Müəllif: Vəfa ZEYNALOVA Bakı
Evdə yanan hər bir lampanın öz tarixi var; hər kəs öz taleyini yaşayır; hər insanın öz həyatı var. Çox vaxt biz özümüz də diqqət yetirmirik ki, öyrəşdiyimiz anlayış və təsəvvürlər içində yaşayaraq özümüzü reallıqdan təcrid edir, onu özümüzə sərf edən şəkildə yozmağa başlayırıq.
Sözə baxmayan yeniyetmə... Bu sözü eşitdikdə ağlımıza ən çox gələn nə olur? Gözlərimiz qarşısında dişlərinin arasında siqaret sıxmış, dələduzluq etməyə, zəifləri incitməyə hazır olan, qaranlıq küçələrdə veyillənən, idarə olunması, dil tapılması çətin, bəzi hallarda isə hətta kriminala yönəlmiş kobud oğlan uşağı canlanır. Bəs əslində, hər şey göründüyü qədər sadədirmi? Axı hər bir "çətin" yeniyetmənin arxasında konkret insan taleyinin durduğunu dərk etsək də, hər şey göründüyü kimi deyil. Amma buna baxmayaraq, onlarla işləyən, onların dilini tapmağı bacaran insanlar da var.
"İpə-sapa yatmayan" yeniyetmə kimdir?
Bu cür uşaqlarla iş üzrə ekspert, Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyir: "Biz 3 yaşdan 18 yaşadək olan uşaqlarla işləyirik. "Çətin uşaq" anlayışı bütün bu yaş dövrünü əhatə edir. Onu yalnız yeniyetməlik dövrü ilə məhdudlaşdırmaq olmaz. Əvvəla, qeyd edim ki, çətin yeniyetmə heç də mütləq "çirkab"lıqda veyillənən, çətin tale yaşayan uşaq olmur. Son zamanlar bizə kifayət qədər firavan ailələrdən uşaqlar və valideynlər də müraciət edirlər. Uşaqlarla psixoloqlar, hüquqşünaslar, tibb işçiləri - çətin anda uşağa və yeniyetməyə yardım edə biləcək tam personal işləyir".
Onlarla iş kifayət qədər çətin və çoxmərhələlidir. İlk növbədə, uşağa "çətin yeniyetmə" damğasının nədən yapışdırıldığını aydınlaşdırmaq lazımdır. Bunun üçün isə onlara xüsusi yanaşmaya ehtiyac var. Kəmalə xanım uşağa təsir göstərən amilləri belə sıralayır: evdə zorakılıq (təəssüf ki, həddindən artıq geniş yayılmış haldır), tərbiyə problemi və uğursuz ailə. "Bizə idarə olunması qətiyyən mümkün olmayan 12 yaşlı qız uşağının anası müraciət etmişdi", - deyə ekspert danışır. - "Uşaq ürək qüsuru ilə doğulmuşdu və təbii ki, bu, ailədəki duruma, qızla valideynlər arasındakı qarşılıqlı münasibətlərə təsirsiz ötüşə bilməzdi; onu hər imkanda qoruyublar, hər əməlinə göz yumublar. Nəticədə uşaq elə düşünməyə başlayıb ki, o, istədiyini edə bilər. Vəziyyət o yerə çatıb ki, qızın anası mütəxəssisə müraciət etmək məcburiyyətində qalıb: "Mən hətta evdən getməyə hazıram. Təki onun üçün yaxşı olsun"".
Kəmalə Ağazadənin sözlərinə görə, hansı motivlərin şəxsiyyətə nə qədər təsir göstərdiyini dəqiq müəyyənləşdirmək çətindir. Sosial və psixoloji amilləri birlikdə götürmək lazımdır. Psixoloqla iş zamanı ortaya bir sıra gizli səbəblər çıxır. "Bununla yanaşı, ailə ilə işləmənin böyük əhəmiyyəti var. Axı uşaqlar həqiqətən də çox elastik olur və hər zaman dialoqa hazırdırlar. Təəssüf ki, valideynlər kifayət qədər "ünsiyyətcil" olmaya bilir və problemin dərinliyini lazımi qədər anlamırlar; ana və ata da davranışlarında dəyişikliklər etməlidirlər", - deyə ekspert bildirir.
K. Ağazadənin sözlərinə görə, "çətin uşaqlar"ın hansı şəraitdə daha çox "yetişdiyini" söyləmək də çətindir: "Əvvəllər firavan ailələrin təmsilçiləri uşaqlarla bağlı problemlərini açıqlamaqdan qaçırdılar. İndi vəziyyət fərqlidir: bizə üz tutan uşaqların, təxminən, yarısı məhz bu cür ailələrdəndirlər. Əgər problemi uzun müddət ört-basdır etməyə, onu maddi bəxşişlərlə və ya digər vasitələrlə aradan qaldırmağa çalışarsınızsa, problem həllini tapmayacaq, sadəcə gizli forma alacaq".
Şübhəsiz, insanlarımızda mentalitetdən gələn stereotiplərin tədricən onların psixoloji sağlamlıqlarının qayğısına qalmasına mane olmaması sevindirici haldır. Hər halda, istənilən insan xalqın resursudur.
Əhalinin qeyri-firavan təbəqəsindən olan uşaqlarla bağlı ayrıca danışmağa ehtiyac var. "Adi uşaqlarla bağlı hallarda bütünlükdə ailə ilə işləyiriksə, bir sıra tərbiyə məsələlərində korrektələr ediriksə, "mürəkkəb"lərlə bağlı vəziyyət fərqlidir.
Bildiyiniz kimi, 16-17 yaşına çatmış uşağı yenidən tərbiyə etmək, dəyişdirmək mümkün deyil", - deyə Kəmalə xanım qeyd edir. - "Biz sadəcə ona dəstək verə, davranışında bəzi korrektələr apara, vəziyyətdən çıxış yolu haqda məsləhətlərimizi çatdıra bilərik". Ekspertin sözlərinə görə, sahibsiz uşaqların əsas problemi onların ailədən uzaq olmalarıdır. Amma onlarla işləmək bir qədər asandır. Belə uşaqların əsas problemləri sosial problemlər olur: "Bizə tənha anaların, narkotik aludəçilərinin, ev-eşiksiz şəxslərin, seks-sənayenin təmsilçilərinin uşaqları müraciət edirlər. Onların əsas problemi üzləşdikləri vəziyyətlə barışmaq istəməmələridir. "Nə vaxta qədər atamın anamı döyməsini; valideynlərimin narkotik qəbul etmələrini; anamın yanına kişilərin gəlməsini seyr edəcəyəm?". Onların əsas şikayətləri bu qəbildən olur".
Kəmalə xanımın fikrincə, daha bir böyük problem peşəkar yardıma müraciətlə bağlı çətinliklərin olmasıdır: "Ölkədə bir çox psixoloji yardım mərkəzləri fəaliyyət göstərir. Amma onların hamısı özəl olduğundan, xidmət pulludur. Belə mərkəzlərə yardıma görə ödənilməli olan məbləğ 30-100 manat arasındadır. Aydındır ki, bu, heç də bütün yeniyetmələrin cibinə uyğun deyil". Bu üzdən qeyri-firavan uşaqların əksər problemlərini açıb-söyləyə bilmədiklərini düşünmək olar.
Müxtəlif problemlər
Psixoloq-konsultant Humay Axundzadə deyir: "Çətin yeniyetmələr ümumiləşdirilmiş anlayışdır. O, özündə ən müxtəlif problemləri əks etdirə bilər. Bu ifadəni işlədənlər, əsasən, cəmiyyətə zidd, ünsiyyətlə bağlı problemləri olan və ya aqressiv uşaqları nəzərdə tuturlar. Amma əslində bu, daha geniş anlayışdır".
Uşaqlarda psixoloji problemlər təhsilin çətinliyi ilə, utancaqlıqla, həyəcanla və ya hiperfəallıqla da əlaqəli ola bilər. Nəzərə almaq lazımdır ki, istənilən yeniyetmə məktəb və ev sisteminin bir hissəsidir. Onun problemləri daha çox özündən yox, ətraf mühitdən qaynaqlanır. Uşaqların problemlərinə ailədən, məktəbdən kənar baxmaq olmaz.
Təəssüf ki, bir çox hallarda böyüklər məsuliyyəti uşağın üzərinə atır, bütün problemlərin yeniyetməlik yaşının xüsusiyyətlərilə bağlı olduğunu bildirirlər. Əslində isə problemlərin əksəriyyəti ailədə və ya məktəbdəki gizli qaydalarla bağlıdır.
İnsan yeniyetmə yaşlarında olarkən bu çərçivələri daha çox sındırır, qaydalara qarşı gedir, ailədə və ya məktəbdə qəbul olunmayan addımları atır.
"Böyüklər uşaqlara kömək etmək üçün onları sadəcə psixoloqa verməklə kifayətlənməməlidirlər. Onlar prosesdə fəal iştirak etməli, hər şeyə özlərindən başlamalı, uşaqlara necə nümunə olduqlarını təhlil etməli, "yeniyetmənin çətinliyi"nin təzyiqlərin nəticəsi olub-olmadığı haqda düşünməlidirlər", deyə psixoloq bildirir.
Onun sözlərinə görə, uşağı "çətin" edən amillər 2 növ olur - daxili və xarici. Daxili amil əsəb sisteminin irsi, anadangəlmə, genetik xüsusiyyətləri ilə bağlıdır. Məsələn, uşaq lap körpə yaşlarından əsəbidirsə, doğuş zamanı beyin disfenksiyası olubsa, belə hallar yaşana bilər.
Problem daxili və xarici qüsurların bir uşaqda cəmləşdiyi halda meydana çıxır. Bu halda onun əvvəlki əsəbiliyinə sərt tərbiyə, ondan həddindən artıq gözlənti və bunu doğrulda bilməmək qorxusu da əlavə olur. Bütün bu amillər birlikdə yeniyetməyə öz təsirini göstərir.
Humay xanım hesab edir ki, fatalist olmaq düzgün deyil. Onun sözlərinə görə, uşağın tərbiyəsi ilə düzgün məşğul olunarsa, hətta anadangəlmə problemlər belə, aradan qalxar, çünki bu halda davranışda da dəyişiklik etmək mümkündür. Əsəbi uşağı tamamilə sakit etmək mümkün deyil. Amma bunu konstruktiv məcraya yönəltmək olar.
Psixoloqun fəaliyyətində əsas istiqamət isə yalnız "çətin uşaq"la deyil, həm də onun valideynlərilə işləməkdir. Uşağın davranışında problemlər yarandıqda onlar bu halları psixoloqun köməkliyilə aradan qaldırmağın mümkünlüyünü düşünür, məsələni psixoloqla uşağın öhdəsinə buraxırlar. Psixoloq əksər hallarda problemi həll etsə də, uşaq əvvəlki mühitə qayıtdıqdan sonra davranışı da yenidən əvvəlki kimi olur. Psixoloq həm də müəllimlərlə, uşağın sinif yoldaşları ilə işləməlidir. Çünki yeniyetmələrin yanında yaşlılarla müqayisədə, yaşıdlarının nüfuzu daha yüksək olur. Bu üzdən də belə insanlarla qrup halında məşğul olmaq lazımdır. Uşaqların problemləri fərqli olsa da, onların birlikdə olmaları lazımdır.
Bərpa proqramı
Uşaq Hüquqları üzrə QHT alyansının rəhbəri Nabil Seyidovun sözlərinə görə, 2013-cü ildə ölkədə "çətin" yeniyetmələrlə iş üzrə qanun qəbul olunsa da, hələlik hər hansı konkret tədbirlərdən danışmaq çətindir. Bununla yanaşı, Sabunçu rayonunda alyansın dəstəyilə Gənclər Təşkilatı fəaliyyət göstərir və orada maarifləndirici və bərpa işləri aparılır. "Çətin yeniyetmə" anlayışının müəyyən mənada kriminaldan ayrı olmadığı üçün dövlət strukturları problemə məhz bu rakursdan baxmağa meyllidir. Nəticədə təşkilatın tədbirlərinə polis əməkdaşları, hüquqşünaslar və yerli icra hakimiyyəti orqanının təmsilçiləri də cəlb olunurlar.
Kəmalə Ağazadənin sözlərinə görə, Azərbaycan Uşaqlar Birliyi Təhsil Nazirliyinə imkanları məhdud olan (həm fizioloji, həm də sosial baxımdan) uşaqlar üçün xüsusi inklüziv təhsilə dair layihə təqdim edib: "Nazirlik hələ ki, bizə cavab verməyib. Amma özümüz artıq Avropa və ABŞ-da qəbul olunmuş bu model əsasında işləyirik".
Qəbul oluna biləcək nümunələr
Hətta ən marginal insanın belə, onu destruktiv həyatdan ayıracaq məşğuliyyətə ehtiyacı var. Peterburqda "çətin" yeniyetmələrin yaradıcılıq işlərinə cəlb olunması kimi müsbət təcrübə "Upsala" adı altında özünəməxsus qeyri-formal küçə sirki halını alıb. O, həvəskar səviyyədə sirk təcrübəsi olan sosial pedaqoqla təsadüfi görüş nəticəsində yaradılıb. Hər şey birtəkərli velosiped kimi primitiv rekvizitdən başlasa da, sonradan, gərgin əmək sayəsində qastrol səviyyəli sirk ustalığına keçib. Gərgin məşqlər nəticəsində bir qrup "çətin yeniyetmə" böyük uğurlar əldə edib. Təəssüf ki, bu cür təcrübələri reallaşdırmaq asan deyil - dövlət və ya bələdiyyə dəstəyinin olmaması bu imkanları çətinləşdirir. Əlbəttə ki, Avropada müxtəlif submədəniyyət, qeyri-formallar və küçə sənətinin olması da müəyyən rol oynayır. Çünki bütün bunlar elə həmin "çətin yeniyetmələrin" yığışdıqları küçələrdə baş verir. Bununla da küçələr onlar üçün qurucu və yaradıcı mühitə çevrilir.
MƏSLƏHƏT GÖR: