət Yaxın Şərqdən və Şimali Afrikadan Aİ-nin cənub ölkələrinə kütləvi miqrant axını baş verdiyi üçün yaranıb. Bu ilin əvvəlindən İtaliya vasitəsilə Avropaya, təxminən, 65 min immiqrant daxil olmağa cəhd göstğərib.

Beləliklə, bir sual yaranır: Yunkerin təyinatı Köhnə Qitədəki  proseslərə necə təsir  göstərəcək? Hələlik o, Avropa İttifaqının əsas vəzifələrini təkrarlayır - həmrəylik, ziddiyyətlərin və Şimal ilə Cənub arasındakı təzadın aradan qaldırılması, iqtisadi inkişaf siyasətinin hazırlanması, yeni iş yerlərinin yaradılması, ABŞ ilə ticarət razılaşmasının əldə edilməsi, avrozona ölkələrinin valyuta-iqtisadi ittifaqında islahatlar, dövlət maliyyələrinin konsolidasiyası və s. 

Bundan başqa, Yunker hazırda Avropada dəbdə olan mövzuya da xüsusi önəm verir, belə ki,   hamını vahid enerji siyasətinin formalaşdırılmasına çağırıb. "İslahatlar aparmaq, Aİ-nin enerji siyasətini yenidən formalaşdırmaq, yeni Avropa  Enerji İttifaqı yaratmaq istəyirəm. Üçüncü öklələrin qarşısında mövqelərimizi gücləndirmək üçün enerji resurslarımızı, infrastrukturlarımızı birləşdirməli və birləşməliyik. Eyni zamanda enerji mənbələrimizi şaxələndirməli, Aİ-nin bəzi ölkələrinin enerji asılılığını azaltmalıyıq", - deyə Yunker qeyd edib.

Digər yandan, Yunkerin adı son vaxtlar birləşmiş Avropanın İttifaqa etimadsızlığını artıran məqamlarla da əlaqələndirilir. Bütün Avropa KİV xatırladır ki, Maastrix sazişinin arxasında dayanmış siyasətçilərdən biri də məhz Yunker olub. Söhbət  Avropa ölkələrinin pul və siyasi sistemini tənzimləyən, Aİ-nin əsasını qoyan sənəddən gedir. Demək,  bütün müsbət və mənfi cəhətlərilə, vahid Avropa valyutasının tətbiqinə hansısa dərəcədə məsuliyyət daşıyır. 

O, eyni zamanda, iqtisadi inkişafın uzun müddət ləngiməsinə səbəb olmuş qənaət siyasətinin də fəal tərəfdarlarından olub. Son rəqəmlər bu prosesin hələ də davam etdiyini göstərir. 

Bundan başqa, Yunker Avroqrupun başçısı kimi, qlobal maliyyə böhranından əziyyət çəkən Avropa ölkələrinə kreditlərin verilməsinə dair qərar qəbul edib və onun bu qərarı ilə bağlı müxtəlif mübahisələr hələ də davam edir.

Ümumiyyətlə, hazırda Aİ-də iqtisadi cəhətdən  xeyli problem  var: avrozonada kredit verilməsi həcminin azalması, əhalinin qocalması fonunda işsizliyin artması, dəqiq immiqrasiya siyasətinin olmaması, sərt iqtisadiyyata qarşı etirazlar, xarici siyasətdə tez-tez özünü göstərən fikir ayrılıqları və s. Odur ki, Yunkerin işi asan olmayacaq. Bir tərəfdə Kemeron kimi skeptiklər var, digər yanda isə Almaniya kansleri Merkelin dəmir əli...

Beləliklə, iqtsiadi problemlər və Aİ-dəki daxili siyasi ziddiyyətlər Avropa İttifaqının gələcəyini daha ciddi zərbə altında qoya bilər. Onda növbəti seçki Aİ-nin bütün institutları üçün daha böyük sürpriz olacaq. “The Guardian” qəzetinin yazdığı kimi, artıq böyük bir gənc avropalı nəsli yetişib və onların daimi qazanclarına, peşəkar inkişaflarına dair zəmanətləri yoxdur. Avropa narazılar qitəsinə çevrilir və avropalı arzusunun canlandırılması yolu hələ ki, məlum deyil.



MƏSLƏHƏT GÖR:

545