
TƏXRİBATA YOL VERMƏMƏLİ
Arie Qut: “İsrail özünün hərbi hücum hazırlıqlarını gizlətmir”
Müəllif: Almaz MAHMUD Bakı
2007-2009-ci illərdə o, Türkiyənin İsraildəki səfirinin siyasi məsləhətçisi vəzifəsində çalışıb. 2010-cu ildən İsrail-Azərbaycan Beynəlxalq Təşkilatının (AZİZ) mətbuat katibidir. İsrail radio və televiziyasında Cənubi Qafqaz və Türkiyə üzrə siyasi şərhçi kimi çalışır. Eyni zamanda, İsrailin hərbi sənaye kompleksində Azərbaycan üzrə baş mütəxəssisdir. Fəaliyyət sahələrindən də göründüyü kimi, Arie Qutlə görüşüb, onun Azərbaycan-İsrail münasibətləri və regional təhkükəsizlik məsələləri barədə fikirlərini soruşmamaq olmazdı. Biz də "Region Plus" olaraq, bu imkanı əldən vermədik.
- İsraildən baxanda Azərbaycan necə görünür?
- Diaspor fəaliyyətimlə bağlı İsrailin siyasi elitası ilə tez-tez görüşməli oluram. Adətən, İsrailin siyasi, hərbi, ictimai xadimləri, Azərbaycan və ikitərəfli əməkdaşlığın perspektivləri haqqında müsbət fikir söyləyirlər. Və bu, sadəcə siyasi hörmət deyil. Dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, ötən il Azərbaycan-İsrail münasibətləri üçün tamamilə uğurlu oldu. Ölkələr arasında ticarət dövriyyəsi 4 milyard dollara çatdı ki, bu da hər iki ölkəni strateji tərəfdaşlara çevirən göstəricidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail dövləti ilə münasibətləri İsraildə səmimi hörmətə səbəb olur. Digər tərəfdən, İsrailin siyasi dairəsi bir çox hallarda Xarici İşlər Nazirliyinin başçısı Aviqdor Libermanın sayəsində bu gün Azərbaycanı, deyək ki, bir neçə il bundan öncə olduğu kimi qəbul etmir. Məhz Liberman ictimaiyyəti inandıra bildi ki, İsrailə yalnız ABŞ və Avropa İttifaqı ilə əlaqələr yox, həm də SSRİ-nin süqutundan sonra yaranmış orta müsəlman ölkələrinin dəstəyi də vacibdir.
İsraildə artıq formalaşmış Azərbaycan siyasi lobbisi var. Mən ötən ilin iyul ayında diaspor nümayəndələrinin qurultayında iştirak edəndə, Prezident İlham Əliyev çıxışında gözəl bir fikir işlətdi və dedi ki, "Mən istəyirəm ki, dünyanın bütün yerlərində Azərbaycan evləri yaradılsın. Bu, çox böyük bir ideyadır. Mən də düşünürəm ki, qısa zaman ərzində Azərbaycan evi Təl-Əvivdə yaradılmalıdır. Bizim nə gücümüz varsa, bu işə sərf edə bilərik. Sadəcə, Azərbaycan dövlət strukturlarının dəstəyi olsa, bu evi özümüz yaradacağıq. Eyni zamanda, İsraildə yaşayan diaspor nümayəndələrinin də təşkilatlanmış bir mərkəzdən - Azərbaycan evindən toplanmaq və yaxşı fəaliyyət göstərmək üçün imkanları olacaq.
Bu gün müstəqil Azərbaycanın İsrail dövlətində nüfuzu heç bir zaman olmadığı qədər yüksəkdir. İsrail Azərbaycanı modern müsəlman dünyasının ən aparıcı və inkişaf etmiş ölkəsi kimi qəbul edir. Bu gün Azərbaycan İsrailin çox ciddi iqtisadi və siyasi tərəfdaşı kimi qəbul olunur. Bu bəzi geosiyasi meydanda olan ölkələri qane etmir. Fəqət, modern beynəlxalq münasibətlər emosiyalara deyil, real praqmatizmə və milli maraqlara arxalanır. Bu gün Azərbaycanın adi boyük hörmətə malikdir. Bu yalnız Azərbaycan diasporunun İsraildə apardığı düzgün təbliğat strategiyasının nəticəsi deyil. Eyni zamanda və düşünürəm ki, ilk növbədə, geopolitik meydanda müstəqil Azərbaycanın güclü oyunçuya çevirmış iqtisadi yüksəlişınin, çox böyük templi və praqmatik sağlam xarici siyasətinin xidmətidir.
- Sizin də qeyd etdiyiniz kimi, bu gün Azərbaycan balanslaşdırılmış siyasət yürüdür. İranla da, İsraillə də münasibətləri normaldır. Belə siyasət hər zaman adekvat qarşılanırmı?
- Hesab edirəm ki, Azərbaycanın modern uğurlu inkişafı, ilk öncə, ölkənin balansdırılmış və düzgün xarici siyasəti ilə bağlıdır. Bu faktdır ki, İsrail dövləti ilə Azərbaycanın çox açıq və hərtərəfli iqtisadi və siyasi tərəfdaşlığı mövcuddur. İsrail heç bir zaman Azərbaycanla ultimatum və tələblər formatında danışmır. Azərbaycanı müsəlman dünyasının inkişaf edən olkəsi hesab edən İsrail, ona özünün siyasi və iqtisadi tərəfdaşı kimi baxır.
Rəsmi Tehranın Azərbaycana münasibətində isə onu hiss etmək olar kı, İran Azərbaycanın inkişafında maraqlı deyil. Bu, ilk növbədə, İranda yaşayan 35 milyon azərbaycanlı faktoru ilə bağlıdır. Qeyd edək ki, İran rejimi 35 milyonluq əhalini öz dilində danışmağa, inkişaf etdirməyə yasaq qoyub. İkincisi, İranın Cənubi Qafqazda ən boyük tərəfdaşı Azərbaycan torpaqlarını zəbt etmiş Ermənistandır. Müsəlman ölkəsinin 20% ərazisini zəbt etmiş, 1 milyon şiə müsəlmanları olan azərbaycanlıları evlərindən qovmuş Ermənistan İran İslam Respublikasının yaxın dostudur. Bu fakt özü çox məsələləri açıqlayır. Onu da unutmayın ki, elə vaxt olmur ki, rəsmi Tehran müstəqil Azərbaycan dövlətini təhdid etməsin, bu isə iki dövlət arasında olan "səmimi"liyi özündə ehtiva edir.
- İran, doğrudanmı, dünya üçün bir təhlükədir, yoxsa sadəcə, İranın regiondakı inkişafı, mövqeyi buna bir səbəbdir?
- Bu gün bu real faktdır ki, İran İslam Respublikası və mollakratiyası dünya təhlükəsizlik sisteminə qlobal bir təhlükədir. Dünyanın İran tərəfindən olan təhlükəsi onunla bağlıdır ki, bu demokratiyadan və insan hüquqlarından uzaq dayanan bir siyasi rejim, nüvə silahı yaratmaq niyyətində olan ambisiyalı dövlətdir. Təsəvvür edin ki, ayətullalar bu silaha nail olandan sonra, bütün dünyanı necə təhlükə içində saxlayacaq. Dünya mediasından belə görünür ki, İranın nüvə silahı yalnız İsrailin problemidir. Sizi əmin etmək istəyirəm ki, İsraildən öncə Fars körfəzinin aparıcı ərəb ölkələri İranın nüvə silahından rəsmi Təl-Əvivdən daha çox narahatdır.
- İran bəyan edib ki, İsrail, yaxud ABŞ tərəfindən zərbəyə məruz qalsa, zərbə endirənlərə eyni tərzdə cavab verəcək. İran tərəfindən belə bir zərbə gözlənilirmi? Sizcə, bütün bunların regiona və İranın daxilindəki vəziyyətə təsiri necə ola bilər?
- Hesab edirəm ki, İrana zərbə Yaxın Şərq regionunu geosiyasi faciəyə gətirəcək. O biri tərəfdən nə rəsmi Təl- Əviv, nə də Vaşinqton nüvəli İranın olmasına razı olmayacaq. Düşünürəm, İranı diplomatiya və iqtisadi sanksiyalar vasitələri ilə saxlamaq mümkündur, lakin bu vasitələr hər zaman hiss olunmalıdır. Dünyanın əksər ölkələri İran rejiminə bu sanksiyaları tətbiq edir, Rusiya və Çin kimi ölkələr isə bu rejimlə əməkdaşlıq edir. Bu ölkələrin özlərinə də siyasi və diplomatik təzyiqi artırmağa böyük ehtiyac var.
- İran-ABŞ, İran-İsrail gər-ginliyinin kökündə, doğrudanmı, İranın nüvə proqramı durur? Və bu məsələ həll olunacağı təqdirdə, hər iki dövlətin İranla münasibətləri normallaşacaqmı?
- Artıq 5 ildir ki, dünya mediası Qərbin İrana hücum edəcəyi ilə bağlı məlumatlar yayır. Bu müddətdə dəfələrlə tarixlər açıqlanıb, “əməliyyat planları” ortaya qoyulub. Eləcə də Qərb dövlətlərinin, xüsusən də ABŞ və İsrailin hakimiyyət rəhbərləri hücum planlarını etiraf ediblər. Amma ötən müddətdə bütün bu xəbərlər təsdiqini tapmayıb. Bütün bunların ən yaxşı halda qarşı-qarşıya dayanan iki qüvvənin apardığı psixoloji savaşın elementləri olduğu güman edilib.
Bu məsələdə əsas diqqətə alınası məqam İrana qarşı belə bir cəhdin buraxacağı təsirdir. Belə bir hücum İranın nüvə proqramını dayandıracağına zəmanət vermir. Ən yaxşı halda bu, prosesi bir müddət təxirə sala bilər.
Aydındır ki, İrana qarşı savaş ehtimalı ciddidir. Ancaq hələlik Qərb İranı sanksiyalarla güzəştlərə məcbur etmək istəyir. Bununla paralel hərbi hazırlıqlar da gedir. Müharibə ehtimalı var və kifayət qədər yüksəkdir. İsrail özünün hərbi hücum hazırlıqlarını gizlətmir, eləcə də ABŞ və bəzi Avropa dövlətləri - Fransa, İngiltərə İranla bağlı mövqelərini sərtləşdiriblər. Fəqət düşünürəm ki, hələlik hərbi qarşıdurmadan yayınmaq imkanları qalır.
İndi İranla Qərb arasında həm də psixoloji savaş davam edir. Mən istisna etmirəm ki, günlərin birində, məsələn, Hörmüz boğazında siyasi qərar olmadan İran və rəqiblərin silahlı qüvvələri arasında toqquşma baş verə bilər. Fəqət düşünürəm, İran tərəfindən hər hansı gözlənilməz addım atılmasa - məsələn, indi İran iddia edir ki, Hörmüz boğazını bağlayacaq - toqquşma olmayacaq. Ancaq bu cür addımlar atılsa, toqquşma qaçılmazdır. Eləcə də istisna etmək olmaz ki, qüvvələr qarşı-qarşıya dayananda tərəflərdən biri dözməyib, yüksək siyasi rəhbərliyin əmri olmadan toqquşmaya səbəb ola bilər. Yəni məsələn, hansısa gəminin harasa yaxın üzməsini kimsə özünə qarşı təhlükə kimi qiymətləndirə bilər və bu, heç kəsin istəmədiyi şəkildə qarşıdurmaya çevrilər.
- Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsini necə şərh edərdiniz? Hadisələrin kökündə nə durur?
- Türkiyənin son xarici siyasət addımları onu nümayiş etdirir ki, rəsmi Ankara həm müsəlman dünyasında, həm qlobal siyasətdə yeni geosiyasi güc kimi çıxış etmək arzusundadır.
Bir çox siyasi analitiklərin fikrincə, Ankaranın məhz bu strategiyası Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsinə gətirib. Türkiyə İslam Dünyasının lideri olmaq naminə faktiki olaraq, İsraillə strateji münasibətlərini qurban verib. Bu kontekstdə, Ərdoğanın rəhbərlik etdiyi Türkiyə anlayır ki, antiisrail ritorikası ərəb ölkələrinin gözündə ucalmaq və özünü dünya müsəlmanlarının lideri kimi təsdiqləmək üçün ən yaxşı siyasi alətdir.
ABŞ üçün bu İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi son dərəcə xoşagəlməz və qəbulolunmaz kimi şərh olunur. Qeyd edək ki, İsrail və Türkiyə, Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə yanaşı, Yaxın Şərqdə çox mühüm tərəfdaşdır. Bundan əlavə, Türkiyə, NATO-nun ABŞ ordusundan sonra ikinci ən böyük orduya malik ölkəsidir.
Eyni zamanda onu da qeyd edək ki, İsrail və Türkiyə arasında olan münasibətlər yalnız ikitərəfli xarakter daşımır. Uzun illər onlar ABŞ-la bərabər strateji üçbucaq təşkil edib. İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi və "Ərəb baharı" nəticəsində yaranmış yeni vəziyyət ABŞ-ın regional müttəfiqi kimi Türkiyənin əhəmiyyətini artırıb. Amerika iki müttəfiq arasında yaranmış münasibətləri bərpa etmək üçün hər iki tərəfə təzyiq edir.
İsrail-Türkiyə münasibətlərinin gərginləşməsinə daha çox sevinən Ermənistandır. Amma düşünurəm ki, “qondarma erməni” soyqırımının tanınması o qədər də asan məsələ deyil. Uzun illər Knessetdə bu mövzu ilə bağlı sakit konsensus hökm sürürdü. Daha sadə desək, İsrail dövlətinin maraqlarına prinsipial olaraq zidd olan bu məsələyə ümumiyyətlə baxılmadı. Amma son bir neçə ildə bəzi deputatlar bu mövzu ilə bağlı istənilən müzakirələrin KİV-in əsas başlıqlarına çıxacağını, geniş ictimai və beynəlxalq əks-səda doğuracağını hiss edərək, bir anda erməni “soyqırımı”nın İsrail tərəfindən tanınmasının ardıcıl tərəfdarlarına çevrildilər.
Şübhəsiz, belə tərəfdarlar çox deyil. Və İsrail parlamentarilərinin böyük əksəriyyəti bir neçə həftə əvvəl İsrail XİN başçısının birinci müavini, Knessetin deputatı Dani Ayalonun dediyi fikirləri dəstəkləyir. Ayalon xüsusilə deyib ki, "Knessetin erməni "soyqırımı"nı tanıması üçün heç bir şans yoxdur. Bu, mümkün deyil. Biz yüzillər əvvəlki tarixə aid olan mübahisəli məsələlərə görə müsəlman dünyasındakı əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri pozmağa yol verə bilmərik".
2011-ci ilin dekabr ayında İsrailin Knessetində qondarma erməni soyqırımı məsələsi ortaya çıxanda, özümün milli borcum hesab etdiyim üçün, İsrail millət vəkilləri qarşısında çıxış edəndə dedim ki, siz yalan bir tarixi, yalan mifi soyqırıma döndərmək istəyirsiniz. 20 il əvvəl bir gündə ermənilər dinc Azərbaycan şəhərini darmadağın edib, dinc Azərbaycan sakinlərinə soyqırım yapdılar. Davam edərək onu da söylədim ki, Ermənistanda 150 yəhudi qalan zaman, Azərbaycanda 30 000 yəhudi var, iki il ərzində iki sinaqoq və Qafqazda ən böyük təhsil mərkəzi tikildi. Xahiş edirəm, mənə ikinci belə bir müsəlman və ya xristian ölkəsi göstərin ki, orada ölkə öz hesabına yeni sinaqoq tiksin! Bu, Azərbaycanın dünyanın dinlər və mədəniyyətlərarası dialoq sahəsində olan boyük uğurlara nail olmasını özündə ehtiva edir.
Mən əminəm ki, Avropa yəhudiliyinin dəhşətli faciəsini ermənilərin 1915-ci il hadisələrindəki qırğını ilə müqayisə edən insanlar, sadəcə, cahil deyillər. Onlar yalnız yəhudi olduqları üçün Hitlerin ölüm düşərgələrində məhv edilən altı milyon yəhudinin xatirəsinə həyasızcasına xəyanət edirlər.
Ermənilər uzun illər Osmanlı İmperiyası ilə münaqişədə olublar və rus ordusu ilə əməkdaşlıq edərək, separatçılıqla məşğul olublar, Osmanlı Türkiyəsi ilə müharibə şəraitinə girərək, Türkiyə ərazisində "Böyük Ermənistan" yaratmağın xəyalı ilə yaşayıblar. Bir israilli kimi bizim üçün, Avropa yəhudilərinin Xolokostunu (soyqırımını), əsas səbəbi erməni separatçılığı olan "1915-ci il erməni faciəsi" ilə müqayisə etmək rüsvayçılıqdır.
MƏSLƏHƏT GÖR: