14 Mart 2025

Cümə, 21:45

NATO QAFQAZDA

Cənubi Qafqazın geostrateji əhəmiyyəti və dünyadakı hərbi-siyasi vəziyyət dünyanın güc mərkəzlərini bu regiondakı mövqelərini möhkəmləndirməyə məcbur edir

Müəllif:

01.10.2012

NATO-nun Baş katibi Rasmussenin Cənubi Qafqaza səfərindən xüsusi nəticələr gözləməyən bəzi analitiklərin fikirlərinin əksinə olaraq, region ölkələrinə bu turnenin vacibliyi haqda danışmaq üçün kifayət qədər əsaslar var. Bunun təsdiqi kimi, NATO Baş katibinin səfərinin səbəblərinə nəzər salmaq  olar.

Baş katib bildirib ki, Cənubi Qafqaz və həmsərhəd ölkələr NATO-nun İran ətrafındakı vəziyyət, Cənubi Qafqaz dövlətləri ordusunun Əfqanıstandakı antiterror koalisiyasında iştirakı, İrəvanın sülh prosesindən çıxması təhlükəsilə əlaqədar olaraq Azərbaycanla Ermənistan arasında gərginlik və müharibənin bərpası riskinin artması, Gürcüstandakı parlament seçkisi (bu seçkidə hakim partiyanın taleyinə aydınlıq gələcək), Rusiya ordusunun himayəsilə keçiriləcək "Qafqaz-2012" təlimləri, həmçinin "Sülh naminə tərəfdaşlıq" proqramının başa çatmasından sonra yeni əməkdaşlıq mexanizmlərinin işlənməsi zərurəti ilə bağlı mövqeyi maraqlandırır.

Bunun Rasmussenin Azərbaycan və Ermənistana ilk səfəri olduğunu nəzərə alan (Gürcüstanda o, iki dəfə olub) ekspertlər düşünür ki, baş katib eyni zamanda Şimali Atlantika Alyansının regiona təsir imkanlarının artırılması imkanlarını da öyrənməyə çalışır. Çünki Cənubi Qafqazın NATO-nun maraq dairəsində olduğu, Rusiya ilə Qərb arasında qarşıdurma meydanlarından birinə çevrildiyi çoxdan bəllidir.

Xüsusilə qeyd olunmalıdır ki, Rasmussenin səfəri "Qoşulmama hərəkatı" ölkələrinin Tehranda keçirilmiş sammitindən sonraya təsadüf edib.  Orada İran təcrid durumda olduğunu bütün yollarla inkar etməyə, beynəlxalq siyasətdə gücünü nümayiş etdirməyə çalışıb. Beləliklə, Rasmussenin səfərinə Qafqaz regionunun ümumilikdə artan əhəmiyyətilə yanaşı, həm də Qərblə İran arasındakı qarşıdurma kontekstində də baxmaq olar.

Qafqaz ölkələri (xüsusilə Gürcüstan və Azərbaycan) üçün NATO ilə əməkdaşlıq həm də avroatlantik dünyaya inteqrasiya, regional təhlükəsizlik kimi məsələlər baxımından böyük əhəmiyyət kəsb edir. Həm Azərbaycan, həm də Gürcüstan NATO ilə əməkdaşlığa ərazi bütövlüklərinin bərpasına yardım edəcək faktor kimi baxır. NATO-nun özündə isə bu məsələyə bir qədər fərqli yanaşırlar. Bakı və Tiflisin Cənubi Qafqazdakı münaqişələrin həllinə köməklik göstərilməsinə dair müntəzəm çağırışlarına NATO məmurlarının cavabları göstərir ki, etnik münaqişələrin aradan qaldırılması alyansın vəzifələrinə aid deyil. Bu zaman alyans rəsmiləri region dövlətlərinin NATO-ya üzv olmamalarına istinad edir. Bununla yanaşı, belə ərazi münaqişələrinin mövcudluğu faktı NATO sıralarına daxil olma yolunda, məsələn, Gürcüstanda olduğu kimi, ciddi maneədir. Beləliklə, qapalı dairə yaranır: bir tərəfdən NATO "ərazisi məhdudlaşdırılmış" dövlətləri sıralarına qəbul etmək istəmir, digər yandan isə bu problemlərin həllindən kənar dayanmasını həmin ölkənin alyansa üzv olmaması ilə əsaslandırır.

 

Gürcüstan NATO-da olsun, olmasın? 

Təşkilat tədricən Gürcüstanla xüsusi münasibətlər qurur. 

Eyni sözləri NATO-nun Ermənistan və Azərbaycanla münasibətləri haqda demək mümkün deyil. NATO ilə Gürcüstan arasında münasibətlər, ən azı, ona görə daha irəli gedib ki, Tiflis ilə Brüssel arasında daha etibarlı və perspektivli ünsiyyət kanalları var. "NATO-Gürcüstan" buna misaldır. Gürcüstanın hazırkı rəhbərliyinin strateji hədəfi - Avroatlantik məkana tam inteqrasiya da Gürcüstanla NATO-nun daha geniş aspektdə anlaşmasının açarıdır.

Amma Gürcüstanın NATO-ya üzvlüyü perspektivilə bağlı hələ də qeyri-müəyyənlik hökm sürür. Bu, ilk növbədə, ölkənin daxilində baş verənlərlə bağlıdır. Bundan başqa, 2008-ci ilin avqustundakı müharibədən sonra Şimali Atlantika Alyansına üzv ölkələrin heç də hamısı Gürcüstanla tamhüquqlu üzv kimi hesablaşmağa hazır deyil. Mixail Saakaşvili ilə birgə keçirilən brifinqdə NATO-nun Gürcüstanı sıralarına daxil etməyə hazır olduğuna dair ənənəvi bəyanat səsləndirilsə də, bu dəfə də qəbulun konkret vaxtı haqda heç nə deyilməyib. Rasmussen xatırladıb ki, NATO-nun 2008-ci ildə Buxarestdə keçirilmiş sammitində Gürcüstanın alyansa qəbulu haqda qərar qəbul edilib və bu Çikaqoda bir müddət əvvəl baş tutmuş sammitdə də təsdiqlənib. Baş katibin sözlərinə görə, Gürcüstanda bu il keçiriləcək parlament və gələn il təşkil olunacaq prezident seçkisi gürcü demokratiyası üçün test olacaq. "Gələcəyiniz sizin əlinizdədir. Amma bilməlisiniz ki, NATO kimi dostunuz var", - deyə Rasmussen qeyd edib.

Mütəxəssislərin fikrincə, Brüssel Moskvanın Gürcüstanın NATO-ya üzvlüyü məsələsilə bağlı mövqeyini heç zaman diqqətdən kənarda qoymur. Əks təqdirdə, Tiflis NATO-ya üzvlüyə dair fəaliyyət planına qoşulmaz, çoxdan alyansa qəbul olunardı.

NATO-Gürcüstan münasibətlərində Rusiya faktorunun xüsusi əhəmiyyəti var. Alyans üzvləri rəsmi Tiflis ilə əməkdaşlığın inkişafı zamanı Kremli qıcıqlandırmamağa çalışır. Amma Rasmussen səfəri zamanı Rusiyanın regiondakı maraqlarına meydan oxumaq kimi qiymətləndirilə biləcək bir sıra bəyanatlar səsləndirib. Onlardan biri NATO-nun Gürcüstanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını tanıdığına dair bəyanatdır. "2008-ci il münaqişəsinin (Rusiya ilə Gürcüstan arasında) məqsədi NATO-nun "açıq qapı siyasəti" və genişlənməsinə mane olmaq idisə, bu, iflasa uğrayıb. Çünki heç bir ölkənin NATO-nun qərarlarına qarışmaq hüququ yoxdur", - deyə alyansın baş katibi qeyd edib. O bildirib ki, hər bir müstəqil dövlət tərəfdaşını seçməkdə sərbəstdir: "Ümid edirəm ki, Rusiya belə qərarlara hörmətlə yanaşacaq".

Rusiyanın cənub sərhədləri yaxınlığında keçirilməsi nəzərdə tutulmuş "Qafqaz-2012" hərbi təlimlərini də diqqətdən kənarda qoymayan Rasmussen Qafqaza səfəri ərəfəsində Rusiyanı "bu təlimlərin keçirilməsində maksimum şəffaflığa çağırıb". Baş katib bildirib ki, regionun təhlükəsizliyi məsələsi alyans üçün "maraq və narahatlıq predmetidir". "Biz Rusiyanın hərbi təlimlərini diqqətlə izləyir və Moskvanı bu istiqamətdə maksimum şəffaflığa çağırırıq. Hərbi təlimlərin keçirilməsi haqqını sual altına qoymuruq. Belə təlimləri biz də keçiririk. Amma təlimlərin məqsədi haqda informasiyaların açıqlanması, şəffaflıq yolu ilə etibarın qazanılması çox vacibdir", - deyə Rasmussen qeyd edib.

 

Erməni "qonaqpərvərliyi"

NATO-Gürcüstan münasibətlərində hər şey aydındırsa, bunu alyansın Ermənistanla münasibətləri haqda söyləmək olmaz. NATO ilk növbədə İranın nüvə proqramı ilə əlaqədar üzləşdiyi iqtisadi sanksiyaların sərtləşdiriməsinə rəğmən, İrəvanın Tehranla əməkdaşlığı davam etdirməsindən narahatdır. Ermənistan Cənubi Qafqazda sabitliyi pozan faktordan başqa bir şey deyil. NATO-nun Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbulundan sonra İrəvanla Brüssel arasında münasibətlər onsuz da yaxşı deyildi. Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə ekstradisiyası və əfv olunmasından sonra isə erməni ictimaiyyətində qəzəb o həddə çatıb ki, Ermənistan NATO-nun ünvanına absurd ittihamlar səsləndirməyə başlayıb: guya alyans üzv ölkəyə, yəni Macarıstana Səfərovun Bakıya ekstradisiyasına icazə verib.

"Daşnaksutyun" partiyasının gənclər təşkilatı və qəzəbli millətçilərdən ibarət qrup İrəvan Dövlət Universitetinin qarşısında Rasmusseni fit və şüarlarla qarşılayıb. Baş katib burada çıxış etməli və tələbələrin suallarını cavablandırmalı idi. Təbii ki, erməni tərəfinin bütün sualları və şərhləri Səfərovun ekstradisiyası ilə bağlı idi. Tələbələrin suallarını cavablandıran Rasmussen "Baş vermiş cinayətə görə məsuliyyəti nə NATO, nə də Macarıstanın daşımadığını" deməklə, erməniləri məyus edib. "Bu, bir nəfərin - Azərbaycan Ordusunun zabitinin törətdiyi cinayət idi. Macarıstanda o, mühakimə olundu və ona qanunun tələb etdiyi şəkildə yanaşıldı", - deyə Baş katib qeyd edib. O, Səfərovun Azərbaycana ekstradisiyasının beynəlxalq normalara uyğun həyata keçirildiyini söyləyib. Baş katib erməni tərəfini vəziyyəti gərginləşdirməməyə də çağırıb.

Ermənistanın öz xarici siyasətini Rusiyadan ehtiyat edərək qurduğu heç kəsə sirr deyil. Ermənistan prezidenti Sarqsyan bu dəfə də "böyük qardaş"ı qəzəbləndirməmək üçün Rasmussenlə birgə mətbuat konfransındakı çıxışının böyük hissəsini İrəvan üçün KTMT-də təmsil olunmağın həyati əhəmiyyəti haqda danışmağa həsr edib. Bu qurumda əsas rolun Rusiyaya məxsus olduğu isə hər kəsə bəllidir.

"Ermənistanın KTMT-yə üzv-lüyü ölkənin hərbi-siyasi təhlükəsizliyi baxımından son dərəcə vacibdir. Amma bu, NATO ilə əməkdaşlığa mane olmur", - deyə Ermənistan prezidenti bildirib. Sarqsyan deyib ki, ölkəsi NATO və KTMT ilə əməkdaşlığı uğurla birləşdirir. Amma İrəvan bir araya gəlməsi mümkün olmayanları uzun müddət "birləşdirə" bilməz və həlledici anda o, NATO ilə əməkdaşlıq məsələsində Rusiyanın icazə verdiyi çərçivədən kənara çıxa bilməz. Bu fərziyyəni təsdiqləyən analitiklərin versiyasına görə, Qarabağ münaqişəsi ətrafında və Ermənistanda gərginlik artmasaydı, NATO-nun Baş katibi, yəqin ki, İrəvana ümumiyyətlə baş çəkməyəcəkdi.

Rasmussenin fitə basıldığı, etirazlar və Səfərovun portretinin yandırılması ilə qarşılandığı Ermənistandan fərqli olaraq, Bakıda Baş katibi ciddi və konstruktiv danışıqlar gözləyirdi.

 

Vacib tərəfdaş

Yaxın Şərqdə son dərəcə gərgin olan vəziyyət, həmçinin "İran məsələsi" ətrafındakı böhran Azərbaycanın NATO-nun İslam dünyasındakı dünyəvi tərəfdaşı kimi, rolunu artırır. Müasir İslam dünyasında belə dövlətlərin az olduğunu, Azərbaycanla İranın böyük sərhədə malikliyini nəzərə alan NATO Bakı ilə münasibətlərinə çox yüksək qiymət verir. Azərbaycan əsas tranzit ölkədir və Əfqanıstana daşınan yüklərin üçdəbiri oraya məhz Azərbaycan ərazisindən keçməklə aparılır. İran ətrafında gərginliyin artması perspektivini nəzərə alan NATO başa düşür ki, Rusiya Əfqanıstana uçuşlar üçün hava məkanını bağlaya bilər. Digər tərəfdən, daha bir tranzit ölkə olan Pakistanla münasibətlərin o qədər də yaxşı olmaması da Azərbaycanı NATO üçün qiyməti bilinməyən tərəfdaşa çevirir.

Alyansın baş katibi Azərbaycanın tranzit marşrutları üçün hava məkanını açması ilə ortaya qoyduğu siyasi dəstəyi yüksək qiymətləndirib: "Biz sizin Əfqanıstanda təhlükəsizlik qüvvələrinin təlimlərinə ciddi maddi dəstəyinizə görə də minnətdarıq. Biz Əfqanıstanda beynəlxalq qüvvələrin 2014-cü ildə başa çatacaq əməliyyatlarından sonra da əfqanlara dəstəyin davam etdirilməsi haqda razılıq əldə etmişik. Prezident Əliyevdən Azərbaycanın bu prosesdə iştirak edəcəyini eşitməkdən çox məmnun oldum. Bu, Əfqanıstanda və regionda sabitlik baxımından həyati əhəmiyyət daşıyır".

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində birgə mətbuat konfransında NATO ilə əməkdaşlığı yüksək qiymətləndirib. Rasmussenlə görüşdə regional və enerji təhlükəsizliyindən tutmuş, Əfqanıstandakı vəziyyətədək geniş spektrdə məsələlərin müzakirə olunduğunu deyən İ. Əliyev Qarabağ problemini yada salmağı da unutmayıb: "Regiondakı vəziyyəti, regional təhlükəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Azərbaycan münaqişənin beynəlxalq hüquq prinsipləri və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda həllinə çalışır. Biz ərazi bütövlüyümüzü dəstəklədiyi üçün NATO-ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin sənədlərində, həmçinin ondan əvvəl Lissabon və Buxarestdə keçirilmiş sammitdə qəbul olunmuş sənədlərdə də əksini tapıb. Azərbaycan torpaqları, demək olar ki, 20 ildir işğal altındadır. Biz bu ədalətsizliyə son qoymalı, bu regional təhlükəni aradan qaldırmalıyıq".

Rasmussenin Cənubi Qafqaza səfəri göstərdi ki, NATO regionla bağlı siyasətini dəyişmək fikrində deyil. Əksinə, o, xüsusilə Gürcüstan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərir. Cənubi Qafqazın geostrateji əhəmiyyəti və dünyadakı hərbi-siyasi vəziyyət dünyanın güc mərkəzlərini bu regionda mövqelərini möhkəmləndirməyə sövq edir. Rasmussenin Cənubi Qafqaz ölkələrinə səfərində də məqsəd bu idi.



MƏSLƏHƏT GÖR:

588