24 Noyabr 2024

Bazar, 11:34

ATALAR VƏ UŞAQLAR

Ya da uşağı necə tərbiyə etməli

Müəllif:

01.09.2012

Uşaq görməli və anlamalıdır. O öz qarşısında doğru ailəni, doğru ataları və anaları, onunla vaxt keçirən, oynayan, əzizləyən, vaxtı olmadığını bəhanə edib uzaqlaşmayan valideynləri görməlidir. Uşaqla onun dilində danışmaq lazımdır, böyük insan klassik musiqi dinləməli, rəsm çəkməli, uşağı tez-tez öpməlidir, onun yanında heç zaman qışqırmamalı və dava etməməlidir. Çünki bu, uşağın saf təbiətini və psixologiyasını məhv edir. Özündən asılı olmayaraq, o da özünü vaxtını boş şeylərə, mübahisələrə, televizora baxmağa həsr edən böyüklər kimi aparır, halbuki, valideyn həmin vaxtı öz uşağına həsr edə bilərdi. 

Valideynlər bilməlidirlər ki, uşaq birincisi, nə atasından, nə anasından xahiş etməmişdi ki, onu dünyaya gətirsinlər (burada uşağın doğulmasını səbirsizliklə gözləyən ailələr nəzərdə tutulur). İkincisi, uşaq mülkiyyət deyil, üçüncüsü isə valideyn olmaq istəyinin arxasında məsuliyyət daşımaq durur - ilk öncə, doğma qız və oğullarla bağlı məsuliyyət. 

Anlamaq lazımdır ki, öz uşaqlarınızdan sevgi gözləməyə dəyməz, buna yalnız ata və ana qadirdir. Sizin uşaqlar da özləri valideyn olanda sevəcəklər. Ona görə də uşaqlarınızla münasibətləri məhv edərək, onlarla münasibətlərinizi korlayaraq və anlayış rabitəsini itirərək, onlardan  bacarmadıqları  işləri tələb etməyin, sadəcə yaxşı valideyn olun.   

Valideyn olmaq, amma işlərinə müdaxilə eləməmək, yardım göstərməklə onlara ilişməmək lazımdır; onların fikrini nəzərə almaqla sevgisini və hörmətini qazanmaq gərəkdir, onlarla dost olmaq, təəssüratlarını bölüşmək, danışmaq, onları dinləmək və sözlərini eşitmək çox önəmlidir. Bütün bunlara isə yalnız bir yolla nail olunur - ata və ana uşaqları ilə bağlı eqoizmlərini kökündən boğmalıdır, "Mən səni doqquz ay ürəyimin altında gəzdirmişəm", "Sənə o qədər pul xərcləmişik ki", "Biz səni adam eləmək üçün bu qədər çalışmışıq, amma sən nankorsan" ifadələri birdəfəlik unudulmalıdır. Hə, bunu unudun, axı, tərbiyənin ən iyrənc və xoşagəlməz xətaları məhz bunlardan başlayır. Əgər bu gün sən uşağın boynuna minnət qoyursansa, sabah o da bunu sənə qarşı edəcək. 

Yaxşı, mehriban, ağıllı, istedadlı və alicənab uşağı tərbiyə etmək onu bahalı uşaq bağçasına vermədən də mümkündür. Çoxları bahalı uşaq bağçası arzulayır, amma heç də hamı bunu həyata keçirə bilmir. Amma buna dəyərmi? Valideynlər dəqiq şəkildə özləri üçün müəyyən etməlidirlər ki, uşaq bağçasının bahalı olması uşağın ağıl və istedaı ilə düz mütənasib deyil. Sadəcə işdən sonra sərbəst vaxtın çox hissəsini uşağa həsr etmək lazımdır. Lap qoy adi bağçaya getsin, burda pis nə var ki? Uşaq ən yaxşı təcrübəni, ən yaxşı bilikləri, ən yaxşı davranış modelini hələ körpə yaşlarından, bələkdən daim onunla birlikdə olan valideynlərindən götürə bilər. 

İstər bu, dostlarla və qohumlarla keçirilən ailə axşamı olsun, istərsə də restoran yeməyi, muzeyə və ya konsertə getmək, uzaq səfərlərə çıxmaq və ya uzaq yerlərə getmək olsun. Belə yerlərə, adətən, böyüklər gedir və uşağı yatıraraq evdə qoymağa çalışırlar. Amma valideynləri gəzən zaman uşaq babası və ya nənəsi ilə qalmalı deyil, yanlarında olmalıdır, öyrənməlidir, anlamalıdır, həyat dərsi keçərək böyükləri dinləməlidir, həmçinin başqa valideynlərin gətirdiyi uşaqlarla oynamalıdır. Uşaqlar bir söz demək istədikdə onların ağzını yummaq olmaz, böyüklər bu cür davranışlarla uşağın şəxsiyyətini və yaradıcı düşüncəsini tapdayırlar. 

Uşaq öz valideynlərinin yanında sosiallaşmalıdır. Yalnız bu cür atalar və uşaqlar arasında emosional əlaqə yaranır və yarıya qədər uydurulmuş olan atalar və övladlar problemi öz-özünə həll olur. Çünki siz olan yerlərdə övladınız da olacaq və siz övladınızın gələcəyi barədə qara-qorxu içinə düşməyəcəksiniz, çünki övladınızın nələrə qadir oluğunu bilirsiniz. Çünki siz onu tanıyırsınız, siz dostunuzu və sizə 100% tanış olan insanı böyütmüsünüz. Bir valideyn kimi siz də onunla birgə böyümüsünüz.

Uşaqlar özbaşına böyümürlər. Onların hamısı istedadlıdır. Onların hamısı ən yaxşı şeylərə də, ən pis şeylərə də  həssasdırlar. Onlar doğrudan da çiçəyə bənzəyirlər, onlarla düzgün davranmadıqda sola bilərlər - psixoloji və emosional cəhətdən. Uşaq dəcəlliyi özbaşına yaranmır, onlar o zaman baş verir ki, uşaq özbaşına qaldığını anlayır, onun valideynlərlə ünsiyyətini kompyuter və ya oyuncaqlar əvəz edir. Bəzi uşaqlar bundan da məhrum olurlar. Onlar qapalı, hirsli olurlar, özlərinə inanmırlar, pis oxuyurlar, eqoist böyüyürlər, valideynlərlə ahəngdən məhrum olurlar. 

Yadda saxlayın! Əgər istəyirsiniz ki, uşaq oxusun, o sizin də oxuduğunuzu görməlidir, yəni yalnız televizora baxdığınız yadında qalmamalıdır. Əgər istəyirsiniz ki, uşaq yalan danışmasın, onda özünüz də yalana yol verməyin. Əgər istəyirsiniz ki, uşağınız alicənab olsun, onda özünüz də alicənablıq edin.  Əgər istəyirsiniz ki, uşağınız özündən böyüklərə hörmət etsin, onda siz də yaşlılarla bu cür davranmalısınız. Uşaqlarla məşğul olmaq lazımdır, axı onlar sizdən xahiş etməyiblər ki, onları dünyaya gətirəsiniz. Onları özbaşına qoyduqda heç də 8 aylığındakı kimi xoş olmurlar. Onlar böyüyürlər, uşaq təmizliklərini itirirlər, amma bu heç də o demək deyil ki, onların azadlığını sonsuz "olmaz" kəlmələri ilə məhdudlaşdırmaq lazımdır. Mümkün olar yerlərdə "olar" demək lazımdır və belə "mümkün"lərin sayı çox olmalıdır. 

Bütün bu düşüncələr bu sətirlərin müəllifini tamamilə yaxın ölkələrdən birinin paytaxtına səfər etdikdən və oradakı valideynlərin uşaqlarla münasibətini müşahidə etdikdən sonra narahat etməyə başlayıb. Azərbaycanda ailə və uşaqların varlığının sarsılmaz bir ənənəyə çevrilməsi fikrinə inam artıq laxlamağa başlayır. Çünki yerli gerçəklikdə hər bir sərbəst dəqiqəsini uşaqlarına həsr edən atalara nadir hallarda rast gəlmək olur. Uşaqların tərbiyəsinin valideynlərin çiyninə bərabər dərəcədə düşdüyü sosial modelə çox az halda rast gəlinir. Bir az həsəd apardıq və bir az da utandıq. Nadir istisnalarla Azərbaycan ailələrinin çoxunda uşaqlarla valideynlərin münasibətinin "olmaz-olar" prinsipi üstündə qurulması fikrinin əleyhinə çox az adam çıxa bilər. 

Buna əmin olmaq imkanı elə orada, yəni yaxın xaricdə azərbaycanlı ailələrin birində yarandı. Hadisə belə baş verdi. Attraksiondur. Yellənciklərin yanıdır. Ata, ana, oğul və qız dayanıb. Oğulun altı yaşı var. Atasından xahiş edir ki, ona yelləncəklərdə fırlanmağa icazə versin, başqa həmyaşıdları bunu həvəslə edirlər. Ancaq atası qəti tərzlə bildirir ki, olmaz, çünki o, balacadır. Uşaq yalvarmağa başlayır. Ata isə sözündən dönmür. Məgər uşağı mənliyini və şəxsiyyətini alçaldan yalvarmaq vəziyyətinə salmaq lazımdır? Niyə onun istədiyinə icazə vermək olmaz? Bəs onda onu attraksiona niyə gətiriblər? Dondurma yeyib getməyəmi?

Uşaqlarınızla birgə yaşayın. Onlarla ünsiyyətdən qaçmayın. Hər yerə onları özünüzlə götürün, onların əyləncəsi barədə düşünün. Çünki praktiki məşğuliyyət uşaq bağçalarındakı istənilən dərsdən daha çox nəticə verir. Uşaq problemləri barədə düşünün, onlarla böyük insanlarla olduğu kimi danışın. Onların fikirlərinə, istəklərinə hörmət edin, axı bütün gələcək həyatında onların uğurları və uğursuzluqları yalnız valideynlərindən asılı olacaq. Onlarla  bərabər olun. Əmin olun ki, nə vaxtsa uşağınız ona verdiyiniz bütün bilikləri, aləcənablığı, xeyirxahlığı, sevgini sizə qaytaracaq. Əslində isə, öz uşaqlarımızdan həmin sevgini gözləməyə bizim haqqımız yoxdur. 



MƏSLƏHƏT GÖR:

615