15 Mart 2025

Şənbə, 01:45

FORPOST AYRI, TƏRƏFDAŞ AYRI

Azərbaycana səfər edən Rusiya XIN başçısı yolüstü Ermənistanda “dincini aldı”

Müəllif:

15.04.2012

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərləri o qədər də bayram əhval- ruhiyyəsində alınmadı. Əksinə, hər iki ölkə ilə diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ilə əlaqədar təşkil olunmuş səfərlər işgüzarlıq baxımından kifayət qədər gərgin keçdi. Rusiyalı naziri səfər zamanı çoxsaylı problemlərin müzakirəsinin gözlədiyi əvvəldən də məlum idi. Amma onun Ermənistanda keçirdiyi vaxt, regional və dünya miqyasında bir sıra ağrılı məsələlərin müzakirə olunacağı  Azərbaycan səfəri öncəsi nəfəs dərməyə bənzəyirdi. Bakıda müzakirə olunacaq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsi, Qəbələ RLS-in icarə müddətinin uzadılması, Avropanın enerji təhlükəsizliyi, İran və Suriya böhranları kimi məsələlər var idi. Səfərin sonunda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin bildirdiyi kimi, hazırda Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür və onunla dünya siyasətinə aid ciddi məsələlər müzakirə olunmalıdır.

 

Həqiqət daha qiymətlidir

Əlbəttə ki, danışıqlardan hər hansı konkret nəticə gözləməyə dəyməzdi. Amma tərəflər bəzi məsələlərlə bağlı mövqelərdə müəyyən yaxınlaşmalara ümid edirdi. Tərəflərin bəyanatı da göstərir ki, Rusiya XİN-in səfərini heç də bəzi ekspertlərin dediyi kimi, birmənalı şəkildə iflasa uğramış saymaq olmaz. Bununla yanaşı, bəzi məsələlərdə mövqelərdəki fərqlər də ortadadır. Məsələn, S.Lavrov həm İrəvanda, həm də Bakıda Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən, əsasən, ATƏT-in Minsk qrupu həmsədrlərinin uzun illərdir təkrar etdikləri ümumi fikirlərlə kifayətlənib. Bununla yanaşı, Lavrovun fikirlərində həm rəsmi, həm də ekspertlər səviyyəsində birmənalı qarşılanmayan məqamlara da rast gəlinib.

Hazırkı status-kvonun heç kimin maraqlarına uyğun olmadığını deyən S.Lavrov, İrəvandakı açıqlamasında bildirib: "Danışıqlar masası üzərindəki sənəd prosesin sonunda - təhlükəsizlik zolağı adlanan ərazilərin geri qaytarılması və dəhlizin yaradılmasından sonra - Dağlıq Qarabağ xalqının taleyini özünün həll etməsini nəzərdə tutur".

Bu yanaşma ortaya bir sıra suallar çıxarır. Birincisi, münaqişə zonasındakı status-kvo, daha dəqiqi, Azərbaycan ərazisinin 20%-nin işğalının davam etməsi Ermənistanın maraqlarına cavab verir. Məhz bu üzdən İrəvan bütün mümkün vasitələrlə sülh prosesini ləngidir. Odur ki, vasitəçilər status-kvonun dəyişməsi üçün, ilk növbədə, İrəvana təsir göstərməlidir.

İkincisi, heç bir tarixi və hüquqi sənəddə Lavrovun İrəvanda bəyan etdiyi "Dağlıq Qarabağ xalqı" anlayışına rast gəlmək mümkün deyil. Azərbaycan və erməni xalqları var və onlar beynəlxalq hüquq tərəfindən tanınmış konkret dövlətlər çərçivəsində öz taleyini çoxdan müəyyənləşdiriblər. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionunun əhalisi (xalqı yox!) var ki, onlar da erməni millətindən və onların regiondan qovduqları azərbaycanlılardan, kürdlərdən və digərlərindən ibarətdir. Demək, Dağlıq Qarabağda yalnız erməni əhalinin nəzərdə tutulması ilə xalqların müqəddəratını təyinetmə prinsipindən danışılması regionda yaşamış digər millətlərin hüquqlarının pozulmasından başqa bir şey deyil. 

Digər yandan, elə həmin beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyır. Bu üzdən Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi hüququ yalnız bu regionun əhalisinə deyil, Azərbaycan Konstitusiyasında nəzərdə tutulduğu kimi, bütünlükdə Azərbaycan xalqına aiddir.

S. Lavrov İrəvandakı bəyanatını Bakıda da davam etdirməsəydi, onun Ermənistandakı sözləri "publikaya işləmək" kimi qiymətləndirilə bilərdi. Amma o, Minsk qrupuna həmsədrlik edən dövlətlərin Ermənistanın BMT TŞ-nin 4 qətnaməsinə əməl etməməsinə lazımi reaksiya göstərməməsi haqda suala verdiyi cavabla Azərbaycanda kəskin tənqidə səbəb oldu. "BMT TŞ-nin qətnamələri Dağlıq Qarabağ münaqişəsinin ən qızğın vaxtında qəbul edilib. Onların qəbulunda məqsədlərdən biri münaqişə zonasında hərbi əməliyyatların dayandırılması idi və bu məqsədə nail olunub. Bundan sonra Rusiya və ABŞ-ın rəhbərlik etdiyi, sonradan onların sırasına Fransanın da qoşulduğu Minsk qrupu yaradılıb. Tərəflər özləri münaqişəni ATƏT-in Minsk qrupu çərçivəsində həll etməyə razılıq verib", - deyə S.Lavrov bildirib.

Göründüyü kimi, Azərbaycanın istinad etdiyi BMT qətnamələrinin tələblərini artıq yerinə yetirilmiş kimi təqdim edən Rusiya XİN başçısı onu da etiraf edib ki, münaqişə zonasında hərbi əməliyyatların dayandırılması 1993-cü ildən qəbul olunmuş BMT TŞ-nin qətnamələrinin hədəflərindən yalnız biridir. Lakin o, bu qətnamələrin əsas hədəfinin erməni qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması olduğunu söyləməyib. Bunu rusiyalı həmkarına Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatikcəsinə xatırladıb. O, BMT TŞ-nin qətnamələrində erməni qoşunlarının Azərbaycanın işğal olunmuş rayonlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələbinin yer aldığını və bu tələblərə hələ də əməl olunmadığını qeyd edib.

Rusiyanın bu mövqeyinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində təşəbbüsü ələ almaq niyyətinə düşmüş Qərbə siqnal olduğu da istisna deyil. Xatırladaq ki, son zamanlar KİV-də Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun vasitəçiliyi ilə bir araya gələ biləcəklərinə dair məlumatlar yayılıb. Bundan başqa, martın 22-də Avropa Parlamentinin (AP) xarici münasibətlər komissiyasının qəbul etdiyi sənəddə Minsk qrupunda Fransanın mandatının Avropa İttifaqının mandatı ilə əvəzlənməsi təklif olunur. İndi sənəd PA-nın plenar iclasında təsdiqlənməlidir. Bu məqamlar Cənubi Qafqazda Qərbin fəallaşmasına imkan verməməyə çalışan Moskvanın maraqlarına heç cür uyğun gəlmir.

 

Enerji resursları uğrunda mübarizə

Amma bu, S.Lavrovun Cənubi Qafqaza səfəri zamanı Qərbə ünvanladığı yeganə mesaj deyildi. Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasının nə dərəcədə qəbuledilən olduğuna dair sualı cavablandıran nazir Aİ-ni təxribatçı fəaliyyətdə ittiham edib: "Sahilyanı ölkələrin Xəzər dənizindən istifadəyə dair rəylərini nəzərə almadan, üstəlik,  bu bölgədən uzaqda yerləşən Avropa İttifaqı kimi bir birliyin iştirakı ilə qəbul ediləcək istənilən qərar qeyri-məqbuldur. Qərarların beş Xəzəryanı ölkə tərəfindən -  kiminsə fikri, təxribatçı fəaliyyəti olmadan qəbul edilməsi üçün bütün lazımi əsaslar var". 

Maraqlıdır ki, Lavrovun Aİ-yə ünvanlanmış ittihamlarına qurumun Bakıdakı səfiri R.Kobianın reaksiyası özünü çox gözlətməyib: "Biz bu məsələdə Rusiyanın mövqeyini nəzərə alırıq. Çünki Rusiyanın dolayısı ilə təsir imkanlarına malik üçüncü tərəf olduğuna inanırıq. Dialoqa açığıq və bu layihənin heç kimə qarşı yönəlmədiyini, əksinə, Azərbaycan, Türkmənistan və Avropanın xeyrinə olduğunu izah etmək istəyirik". R.Kobia bu açıqlaması ilə göstərməyə çalışır ki, bəzi Avropa ölkələrinin Rusiya ilə "səhnəarxası" oyunlarına baxmayaraq, Aİ  kollektiv olaraq, Transxəzər qaz kəməri layihəsini birmənalı şəkildə dəstəkləyir.

 

Geosiyasi yağıntı üçünQəbələ çətiri

S.Lavrovun Bakı səfəri çərçivəsində daha bir vacib müzakirə Qəbələ RLS-in icarə müddətinin uzadılması olub. Xatırladaq ki, onun hazırkı icarə müddəti bu ilin dekab-rında başa çatır.

Martın əvvəllərində "Kommersant" jurnalı Rusiyanın Müdafiə və Xarici işlər nazirliklərinə istinadən yazırdı ki, Azərbaycan RLS-ə görə Rusiyadan illik icarə haqqının 7 milyon dollardan 300 milyon dollara qədər qaldırılmasını tələb edir. Lavrovun Bakıda bu məsələ ilə bağlı verdiyi açıqlamalar o qədər də geniş olmadı: "Danışıqlar Rusiya Müdafiə Nazirliyi ilə Azərbaycanın hökumət komissiyası arasında aparılır. Tərəflər danışıqlar prosesinin fəallaşdırılmasına ehtiyac hiss edir. Hazırda Azərbaycan tərəfi Rusiyanın təkliflərini nəzərdən keçirir. Belə düşünürəm ki, tezliklə onlara reaksiya veriləcək".

Azərbaycan XİN başçısı E. Məmmədyarov isə öz növbəsində bildirib ki, yaxın vaxtlarda Azərbaycanın hökumət komissiyası Rusiyanın təkliflərini cavablandıracaq. Vacib olanı danışıqlardır və tərəflər onu aparır.

Bəzi ekspertlər iddia edir ki, Moskva Bakının yeni qiymət tələbləri ilə razılaşmayacaq və Qəbələ RLS-in icarəsini uzatmaqdan imtina edəcək. Amma buna inanmaq çətindir. Digər tərəfdən, güman ki, bu məsələdə Bakını daha çox məsələnin maddi deyil, geosiyasi tərəfi maraqlandırır. Yəni, Rusiya üçün əhəmiyyətli olan bu obyektin istifadəsinə görə alınan rəmzi icarəhaqqının qarşılığında Moskvadan Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv mövqe tələb olunur. Ermənistanın dərhal Qəbələ RLS-in icarə müddətinin uzadılması məsələsindəki fikir ayrılığından istifadə etməyə çalışması da təsadüf deyil. Ermənistanın baş naziri Tiqran Sarkisyan "Kommersant" qəzetinə müsahibəsində bildirib ki, Rusiya onun ölkəsində RLS tikmək arzusunu ortaya qoyarsa, İrəvan buna müsbət cavab verəcək.

Erməni hərbi ekspert V.Ter-Matevosyan isə hesab edir ki, geosiyasi baxımdan Rusiya RLS-in, hətta Dağlıq Qarabağ ərazisində tikilməsi daha yaxşıdır. Onun fikrincə, bu, "Azərbaycanın hərbi ritorikası və təcavüzünü önləyəcək".

Digər erməni ekspert D.Arutyunyan isə bildirir ki, hətta Ermənistanda yeni RLS tikilsə belə, o, texniki imkanları və gücünə görə Qəbələ RLS-dən geri qalacaq. Çünki vaxtilə o, yerləşəcəyi yerin coğrafiyasının diqqətlə araşdırılması və ən əlverişli məkanın seçilməsindən sonra yaradılıb.

Bununla yanaşı, bir sıra xarici informasiya agentlikləri Rusiyanın Azərbaycandakı nəhəng RLS-dən imtina edə, əvəzində onu qonşu Ermənistana köçürə biləcəyini yazır. Guya Rusiyanın raketdənmüdafiə sistemi radarının Ermənistanda yerləşdirilməsi məsələsi S.Lavrovun İrəvana bu günlərdə baş tutmuş səfəri zamanı razılaşdırılıb. Amma bu sssenarini geosiyasi baxımdan mümkün saymaq olarsa belə, praktiki baxımdan, Rusiyanın Qəbələ RLS-dən imtinası mümkün deyil.

Ümumilikdə, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin saxlanılması Rusiyanın xarici siyasi kursunda son dərəcə vacib məqamdır. Bunu Bakıya səfərləri zamanı həm Rusiya XİN-in başçısı S.Lav-rov, həm də Federasiya Şurasının spikeri V.Matviyenko da təsdiqləyiblər. Matviyenkonun bu vəzifədə ilk xarici səfərini məhz Azərbaycana etməsi də bu fikrin təsdiqidir.



MƏSLƏHƏT GÖR:

429