
GÜNƏŞ, ALOV, SU
Abşeron rayonunun ərazisində bir sıra unikal tarixi və təbii abidələr yerləşir
Müəllif: Zərifə BABAYEVA Bakı
Abşeron fars dilindən tərcümədə "duzlu su" deməkdir (?). "Ab" - su, "şoran" - duzlu. Və gerçəkdən su axtarışı ilə bir az dərin qazsan, artezian suyu Abşeron qəsəbələrində həmişə duzlu olacaq. Burada nəsə rəmzi bir məqam var, məsələn, dəniz, qum və quru iqlim. Abşeronda bal kimi şirin əncir, üzüm ("ağ şanı", "qara şanı", "Səkinə xanım", "Saray sarıgiləsi"), Sarayda isə qarpız, yemiş, pomidor bitir. Adama elə gəlir ki, hətta Abşeronda bitkilər də duzlu suyun sərtliyinə alışıb - onlar xüsusi problem olmadan bitirlər. Gözəl çimərliklər ayrı aləmdir. Rayon özü isə mahir xalçaçı sənətkarları, rəssamları və s. peşəkarları ilə fərqlənir. Rayon Abşeron yarımadası ilə eyni adı daşısa da, ərazisi (1546 kv.km) yarımada ilə üst-üstə düşmür, xeyli qərbə düşür və əsasən, ölkənin içərilərinə doğru uzanır.
Ümumiyyətlə, Abşeron rayonunda hər şey rəmzidir. Bu yerin iqlim və təbiət incəlikləri bu quraq, amma həddindən gözəl yerlərin tarix və mədəniyyətində öz izini buraxıb. Rayon ərazisindəki qəsəbə və kəndlərdə XIV-XVII əsrlərə aid tarixi abidələr, məscidlər, ovdanlar və daş karxanaları mövcuddur. Xırdalanda Məşədi İmambaxış hamamı, Hacı Həsən ovdanı 1904-cü ilə, Novxanıda Şah Sultan Hüseyn məscidi XVII əsrə, Masazırda "Xan bağı" mavzoleyi XV əsrə, Məməmmədi də Ağ məscid, "Yanar dağ" ovdanı XVIII əsrə, Hökməlidə Əlimurad hamamı XIX əsrə, Fatmayıda Hacı Heybət məscidi XVII əsrə aiddir və s. Qobu qəsəbəsi isə onunla unikaldır ki, 700 il qabaq yaranıb və Hökməli kimi o da xalçaçılığı ilə məşhurdur.
Abşeron rayonu yalnız bununla məşhur deyil. Bu yerlər Azərbaycanın görkəmli tarixi şəxsiyyətləri və ictimai-siyasi xadimlərinin adları ilə də zəngindir. Burada Vəli Axundov, M.Ə.Rəsulzadə, Qara Qarayev, Mehdi Hüseynzadə, Mikayıl Ələkbərov, Əliağa Vahid doğulub.
Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı, dörd çağdaş istirahət parkı, iki muzey, dörd mədəniyyət evi, iyirmi tibbi qurum, şəhər sağlamlıq mərkəzi, bir ali məktəb, iki texniki lisey, bir kollec, otuz altı ümumtəhsil məktəb, iyirmi üç uşaq bağçası, uşaq idman məktəbi yerləşir.
Müstəqil rayon kimi, Abşeron 1963-cü ildə Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazisində müəssisə və təşkilatların, kolxoz və sovxozların, quşçuluq sənayesi və aqrar sənayenin, həmçinin, tikinti və meliorasiya təşkilatlarının, elmi-tədqiqat institutlarının və laboratoriyaların idarəedilməsi üçün yaradılıb və bu iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək funksiyasını yerinə yetirib. Rayon ərazisində bir şəhər (Xırdalan), səkkiz qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək), altı kənd (Masazır, Fatmayı, Məhəmmədi, Goradil, Pirəkeşkül, Novxanı) yerləşir. Keçən əsrin 30-40-cı illərində Xırdalan qəsəbəsi Binəqədi rayonunun, 50-ci illərin birinci yarısında Maştağa rayonunun, 50-60-cı illərdə yenidən Binəqədi rayonunun tərkibinə verilib. 4 yanvar 1963-cü il tarixdən isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı əsasında Abşeron rayonunun mərkəzi seçilib. Xırdalan 1936-cı ildə şəhərtipli qəsəbəyə çevrilib və Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2006-cı il tarixli, 149-III saylı qanunu ilə Xırdalana şəhər statusu verilib.
Şəhər Xəzər sahilində, Bakıdan 10 kilometr şimal-qərbdə yerləşir.
"Xırdalan" toponimi bir neçə cür yozulur. Bir sıra alimlər şəhərin adını bir vaxt burada mövcud olmuş çox sayda əkin sahələri ilə ("xırlar" sözü ilə) izah edirlər. Başqa alimlər isə fərqi fikirdədirlər. Onların versiyasına görə, "xır" sözünü "xur" kimi oxumaq lazımdır (bir çox azərbaycanlılar indi də bu yeri Xırdalan adlandırırlar), bunun da fars dilində, ən azı, iki mənası var - qeyri-adi, yaxud da görünməz atəş, alov, günəş işığı mənasını verir. Əgər bu doğrudursa, onda bu yerin qədim sakinlərini atəşpərəst saymaq olar. Belə bir versiya da var ki, "Xırdalan" sözündə birinci "A" hərfi düşüb, yəni Xırdalan sözü "Axırdalan" sözündən yaranıb ki, bu da türk dillərində tez-tez rast gəlinən haldır. Yəni Xardalan axırıncı dalan mənasından yaranıb. Bu adı onunla izah edirlər ki, Xırdalan Bakıya gedən yolda son dayanacaq məntəqəsidir.
Abşeron rayonunun başqa inzibati vahidləri haqqında məlumata gəldikdə isə onların sırasında aşağıdakı toponimlər diqqəti cəlb edir: Novxanı, Goradil, Digah, Qobu, Məhəmmədi, Fatmayı, Hökməli, Güzdək, Corat. Qədim dillərdən onların tərcüməsi bəzən bu və ya başqa yerin adının tam mənasını açır. Onların hesabına çox faktları aydınlaşdırmaq olur. Bir çox ərazilər həmin zonada məskunlaşmış tayfaların adına bağlıdır.
Beləliklə, Novxanı. "Nou" fars dilində yeni, "xana" isə ev deməkdir. Yəni yeni ev. Ümumiyyətlə, Bakı bağlarının yaranmasının 500 il tarixi var və bu ərazidə ən qədim bağlar Novxanıdadır. Bunun əsasında Novxanı kəndinin tarixini başlamaq olar, amma bir sıra tarixi mənbələr onu orta əsrlərə aparır. Mənbələrə görə, hələ 500 il qabaq indiki Novxanı kəndinin yanında Siyan kəndi olub. "Siyan" sözü yanmaq mənasını verir. Bu söz "his", "tüstü" sözlərinin, "qor" sözünün dəyişilmiş formasıdır. Dənizin qalxması nəticəsində (bəzi mənbələrə görə bu, güclü zəlzələ zamanı olub), bu kəndin sakinləri Aşağıbaşa köçüblər. Bu kənddə tikilmiş yeni evlərə fars dilində "yeni evlər", yəni "nov xanı" adı veriblər, daha sonra kənd Novxanı adlandırılıb. Kəndin qədim məhəlləsində yerləşən evlərdə quyuları, samanlıqları və tərəvəz anbarları görmək olar. Novxanıda, demək olar ki, hər bir evdə xalça toxunub, qızılı baftalardan tikmələr işlənilib. Yerli əhalinin unikal keyfiyyətlərindən biri o olub ki, burada bağları heç vaxt hasarlamayıblar, evlərin qapısını bağlamayıblar. Bir çox adətlər bizim günlərə qədər gəlib çıxmasa da, amma bəziləri saxlanıb. Məsələn, bağdan geri qayıdanda "yurd halvası" hazırlayırlar. Kənddə xəmir və ət xörəklərinə üstünlük verirlər. Balıq yeməkləri artıq az hazırlayırlar, çünki əvvəllər insanlar balıq vətəgələrinlən istədikləri balığı tapa bilirdilər, bu günsə həmin balıqları tapmaq çətindir.
Bu kənddə Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, ümgülsüm və Oqtay Sadıqzadələr, Kamil Balakişiyev, Ruhulla Qafil, Həbib Balasadıq oğlu, Əzim Əzimzadə, Lütfi Zadə, Mehdi Hüseynzadə, Süleyman Rüstəm və başqaları doğulublar. Zəfəran, badam və püstə sovxozlarının ləğv edilməsinə görə, onlar ayrı-ayrı həyətlərdə becərilir. Novxanıda Şah Sultan Hüseyn məscidi (XVII əsr) yerləşir.
Goradil. Bu kəndin adı barədə üç variant var. 1. Farsca "qəbiristanlıq" deməkdir. 2. "Gor" toponiminin kökü Goranboy tayfası ilə bağlıdır. 3. "Goran" monqol-türk sözü olub, mənası düşərgə, qarşı tərəfdə döyüşən ordu deməkdir.
Digah. Fars dilindən tərcümədə "di" - kənd, "gəh" isə yer, yəni kənd yeri deməkdir.
Qobu. Azərbaycanda Qobu toponimi ilə bağlı çox yer var. Məsələn, Abşeronda Qobu kəndi, Ağdamda Qobustu kəndi, Xaçmazda Qobuqırax və Füzuli rayonunda Qobudilaqarda kəndləri və Qobustan rayonu. Bu toponimin bir neçə mənası var - düzənlik yer, kiçik çuxur, bataqlıq yer, kiçik göl və s. Təbii ki, Bakının Qobu kəndinin adı təbii xüsusiyyətlərinə görə yaranıb. Yeri gəlmişkən, Qobu ərazisində tezliklə çox önəmli ekoloji obyekt tikiləcək. Prezidentin sərəncamı əsasında Qobu qəsəbəsində unikal, nadir flora və fauna növlərinin saxlanması üçün yeni zoopark tikiləcək. 230 hektar ərazini tutacaq yeni zooparkda yerli flora və faunanın nadir və tükənməkdə olan növləri ilə yanaşı, müəyyən müddətdən sonra başqa qitələrin, məsələn, Avstraliyanın nadir məməli və quşlarının da yerləşdirilməsi nəzərdə tutulur.
Məhəmmədi. Araşdırmalar göstərir ki, kəndin adı kəndin əsasını qoymuş adamın adı ilə bağlıdır. Təəssüf ki, indiyə kimi onun adı ilə bağlı çox məlumat əldə etmək mümkün olmayıb.
Fatmayı. Hansısa Vəli xan kəndin əsasını qoyub, öz arvadının şərəfinə oranı Fatmayı adlandırıb - buradan da yerin adı başlayır.
Hökməli. Toponim "hökm" - əmir, sərəncam, "Əli" sözlərindən yaranıb, yəni Əlinin sərəncamı ilə tikilmiş kənd deməkdir.
Saray. Kəndin adı hərfi mənada şah və ya xan sarayı, ev, diqqəti cəlb edən yüksək bina mənasını verir. "Sar" fars dilində "zirvə" mənasını da verir. Monqol tayfasında saraylarla bağlı başqa bir versiya da var.
Güzdək. Kəndin adı, böyük ehtimalla türk tayfası quzlarla bağlıdır. Bir müddətdən sonra Güzdəkə tatlar yerləşib. Onların dilində güzdək "quzlar" deməkdir.
Corat. Kəndin adı monqol tayfası coratlardan götürülüb. Abşeron rayonunun təbii abidələrinə gəldikdə isə, onların ən maraqlısı "Yanar dağ"dır. O, Bakıdan təxminən 20 kilometr aralıda Digah və Məhəmmədi kəndlərinin yaxınlığında yerləşir. "Yanar dağ" - əsrlərboyu yanan qaz məşəlləridir və bu unikal təbiət abidəsini yalnız Azərbaycanda - Odlar Yurdunda görmək olar. Bu təbiət möcüzəsinə uzaqdan baxanda, adama elə gəlir ki, dağların altında iri daş-qaş xəzinəsi yerləşdirilib və onun parıltısı torpağın altından üzə verir! Bu dağ barədə çox sayda əfsanələr var. "Yanar dağ"da yerin altından qalxan təbii qazın hesabına bir dağ yanır. "Yanar dağ"da mineral su qaynağı var ki, o, yerin altından təbii qazla çıxır və nəticədə "yanar su" effekti verir.
Təpənin ətəyindən bütün döşünə qədər qırmızı zanbaqlar kimi alov dilləri səpələnib. İlk başdan bizim üçün ənənəvi olmayan odluqdan heç bir ehtiyac olmadan, özbaşına qalxan bu alovlara baxmaq qəribə gəlir (təbiətdə olan başqa şeylər də belədir - ağaclar bitir, quşlar oxuyur). Sonra isə yerin altından "elə-belə" qalxan odun müstəqilliyinə heyranlıq hissi gəlir. Onu söndürmək də mümkündür, istənilən halda Bakının şimal küləyi "xəzri" bunu edir, amma müəyyən zamandan sonra alov yenidən baş qaldırır; bunun üçün sadəcə qığılcım yetərlidir, küləyin gətirdiyi daşların bir-birinə dəyməsi bunun üçün kifayətdir.
Dağ yağışda da yanır (alov yağışda parlaq-göy rəngə çalır), qarda və güclü küləkdə də yanır, çünki dağın dərinliyindən yanar qaz - etan və propan çıxır. Qaz qum daşının məsaməli laylarından daxil olur. Qədimlərdə Abşeronda torpaqdan od püskürən belə yerlər çox idi. Azərbaycan kulturoloqu Toğrul Cuvarlı bildirir ki, neft və qaz o qədər üzdə yerləşib ki, bəzi yerlərdə alov şəklində yerin üzünə çıxıb. Təxminən, XIX əsrin ortalarında Abşeronda elə yerlər olub ki, piltə yandıran kimi yer "məşəllə" yanmağa başlayıb.
Dağın hündürlüyü 116 metrdir. Maraqlıdır ki, zirvədə mağara var və yerli camaat ona "Canavar yuvası" deyir. Deyirlər ki, uzun müddət burada qurd sürüsü yaşayıb, amma arxeoloqlar mağaranın divarlarında rəsmlər aşkarlayıblar və ehtimal edirlər ki, bura Azərbaycan ərazisində ən qədim insan məskənlərindəndir.
Abşeronda olmuş səyyahlar öz yol qeydlərində sirli alovlardan bəhs ediblər. Türkiyənin məşhur səyyahı Övliya Çələbi XVII əsrdə gördüklərini "Səyahət kitabı"nda belə yazır: "Bakı nahiyəsində təsərrüfat üçün yararsız bir sıra yerlər (şurələr) var. Əgər insan və ya at ora ayaq basıb yubanarsa, ayağını yandırar. Yol keçən karvan əhli belə yerlərdə çala qazaraq onun üzərinə yeməkdolu mis qab qoyurbar və yemək çox sürətlə bişib. Heyrətamiz Tanrı lütfüdür!".
A.P. Boqolyubov isə "Dənizçi-rəssamın qeydləri"ində (1861-1862) yazıb: "Bakıda axşam və ya gecə evə dönərkən yolda möcüzəli mənzərə gördüm. Sakit idi. Çoban öz sürüsünü bir yerə yığaraq qumda deşik açdı, təbii qazı yandırdı. Onlar səkkiz yüksək sütunla yanaraq, qoyunlar üçün mühafizə və işıq rolunu oynamağa başladılar".
Qədim zamanlarda dünyanın hər bir yerindən, xüsusilə də Hindistan və İrandan atəşpərəstlər Bakıya yığılırmışlar. "Yanar dağ" bu gün də həm yerli sakinlərin, həm də Rusiya, Almaniya, Yaponiya, Koreya və Norveçdən olan turistlərin diqqət mərkəzindədir. Bu dağın müqəddəsliyinə inanan buddistlər də bura gəlir və dağın ətəyində meditasiya ilə məşğul olurlar.
2007-ci ildən "Yanar dağ" dövlət mühafizəsi altına alınıb, onun ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Son illərdə burada arxeoloji tədqiqatlar aparılır. O cümlədən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən dağda iki kurqan aşkarlanıb. Hazırda qazıntılar davam edir. Bu təbiət möcüzəsinə baxmağa dünyanın hər yerindən çoxsaylı turistlər gəlir.
Daha bir unikal təbiət hadisəsi ümumi sahəsi 10 kv.km olan Masazır duz gölüdür. O, duzu həm laylarda, həm də məhlul kimi suda saxlayır. Orada 1,735 mln ton duz ehtiyatı var ki, bu, göl ətrafında duz hasilatı üçün yaradılmış müəssisənin tam gücü ilə işləməsi şəraitində 25-30 ilə yetər.
MƏSLƏHƏT GÖR: