
RUSİYA ŞƏRQƏ DOĞRU
Rusiyanın maraqlar vektoru Avroatlantik məkandan Avrasiya məkanına tərəf yönəlir
Müəllif: Fuad HİLALOV Bakı
Mayın əvvəllərində Vladimir Putin rəsmən Rusiya prezidenti kürsüsünə əyləşdi. Bununla Moskvanın xarici siyasətində heç bir dəyişikliyin olmayacağına dair fərziyyələrin əksinə olaraq, artıq Putinin prezidentliyi dönəminin əvvəlki illərdən fərqlənəcəyi hiss olunmaqdadır. Bundan sonra Rusiyanın xarici siyasi hədəflərini bu cür qruplaşdırmaq olar: ABŞ-la qarşılıqlı münasibətlər və NATO raketdən müdafiə sisteminin (RMS) yerləşdirilməsi; Avropa İttifaqı ilə qarşılıqlı münasibətlər; Rusiyanın Şərqdəki maraqları; Asiya-Sakit okean regionu (ASR); postsovet məkanında inteqrasiya prosesləri və Avropa İttifaqının perspektivi.
Rusiya və ABŞ: qatı dostlar?
İlk növbədə onu qeyd etmək lazımdır ki, Putin ABŞ-la yaxınlaşmanın tərəfdarı deyil. Əksinə, onun prezidentliyi dövründə iki fövqəldövlət arasındakı "yenilənmə"yə son qoyulacağını proqnozlaşdırmaq müm-kündür. Ekspertlər V. Putinin ABŞ-da keçirilmiş "Böyük səkkizlik" ölkələrinin sammitinə getməkdən imtinasını bunun ilk işartısı sayır. Putinin bu səfərdən imtinasının rəsmi səbəbi kimi, onun "yeni hökumətin formalaşdırılması ilə məşğul olması" göstərilsə də, analitiklər bunu nümunəvi və çoxmənalı addım sayır. Putin hesab edir ki, Moskva ilə Vaşinqton arasında münasibətlər əvvəlki kimi, enişli-yoxuşlu olacaq.
ABŞ Moskvanın RMS məsələsinə müqavimətini yumşaltmaq üçün Avropanın raketdənmüdafiə sisteminin komponentlərinə dair məxvi məlumatların Rusiyaya verildiyini bəyan edib. Lakin zaman keçdikcə məlum olub ki, bu informasiya faydasız və əhəmiyyətsizdir. Çünki Vaşinqton Senatın qadağası üzündən, hətta NATO-dakı müttəfiqlərinə belə, ciddi sayılacaq informasiya vermir.
Moskvada RMS-ə dair beynəlxalq konfransdan sonra da iki ölkə təmsilçiləri bu sahədə razılığa gələ bilməyib. Tərəflər arasında fikir ayrılıqları hələ də qalır və onlar az deyil.
Hələ prezident seçkisinədək Putin ABŞ-ın NATO-dakı fəaliyyətini açıq şəkildə tənqid edir, NATO-nun genişlənmə planları və Avropada RMS yaratma niyyətini "etimadı pozmaq" kimi dəyərləndirirdi.
Putinlə Obama arasında bir çox məsələlərdə, həmçinin Əfqanıstan və Yaxın Şərq problemlərilə bağlı fikir ayrılıqları var. Moskva ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxartdıqdan sonra diqqətini Çin və Rusiyaya yönəldəcəyindən narahatdır. Özünün Əfqanıstanda apardığı uzunmüddətli müharibəni hələ unutmayan və fundamentalizm, narkotrafiki nəzərə alan Rusiya ABŞ-ın Əfqanıstanda uzun müddət qalmasında maraqlıdır.
Şərq incə məsələdir...
Moskva üçün Dəməşqlə ittifaq Tartusdakı hərbi bazaya, başqa sözlə, Aralıq dənizində Rusiya Hərbi Dəniz Donanmasının mövcudluğunu təmin edən son limana sərbəst çıxış deməkdir. Rusiya liderinin fikrincə, Suriyada heç bir halda "Liviya ssenarisi" təkrarlanmamalı, ABŞ-ın başçılığı ilə Qərb BMT Təhlükəsizlik Şurasının qərarı olmadan bu ölkəyə hərbi müdaxilə etməməlidir.
Hazırda Rusiya, Çin və İran Suriyada Bəşər Əsəd hakimiyyətini dəstəkləyən yeganə nəhəng dövlətlərdir. Analitiklərin fikrincə, Rusiyanın iranpərəst Suriyanı görmək istəyi yalnız onun strateji, siyasi və iqtisadi maraqları ilə bağlı deyil. Bu həm də ABŞ-ın diqqətini Rusiyadan yayındırır, postsovet məkanında inteqrasiya proseslərinin davam etdirilməsinə imkan yaradır.
Moskva ilə Tehranın mövqeyisə yalnız Suriya məsələsində üst-üstə düşmür. İranla qarşılıqlı münasibətlər Rusiyaya isti dənizlərə, Hind okeanına birbaşa çıxış imkanı verir, bu isə Rusiyanın fövqəldövlət olaraq geosiyasi düşüncəsində əsas, aparıcı elementdir.
Şiə İranı həm də müəyyən mənada, Qərbin dəstəklədiyi, Rusiya üçün terror və separatizm təhlükəsi gətirən ərəb-sünni təzyiqi qarşısında qoruyucu faktordur.
Suriya və İran məsələlərində ABŞ-dan başqa, Avropa İttifaqı da Rusiyanın əsas opponentidir. Moskva ilə Aİ arasında münasibətlər artıq bir neçə ildir dalana dirənib.
Avropa ilə də problemlər qalır
Aİ ilə Rusiya arasında iqtisadi sahədə və enerji siyasətində münasibətlər qaydasındadır. Moskva ilə Berlinin əlaqələri buna nümunə sayıla bilər. Amma eyni sözləri viza məsələsinə aid etmək mümkün deyil. Rusiya Aİ ilə 2014-cü ilədək vizasız rejimə dair razılaşmanın imzalanacağına ümidlidir. Avropa isə bu işdə süni vaxt çərçivələrinin yaradılmasını düzgün hesab etmir.
Tərəflər arasında əsas problem isə Avropada Rusiyadakı demokratik vəziyyətlə bağlı ciddi şübhələrin olmasıdır. Moskvanın Almaniya və Fransa ilə yaxın münasibətlərinə baxmayaraq (ən azı Sarkozi dönəmində belə idi), tərəflər arasında problemlər qalmaqdadır. Bu problemlər xüsusilə Rusiyanın köhnə rəqibi olan İngiltərə və Aİ-nin yeni üzvləri - keçmiş Varşava müqaviləsi ölkələrilə münasibətlərdə hiss olunur.
Analitiklərin fikrincə, Aİ ölkələrindəki iqtisadi böhran və birliyin zəifləməsi, həmçinin Rusiya ilə Avropa arasında bitmək bilməyən problemlər Putini beynəlxalq münasibətlərdə Şərq və Mərkəzi Asiyaya nəzər salmaqla yeni istiqamətlər axtarmağa vadar edir.
Çinlə dostluq: qeyri-müəyyənlik
Bu gün Rusiya ilə Çinin bir sıra beynəlxalq məsələlərlə bağlı mövqeləri oxşardır. Onlar BRHÇC və ŞƏT kimi təşkilatlarda əməkdaşlıq edir. İran və Suriya ətrafında yaşananlar, həmçinin Aİ və ABŞ-la rəqabət Moskva ilə Pekini daha da yaxınlaşdırır. Amma nə qədər paradoksal olsa da, son onillikdə Rusiyanın Şərq qonşusunun rolunun sürətlə artması, eyni zamanda, Moskvanın iqtsadi baxımdan Çinlə ayaqlaşa bilməməsi, Çin qarşısında Kreml ilə Ağ Evin geosiyasi maraqlarını bir-birinə yaxınlaşdırır. Analitkilər bir tərəfdən Rusiya ilə Çin arasında əməkdaşlığın dərinləşəcəyini proqnozlaşdırır, digər yandan resurslar uğrunda, Mərkəzi Asiya, Asiya-Sakit okean regionu dövlətlərinin siyasi kursuna təsir məsələlərində onlar arasında rəqabətin yaşanacağını düşünür.
Avrasiya İttifaqı: olsun, olmasın?
Rusiya prezidentinin xarici siyasətində əsas prioritet isə postsovet məkanında inteqrasiya prosesləri olacaq. Onun xarici siyasətinin gələcək konturları hələ ötən il "İzvestiya" qəzetində dərc etdirdiyi "Avrasiya İttifaqı: bu gün doğulan gələcək" məqaləsindən bəlli idi.
İnauqurasiya mərasimindən dərhal sonra MDB dövlət başçılarını Moskvaya dəvət edən Putin bununla onun siyasətində 2015-ci ilədək bu dövlətlər aarsında əlaqələrin dərinləşdirilməsinin prioritet olacağını göstərib. Qərb mütəxəssisləri bunu Sovet İttifaqının reinkarnasiyası sayır, Putinin vaxtilə səsləndirdiyi bəyanat da onların bu yanaşmasını təsdiqləyir: "SSRİ-nin dağılması XX əsrin ən nəhəng geosiyasi fəlakəti idi".
Balanslaşdırılmış xarici siyasətə üstünlük verən dövlətlər üçün birqütblü dünya sistemindən ikiqütblü, hətta ola bilsin ki, çoxqütblü (Çin və ya Hindistan kimi ölkələrin inkişaf dərəcəsini nəzərə alsaq) sistemə keçid öz mental və mədəni xüsusiyyətlərini, siyasi və iqtisadi müstəqilliklərini qoruyub-saxlamaları üçün şans ola bilər.
Amma bir məsələ də var ki, Rusiyanın himayəsi altında olacaq Avropa İttifaqı məhz belə pers-pektiv vəd edirmi və Rusiya belə inteqrasiya layihələrində qonşularının bərabərhüquqlu iştirakı üçün şərait yarada biləcəkmi? Əlbəttə ki, bu suala həm müsbət, həm də mənfi cavab vermək üçün çoxsaylı arqumentlər gətirmək mümkündür. Amma bu, başqa söhbətin mövzusudur. Postsovet ölkələri, xüsusilə Azərbaycanla Ermənistan arasında ərazi münaqişəsinin mövcud olması faktı kifayətdir ki, bu ölkələr arasında inteqrasiyaya dair istənilən söhbət əhəmiyyətini itirsin. Üstəlik, Rusiyanın bu ölkələrlə münasibətinin xarakteri də fərqlidir.
Strateji region
Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı forpostu olduğunu nə Moskva, nə də İrəvan gizlədir. Eyni zamanda həm Bakıda, həm də Moskvada Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığın bərabərhüquqlu və strateji xarakter daşıdığı vurğulanır. Kremldə yaxşı başa düşürlər kk, Ermənistandan fərqli olaraq, bu gün Azərbaycan varlı ölkə, beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti, bir çox regional və beynəlxalq strukturların, həmçinin BMT Təhlükəsizlik Şurasının nüfuzlu üzvüdür. Azərbaycanın geosiyasi mövqeyi Rusiyanın o qədər də sakit olmayan cənub sərhədlərinin istənilən təhlükədən qorunduğuna əminlik yarada bilər.
Azərbaycanın Avropanın nüfuzlu və çəkiyə malik enerji təchizatçısı olması da ciddi faktorlardan biridir. Üstəlik, Azərbaycanda yerləşən Qəbələ RLS bu gün Rusiya üçün hava hücumundan müdafiə sahəsində çox qiymətli obyektdir. Yeri gəlmişkən, bu RLS-in icarə müddətinin uzadılmasına dair tərəflər arasında aparılan danışıqlar hələ də davam edir.
Zəhmət olmasa, bütün siyahını oxuyun...
Bunlar V.Putinin prezidentliyi dövründə Rusiyanın xarici siyasi gündəmini zəbt edəcək məsələlərin hamısı deyil. Məsələn, Moskvanın Abxaziya və Cənubi Osetiya separatçılarını müstəqil dövlət kimi tanıması üzündən Rusiya ilə Gürcüstan arasında münasibətlər gərgin, hətta düşmənçilik səviyyəsində qalmaqdadır. Moskvanın "slavyan qardaşları" - Ukrayna və Belarusla da münasibətlərində hər şey qaydasında deyil. O, Kiyevlə hələ də qaz məsələsində razılığa gələ bilmir. Minsklə isə başqa siyasi mübahisələr var və bunlar Aleksandr Lukaşenkonun Gürcüstan ərazisindəki separatçı rejimlərin müstəqilliyini tanımaqdan imtina etməsindən sonra başlayıb. Dnestryanı münaqişə də Rusiyaya az başağrısı vermir. Bu, Moldova ilə münasibətlərin gərgin olaraq qalmasına səbəbdir.
Moskva bu məsələlərin hər birilə bağlı yeni siyasətə üstünlük verəcək, yoxsa əvvəlki siyasət davam etdiriləcək? Bu suala birmənalı cavab vermək çətindir. Amma artıq bu gün ekspertlər Rusiyanın maraqlar vektorunun avroatlantik məkandan Avrasiya məkanına tərəf yönələcəyini bildirir. Bu baxımdan, Moskvanın postsovet ölkələrilə münasibətləri möhkəmləndirməsi, bəzən isə onlara yenidən baxması qaçılmazdır.
MƏSLƏHƏT GÖR: