
AVROPANIN BARIT ÇƏLLƏYİ
Balkanlardakı vəziyyət fırtınaöncəsi sakitliyə bənzəyir
Müəllif: Fuad HİLALOV Bakı
Yaxın Şərq və Balkanların tarixi baxımdan bir çox ümumi cəhətləri var. Osmanlı İmperiyasının hökmranlığı və vahid mərkəzdən idarə olunma, şübhəsiz ki, bu iki regionu yaxınlaşdırıb. Sözügedən regionların postosmanlı dövrü də oxşardır - Şərqdə Mübarəkin, Qəddafinin, Əsədin avtoritarizmi, Balkanlarda isə Jivkovun, Çauşesku və Titonun.
Yaxın Şərq ölkələrindən fərqli olaraq, Balkan dövlətləri enerji resurslarına malik deyil. Amma bu ölkələrin ərazisindən enerji marşrutlarının keçməsi və ya keçəcəyi faktı regionu dünya fövqəldövlətləri üçün yalnız geosiyasi qarşıdurma baxımından yox, həm də geoiqtisadi rəqabət baxımından maraqlı bölgəyə çevirir.
Bundan başqa, Yaxın Şərqdə olduğu kimi, Balkanlarda da dini və milli zəmində ciddi problemlər var. Bu problemlər zaman-zaman silahlı qarşıdurmaya çevrilir, bəzən isə 90-cı illərin ortalarında olduğu kimdir, qanlı müharibələrlə müşayiət olunur.
Serblər, Bosniya müsəlmanları, xorvatlar və sloveniyalılar, əslində, slavyan xalqlarıdır. Lakin onların müxtəlif dinlərə və ya konfesiyalara malik olmaları (pravoslav serblərlə katolik xorvatlar arasında müharibə) İraqda, yaxud Suriyada şiələrlə sünnilər arasındakı ədavətə bənzər vəziyyət yaradır.
Ekspertlər "rəngli inqilab"ları "ərəb baharı"nın əcdadı sayır. Maraqlıdır ki, 2000-ci ildə məhz Serbiyada baş vermiş və mitinqçilərin hücumu qarşısında ölkənin ozamankı prezidenti Miloşeviçin istefası ilə nəticələnmiş proses ilk "rəngli inqilab" sayılır.
İndi analitiklər Balkan ölkələrində "ərəb baharı"na bənzər yeni prosesin başlanması ilə nəticələnə biləcək faktorların mövcudluğuna eyham vurur.
Siyasi qeyri-sabitlik, korrupsiya
Hazırda Rumıniya əsl siyasi və iqtisadi böhran yaşayır. Bolqarıstanda isə hökumətin yuxarı eşalonları kriminal strukturlarla əlaqədə ittiham olunur. İlk baxışdan, Balkan yarımadasının bu iki ölkəsində baş verənlərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Amma baş verənlərin demokratik proseslər çərçivəsindən çıxdığı şübhə doğurmur.
İyulun əvvəlində Rumıniya Parlamenti prezident Trayan Baseskuya impiçment elan edilməsini müzakirəyə çıxarmışdı. Yeri gəlmişkən, bununla o, ölkəyə rəhbərlik etməyə başladıqdan sonra, ikinci dəfə vəzifəsini itirmək riski ilə qarşılaşmışdı. İmpiçmentin təşəbbüskarı parlamentdə çoxluq təşkil edən müxalifətçi sol-mərkəzçi qüvvələr idi. Onlar hakimiyyətə 1 il ərzində bir-birini əvəzləmiş iki hökumətin istefasından sonra gəliblər.
Müxalifət prezidentin fəaliyyəti ilə bağlı detallı hesabat hazırlayaraq, ona qarşı bir sıra ittihamlar irəli sürmüşdü. İttihamlar arasında konstitusiyanın pozulması, vəzifə səlahiyyətlərinin aşılması, xüsusi xidmət orqanlarından siyasi opponentlərə qarşı istifadə, hökumətdə aparıcı vəzifələrə öz adamlarının təyin edilməsi kimi məqamlar var idi. Bu siyasi böhranda diqqətçəkən məqamlardan biri Konstitusiya Məhkəməsinin heyəti ilə bağlı idi. Müşahidəçilərin fikrincə, prezidentə impiçment elan olunması qərarını dəstəkləmiş məhkəmənin heyəti baş nazirin nümayəndələri tərəfindən dəyişdirilmişdi.
Rumıniya prezidentinin siyasi taleyinə 2012-ci il iyulun 29-da keçirilmiş referendumla aydınlıq gəldi - o, vəzifəsini qoruyub saxlaya bildi. Exit-poll təşkilatçılarının fikrincə, prezident buna daha çox seçicilərin səsverməyə qatılmaması hesabına nail oldu. Exit-poll təşkilatçıları bildirir ki, səsverməyə qatılanların 80%-dən çoxu Beseskunun prezidentlikdən getməsinə səs verib. Amma referendumdan sonra belə, baş nazir Ponta prezidentlə münaqişədən qaçmağa çalışacaqlarına söz versə də, Rumıniyanın siyasi həyatında sabitlikdən danışmaq tezdir.
Bolqarıstana gəlincə, o, daha çox korrupsiya ilə bağlı problemlər yaşayır. Qeyd edək ki, ölkədəki bu vəziyyət dəfələrlə Avropa İttifaqının müvafiq hesabatlarında da əksini tapıb. Dələduzluqla mübarizə üzrə Avropa ofisinin məlumatına görə, Bolqarıstan korrupsiya ilə bağlı açılmış cinayət işlərinin sayına görə, Aİ ölkələri arasında ilk yerdədir.
Aİ məhz korrupsiya halları üzündən dəfələrlə Bolqarıstana ölkənin inkişafı üçün nəzərdə tutulmuş maliyyə yardımını ləğv edib və görünən odur ki, son qalmaqal mütəşəkkil cinayətkarlıqla əlaqədə ittiham olunan hökumətin korrupsiyalaşması problemini daha da dərinləşdirəcək. Belə ki, hələ bir il əvvəl baş nazir Borisovla ölkənin daxili işlər naziri Svetanov arasındakı telefon danışığının məzmunu ictimaiyyətə açıqlanmışdı. Onların söhbətindən məlum olur ki, hər iki məmurun xüsusilə iri həcmdə qaçaqmalçılıqla məşğul olan cinayətkar sxemlər arasındakı qarşıdurmaya aidiyyəti var.
Məsələ ilə maraqlanan Bolqarıstan prokurorluğu işi məhkəməyədək aparıb çıxarıb. O zaman çoxları əmin idi ki, siyasətçilər mühakimə olunacaqlar. Lakin hökmün çıxarılmasına az qalmış hakimlər kollegiyası gözlənilmədən bu səs-küylü işi aparan Miroslav Todorovu vəzifəsindən kənarlaşdırdı. Bolqarıstan müxalifəti bildirir ki, hakimin vəzifəsindən uzaqlaşdırılmasında şəxsən Svetanovun yaxın ətrafı maraqlı idi. Hakimin işindən uzaqlaşdırılmasının qəribə şəraitdə baş verdiyini ədliyyə naziri Diana Kovaçova da dilə gətirib. Avropa hakim dairələrinə yaxın olan "Euractiv" nəşri isə yazır ki, Bolqarıstan rəhbərliyinin mafiya ilə mümkün əlaqələrindən Avropa Komissiyasında da xəbərdar olublar. Onlar da məsələnin məhkəmədə ədalətli şəkildə araşdırılacağına ümid edirlərmiş.
Siyasi böhranın yaşandığı daha bir Balkan ölkəsi Bosniya və Herseqovinadır (BvH). Bu ölkənin hakim koalisiyasının üzvü - Sosial-Demokrat Partiyası müxalifətlə razılığa gedərək, hakim koalisiyanı birtərəfli şəkildə tərk etdiyini açıqlayıb. Amma BvH-də siyasi çətinlik yalnız hakim koalisiya arasındakı parçalanma ilə əlaqədar deyil. Milli Müdafiə Universitetinin professoru, Mərkəzi Kəşfiyyat İdarəsinin Balkan dövlətləri üzrə sabiq analitiki Stiven Meyer hesab edir ki, BvH bir dövlət kimi, yalnız kağız üzərində mövcuddur. Meyer onun bu ölkənin gec və ya tez dini zəmində 3 hissəyə parçalanacağına əmindir: serb, xorvat və müsəlman.
Balkanlarda daha bir gərginlik ocağı isə Kosovodur. Burada hakimiyyət orqanları arasında koordinasiyanın olmaması ölkəni beynəlxalq cinayətkar qruplaşmalar üçün zəif məkana çevirir. ABŞ Dövlət Departamentinin müvafiq strukturunun və bir sıra beynəlxalq qurumların hesabatına əsasən, bu gün Kosovo narkotik daşımalarının, insan orqanlarının qanunsuz ticarətinin və insan alverinin ilkin məntəqələrindən biridir.
İqtisadiyyat
Balkan ölkələrindəki iqtisadi problemlər regionda ciddi dəyişikliklərin başvermə ehtimalını daha da artırır. Sosialistlərin devrilməsindən sonra region ölkələrinin bazar iqtisadiyyatına keçidi, keçid iqtisadiyyatının yaşandığı digər ölkələrlə müqayisədə xeyli çətin oldu. Keçmiş Yuqoslaviya ərazisində yaşanan silahlı münaqişələr bu ölkələrin iqtisadiyyatına son dərəcə ciddi zərbə vurdu. Balkan ölkələrinə ciddi maliyyə yardımları göstərilsə də, onlarda hər hansı iqtisadi dirçəliş nəzərə çarpmır. Əksinə, makroiqtisadi göstəricilərin qeyri-sabitliyi hər addımda gözə girir. Cənub-Şərqi Avropanın, demək olar ki, bütün ölkələri iqtisadi və sosial islahatların ilkin mərhələsindədir. Bu, siyasi islahatlardan nəzərəçarpacaq dərəcədə geri qalır. Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına görə, 7 Balkan ölkəsində islahatçıların səylərinin nəticələrindəki uğurlar yalnız "kiçik özəlləşdirmələr"ə, ticarət rejiminin liberallaşdırılmasına və valyuta məzənnələrinə aiddir.
İqtisadi inkişaf siyasi sabitliklə birbaşa bağlı olduğundan, Balkanlarda qapalı dairə yaranıb: Cənub-Şərqi Avropada siyasi sabitliyə yalnız iqtisadi inkişaf nəticəsində nail olmaq mümkündür. O isə öz növbəsində siyasi sabitliyin yoxluğu ucbatından ləngiyir.
Balkan ökələrindən ən ciddi iqtisadi problemlər yaşayanı, əlbəttə ki, Yunanıstandır. Onun üzləşdiyi iqtisadi vəziyyət haqqında çox yazılıb. Amma son zamanlar daha çox digər Balkan dövləti - Sloveniyanın iqtisadiyyatı haqda danışılmağa başlayıb. Reytinq agentliklərinin məlumatına görə, ölkə tezliklə xaricdən maliyyə yardımı istəyə bilər. Analitiklərin fikrincə, Sloveniya iqtisadiyyatını tənəzzül gözləyir və o, İspaniya, Portuqaliya və İrlandiya kimi borc içində boğulan ölkələr kimi, heç də ən yaxşı dönəmlərini yaşamır.
Makedoniyada yalnız rəsmi məlumata görə, işsizlik 30% təşkil edir. Xüsusilə gənclər arasında işsizliyin səviyyəsi yüksəkdir. "Kölgə iqtisadiyyatı" isə gün-gündən daha geniş vüsət alır.
Kosovoda, həmçinin Bosniya və Herseqovinada da iqtisadiyyat böhran içərisindədir. İxracla idxal arasında böyük uçurumun olduğu, işsizliyin 45% təşkil etdiyi Kosovo Avropanın ən yoxsul ölkələrindəndir.
Balkanlarda iqtisadi vəziyyəti ağırlaşdıran daha bir önəmli faktor var. "Dəmir pərdə" aradan qaldırıldıqdan sonra, bu ölkələrin bir çox sakini pul qazanmaq üçün qonşu Yunanıstan və İtaliyaya üz tutub. Yunanıstan və İtaliyanın özündə iqtisadi problemlərin və işsizliyin səviyyəsinin durmadan artdığını nəzərə alsaq, əmək miqrantlarının oradan çıxarılması tamamilə mümkündür. Təbii ki, bu, Balkan ölkələrinə pul axınının qarşısını alacaq. Belə olan təqdirdə, region ölkələrində nəinki iqtisadi problemlər dərinləşəcək, hətta sosial partlayışlar ehtimalı da yüksələcək. Bunun nəticəsini isə əvvəlcədən söyləmək çətindir.
Millətçilik, mübahisəli ərazilər, iddialar
Balkanların bütün tarixi etnik ərazilər və dövlətlərin sərhədləri arasında düzgün əlaqənin tapılmasına edilən bitib-tükənməyən cəhdlərdən ibarətdir. Ərazisi 800 min kvadrat-kilometr olan bölgədə 3 nəhəng dini konfesiyanın yaşadığını, 16 dildə danışıldığını, 12 dövlətin və 5 böyük etnik qrupun (onlardan biri olan cənubi slavyanlar öz növbələrində bir-birləri ilə o qədər də mehriban olmayan serblərə, xorvatlara, sloveniyalılara və çernoqoriyalılara bölünürlər) mövcudluğunu nəzərə alsaq, bu, təəccüblü deyil. Milli və etnik qarışıqlıq tarixən regionun çətin, bəzən isə bədbəxt taleyini müəyyənləşdirib. Tarixin ən dəhşətli vətəndaş müharibələrindən birini yaşamış region xalqları hazırkı status-kvodan o qədər də razı deyil. Bu gün Balkan yarımadasının, demək olar ki, bütün dövlətlərinin bir-birlərinə qarşı ərazi iddiaları var. Üstəlik, onların, demək olar ki, hər birində etnik azlıqlarla bağlı problem mövcuddur. Bu azlıqlar geniş hüquqlar, bəzən isə hətta müstəqillik tələb edir.
Məsələn serblər Sarayevo hökumətini tanımır və ölkədə faktik olaraq ikihakimiyyətlilik hökm sürür. Ölkənin Bosniya ərazisindən son körpünün inşası layihəsi ilə bağlı Xorvatiya ilə də problemləri var.
Yunanıstan əyalətlərindən biri ilə eyni cür adlandığı üçün "Makedoniya" adını tanımır və bu əraziləri yunan torpaqları sayır. Makedoniyada yaşayan albanlar isə Albaniyaya birləşmək istəyir.
Digər parçalanma bölgəsi Kosovodur. Kosovonun müstəqilliyini elan etməsindən sonra, onun şimalında say üstünlüyünə malik olan serblər Serbiyaya birləşməyə çalışır.
Bütün bu mübahisələr Balkanlarda nasizmin baş qaldırması üçün münbit şərait yaradır. Mütəxəssislərin fikrincə, nasizm bu regionda qətiyyən itməyib və hələ də mövcuddur. Regionun əksər ölkələrində millətçi proqrama malik partiyalar parlamentdə çoxluğa malikdir. Serbiya kimi dövlətlərdə isə onlar hakimiyyətdədir.
Serbiyada keçirilmiş prezident seçkisində millətçilərin namizədi Tomislav Nikoliçin qələbə qazanmasından sonra, bir çox qonşu dövlətlərin prezidentləri onun inauqurasiya mərasimini boykot edib. Buna səbəb Nikoliçin Kosovo və Srebrenitsadakı soyqırımla bağlı açıq bəyanatlarıdır. Nikoliç hazırkı Xorvatiya ərazisində yerləşən, 90-cı illərdə Xorvatiyanın müstəqilliyi uğrunda aparılmış müharibə zamanı serb ordusu tərəfindən dağıdılmış Vukovar şəhərinin, əslində, Serbiyaya məxsus olduğunu da bəyan edib. Serbiyanın yeni hökuməti Kosovonun müstəqilliyini tanımaq fikrində olmadığını da qəti şəkildə açıqlayıb. Bu işdə onlar Rusiyanın dəstəyinə arxalanır.
Tarixən dünyanın fövqəldövlətləri Balkanlardakı vəziyyətdən bu və ya digər etnik qrupları, ölkələri dəstəkləməklə, öz geosiyasi məqsədləri üçün maksimum istifadə edib. Avropa ilə Asiya arasında bağlayıcı bənd olan Balkanların coğrafi mövqeyi bölgəni son yüzillik ərzində güclü dövlətlər üçün cəlbedici bölgəyə çevirib. Bu gün də ənənəvi olaraq Serbiyanı dəstəkləyən Rusiya, Sloveniya və Xorvatiyanı dəstəkləyən Aİ, Kosovo albanları və Bosniya müsəlmanlarını dəstəkləyən ABŞ, əslində, sadəcə öz geostrateji vəzifələrini icra etməklə məşğuldur. Balkan dövlətlərinin hakim rejim böhranı, etnik və dini zəmində fikir ayrılıqlarının dərinləşməsi, mübahisəli ərazilər və nasizmin dirçəlişi kimi fundamental problemləri yalnız bu regionda sabitlik axtarışlarını gücləndirir. Bu və ya digər dövlətin dəstəklənməsi məqsədilə kənardan hər hansı müdaxilə isə bu ölkələri dünya fövqəldövlətlərinin siyasətindən asılı vəziyyətə salacaq. Bu üzdən bəşəriyyətə Birinci Dünya müharibəsini "gətirmiş" regiondakı hazırkı vəziyyət, partlamaq həddində olmasa da, buna çox yaxın durumdadır.
MƏSLƏHƏT GÖR: