
ƏR-RİYADIN DAXİLİ VƏ XARİCİ İNTRİQALARI
"Ərəb baharı"nı dəstəkləyən səudiyyə şahzadələrinin marağı nədir?
Müəllif: Fuad HİLALOV Bakı
Şiələrin kütləvi etirazı Səudiyyə Ərəbistanı Krallığının (SƏK) daha çox neft ehtiyatı və sənaye obyektlərinin cəmləşdiyi şimal hissəsinə keçib. İğtişaşlar şiələrin fəallarından olan Məhəmməd Filfilin dəfnindən sonra baş qaldırıb. Xatırladaq ki, o, şiə müsəlmanların lideri Nimranın həbsinə etiraz olaraq keçirilən aksiya zamanı asayiş keşikçiləri ilə baş vermiş toqquşmada həlak olub. Nümayişçilər dövlət binalarını və polisləri daşqalaq edib, polis isə onlara rezin güllələrlə cavab verib.
İlk baxışdan hər şey "ərəb baharı"nın baş verdiyi ölkələrdə yaşananları xatırladır. Bir tərəfdən, Səudiyyə Ərəbistanı rəhbərliyinin əzmkar addımlarını anlamaq olar. Çünki radikal şiə lideri Nimranın tərəfdarları heç də onlarla sünnilərə eyni hüquqların verilməsini və ya Bəhreynlə birləşməyi tələb etmir. Onların tələbi SƏK-in şimalında şiə dövlətinin yaradılmasıdır. Yəni, faktik olaraq etirazçıların əməlini separatçılıq kimi qiymətləndirmək olar. Amma SƏK rəhbərliyi, hətta şiələrin mülayim təbəqəsi ilə belə, danışıqlara getmək istəmir. Bunun əvəzində şərq əyalətlərinə bədəvi tayfalarından olan xüsusitəyinatlılar yeridilir. Şübhəsiz ki, ölkə əhalisinin 10%-dən çox olmayan şiələrin etirazını hökumətin əsas problemi saymaq olmaz. Şiə faktoru uzağı, ölkədə vəziyyətin qarışdırılması üçün rçaqlardan biri sayıla bilər. Ölkənin siyasi həyatında şiələrin qiyamı ilə müqayisədə daha ciddi təhlükə sayılacaq hadisələr baş verir. Analitiklər hesab edir ki, bu hadisələr sadəcə həm ölkə daxilində, həm də xaricində baş verə biləcək maraqlı hadisələrin fraqmentlərindən biridir.
Şahzadələr çox, varis bir
Qərb KİV hesab edir ki, SƏK-də "ərəb baharı"nın başlanması üçün bütün şərtlər var. Nümunə kimi hökumətin siyasi opponentlərinin kütləvi həbsini, avtoritar rejimi, əhalinin bütün təbəqələrində yayılmış korrupsiyanı, əhalinin rejimdən narazılığını və sairi göstərmək olar. Üstəlik, SƏK-də hakimiyyətin kral sülaləsi daxilində ötürülməsi kimi xüsusiyyət də var. Ötən il vəliəhd Sultan Əbdül Əzizin vəfatından sonra, Kral Abdulla səhhəti ilə əlaqədar olaraq səlahiyyətlərinin bir çoxunu ailə üzvlərinə verib. Bununla da faktik olaraq dövlət başçısı funksiyası mühafizəkar baxışlı, bütün islahatların əleyhinə olan hökmdar Naif ibn Əbdül Əzizə keçib. Amma heç 1 il ötməmiş, Naifin vəfat etməsi ölkədə hakimiyyətin ötürülməsi sisteminin nə dərəcədə effektiv olması məsələsini gündəmə gətirib. Məsələ ondadır ki, SƏK-də hakimiyyət atadan-oğula yox, qardaşdan-qardaşa keçir. Səudiyyənin kral sülaləsinin əsasını qoymuş Əbdül Əzizin 18 oğlu var və onların əksəriyyətinin yaşı keçib. Bununla əlaqədar olaraq, hakimiyyətin ötürülməsi sistemi "səhnəarxası" oyunlar və intriqalarla paralel işləyir. Bu problemin həlli üçün 2006-cı ildə kralın əmri ilə "Sədaqət şurası" da yaradılıb.
Artıq uzun illərdir ki, vəliəhd nüfuzlu Əl-Fəhd (7 qardaşın 2005-ci ildə vəfat etmiş ən böyüyünün) şahzadələr klanı qrupunun təmsilçisidir.
Salman Əbdül Əzizin vəliəhd təyin edilməsi mübahisələrə səbəb olub. Onu heç də ailənin bütün üzvləri qəbul etməyib. Özünün SƏK hökumətinin ünvanına ifşaedici bəyanatları ilə tanınmış mühacirətdə yaşayan şahzadə Taalal Əbdül Əziz bəyan edib ki, sözügedən təyinat "Sədaqət şurası"nın prosedurlarına zidd şəkildə həyata keçirilib və sadəcə, Kral Abdullanın şəxsi təşəbbüsü ilə baş tutub.
Analitiklərin proqnozlarına əsasən, taxt-tacın yeni varisi daxili siyasətdə sələflərinin sərt və mühafizəkar kursunu davam etdirəcək. Xarici siyasətdə isə İsrail xüsusi xidmət orqanlarını 11 Sentyabr terrorunun təşkilində təqsirləndirən əvvəlki varisdən fərqli olaraq, Vaşinqton və Təl-Əvivlə yaxınlaşma kursuna üstünlük veriləcəyi proqnozlaşdırılır.
Şahzadə təyinatından sonra ABŞ MKİ-nin direktoru Devid Petrius ilə görüşərək, ölkənin şərqindəki gərginliyə dair müzakirə aparmağa maral da tapıb. Maraqlıdır ki, bu görüşdən sonra SƏK-in kəşfiyyat idarəsinə uzun müddət krallığın Vaşinqtondakı səfiri kimi çalışmış şahzadə Bandar bin Sultan təyin olunub. Ekspertlər hesab edir ki, cəsarətli addımlara daha meyilli olan şahzadənin Vaşinqtonla geniş əlaqələri var və o, ABŞ-ın eks-prezidenti oğul Corc Buşla dost münasibətlərinə malikdir. Güman ki, onun xarici siyasi prioriteti İran təhlükəsinin önlənməsi və Suriya müxalifətinin dəstəklənməsində səylərin koordinasiyası olacaq.
Xarici siyasi kurs: pul və inam
Xarici siyasi kursu çox tez-tez üst-üstə düşən iki istiqamətə ayırmaq olar. Bu, müsəlman dünyasında liderlik cəhdləri və enerji siyasətidir. Səudiyyə Ərəbistanının digər ölkələrlə qarşılıqlı münasibətlərinə məhz bu iki müstəvidə baxılır.
SƏK ənənəvi olaraq ABŞ-ın regiondakı ən etibarlı müttəfiqi sayılır. Hətta məşhur 11 Sentyabr terrorunda Səudiyyə Ərəbistanı vətəndaşlarının iştirakı sübuta yetirildikdə belə, iki ölkə arasında münasibət korlanmayıb. Bununla yanaşı, regionda baş verən son proseslər ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin o qədər də aydın olmadığını göstərir. Məsələn, neftin 1 barelinin qiymətinin SƏK-dəkindən xeyli ucuz olduğu Liviyaya hərbi müdaxilədən sonra, Qərb Səudiyyə neftinə o qədər də bağlı deyil. Belə çıxır ki, SƏK "ərəb baharı"nı dəstəkləməklə uzaq perspektivdə öz maraqlarına ziyan vura bilər. Bunu başa düşən Səudiyyə Ərəbistanı neft tədarükünün diversifikasiyası ilə məşğuldur. Çinlə SƏK arasında neft-qaz sahəsində əməkdaşlığa və Qırmızı dənizin liman şəhəri olan Yanbuda 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan nəhəng neft emalı zavodunun tikintisinə dair razılaşmanın imzalanmasından sonra, Ər-Riyad Çinin Yaxın Şərq və Şimali Afrikadakı əsas ticarət tərəfdaşına çevrilib. Amerikalı mütəxəssisləri narahat edən SƏK-in nefti Amerika dolları ilə satmağa son qoyaraq, yuan və ya avro ilə hesablaşmalara keçmə ehtimalıdır. Xatırladaq ki, 1973-cü ildə Səudiyyə Ərəbistanı Vaşinqtonla neftini ABŞ dolları ilə satmaq haqda razılaşma imzalayıb. Bu, qonşu ölkələrdən müdafiə və Amerikadan silah alınması qarşılığında edilib.
Yeni varisin loyallığı və şahzadə Bendarın kəşfiyyat xidmətinin rəhbəri təyin olunmasına baxmayaraq, amerikalılar üçün arzulanmaz ssenarinin gerçəkləşməsi də mümkündür. Belə olacağı təqdirdə, əsas enerjidaşıyıcılarının olduğu regionlarda şiələrin aya?a qalxması, həmçinin, Əl-Riyaddakı varislik sisteminin legitimliyi itirməsi, nəhayət, bu ölkənin də "ərəb baharı"nın qurbanına çevrilməsi ABŞ-ın maraqlarına cavab verə bilər.
Bundan başqa, Səudiyyə Ərəbistanının Amerikanın siyasi orbitindən çıxacağı təqdirdə, Vaşinqtonun köməyinə son zamanlar regionda nüfuzunu artırmağa çalışan Qətər gələ bilər. Nəhəng maliyyə və informasiya resurslarına ("Əl-Cəzirə" telekanalı) malik olan Qətər də SƏK kimi, sünni dünyasının lideri roluna iddialıdır. Səsləndirilən bəyanatlar və siyasi fəaliyyət iki ölkənin isteblişmentinin siyasi baxımdan həmrəy olduğunu göstərsə də, əslində, onlar arasında müəyyən ədavət var. İki ölkə öz aralarında Suriyada "antiəsəd qüvvələri"nin dəstəklənməsində, dünyada radikal islam cərəyanlarına dəstək verməkdə, İranla mübarizə məsələlərində rəqabət aparır.
Ekspertlərin fikrincə, Bəşər Əsədin ələvi rejiminin devrilməsi SƏK üçün geosiyasi əhəmiyyət daşıyır. Suriyadakı ələvilər rejimi İranın ərəb dünyasına çıxışı deməkdir və bu, Səudiyyə Ərəbistanını zəiflədir. Hətta İran faktoru olmadan belə, Suriyanın güclü orduya məxsus dünyəvi ərəb dövləti kimi mövcud olması Ər-Riyad üçün təhlükədir, ən azı ona görə ki, SƏK-dəki daxili siyasi sistemlə müqayisədə, Suriyadakı sistem "demokratiya cənnəti"ni xatırladır. SƏK-in Suriyanın silahlı müxalifətini öz enerji maraqları xatırinə dəstəklədiyini də unutmaq olmaz.
SƏK-in Əsəd rejiminin devrilməsinin qatı tərəfdarı kimi çıxış etməsinin səbəblərindən biri də, rəsmi Ər-Riyadın Qətərlə birlikdə Suriyadan keçərək, Türkiyəyə uzanan neft borusu inşa etmək niyyətidir. İyulun 1-dən etibarən İrana qarşı neft embarqosunun qüvvəyə minməsindən, Tehranın Hörmüz boğazını bağlayacağına dair hədələr səsləndirməyə başlamasından sonra, Ərəbistan yarımadasında yerləşən ölkələr enerji resurslarının təchizində alternativ marşrutlara ciddi ehtiyac hiss edir. Əlbəttə, İran və Rusiyanın dəstəklədiyi (hər iki ölkə həm də nüfuzlu enerji resursları tədarükçüsü və əlbəttə ki, SƏK-in rəqibidir) Əsədlə yox, Suriyada hakimiyyətə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin dəstəyi ilə gələcək qüvvə ilə razılaşmaq daha asan olacaq.
SƏK ilə İranın mövqeləri bir çox məsələlərdə toqquşur və Suriyadakı vətəndaş qarşıdurması belə hallardan yalnız biridir. İranın nüvə proqramı və şiə dövlətinin hərbi gücünü artırmasına cavab olaraq, Səudiyyə şirkətləri Fars körfəzində ən nəhəng hərbi bazanın inşasına başlayıb. Bu, İranın isə etirazına səbəb olub. Tehran WikiLeaks saytında SƏK-in amerikalıları İranın nüvə obyektlərinə hücuma razı salmağa çalışdığına dair dərc olunmuş sənədləri unutmayıb. İran prezidentinin Amerika qüvvələrinin İslam Respublikasının sərhədində, Fars körfəzindəki neft yataqlarının bilavasitə yaxınlığında yerləşdirilməsinin "hərbi əməliyyatlara başlanılması kimi qiymətləndiriləcəyi və adekvat cavabını alacağına" dair bəyanatına rəsmi Tehranın cavab addımı kimi baxmaq olar.
İranın XİN başçısı Salehi Manamada bu yaxınlarda keçirilmiş təhlükəsizlik konfransında bildirib ki, Tehran müsəlman qonşularına qarşı silahdan istifadə etməyəcək. Nüfuzlu Səudiyyə şahzadəsi Türki əl-Feysəlin buna cavabı isə lakonik olub: "Edəcək!".
Bundan başqa, Ər-Riyad təmsilçiləri Tehranı Səudiyyə Ərəbistanının şimal əyalətlərində və Bəhreyndə şiə təlatümlərini dəstəkləməkdə təqsirləndirir. Şiə lideri əl-Namranın ölkə xaricindən heç bir dəstək almadıqlarına dair bəyanatına baxmayaraq, SƏK-in siyasi isteblişmenti yaranmış gərginliyi məhz başqa dövlətlərin müdaxiləsi ilə əlaqələndirir. Bu baxımdan, SƏK ilə Rusiya arasında diplomatik atışma da maraqlıdır. Şiələrin nümayişi dağıdıldıqdan dərhal sonra, Rusiya XİN-in yaydığı bəyanatda bildirilir ki, "SƏK hökuməti qarşıdurmanın, o cümlədən dini zəmində qarşıdurmaların baş verməsinə imkan verməməli, fikrin azad şəkildə ifadə olunması, dinc nümayişlər azadlığı da daxil olmaqla, ümumi insan haqlarının qanunda nəzərdə tutulmuş qaydada təminatına zəmanət verməlidir".
SƏK hökuməti isə Rusiyanın bu bəyanatını "Səudiyyə Ərəbistanının daxili işlərinə məqsədəuyğun olmayan və yolverilməz müdaxilə" adlandırıb. Maraqlıdır ki, bu diplomatik "atışma" dünyanın 25 nəhəng neft-qaz şirkətinin reytinqinin açıqlanması fonunda baş verib. Rusiyanın "Qazprom" şirkəti reytinqdə liderliyi Saudi Aramco şirkətinə təhvil verib. Üçüncü yerdə isə İran Milli Neft Şirkətidir.
Rusiya SƏK-in çeçen quldur qruplaşmalarına verdiyi dəstəyi, fundamental (sələfi) islamın güclənməsində Səudiyyə Ərəbistanının siyasi isteblişmentinin rolunun az olmadığını da unutmayıb. Suriyadakı münaqişə Rusiya ilə SƏK-in maraqlarının toqquşduğu cəbhələrdən yalnız biridir.
MƏSLƏHƏT GÖR: