
QUZU CİLDİNDƏ CANAVAR ƏMƏLLƏRİ
Müəllif: Redaksiya
Ermənistan-Azərbaycan münaqişə zonasında gərginlik son illər ərzində özünün ən pik nöqtəsinə çatıb. İyundan etibarən, qoşunların təmas xəttində, demək olar ki, hər gün atışma qeydə alınır, tələfat baş verir.
Hətta bir nəfərin belə ölümünün bizim üçün faciə olduğunu nəzərə alaraq, itkilərlə bağlı kədərli statistikaya nəzər salmadan onu qeyd edək ki, gərginliyin artmasından hər iki tərəf əziyyət çəkir. Belə olan təqdirdə sual yaranır: vəziyyəti gər-ginləşdirmək kimə sərf edir və bu vəziyyətdən kim qalib çıxır, yaxud qalib çıxmağa çalışır?
İrəvan və Bakıda yayılan informasiyaların ötəri təhlili göstərir ki, baş verənlərlə bağlı daha geniş xəbərlərə Ermənistan tərəfində rast gəlinir. Erməni tərəfinin bəyanatındakı təşfiş əsaslı olaraq belə bir fikrin meydana çıxmasına şərait yaradır: bəlkə ermənilər bütün bu təxribatçı əməllərlə növbəti dəfə ətrafda "iztirablı xalq"a rəhm hissi yaratmağa və qoyun cildinə girmiş canavar əməllərini davam etdirməyə çalışır?
Erməni lobbisi Barak Obama administrasiyası və ABŞ Konqresinə "Bakının təcavüzü"nün qarşısının alınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köməklik edəcək təkliflər siyahısı göndərib. Deyəsən, eyni müraciət digər instansiyalara da ünvanlanıb. Ən diqqətçəkən məqam isə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) israrla kömək istənilməsidir. Bu baxımdan, Ermənistan milli təhlükəsizlik şurasının rəhbəri Artur Baqdasaryanla Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev arasında keçirilmiş görüş çox şeydən xəbər verir.
Bundan başqa, Ermənistan müdafiə nazirinin sabiq müavini Vaan Şirxanyan hesab edir ki, İrəvan Rusiyadan münaqişə zonasına müşahidəçilər göndərməsini və ya sərhəddə kiçik ordu hissələri yerləşdirməsini istəməlidir. "İrs" partiyasının lideri Stepan Safaryan isə KTMT-nin "Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı diversiya həyata keçirmək cəhdləri"nə reaksiya verməli olduğunu bildirib. "Azad demokratlar" partiyasının sədr müavini Anuş Sedrakyan da KTMT-nin "susması"na təəccüblənir.
Ermənistanın 1in.am portalı isə yazır ki, Tavuş rayonu ərazisindəki sərhədə Rusiya ordusunun yerləşdirilməsi ilə bağlı qeyri-rəsmi tələb Moskvanın özündən gəlir. "Rusiya, sadəcə, bununla bağlı əhval-ruhiyyəni öyrənmək istəyir və hər şey Ermənistan ictimaiyyətinin bu fikrə necə reaksiya verəcəyindən asılı olacaq", - deyə portalın dərc etdiyi məqalədə bildirilir. Yazıda deyilir ki, Rusiyanın "bu trükü baş tutarsa", sabah bu üsuldan bütün təmas xətti boyunca istifadə oluna bilər.
"New York Times" qəzeti sanki bu fikirlərin təsdiqi kimi, diqqəti Ermənistan üzərində təlim uçuşları keçirən Rusiya hərbi təyyarələrinin sayının artdığına çəkir. Qəzet bildirir ki, Rusiya bununla Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurmanın başlanacağı təqdirdə, prosesə müdaxilə edə biləcəyini göstərir.
Bəzi siyasətçilər isə Ermənistan-Azərbaycan münaqişə zonasında gərginliyin ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri dövründə artmasına diqqət çəkir. Onların fikrincə, Moskva Qafqazdakı forpostu olan Ermənistandan istifadə edərək, Vaşinqtona regiondakı maraqlarından imtina etməyi düşünmədiyini göstərməyə çalışır, bunun üçün lazım gələrsə, buradakı kövrək sabitliyi pozmaqla Qərbin planlarını gerçəkləşdirməsinə mane olmağa da hazır olduğunu nümayiş etdirir.
Amma Ermənistanın son zamanlardakı davranışı göstərir ki, məsələyə Rusiyanın müəyyən təsiri olubsa belə, o, hadisələrin bu cür axar almasında həlledici rol oynamayıb. Məsələ ondadır ki, ermənilərin münaqişə zonasındakı təxribatları ilə yanaşı, Ermənistanda yüksəkrütbəli hərbçilər, ekspertlər və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə operativ toplantı keçirilib. "Toplantı iştirakçıları belə qənaətə gəlib ki, Azərbaycan tərəfinə məhdud yox, genişmiqyaslı şəkildə çox sərt və kobud cavab verilməlidir", - deyə "Çorrord inknişhanutyun" qəzeti yazır.
Ermənistan müdafiə nazirliyi icra hakimiyyəti, digər dövlət qurumları və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə təlim-toplantılara da start verib.
Maraqlıdır ki, KTMT-nin Ermənistana hərbi dəstək verməsi məsələsi bu tədbirin əsas özəyini təşkil edib. Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan "Ermənistanın hərbi təhlükəsizliyinin təminində KTMT-nin rolu" mövzusunda məruzə ilə çıxış edib.
Güman ki, ?rəvan atəşkəsin pozulduğu görüntüsü yaratmaq və özünü bunun qurbanı kimi göstərməklə, münaqişəyə üçüncü tərəfi cəlb etməyə çalışır. Zamanın ?rəvanın xeyrinə işləmədiyini anlayan Ermənistan rəhbərliyi münaqişə zonasında status-kvonun dəyişməsinə, yəni BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və vasitəçilərin son bəyanatlarındakı tələblərə rəğmən, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa tələsmir. Əvəzində, göründüyü kimi, yeni hərbi əməliyyatlara yol açmağa, bununla da Rusiya, ATƏT-in Minsk qrupu və ya digər formatda üçüncü qüvvəni prosesə cəlb etməklə, Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla azadetmə hüququndan rəsmən imtina etməsinə nail olmağa çalışır. Rusiyanın Ermənistandakı səfiri Vyaçeslav Kovalenkonun "tərəflərin güc tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək haqda razılaşma imzalamasının vaxtı çatıb" bəyanatı da çox şeydən xəbər verir.
Amma Azərbaycanın, ərazilərini işğaldan istənilən yolla azad etmək kimi suveren hüququndan imtina edəcəyini gözləmək sadəlöhvlük olardı. Üstəlik, tərəflər arasında qüvvələr nisbəti sürətlə Bakının xeyrinə dəyişir. Rusiyanın "Arqumentı nedeli" qəzetinin yazdığı kimi, "Azərbaycanın qarşısında iki erməni ordusu dayanıb - Ermənistan və DQR. Amma əslində, söhbət bir ordudan və onun filialından gedir - Ermənistandan olan çağırışçılar Qarabağda qulluq edir, DQR-dən olan zabitlər isə Ermənistanda və əksinə. Amma Ermənistan silahlı qüvvələri, hətta Qarabağ ordusu ilə birlikdə belə, Azərbaycan Silahlı Qüvvələrindən zəif görünür".
Əlbəttə ki, qoşunların təmas xəttindəki insidentlər Ermənistan-Azərbaycan münaqişəsi üçün yenilik deyil. Amma bu dəfə məsələ adi atışma ilə müqayisədə daha ciddi xarakter alıb. Bu baxımdan, Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer son fikirlərində tam haqlıdır: "İndi münaqişənin sülh yolu ilə həlli yolunun tapılması üçün qonşularla və fövqəldövlətlərlə işləmək üçün əlverişli vaxtdır. Bir və ya iki rayonun işğaldan azad edilməsi və məcburi köçkünlərin oraya qaytarılması prosesin başlanğıcı ola bilər".
MƏSLƏHƏT GÖR: