Müəllif: Zeytulla CABBAROV Bakı
Son 10 ildə Azərbaycanda dənli bitkilərin yayılmasının inkişafına, məhsuldarlığın və məhsulun keyfiyyətinin yaxşılaşmasına, taxılın tədarük həcminin artımına, bu sahənin intensiv inkişaf yoluna keçməsinə yönələn xeyli sayda qərarlar qəbul edilib və reallaşdırılıb. Ölkənin dənli bitkilərin becərilməsi ilə məşğul olan regionlarında arpa və buğda emal edən dəyirmanlar, xüsusi taxıl anbarları, mineral gübrələrin saxlanılması üçün anbar binaları tikilib, aqroparklar yeni taxılyığan kombayn və digər texnika növləri ilə dolub. Fermer təsərrüfatları ilə yanaşı, taxıl istehsalının intensiv texnologiyaları üzrə çalışan iri kənd müəssisələri də fəaliyyət göstərməyə başlayıb. Bir sözlə, ölkənin taxılla özünü tam təmin etməsi üçün sanki qlobal maneələr artıq yoxdur. Amma... kənd təsərrüfatını əbəs yerə ən riskli biznes sahəsi adlandırmırlar. Bu il Azərbaycanda quraqlıq müşahidə edilib ki, bu da dənli bitkilərin məhsuldarlığına ciddi təsir göstərib. İndi onları Rusiyanın Stavropol diyarı (1 mln. ton) və Qazaxıstandan almalı oluruq.
Su qıtlığı
2014-cü ilin məhsulu lazım olduğu kimi, ötən ilin payızında əkilib. Bu məqsəd üçün əkinçilər, təxminən, 1 mln. hektara kimi əkin yeri ayırıblar. Qeyd etmək lazımdır ki, payızlıq arpa və buğdanın böyük hissəsi suvarılan torpaqlarda yerləşdirilib. Bu isə ümumi əkin sahəsinin 65-70%-ni təşkil edir. Lakin fermerlərin və aqrar sənaye mütəxəssislərinin fikirləri hər zaman yekun məhsulun həcminə düzəlişlər edən təbii hadisələrin şıltaqlığı ilə rastlaşıb. Belə ki, 2011-ci ildə respublikanın əkinçiləri 2 mln. 458 min ton məhsul istehsal ediblər, 2012-ci ildə - artıq 2,8 mln. ton, 2013-cü ildə isə bu göstəricilər rekord səviyyəyə - 2,9 mln. tona qədər artıb. Bu uğurlardan ilhamlanmış fermerlər yeni rekordun vurulacağına ciddi-cəhdlə köklənmişdilər. Amma elə alındı ki, bu ilin qışı yumşaq keçdi, yazda yağıntılar az düşdü, yayda isə bərk isti və quraqlıq oldu. Bu, məhsuldarlığın düşməsinə səbəb olmaq üçün kifayət idi.
AMEA Nəbatat Bağının baş aqronomu Asif Mehralıyevin sözlərinə görə, Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında yağıntı olduqca az olub. Nəticədə isə taxılın məhsuldarlığı aşağı düşüb, habelə Şəki, Şamaxı və Qobustanda taxıl sahələri məhv olub. Quraqlıq ekoloji fəlakətə dönərək dağ çaylarının qurumasına gətirib çıxarıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin fikrincə, cari ilin iyul ayında Azərbaycanda yağıntılar iqlim normasından xeyli az düşüb. Bu xüsusilə Böyük Qafqazın cənub yamacında - respublikanın Oğuz, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında müşahidə edilib. Məlum olduğu kimi, çayların su ehtiyatı yağış və qarın əriməsi hesabına toplanır. Yağıntıların miqdarının az olması ilə əlaqədar Azərbaycanın çaylarında suyun səviyyəsi normadan az olub. AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri, kənd təsərrüfatı elmləri doktoru Ənvər Əliyev hesab edir ki, Böyük Qafqazın şimal-şərq yamacında aparılan tədqiqatlar nəticəsində Altıağacdan Qusar rayonuna qədər olan ərazilərdə ötən illərlə müqayisədə mütəxəssislər bütün ölkə ərazisində müşahidə edilən güclü quraqlıq səbəbindən bitki kütlə ehtiyatının azaldığını müəyyən ediblər. Böyük Qafqazın cənub yamacının şərq hissələrində - Şamaxıda, Qobustanda, İsmayıllının aran hissəsində, Şirvan düzənliyində quraqlıq ciddi fəsadlar yaradıb. Alimin fikrincə, quraqlıqdan təkcə dənli bitkilərin becərilməsi ilə məşğul olan fərdi təsərrüfatlar deyil, Ağsu, Göyçay, Şamaxı, Ağdaşın və İsmayıllının aran hissələrindəki minlərlə hektar sahəni əhatə edən meyvə bağları da ciddi şəkildə ziyan çəkiblər. Böyük Qafqazın cənub yamacındakı rayonlarda çoxillik bitkilər quruyub. Ağsu rayonunda elə ərazilər var ki, orada həyətyanı sahələrdəki ağaclar artıq quruyur. Ağaclar quruduqda isə həmin ağaclardan ən azı 5 il məhsul götürmək problem yaradacaq. Pirsaatçay və Ağsuçayın suyu, ümumiyyətlə, quruyub, Girdimançayda isə su ehtiyatı 3 dəfəyədək azalıb. Bu səbəbdən bu çay hövzələrinin əhalisi suyun olmamasından ciddi şəkildə ziyan çəkib. Quraqlıq nəticəsində Quba-Qusar bölgəsinin yay otlaqlarında bitkinin yerüstü hissəsi ciddi şəkildə azalıb. Bu isə köçürmə heyvandarlıq sahəsində ciddi problemlər yaradıb. Heyvandarlar indi qış ayları üçün heyvanların yem ehtiyatına görə narahatdırlar. Payızın yağıntılı davam etməsi vəziyyəti nisbətən düzəldə bilər.
Məhsul natamamlığı
Eyni zamanda dənli bitkilərin istehsalının artmasına təkan verən işlər davam edir və dövlət öz tərəfindən fermerləri vergi güzəştləri ilə də, pul subsidiyalarıyla da, yeni texnikanın əlverişli şərtlərilə satışını da təşkil edərək, onları dəstəkləməkdə davam edir. Belə ki, ötən ildən fərqli olaraq, məhsulun yığımı üçün Avropadan alınan yeni kombaynlar çıxarılıb. Bu texnika ölkə Prezidenti İlham Əliyevin Ehtiyat Fondundan iri həcmdə ayrılan əlavə maliyyə vəsaitləri hesabına alınıb. Keçən ildən fərqli olaraq, əkinçilər texnika sarıdan qıtlıq çəkməyiblər. Amma yığmağa heç nə olmayıb... Quraqlıq dəmyə əkinçiliyi zonalarında yerləşən ərazilərin təsərrüfatlarının iqtisadiyyatına mənfi təsir göstərib. Xüsusilə Şamaxı, Qobustan, Şəki və digər rayonların kənd təsərrüfatları ziyana uğrayıb. Kənd Təsərrüfatı Nazirliyində respublikanın qeyd edilən rayonlarının təsərrüfatlarına vurulan ziyanın ümumi məbləği hələlik hesablanmasa da, bir məqam aydındır ki, bu rəqəm yüz milyonlarla manat ola bilər. Deməli, Cəlilabadda taxıl zəmiləri genişlənib və biçin zamanı 60,9 min hektar təşkil edib. Bu sahədən kombaynlar 117,6 min ton taxıl toplayıb döyüblər, rayon üzrə məhsuldarlıq hər hektardan 19,3 sentner təşkil edib. Qobustan rayonunda buğda üçün 5, 6 min hektar torpaq sahəsi ayrılıb. Burada 2 937 ton məhsul yığılaraq emal edilib. Dağlıq ərazilərdə əkin sahələrinin məhsuldarlığı ən aşağı səviyyəyə - 5,2 s/ha düşüb. Qobustan rayonunda quraqlığın vurduğu zərərin ümumi həcmi təkcə buğda məhsulu üçün 10 mln. manat təşkil edib. Heyvandarlıq təsərrüfatları daha çox ziyan çəkib. Quraqlıq Şəkiyə də az ziyan vurmayıb. Burada taxıl zəmilərinin ümumi sahəsi 38,8 min hektar təşkil edir. Mexanizatorlar bu sahədən, demək olar ki, 42 min ton buğda biçərək, üyüdüblər. Orta məhsuldarlıq 12,2 s/ha təşkil edib. Ötən il bu göstərici hər hektardan 28, 7 sentner səviyyəsində idi. Şəkidə 15 min hektardan sahədə əkin bitkilər məhsul verməyiblər. Düzənlikdə yerləşən təsərrüfatlarda tarlanın məhsuldarlığı çox aşağı həddə düşüb, quraqlıq heyvandarlıq təsərrüfatlarına böyük ziyan vurub.
Bir sözlə, quraqlıqdan təkcə taxıl becərən fermerlər deyil, həm də bağçılar, qışa qatlanmalı olan heyvandarlar da ziyan çəkiblər. Yem çatışmazlığı isə fərdi evlərdə heyvanların kəsilməsinə gətirib çıxara bilər. Ümumilikdə, ölkə üzrə, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 963,3 min ha sahədən 2,2 mln. ton taxıl yığılıb. Ərzaq buğdası üçün ayrılmış ümumi əkin sahələri genişləndirilərək 609 min hektardan artıq olub. Bu tarlalardan əkinçilər 1,5 mln. ton məhsul toplayıblar. Bu isə əhalinin çörəyə olan tələbatının ödənilməsinə kifayət etməyəcək. Düzdür, Qazaxıstan və Rusiyadan çatışmayan tonları idxal etməklə, kəsirli həcmləri artıqlaması ilə ödəmək olar. Rusiyanın Stavropol diyarının özəl strukturları ilə Azərbaycana 1 mln. tona qədər taxıl idxal olunmasına dair artıq razılıq əldə olunub və məhsulun ilk partiyası artıq respublikanın terminallarını doldurub. Taxıl ilə yanaşı un da tədarük edilir. Taxılın tədarükləri Qazaxıstandan da həyata keçirilir. Bunlarla yanaşı, təbii fəlakətlər Azərbaycanda əkinçiliyin yüksək risk zonasında olması faktını hər dəfə təsdiqləyir. Ekoloji fəlakətlər mütəmadi olaraq bitkiçilik və heyvandarlıq məhsullarının istehsalına mənfi təsir göstərir. 2010-cu ildə bol yağıntı nəticəsində Kür və digər çaylarının sularının sahildən çıxmasına səbəb olan güclü daşqınları xatırlamaq belə kifayətdir. Həmin vaxt daşqınlar ölkənin kənd təsərrüfatına güclü ziyan vurmuşdu - təxminən, 15 mlrd. manat. Və o zaman ölkə Prezident İlham Əliyevin bu cür amillərdən yaranan ziyanın təkcə dövlət hesabına ödənilməməsi üçün, kənd təsərrüfatı sığortasının genişləndirilməsinin zəruriliyinə dair çıxışı son dərəcə haqlı idi. Məlum olduğu kimi, ölkənin Maliyyə Nazirliyi kənd təsərrüfatında sığorta mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb və müvafiq strukturlara nəzərdən keçirmək üçün tədqim edib. Sənədə əsasən, yenilik respublikanın bütün sığorta şirkətlərinin bu məhsula çıxışından və kənd təsərrüfatının sığortalanmasını nəzərdə tutan vəsaitlərin toplanması üçün hovuzun yaradılmasından ibarətdir. Bu il quraqlıqla əlaqədar fermerlərin növbəti problemləri hökuməti bu seqmentdə bütün məsələləri mümkün qədər tez həll etməyə sövq etməlidir. Bu, biznesin ən riskli sahəsi ilə məşğul olan sahibkarları, heç olmasa, necə isə ovundurar...
MƏSLƏHƏT GÖR: