15 Mart 2025

Şənbə, 03:02

CƏNUBİ QAFQAZ ABŞ-ın DİQQƏT MƏRKƏZİNDƏ

Dövlət katibi Hillari Klintonun səfəri bunu bir daha təsdiqlədi

Müəllif:

15.06.2012

ABŞ-ın dövlət katibi Hillari Klinton Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan və Gürcüstana baş çəkdikdən sonra, iyunun 6-da Azərbaycana gəlib. Birgünlük, lakin çox dolğun səfər zamanı o, Azərbaycan Prezidenti İlham Əli-yevlə görüşüb. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun sözlərinə görə, bu görüş planlaşdırıldığından daha uzun çəkib. Danışıqların rəsmi hissəsi və süfrə arxasında davam edən mərhələsi, ümumilikdə, 2 saatdan artıq çəkib.

Hillari Klinton xarici işlər naziri Elmar Məmmədyarovla, vətəndaş cəmiyyətinin nümayəndələri və KİV təmsilçiləri ilə də görüşüb. O, 19-cu beynəlxalq Xəzər neft-qaz sərgi-konfransına da baş çəkib.

Cənubi Qafqaz Moskvanın eksklüziv nüfuz dairəsi olmaqdan çoxdan çıxıb. İndiyədək buraya dəfələrlə ABŞ-ın yüksəkrütbəli dövlət məmurları səfərlər edib: ABŞ-ın bundanəvvəlki administrasiyası dövründə prezident və vitse-prezident, Pentaqon, MKİ, Dövlət Departamenti rəhbərləri, enerji nazirləri və s.

Hillari Klinton da Cənubi Qafqaza hələ 2010-cu ilin iyulunda səfər etmişdi. Belə qısa zamanda onun regiona ikinci dəfə səfər etməsi Cənubi Qafqazın ABŞ xarici siyasətində artan rolunun göstəricisidir. Şübhəsiz, bu, böyük ölçüdə Cənubi Qafqazın coğrafi məkanı ilə bağlıdır. Əfqanıstana tranzit yolu kimi son dərəcə vacib marşrut buradan keçir, Xəzərin enerji resurslarının böyük qismi buradan daşınır. İranla qonşuluq, Tehranın nüvə proqramı, ölkənin islamçı rəhbərliyinin dünya siyasətinin əsas probleminə, beynəlxalq gər-ginliyin səbəbinə çevrilmiş antiqərb siyasəti Cənubi Qafqaza, ilk növbədə, Azərbaycana marağı artırır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Bakıya səfərini xarakterizə edən Hillari Klinton son 20 ildə Azərbaycanla ABŞ arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə möhkəmləndiyini bildirib. O, Azərbaycan Prezidenti və XİN başçısı ilə görüşlərində bir sıra məsələlərin müzakirə olunduğunu da söyləyib: təhlükəsizlik, enerji və demokratiya. "Təhlükəsizlik məsələsinə gəlincə, mən Azərbaycana əvvəllər Kosovo və İraqda, indi isə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakına görə minnətdarlığımı bildirirəm. Azərbaycan Əfqanıstana öz sülhməramlılarını göndərməklə, dincxarakterli yüklərin nəqli ilə beynəlxalq sülhməramlı təşəbbüsə dəstək verir", - deyə H.Klinton bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan dövlət katibi son günlər münaqişə zonasında yaranmış və hər iki tərəfdən insan tələfatına səbəb olmuş gərginlikdən narahatlığını ifadə edib. "İrəvanda da bəyan etdiyim kimi, baş verənlərdən çox narahatam və gərginliyin daha da artmasını istəmirəm. Çünki bu, arzulanmaz fəsadlara yol aça bilər", - deyən Klinton münaqişə tərəflərinin 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına əməl etməsinin vacibliyini bildirib: "Prezident Əliyevi əmin etdim ki, ABŞ Helsinki aktı çərçivəsində razılaşmanın əldə olunması üçün əlindən gələni əsirgəməyəcək. Azərbaycan və Ermənistan prezidentlərindən hər iki tərəfin münaqişə yox, sülh üçün lazımi addımları atmalarını istəmişəm. Münaqişənin hərbi həll yolu yoxdur. Biz bu mənasız itkilərə görə üzülürük".

Hillari Klinton elə buradaca bəyan edib ki, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair yeni yanaşmalar təqdim olunacaq. Amma o, yeni yanaşma və təkliflərin məğzini açıqlamayıb. Yeni yanaşmalar birbaşa Vaşinqtonun təşəbbüsü olmasa da, Amerika tərəfindən tam dəstəklənir. XİN başçıları səviyyəsində aparılacaq danışıqlarda müsbət nəticələr əldə olunacağı təqdirdə, Dövlət Departamentinin artıq bir dəfə Ki-Uestdə olduğu kimi, ən yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqları təşkil edəcəyi istisna olunmur.

Enerji sahəsinə də toxunan Hillari Klinton Azərbaycanla ABŞ-ın bu sahədə sıx əməkdaşlıq etdiyini, enerji təhlükəsizliyinin təmininə ciddi əhəmiyyət verdiklərini söyləyib. "Mən Bakıda keçirilən "Oil & gas-2012" beynəlxalq sərgi-konfransında oldum. Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlərimdə də ABŞ-ın neft və qazın dünya bazarlarına çatdırılmasında, bunun üçün yeni yolların axtarılmasında vacib rolunu qeyd etdim. ABŞ Bakının Cənub enerji dəhlizinin yaradılmasındakı səylərini dəstəkləyir, bu isə öz növbəsində, Azərbaycanın Avroatlantik məkana daha çox inteqrasiyasına kömək edir, - deyə dövlət katibi qeyd edib.

Klinton ölkədə vətəndaş cəmiyyətinin gücləndirilməsinin va-cibliyini də vurğulayıb: "Bu, Azərbaycanın uzunmüddətli çiçəklənməsinin təmininə, daha ciddi uğurların qazanılmasına kömək edəcək. ABŞ insan haqlarına əməl olunması sahəsində Azərbaycan dövləti və xalqı ilə əməkdaşlığı davam etdirəcək".

ABŞ dövlət katibinin Cənubi Qafqazın hər üç ölkəsində səsləndirdiyi bütün bəyanatları diqqətlə təhlil etdikdə, səfərin özünün mürəkkəb xarakter daşıdığı da açıqca sezilir. Belə çıxır ki, səfər regiona təzyiqləri artırmış Rusiya və İrana özünəməxsus mesaj idi. Vaşinqton bununla ABŞ-ın Cənubi Qafqazı tam diqqətdə saxladığını, burada heç kəsin özbaşınalıq etməsinə imkan verməyəcəyini və bunu heç kəsə məsləhət görmədiyini nümayiş etdirməyə çalışıb. Gürcüstan, Ermənistan və Azərbaycan liderləri üçün Vaşinqtonun planlarını şəxsən ABŞ administrasiyasının yüksəkrütbəli nümayəndəsinin dilindən eşitmək vacib idi. Hillari Klinton Cənubi Qafqaz ölkələrinin liderlərini nəinki ürəkləndirib, həm də onları Moskvanın hərbi müdaxilə və regiona nəzarətini bərpa etməsinə şərait yarada biləcək addımlar haqda (Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ kontekstində) açıq şəkildə xəbərdar edib.

Klintonun səfərinin hərbi-siyasi və hərbi-texniki tərəfi, təbii ki, "pərdəarxası"nda qaldı. Halbuki Gürcüstan və Azərbaycanla bu sahədə ciddi qarşılıqlı maraqlar var. Amerikanın "İrs" fondunun Rusiya, Avrasiya və beynəlxalq enerji siyasəti üzrə aparıcı eksperti Ariel Koen isə hələ səfəröncəsi öz fikirlərini belə ifadə edirdi: "Klinton Azərbaycanda terrorla mübarizə sahəsində Azərbaycan xüsusi xidmət orqanları və xüsusitəyinatlılarının təlimləri və təchizatını da nəzərdə tutan geniş proqram təklif etməlidir".

Klintonun səfəri zamanı KİV-ə çıxmış bəzi məlumatlara görə, Vaşinqton Azərbaycanın sərhəd xidməti vertolyotları üçün xüsusi qurğuların satışına razılaşa bilər. Bu, onların ilk növbədə, İranla quru və su sərhədlərinə nəzarət imkanlarını ciddi şəkildə artıracaq.

Hillari Klinton səfərini İstanbula baş çəkməklə tamamlayıb. İyunun 7-də o, İstanbulda terrorla mübarizə üzrə Qlobal Foruma qatılıb, Türkiyə rəhbərliyi ilə Yaxın Şərq və Suriyadakı vəziyyət, həmçinin, İranın nüvə proqramı da daxil olmaqla, bir sıra beynəlxalq problemləri müzakirə edib.

Cənubi Qafqazda təhlükəsizlik, Xəzərin enerji resurslarının nəqli, Əfqanıstana tranzit və digər mövzuların da Türkiyə rəhbərliyi ilə ciddi şəkildə müzakirə olunduğuna şübhə yoxdur. Hər halda, məhz Türkiyə amerikalıların nəinki Aralıq dənizi və Yaxın Şərq regionlarında, həm də Cənubi Qafqazdakı əsas müttəfiqidir. Gürcüstan və Azərbaycanın təhlükəsizliyinə hər hansı problem yaranacağı təqdirdə, onlara ən operativ dəstəyi məhz Türkiyə verə bilər.

Trabzonda Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının ABŞ dövlət katibinin Cənubi Qafqaza və Türkiyəyə səfərindən dərhal sonra, iyunun 8-də bir araya gəlməsi, çətin ki, təsadüf olsun. Qeyd edək ki, həmin görüşün yekununda nazirlər üçtərəfli Trabzon bəyannaməsi imzalayıblar. Sənəddə üç ölkə arasındakı "strateji münasibət"dən, bu münasibətin gələcəkdə daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsindən danışılır. Bakı-Ankara və Tbilisinin belə yaxınlaşması qeyri-rəsmi birliyə çevrilə bilər. Onların birgə qorumalı olduqları şeylər var. Bu, nəhəng enerji və kommunikasiya layihələri, həcmi artmaqda olan qarşılıqlı ticarət və investisiyalardır.

Moskva Trabzon görüşünə və orada imzalanmış bəyannaməyə nümayişkaranə şəkildə etinasız yanaşdısa, İrəvanın hadisədən narahatlığına şübhə yoxdur. Elə İran da Bakı ilə münasibətlərdəki gərginliyi artırmazdan əvvəl, bundan sonra ciddi götür-qoy edər.



MƏSLƏHƏT GÖR:

464