Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Hamiləliyin ilk aylarından qadın özünü başqa cür hiss etməyə başlayır. Sevincli fikirləri həyəcanla əvəz olunur. Hərdən qısa, hərdən uzun elə bir dövr gəlir ki, qadının, hətta özünə belə etiraf etmək çətinləşir ki, o artıq yer üzündə gəzəndə və yaşayanda tək deyil. Bu qəribə hiss bədənin dərinliklərindən gəlir, çox tanıdığın, amma qəfildən bir qədər yad gələn bədənin. Elə bir proses başlayır ki, qadının özünə də bu fikrə alışmaq çətin olur ki, onun bədəni həm də başqasına - qadının özünün də hələ tanımadığı bir varlığa məxsusdur. Bu alışma hissi mənəvi səviyyədə olur, onda öz yetkinliyini anlama və qavrama baş verir. Qadın bu kiçicik rüşeym parçasından böyüyən, sonradan dünyanın ən əziz və sevimli bəndəsinə çevriləcək, qızı və ya oğlu olacaq insancığı psixoloji baxımdan qəbul etməyə hazır olur. İndi o, uzun müddət uşağı daşımaq halına alışmalıdır və birdən-birə yadlaşmış öz köhnə-yeni bədənini sevməyi öyrənməlidir.
Özünlə tam anlayışda olmaq
Hamiləlik düz, doqquz ay və bəzən daha çox davam edir. Zaman uçur və qadınların çoxu üçün doğum sanki qəfildən gəlir, halbuki, gələcək ana son ayları yalnız onunla bağlı fikirlərlə yaşayır. Hamilə qadının halı necə olur? O, hansı psixoloji problemlər hiss edir? Qadın sırf mental çətinliklərləmi üzləşir, yoxsa Azərbaycanda məlum durumda olmaq asandırmı? "R+"un müxbirinin bu barədə suallarına psixoterapevt-perinatoloq, fərdi, ailə, perinatal psixoterapiya məsələləri üzrə məsləhətçi-psixoloq, gənc analar, sonsuz cütlüklər və uşaqlar üçün məşğələlər üzrə klubun rəhbəri Ellada Qorina cavab verib.
Mütəxəssis əmindir ki, hamiləlik halının əsasında yalnız problematika durmur, həm də çox sayda transformasiyalar və yeniliklər baş verir. "Bəli, əlbəttə, hamilə qadınlar xüsusi mental yaşantılarla üz-üzə qalırlar ki, bu da uşağıdaşıma dövrünə bu qədər rəngarənglik verir və onu digər həyati durumlar içindən seçməyə şərait yaradır. Hamiləlikdə yalnız psixoloji problemləri müşahidə etmək düzgün deyil. Axı bu, həyatın ən gözəl və qeyri-adi yaşantılarından biridir. Bir tərəfdən qadınlar daha da incə, həssas, ağlağan, şıltaq, küsəyən olurlar, digər tərəfdən isə həssaslaşırlar, onlarda yaradıcı keyfiyyətlər oyanır və gerçəkləşir, hamilələr daha dözümlü olmağı və rahatsızlığı asan yola verməyə öyrənirlər. Yəni biz sizinlə ondan danışırıq ki, hamiləliyin əsasında çox sayda maraqlı dəyişikliklər durur".
Azərbaycan qadınlarına gəldikdə isə, bu halda ekspert əminliklə bildirir ki, onlar hansısa da xüsusi çətinliklər hiss etmirlər, amma müəyyən özəlliklər də var. Bu özəlliklər iki qarşılıqlı doğan amillə bağlıdır. Bir çox qadınlar ailə həyatına, xüsusilə də qəfil gələn hamiləliyə hazır olmadan ərə gedirlər. Onlarda müəyyən qədər qalmış uşaqlıq xüsusiyyətləri ona səbəb olur ki, hamiləlik dövrü tam keyfiyyətli, "ürəkdən" yaşanmır və müəyyən mənada uşaq bir yük kimi qəbul edilir.
Qadın təzadlı duyğular keçirir - bir tərəfdən, onun psixofiziologiyası hamiləliyə cavab verir və gələcək uşağı xüsusi önəmli obyekt, sevgi obyekti kimi qəbul edir, digər tərəfdən, o öz gələcəyi ilə bağlı həyəcana və inamsızlığa düçar olur. Özünü tam formalaşmış şəxsiyyət kimi hiss etməməsi ona gətirir ki, qadın öz diqqətini ailə üzvləri arasında doğru paylaya bilmir, daha yaşlı qohumlarının fikrindən həddindən asılı vəziyyətə düşür. Bu da onların təsirinə ya tabe olmaq, ya da gizli müqavimət göstərmək kimi təzahür edir, mütəmadi olaraq səmərəsiz münaqişə durumuna çevrilir.
"Ətrafdakıların hamilə qadına anlayışla baxması üçün, ilk növbədə, qadın özü onlarla yola getməlidir. İnanmaq və əsassız şəkildə gözləmək olmaz ki, kimsə kənardan baş verənləri gələcək anadan daha dərin və doğru anlayacaq və qəbul edəcək. Qadın özündə baş verən proseslər və dəyişikliklər barədə tam məlumata malik olanda, onun ətrafındakı insanlar - ailə üzvlri, dostları, həm də kənar insanlar da hamiləlik yaşantılarının özəlliyinin və önəminin fərqinə varırlar", - deyə E.Qorina bildirir.
Qadının kənardan psixoloji dəstəyə ehtiyacının olub-olmaması, xüsusi məktəblərdə məşğələlərə getməsinin vacibliyi və bu məsələ ilə bağlı Azərbaycandakı vəziyyət barədə suallara cavab verən Qorina bildirir ki, maarifçilik amilinin rolunu arxa plana keçirmək olmaz. Yalnız hamilə qadının özü deyil, onun həyat yoldaşı və ətrafındakı başqa insanlar da hamiləlik, doğuş, uşağa qayğı və tərbiyə mövzularında təhsil almalıdırlar. "Etiraf etmək lazımdır ki, bu, azərbaycanlı cütlüklərdə çox çatışmır. Bu, ərlə-arvadı yaxınlaşdırır və onlara əlbir, həmrəy valideynlər olmağa imkan yaradır, uşağa gerçək xoşbəxt uşaqlıq bəxş edir. Burada özünütəhsil də effektlidir - kitablar, məqalələr, internet və gənc valideynlər üçün xüsusi kurslara baş çəkilməsi də öz təsirini göstərə bilər. Əgər cütlüyün çətinlikləri və qarşılıqlı anlaşması çətinləşirsə, əgər problem öz səyləri nəticəsində həll edilmirsə, onda ixtisaslı mütəxəssisin - psixoloqun yardımına müraciət etmək lazımdır. Problemə qarşı mübarizə aparmaq yox, onu anlamaq və həll etmək üçün addımlar atmaq lazımdır. Mübarizə səmərə vermir", - deyə o vurğulayır.
Vacib olmayan təcrübə
Psixoloqun sözlərinə görə, hamilə qadının həyatında yalnız bir şey vacibdir - özü ilə baş verən möcüzəni anlamaq. Bu məsələdə də fərdi yanaşma lazımdır.
"Əgər qadın hamiləliklə bağlı problem yaşamırsa, fitneslə müstəqil məşğul olursa, hamiləlik dövründə, doğuş zamanı doğru davranış üzrə sualları çıxmırsa və doğulandan üç yaşına qədər körpəyə baxmaqla bağlı doğru sistemlə tanışdırsa, başqa "hamilə" qadınlarla ünsiyyətə ehtiyac duymur və hər şeyin öhdəsindən özü gəlir. Amma mən qeyd etmək istərdim ki, hamiləlik kurslarına getməyi heç də yalnız indiki vəziyyəti ilə bağlı çox sayda problemlərə və suallara malik olan qadınlar üçün vacib saymaq düzgün deyil. Hamiləlik məşğələləri həm də elə bir problemləri olmayan qadınların bilik və anlayışını inkişaf etdirir və təkmilləşdirir. Axı təkmilləşmə və fərdi inkişaf məsələlərində yalnız mənfidən müsbətə doğru getməklə, yəni problemi həll etməklə kifayətlənmək olmaz, həm də müsbətdən daha müsbətə doğru irəliləmək vacibdir, yəni yaxşı sabit vəziyyətdən uşağın özü və anası üçün, bütünlükdə ailə üçün daha xoş duruma doğru irəliləmək önəmlidir. Kurslara baş çəkən hamilə qadın aşağıdakı üstünlüklər əldə edir: gələcək analarla ünsiyyət qurur, yəni maraqlar üzrə klub yaranır; doğru analıq yanaşmalarının formalaşmasına dəstək alır; hamiləlik və doğum zamanı xoşagəlməz və stress məqamlarını yola verməyə alışır. Psixoloji hazırlıq (mühazirələr) və fizioloji hazırlıq (xüsusi fitnes və nəfəsalma təcrübəsi), doğuşun optimal yaşanması hazırlığı, ağrını özü kəsməsi üsullarının öyrənilməsi çox vacibdir. Əsas amillər sırasına körpəyə ana südü verməyi anlamaq və bunu savadlı şəkildə gerçəkləşdirmək bacarığı, həmçinin, öz yaradıcılıq potensialının ifadəsi, dünyagörüşünün genişlənməsi və bir çox başqa şeylər daxildir", - deyə mütəxəssis bildirir.
Qorina bildirir ki, hazırda Azərbaycanda gələcək analar üçün bir neçə məktəb mövcuddur: "Təəssüf ki, onların hamısı yalnız Bakıda yerləşir. Məktəblər tədris üsulu ilə fərqlənir, amma onların hər biri üçün əsas istiqamət hamiləlik, doğuş və baş verən dəyişikliklər barədə müsbət əhvalın formalaşdırılmasıdır". Eyni zamanda ekspert istisna etmir ki, bizim ölkənin bu cür məktəblərə ehtiyacı yüksəkdir. Həm də bu cür tədris məktəblərinin olması uşaq və ana ölümü səviyyəsini minimuma endirməyə imkan yaradır. Azərbaycanda hamilə qadınların mütəxəssislərə daha çox müraciət etdiyi problemlərə gəldikdə isə, perinatoloq bu barədə bildirib: "Qadınlar daha çox doğuşqabağı qorxu, uşağın sağlamlığı, öz gələcəyi və uşaqla gələcək münasibətləri haqqında, ailədə narazılıqlar - ərlə və hər iki tərəfdən olan qohumlarla münasibətlərlə bağlı həyəcan barədə suallarla müraciət edirlər".
MƏSLƏHƏT GÖR: