
XALİS ERMƏNİ SEÇKİSİ
Ekspertlər onun real nəticələrinin irəvan küçələrində qarşıdurmalara gətirib-çıxaracağını istisna etmir
Müəllif: NURANİ Bakı
Ermənistanda seçki kampaniyası başa çatır. Artıq mayın 6-da bu ölkənin vətəndaşları yeni parlamenti seçməlidir. Prezident respublikası olan əksər postsovet ölkələrində parlament seçkiləri prezident seçkisi ilə müqayisədə ikinci planda qalır. Lakin Ermənistanda budəfəki seçki 2013-cü ilin fevral-mart aylarında baş tutacaq prezident seçkisi üçün özünəməxsus "son məşq" sayılır. Ermənistanda siyasi qüvvələr arasında yeni qüvvələr nisbətini məhz bu seçkinin müəyyənləşdirəcəyi gözlənilir.
Bu gün ölkədə əsas siyasi rəqiblər kimi, hakim Respublika Partiyası (ERP), Levon Ter-Petrosyanın başçılıq etdiyi erməni milli konqresi (EMK), daşnaklar, "İrs" partiyası və budəfəki seçki proseslərində o qədər də nəzərə çarpmayan "Orinats yerkir" partiyasının adı çəkilir.
Lakin əsas intriqa başqadır
Formal olaraq "respublikaçılar"la koalisiyada "su oliqarxı" adlandırılan Qagik Sarukyanın başçılıq etdiyi "çiçəklənən Ermənistan" (ÇEP) da var. Amma artıq onu açıq şəkildə müxalifətçi adlandırırlar. Hələ 2008-ci ildə prezidentlik iddialarını gizlətməyən sabiq xarici işlər naziri Vardan Oskanyan məhz bu partiyadan deputatlığa namizəddir. Bundan başqa, müşahidəçilər eks-prezident Robert Köçəryanın böyük siyasətə qayıdış perspektivini də məhz bu partiya ilə bağlayırlar. R.Köçəryanın özü siyasi simpatiyalarını hələlik gizli saxlasa da, hazırkı prezident Serj Sarqsyanın ən təhlükəli rəqibi kimi, məhz onun adını çəkirlər. Ən azı ona görə ki, bu rəqabət Ermənistanda "Qarabağ klanı"nı növbəti dəfə parçalayır. Üstəlik, Köçəryan fəal şəkildə daşnaklar arasında da dəstək axtarır. Sarqsyanın isə buna ümidi yoxdur.
Nəhayət, ən əsası, 2008-ci ildə prezidentlik uğrunda yarışa Köçəryanın varisi və siyasi davamçısı kimi qatılmış S.Sarqsyan bu gün tərəfdarlarının heç birinə tam arxayın ola bilməz.
S.Sarqsyan və tərəfdarları üçün ən xoşagəlməz olanı əksər ekspertlərin qeyd etdiyi kimi, 2008-ci ildən fərqli olaraq, bu gün Ermənistanda Azərbaycan əleyhinə ritorikanın qələbəyə zəmanət verməməsidir. Xatırladaq ki, o vaxt Sarqsyan ölkəsində siyasi spektrin bir hissəsinin dəstəyini məhz "Yevlax və Mingəçevirədək irəliləyəcəkləri" haqda vədlə qazanmışdı. Bu gün isə vəziyyət kökündən fərqlənir. Arxada qalmış 4 il ərzində Azərbaycanın hərbi potensialının inkişafı Ermənistanda ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Artıq Ermənistanın müdafiə naziri Seyran Ohanyanın guya onların ordusunun döyüş ruhuna görə güclü olması haqda dedikləri daha auditoriyaya lazımi təsir göstərmir. Bu bəyanatların xüsusilə orduya yollanmalı, lazım gəldikdə isə orada "döyüş ruhu" nümayiş etdirməli olan erməni gənclərinin analarına heç bir təsiri yoxdur.
Nəticədə, əksər irəvanlı müşahidəçilərin də qeyd etdiyi kimi, ötən illərin təcrübəsindən fərqli olaraq, budəfəki seçki kampaniyasında "Qarabağ mövzusu" sanki üstünlüyünü itirib. İstisna yalnız daşnaklardır. Onların isə ən nikbin proqnozlara əsasən belə, parlamentdə çoxluğa sahib çıxmaq şansları yoxdur.
"Birincisi, cəmiyyət dəyişib. Artıq onları hakimiyyət və ya müxalifətin Qarabağı satmağa hazırlaşdığına dair bəyanatlarla sosial-iqtisadi və mülki problemlərdən yayındırmaq çətindir. İnsanlar həyata daha ayıq başla baxır və anlayır ki, onların iqtisadi və hüquqi baxımdan üzləşdikləri acınacaqlı durumun səbəbi heç də Qarabağ deyil. Bu vəziyyətin yaranmasına səbəb hakimiyyətin qanuna əməl etmək, azad iqtisadiyyat və demokratiya qurmaq istəməməsidir", - deyə İrəvanda nəşr olunan "Lraqir" qəzetinin əməkdaşı Naira Ayrumyan yazır: "Bundan başqa, elə vəziyyət yaranıb ki, ölkənin əsas hakimiyyət və müxalifət partiyaları - ERP, "çiçəklənən Ermənistan" və EMK - Qarabağla bağlı, təxminən, eyni mövqedədir. Onlardan heç biri münaqişənin həlli üçün kompromislərin tələb olunduğunu inkar etmir. Sadəcə, ERP həll prosesini var gücü ilə uzadır, konqres isə Qarabağ dü-yününün birdəfəlik kəsilib-atılmasına çağırır. "Çiçəklənən Ermənistan"a gəlincə, o, heç zaman Qarabağ mövzusunda açıq mövqe ortaya qoymayıb. İndi isə Vardan Oskanyan bildirir ki, onun xarici işlər naziri olduğu dövrdə beynəlxalq aləmdə Qarabağın müqəddəratını təyinetmə hüququnu möhkəmləndirmək mümkün olubmuş".
Razılaşın ki, qəribə şərhdir. Xüsusilə də nəzərə alsaq ki, vaxtilə vətəndaşlarını Azərbaycana kompromisə çağıran ilk siyasətçi olan Levon Ter-Petrosyanı bu gün də yeri gəldi-gəlmədi, "Qarabağı satmaq arzusu"na görə ittiham edənlərin sayı az deyil. Bundan başqa, şübhəsiz ki, Ermənistanın iqtisadi bəlalarının səbəbi böyük ölçüdə həm də onun liderlərinin Qarabağla bağlı avantüralarıdır. Məhz bu üzdən Ermənistan çox şey vəd edən iqtisadi və kommunikasiya layihələrindən kənarda qalıb. Oskanyanın XİN-ə rəhbərlik etdiyi dövrdə erməni diplomatiyasının son dərəcə uğurlu olduğuna dair iddiaları da inandırıcı təsir bağışlamır. Hər halda o, nazir postunu erməni diplomatiyasının 2008-ci ilin yazında BMT Baş Assambleyasının 62-ci sessiyasında ciddi iflasa uğramasından sonra tərk edib. Xatırladaq ki, məhz həmin sessiyada Bakının təklif etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olunmuşdu. Həmin vaxt "Qolos Armenii" qəzeti vəziyyəti kifayət qədər istehza ilə şərh edirdi: "Nazirin yeganə arqumenti həmsədr ölkələrin mövqeyidir. Lakin onların qətnamənin əleyhinə səs vermələrinin obyektivliklərindən, xüsusilə də Ermənistana və Qarabağa sevgilərindən irəli gəlmədiyinə şübhə yoxdur. Qətnamənin əleyhinə səs vermiş "yeddilik"dən Ermənistan, Rusiya, ABŞ və Fransanı çıxarsaq, erməni tərəfinin "aktivində" yalnız Anqola, Hindistan və Vanuatu qalır. Erməni diplomatiyasının BMT-də apardığı möhtəşəm lobbiçilik - deməyə artıq söz yoxdur!".
Bundan başqa, S.Sarqsyanın xarici siyasi "uğurlar" haqda bəyanatlarını eşidən hər kəs, istər-istəməz bu bəyanatlarla erməni diplomatiyasının real nailiyyətləri, o cümlədən, Qarabağ məsələsindəki vəziyyət arasında müqayisə aparır. Və bir daha məlum olur ki, Sarqsyanın bu sahədə öyünəcəyi heç nə yoxdur. Üstəlik, məhz seçkiqabağı kampaniya zamanı İrəvan üçün xoş olmayan bir sıra diplomatik sürprizlər bir-birini əvəzləyib. Kolumbiya Senatının Xocalıda azərbaycanlılara qarşı soyqırımın törədildiyini tanımasından tutmuş, Avropa Parlamentində qəbul edilmiş qətnaməyədək bir sıra faktları buna misal göstərmək olar. Sonuncu qətnamədə Ermənistan birmənalı şəkildə, Azərbaycanın işğal olunmuş torpaqlarını boşaltmağa çağırılır.
Bütün bunların fonunda S.Sar-qsyan gözlənildiyi kimi, seçki kampaniyasında üstünlüyü müxtəlif vədlərə deyil, regional miqyaslı "güclü fiqurlar"ın dəstəklənməsinə verir. Bununla da Sarqsyan lazımi səs almağa ümid bəsləyir.
Ermənistan müxalifəti isə seçkinin ədalətli keçəcəyinə inanmır. Müxalifət liderləri bildirir ki, seçici siyahılarında fantastik sayda "ölü can"lar var. Ter-Petrosyanın ətrafındakı mənbələr siyahılarda 800 minədək vəfat etmiş və ya ölkədən getmiş şəxslərin adına rast gəlindiyini bildirir. Bu bəyanatlar prezident S.Sarqsyanı komandasına məsələ ilə məşğul olmağı tapşırmaq məcburiyyətində qoyub. Lakin İrəvanda seçkinin nəticələrinə inanacaqlarmı? Bu məsələ hələ ki açıq qalır.
Tənqidlər nəticəsində S.Sar-qsyanın daha bir güzəşti seçki prosesində külli miqdarda rüşvət hallarına dair deyilənlərin araşdırılması haqda prokurorluğa tapşırıq verməsidir. İddialara görə, müxtəlif partiyaların nümayəndələri par-fümeriya, pensiyaçı qadınlar üçün ləçək və s. paylayır.
Görünən odur ki, artıq İrəvanda real qüvvələr nisbətini müəyyən etmək üçün gücdən istifadə olunacağına heç kəs şübhə etmir. Hər halda, seçkiyə bir neçə həftə qalmış ölkədə gizli silah alveri ilə bağlı bir neçə qalmaqal da baş verib. Siyasi terror ənənələrinin olduğu Ermənistanda həmin silahların "danışa biləcəyinə" isə ekspertlərin şübhəsi yoxdur.
MƏSLƏHƏT GÖR: