
"YAXIN ŞƏRQDƏ YENİ MÜHARİBƏ ÇAĞIRIŞLARI AVANTÜRADIR"
İlter turan: "iranın nüvə silahı əldə etməsi, onun nüvə müharibəsinə başlaya bilməsi demək deyil"
Müəllif: Fuad FƏXRƏDDİNOĞLU Bakı
İstanbul Bilge Universitetinin professoru İlter Turan 1993-1998-ci illərdə həmin universitetin rektoru olub. Amerika və Böyük Britaniyanın müxtəlif universitetlərində dərs deyib, 2000-2009-cu illərdə Türkiyə Siyasi Elmlər Dərnəyinin sədri və Beynəlxalq Siyasi Dərnəyin müdir müavini vəzifələrində çalışıb. Müqayisəli siyasət, türk siyasi həyatı və xarici siyasət mövzularında türk və ingilis dillərində bir çox əsərlərin müəllifidir. Beynəlxalq münasibətlər sahəsində tanınmış alim olan İlter Turanın bir çox dünya ölkələrinin liderləri, o cümlədən, ABŞ Prezidenti Corc Buş və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri olub. Düşünürük ki, belə təcrübəli siyasi ekspertin bir sıra aktual beynəlxalq məsələlərə münasibəti və proqnozları oxucularımız üçün də maraqlı olar. Onunla söhbətə isə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətdən başladıq.
– İlk növbədə, Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı beynəlxalq durumla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
– Hazırda Dağlıq Qarabağ probleminin həlliındə vəziyyətin dəyişməz qaldığını görürük. Ermənistanda seçkilərin keçirilməsinə baxmayaraq, siyasi dəyişiklik baş vermədi. Türkiyə nə qədər Minsk qrupunda Fransanın subyektiv mövqe tutduğunu ortaya qoysa da, qrupun tərkibində dəyişikliyə nail ola bilmədi. Üstəlik, Fransadakı son prezident seçkilərində qələbə qazanmış Ollandın Sarkozidən fərqli bir xarici siyasət kursu həyata keçirəcəyi təxmin edildiyinə görə, Ankaranın da Parislə bağlı gözləmə mövqeyi tutacağını deyə bilərik. Diğər tərəfdən, istər Avropa İttifaqı, istərsə də ABŞ öz güclərini dünyanın başqa yerlərində cərəyan edən və onların fikrincə, daha aktual olan məsələlərə sərf etməklə məşğuldurlar. Bunlara misal olaraq, İraqdakı qeyri- müəyyən vəziyyət, Suriyada gərginliyin səngiməməsi, İranın nüvə silahı əldəetmə cəhdlərini göstərə bilərik. Digər tərəfdən, istər Aİ ölkələri, istərsə də ABŞ öz iqtisadi problemlərini həll etməyə məcburdurlar. Bu baxımdan, düşünmürəm ki, Qarabağ məsələsinin həlli bu ölkələrin xarici siyasət kursunda ilk yerlərdən birini tutsun. Rusiyada isə hakimiyyət nəticə etibarilə olduğu kimi qalıb. Bir başqa sözlə, Rusiyanın siyasi mövqeyində də Dağlıq Qarabağla bağlı hər hansı bir dəyişikliyin baş verəcəyini söyləmək çətindir. Buna görə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində tezliklə dəyişiklik gözləməyimiz üçün tutarlı bir səbəb yoxdur.
– Bəs ermənilərin indidən qondarma "soyqırım"ın 100-cü ildönümə hazırlaşması barədə nə deyə bilərsiniz? Ola bilərmi ki, Türkiyə "soyqırım" məsələsi ilə bağlı beynəlxalq təzyiqi azaltmaq üçün İrəvanla yenidən danışıqlara getsin?
– Bunu deyə bilərəm ki, hazırkı vəziyyət, təəssüf ki, daha çox Ermənistanın xeyrinə ola bilacək şəkildə inkişaf edir. Fransa Senatındakı son hadisələrdən sonra Türkiyə, Fransada "erməni soyqırımı"nın inkarı üçün cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulunun reallaşmaması üçün çox ağır mübarizə aparmağa məcbur oldu. Bu qanunun qəbul olunmasına baxmayaraq, qüvvəyə minməməsini isə türk diplomatiyasının uğurundan daha çox, Fransa Konstitusiya Məhkəməsinin ədalətli mövqeyi ilə izah etmək olar. Daha əvvəlki proseslərə baxanda bu nəticəyə gəlmək olar ki, Ermənistan rəhbərliyi mövqeyini dəyişərək, iqtisadi dividendlər əldə etmək fikrindən uzaqdır. Onlar xalqın iqtisadi rifahını siyasi məsələlərdəki inadkar mövqelərinə qurban verirlər. Bu baxımdan, istər Azərbaycanın, istərsə də Türkiyənin ermənilərlə mübarizəsi 2015-ci ilə qədər və sonra da davam edəcəkdir. Burada bir məqam çox önəmlidir. Əgər 2015-ci ilə qədər ermənilər, əsas fəth ediləcək qala olaraq gördükləri ABŞ Parlamentində “erməni soyqırımı"nın tanınması ilə bağlı qanun qəbul etdirə bilməsələr, onların gücü əhəmiyyətli şəkildə azalacaqdır. Çünki hər hansı bir məsələni mütəmadi olaraq gün-dəmdə saxlamaq mümkün deyil. Buna görə ermənilərin əsas hədəfi 2015-ci ildir. Bu tarixdən sonra zənn edirəm kı, insanların bu məsələyə marağı get-gedə azalacaqdır.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi və bu məsələ ətrafında cərəyan edən proseslər isə özü-özlüyündə müstəqil və təkbaşına bir proses deyil. Buna paralel digər problemlər olmasaydı, Türkiyə sərhədləri açardı. Fəqət Ermənistan hal-hazırda Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsini işğal edib və bu məsələnin müzakirəyə çıxarılmamasını təkid etməkdədir. Ermənistan həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmən siyasəti yürütməkdə davam edir. Təbii ki, belə bir vəziyyətdə deyilənləri gözardı edərək sərhədləri açmaq mümkün deyil. Sizin də bildiyiniz kimi, keçmişdə Ermənistanla müəyyən danışıqlar oldu. Mən o zaman bu prosesi izlərkən belə təxmin etmişdim ki, tərəflər bu danışıqlar əsasında qarşılıqlı öhdəliklər götürərək, məqsəd və vəzifələri yerinə yetirəcəklər.
Daha sonra səhv etdiyimi anlasam da, o vaxt əmin idim ki, sərhədlərin açılması qarşılığında Ermənistan, heç olmasa, Qarabağ ətrafındakı işğal altında saxladığı rayonların beşini azad edəcək, digərlərinin isə gələcək statusunu müzakirəyə çıxaracaq. Amma daha sonra aydın oldu ki, Ermənistan, sadəcə, sərhədlərin açılmasını istəyir və bunun qarşılığında heç bir güzəştə getməyi düşünmür. Nəticədə deyə bilərik ki, bu proses anadan ölü doğulduğü üçün elə başlanmamış da bitdi.
– Rusiyada Putinin yenidən prezident kürsüsünə qayıtması hansı dəyişikliklərlə nəticələnə bilər?
– Rusiyanın xarici siyasətindəki aparıcı fiqurlar dəyişmədi. Başqa sözlə desək, Rusiyanın xarici siyasətində hər hansı bir dəyişiklik olacaqsa, bu şəxslərin yox, şərtlərin dəyişməsi nəticəsində baş verə bilər. Bundan əvvəl Ermənistanı müzakirə etdiyimizə görə, Rusiyanın bu ölkəyə münasibətdə siyasətində hər hansı bir dəyişikliyin ola biləcəyini təxmin etmək çətindir. Nəticə etibarilə heç bir dəyişiklik gözləmirəm.
– Digər qonşumuz İran və ətrafında cərəyan edən son proseslər haqda nə düşünürsünüz?
– İran bir tərəfdən, nüvə silahı hazırlamaq niyyətinin olmadığını vurğulasa da, digər tərəfdən, özünün uranı zənginləşdirmə potensialını nüvə silahı hazırlaya biləcək səviyyəyə gətirmək üçün çalışır. Bir başqa tərəfdən əldə ediləcək bu nüvə silahının mənzilbaşına çatdırılması üçün raket sistemlərini təkmilləşdirərək silahlanmağa doğru getməkdədir. Lakin mənim proqnozum budur ki, İranın nüvə silahı istehsal etmək potensialına çatması hələ nüvə silahı istehsal etməsi demək deyil. Sadəcə, belə bir gücü əldə etdikdən sonra, İrana konvensional bir hücum həyata keçirmək çox çətinləşəcək. Çünki bu ölkənin artıq nüvə silahı ilə müqavimət göstərə biləcək bir gücü olacaq. Digər tərəfdən, hətta İranın nüvə silahı əldə etməsi belə, onun nüvə müharibəsinə başlaya bilməsi demək deyil.
İran liderlərinin bəyanatlarına diqqət yetirsək, görərik ki, onlar daha çox anti-İsrail ritorikasına üstünlük verirlər. Lakin İranın İsrailə qarşı nüvə hücumuna başlaya bilməsi inandırıcı deyil. Çünki nüvə silahı israillilərlə birlikdə eyni zamanda fələstinlilər üçün də məhvedici olacaq. Bundan əlavə, bir çox təxminlərə görə, hal- hazırda İsrailin ehtiyatında 100-ə yaxın nüvə başlığı var ki, bunların bir hissəsi İranın mümkün hücumundan sonra aktiv və hazır vəziyyətdə olacaq. Yəni hadisələr bu cür inkişaf edəcəyi təqdirdə belə, İsrail İrana sarsıdıcı zərbələr endirə biləcək. Buradan belə bir nəticəyə gəlmək olar ki, İranın nüvə silahı daha çox konvensional hücumdan müdafiə xarakteri daşımaqdadır.
İranın hər hansı bir hücuma məruz qalacağı məsələsinə gəldikdə isə onu deyə bilərik ki, zaman-zaman İsrailin dövlət liderləri İrana gecikmədən hücum etməyin vacib olduğunu bəyan edirlər. Amma müşahidələr onu deməyə əsas verir ki, bu məsələdə İsrailin öz daxilində fikir birliyi yoxdur. İstər İsrailin xüsusi xidmət orqanlarının istefada olan rəhbərləri, istərsə də ordudakı bəzi generallar İsrailin İrana hücumunu lazımsız bir avantüra olaraq görməkdədirlər. Bu fikrin, yəni İsrailin İrana hücumunun çox çətin bir addım olmasını daha məntiqlı edən bir çox faktor mövcuddur. Məsələn, İsrail təyyarələrinin havada o qədər məsafəni birnəfəsə qət edə bilməməsi, İranın bütün nüvə obyektlərinin yerinin bilinməməsi və onların bir hissəsinin, hətta güclu bomba zərbəsindən belə zərər çəkməyəcəyi ehtimalıdır. Bundan əlavə, İsrailin hərbi təyyarələrinin özlərinə elə də dost olmayan ölkələrin hava sahəsində uçmaq məcburiyyətində qalacağını da unutmaq olmaz. Bütün bu faktorlar İrana hücumun olduqca riskli və həqiqətən də avantüra olduğunu göstərir. Buna görə də İsrailin İrana hücum etmək niyyəti get-gedə azalmaqdadır. Öz növbəsində, İran da müzakirələrdə iştirak etməyə daha həvəsli görünür. Fikrimcə, İranın danışıqlar masasına qayıtmaq istəməsi həm taktiki, həm də strateji məqsədlərə xidmət edə bilər. Taktiki olaraq bu, vaxt qazanmaq, strateji olaraq isə qazanılmış vaxtı uranın zənginləşdirmə prosesinin nüvə silahı əldə edəbilmə imkanına qədər çatdırılması ola bilər.
– Fransada Ollandın prezident seçilməsi Avropada və Yaxın Şərqdəki siyasi proseslərə necə təsir edəcək?
– Fransadakı seçkilərin artıq ikinci günü Almaniya ilə Fransa arasında siyası anlaşılmazlığın ortaya çıxdığının şahidi olduq. Olland Fransadakı iqtisadi çətinlikləri ABŞ-ın metodlarından istifadə edərək, yəni qənaətetmə və xərclərin azaldılması yerinə, emissiya yolu ilə həll etməyə çalışır. Amma Avropa Amerika olmadığına görə bunun ziyanını ən çox Almaniya görəcək və bu pul çapı nəticəsində ortaya çıxacaq inflyasiya Almaniyaya da öz təsirini göstərəcək. Ona görə də Avropa ciddi problemlərlə üz-üzədir. Avropanın qənaət etməsi vacib olan ölkələri iqtisadi durğunluq dövründə belə xərclərin azaldılmasını istəmirlər. Bunun bariz nümunəsi Yunanıstan və Fransadır. Bu ölkələrə baxaraq, İspaniya və İtaliyada da hökumətlərin sərt iqtisadi addımları böyük müqavimətlə üzləşəcək. Buna görə xanım Merkel verdiyi bəyanatlarda Fransa ilə ancaq əvvəl nəzərdə tutduğu proqramlardan və prinsiplərdən ayrılmamaq şərti ilə əməkdaşlıq etməyə hazır olduğunu deyir. Bu şəraitdə Avropanın müəyyən bir vaxt özünün daxili problemləri ilə məşğul olacağı gözlənilir. Buna görə də Fransanın xarici siyasətdə əvvəlki dövrlə müqayisədə daha passiv olacağını təxmin etmək olar.
– Yaxın Şərqdən söz düşmüşkən, Suriyadakı son parlament seçkilərindən sonrakı vəziyyəti necə dəyərləndirirsiniz? Bəzi mütəxəssislərin fikrincə, Türkiyə ilə Suriya arasındakı münasibətlər Türkiyənin Suriyaya qarşı müharibə ehtimalını artıracaq qədər gərginləşib?
– Suriyadakı hazırkı vəziyyətdə keçirilən seçkilərin nəticələrini ciddi olaraq qəbul etmək üçün əsasımız yoxdur. Çünki bir tərəfdə silahlardan atəş açıldığı vaxt seçicilərin səs verməsi, ölkədəki müxalif yönümlü qüvvələrə olan təzyiqlərin azalmadığı bir dövrdə, ciddi bir seçkidən danışmağa dəyməz. Ölkə içində hakimiyyətə qarşı dirəniş davam etməkdədir. Amma Suriyadakı proseslərin Əsəd rejiminin devrilib-devrilməməsi ilə nəticələnəcəyi müəyyən deyildir. Suriya zəngin bir ölkə olmadığından, iqtisadiyyatı xaricə çox bağlıdır. Embarqo nəticəsində Suriya iqtisadiyyatının çətin vəziyyətə düşdüyünü nəzərə alsaq, onu deyə bilərik ki, Əsəd rejiminin mövcud formada ölkəni idarə etməsi çox çətin olacaqdır. Türkiyə, tamamilə Əsəd rejiminə qarşı mövqe tutub. Amma Türkiyənin Suriyaya müharibə elan etməsindən söhbət belə gedə bilməz. Çünki Suriyaya qarşı müharibənin elan olunması ancaq beynəlxalq koalisiyanın yaranması, BMT-nin müvafiq qərar verməsi, NATO-nun məsulliyəti öz üzərinə götürməsindən sonra mümkün ola bilər.
MƏSLƏHƏT GÖR: