
GÜRCÜSTAN AVROPAYA ÇIXIŞ ƏLDƏ ETDİ
Amma bəzi ekspertlər, əslində, Avropanın Gürcüstan bazarlarına çıxış qazandığını düşünür
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Gürcüstanla Avropa İttifaqı arasında assosiativ üzvlüyə dair sazişin imzalanması gürcü ictimaiyyətində böyük rezonans doğurub. Çoxları bunu son dərəcə mühüm tarixi hadisə kimi qiymətləndirib. Amma məsələyə skeptik yanaşanlar da var
İyunun 27-də isə Brüsseldə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa İttifaqı Şurasının rəhbəri Herman vann Rompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tarixi sənədə - Aİ ilə Assosiativ Sazişə imza atıblar. Sənəd tərəflər arasında ən müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsini, Gürcüstan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasını, həmçinin Gürcüstanın Aİ-nin azad ticarət zonasına daxil olmasını nəzərdə tutur. Amma razılaşmada Gürcüstan rəhbərliyinin əsas hədəfi əksini tapmayıb: Qaribaşvili orada Gürcüstanın tezliklə Aİ-yə üzv qəbul olunması məsələsinin də əksini tapacağına ümid edirdi, amma sənəddə bu haqda heç nə deyilmir.
Aİ-nin yüksək rütbəli məmurları da birmənalı olaraq Gürcüstanı öz sıralarında görmək arzularını dilə gətirməyiblər. Bu, başadüşüləndir: onlar bunu desəydilər, üstəlik sənədə Gürcüstanın yaxın perspektivdə Aİ-yə tamhüquqlu üzv qəbul edilməsinin məqsədəuyğunluğuna dair bənd salınsaydı, Aİ-nin əksər üzvünün Gürcüstanla (həm də Ukrayna və Moldova ilə) assosiasiyaya razılıq vermə şansı sıfıra bərabər olardı.
Maliyyə və borc böhranı burulğanında çabalayan Köhnə Qitə hazırda genişlənmə haqda düşünmək iqtidarında deyil. İndi Gürcüstanın Avropaya inteqrasiya, Aİ-nin tamhüquqlu üzvünə çevrilmək uğrunda Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini itirməsi avropalıları heç düşündürmür də. Aİ, o cümlədən ABŞ real olaraq Gürcüstanın ərazi bütövlüyünün qorunması üçün heç bir addım atmayıblar.
Assosiativ sazişin imzalanması mərasimində çıxış edən İrakli Qaribaşvili Abxaziya və Cənubi Osçetiya sakinlərini Avropaya inteqrasiyanın Gürcüstana verdiyi imkanlardan - "Avropa bazarının, viza rejiminin və Avropa təhsilinin üstünlüklərindən" - istifadə etməyə çağırıb. Amma bu çağırışa Abxaziya və ya Cənubi Osetiyadan müsbət reaksiyanın gələcəyi ehtimalı elə də yüksək deyil. Gürcüstanın Aİ ilə assosiativ üzvlüyə dair imzaladığı saziş guman ki, Rusiyanın bu qiyamçı bölgələrdə mövqelərini daha da gücləndirməsinə səbəb olacaq. Abxaziya və Cənubi Osetiyanın özündə siyasi dairələr gələcəklərini Moskva ilə sıx və "çoxşaxəli əməkdaşlıq"da gördüklərini bəyan ediblər.
Yeni sazişin imzalanması kontekstində Gürcüstan iqtisadiyyatının perspektivləri də bir qədər mübahisəli görünür. Hər halda, Brüssel hələ ki, gürcülərin sosial və iqtisadi durumlarının yaxşılaşmasına hər hansı ciddi töhfə verməyib. Gürcüstanın inkişaf perspektivləri daha çox yaxın qonşuları ilə əməkdaşlığa bağlıdır. Burada söhbət ilk növbədə Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanla əməkdaşlıqdan gedir. Məhz Azərbaycanın enerji və nəqliyyat layihələri hesabına Gürcüstan iqtisadi böhranın ən ağır mərhələlərini aşa bilib. Üstəlik Aİ ilə imzalamnış sazişdə Gürcüstanın hansı real iqtisadi mənfəət əldə edəcəyi də dəqiq göstərilmir. Brüsseldə yaxşı anlayırlar ki, qarşıdan gələn və "demokratiyası inkişaf etməkdə olan" ölkələr üçün avroelitanın təklif etdiyi ənənəvi resept - növbəti şok terapiyası (birinci SSRİ dağılandan sonra yaşanmışdı) Gürcüstan əhalisinin əksəriyyətini heç də sevindirməyəcək. Avropalı məmurlar üçün acı təcrübə var: analoji "terapiya" artıq borc böhranından daha çox əziyyət çəkən bir çox Avropa ölkəsini boğaza yığıb.
Brüsseldə keçirilən imzalanma mərasimində Gürcüstanın baş naziri assosiativ üzvlüyə dair sazişin Aİ ilə iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün görünməmiş potensial yaratdığını, Gürcüstan biznesi üçün unikal imkanlar açdığını da söyləyib. Onun sözlərinə görə, indi Gürcüstan biznesi Aİ ölkələrinin 500 milyonluq bazarına çıxış əldə edəcək. Gürcüstan rəhbərliyi bildirir ki, bundan sonra Aİ ölkələrinə ixrac üçün nəzərdə tutulmuş bütün gürcü malları üçün gömrük rüsumları sadələşdiriləcək. Amma baş nazir ölkəsinin Aİ bazarlarına konkret hansı məhsullarla çıxmağa hazırlaşdığını, Avropa nəhənglərinin (Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və s.) öz bazarlarında həmin məhsulalara hansı rolu verməyə hazır olduqlarını açıqlamayıb. Belə olan təqdirdə düşünmək olar ki, əslində söhbət Gürcüstanın Avropaya çıxış əldə etməsindən yox, Avropanın Gürcüstan bazarının açarını ələ keçirməsindən gedir.
Gürcü ekspertləri düşündürən də elə budur. Məsələn, Gürcüstanın Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri Nana Devdariani Gürcüstan məhsullarının Avropa bazarlarına çıxarılacağı haqda deyilənləri "xülya" adlandırıb. O, fikrini sözügedən məhsulların Avropa standartlarına cavab verməməsilə əsaslandırıb: "Guya Aİ ilə rüsumsuz ticarət imkanları açılır. Gürcüstan üçün bütün profil məhsulları üzrə kvota müəyyənləşdiriləcək. Amma sənədlə diqqətlə tanış olduqda görürük ki, biz Avropa bazarlarına çıxmaq üçün vergi ödəyəcəyik".
Rusiya ilə münasibətlərin pisləcəyilə bağlı proqnozları nəzərə alsaq, Gürcüstan iqtisadiyyatı üçün ciddi risklərin olduğu da şübhə doğurmur. Son zamanlar Moskva ilə Tbilisi əməkdaşlığın qurulması istiqamətində bir sıra addımlar atmışdılar. Rusiya kənd təsərrüfatı bazarını Gürcüstan məhsullarının üzünə açdı və nəticədə 1 ildə ölkələr arasında ticarət dövriyyəsi 50% artdı. İndisə vəziyyət köklü şəkildə dəyişə bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Aİ ilə postsovet ölkələri arasında assosiativ üzvlüyə dair sazişlərin imzalanmasının Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcəyi təqdirdə Moskva ÜTT-nin qaydalarına uyğun olaraq, cavab addımları atacaq. Bunun Gürcüstan iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi isə şübhə doğurmur.
Bütün bunlarla yanaşı, Aİ ilə Assosiativ Sazişdə əsas olan iqtisadi amillər deyil. Aydındır ki, Gürcüstan, o cümlədən Moldova və Ukrayna üçün Avropa ilə yaxınlaşma geosiyasi mənada Rusiyadan uzaqlaşma istəyilə bağlıdır. Bu da tamamilə başa düşüləndir: Rusiya özünü postsovet məkanında cazibədar inteqrasiya mərkəzi kimi təsdiqləyə bilməyib. Rusiya kimi, geosiyasi hökmranlığa çalışan Avropa İttifaqı isə ədalətli məhkəmə sisteminin qurulması, korrupsiya ilə mübarizə, qanun qarşısında bərabərlik və digər məsələlərin təmini ilə ölkələrin diqqətini özünə çəkə bilir.
Son tezis avroassosiasiya layihəsinin Qərblə Rusiya arasındakı qarşıdurmadan meydana gəldiyini istisna etmir. Qitənin kiçik ölkələrinə bu oyunda baş rol verilmir. Onlara verilən rolla razılaşıb-razılaşmamaq isə həmin ölkələrin öz iradələrindən asılıdır.
MƏSLƏHƏT GÖR: